Böyük Britaniyanın Stok-on-Trent şəhərinin sakini, qızğın "Facebook" fanatı Daniel Şou bir il ərzində özünün sosial şəbəkədəki bütün dostları ilə bir-bir görüşmək qərarına gəlib, sosial şəbəkədə onun 700-dən çox dostu var. Bu o deməkdir ki, o, gün ərində azı 2 virtual dostuyla görüşməlidir.
ANN.Az-ın "Independent"ə istinadən verdiyi xəbərə görə, bu planı reallaşdırmaq çox çətindir, belə ki, Şounun virtual dostları bütün dünyaya səpələniblər. Məsələn, onun Yaponiyada və Avstraliyada yaşayan virtual dostları var, bu səyahətləri gerçəkləşdirmək isə həm çoxlu vəsait, həm də vaxt tələb edir. 38 yaşlı britaniyalı isə ruhdan düşmür, öz arzusunu reallaşdırmaq üçün əlindən gələni edir. O öz kampaniyasına avqust ayında başlayıb, bu o deməkdir ki, onun hələ xeyli vaxtı var.
Daniel uzun illər görmədiyi çoxsaylı keçmiş həmkarlarını, sinif yoldaşlarını və digər tanışlarını yenidən görmək üçün fəaliyyətə keçib. Bu məqsədlə o, artıq Mançester və Birmingem şəhərlərində olub. Digər uzun səyahətlər barəsində isə hələ ki, qərar verməyib. O ümid edir ki, xaricdə yaşayan dostları ona baş çəkəcəklər.
ANN.Az