Dünya Türkiyənin Rusiyayla yaxınlaşmasından qorxur - Video

16:10 | 16.12.2014
Dünya Türkiyənin Rusiyayla yaxınlaşmasından qorxur - Video

Dünya Türkiyənin Rusiyayla yaxınlaşmasından qorxur - Video

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə son səfəri çox yadda qalan olub. Bu səfərin ardınca Rusiya liderinin verdiyi bəyanatlar onu göstərir ki, regionda yeni blokların yaranmasından xəbər var. Türkiyə Rusiya yaxınlaşmasını siyasilər şərh ediblər.

ANN.Az ANS TV-ə istinadən xəbər verir ki, Rusiyanın "Cənub axını”nın istiqamətini Türkiyəyə yönləndirəndən sonra şərqdə yeni geosiyasi vəziyyət yaranıb. Türkiyənin Qərblə müttəfiq olmasına baxmayaraq, Ukrayna hadisələrinə görə Rusiyaya qarşı sanksiyalara qoşulmaması, əksinə rəsmi Ankara ilə Moskva arasında ticarət dövriyyəsinin 100 milyard dollaradək artırmaq barədə razılaşmaları ilə Ərdoğanın Qərbin deyil, öz milli maraqlarını qorumaq istəyi üzə çıxdı.

Ekspertlər bu fikirdədir ki, Türkiyə-Suriya məsələsinə görə əsas təşəbbüslərin qərbdən alınaraq Rusiya və İranın tərəfinə keçməsinin də fərqindədir. Bu baxımından Avropanın yararlanmaq istəmədiyi imkanlardan Türkiyə maksimum dərəcədə istifadə edərək Rusiya ilə yeni "Türk axını” qaz xətti çəkilişinə razılaşdı. Politoloqlar yeni enerji layihəsilə paralel dünyanın geosiyasi xəritəsinin dəyişəcəyi qənaətindədirlər.

Rəsmi Ankaranın Moskvaya yeni Rusiya-Türkiyə-İran alyansı yaratmaq təklifi yeni qütbün formalaşdırılmasından xəbər verir. İkinci tərəfdən Rusiyanın Avrasiya İqtisadi İttifaqına Türkiyəni də qoşmaq məsələsi müzakirə mövzusudur. Rusiyanın İranla, Türkiyənin də bu islam dövləti ilə münasibətləri fonunda ekspertlər yeni üçlüyün, yeni qütbün formalaşmasını proqnozlaşdırırlar.

"Təbii ki, Qərb bunu istəməyəcək. Qərb istəmir alternativ mərkəzlər, bazarlar yaransın, Tükriyə-İran-Rusiya və Azərbaycan bu dövlətlərlə münasibətini saxlayıb bu böyük üçlüyü dördlüyə də çevirə bilər” – deyə politoloq Tofiq Abbasov bildirib.

Politoloqlar bu qənaətdədirlər ki, regionda yaranan mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan qonşularla, eləcə də digər dövlətlərlə əvvəlki balanslaşdırılmış siyasət yürütməyə davam etməlidir.

"Moskva özünün indiki halında bunu formalaşdıra bilər və dünyada tarazlığı pozan müəyyən hərəkətlərə də gedə bilər. Biz hər hansı bir tərəfə üstünlük vermədən özümüzün müstəqil və xüsusi çəkisi böyük olan siyasətimizi yeritməkdə davam etdirəcəyik” – deyə politoloq Qabil Hüseynli bildirib.

Ankara-Moskva-Tehran üçlüyünün bir sıra maneələrlə üzləşəcəyini proqnoz edənlər də var. İran, Rusiya sanksiyalarla üz-üzədir, NATO üzvü Türkiyənin isə Qərblə bağları birdən-birə qırmaq ehtimalı da böyük deyil. Ekpertlər bu fikirdədir ki, Ankara-Moskva-Tehran üçlüyü formalaşacağı təqdirdə, ABŞ bunun qarşısını ya Suriya məsələsində Türkiyə ilə Rusiyanı, ya İranı üz-üzə qoymaqla və ya Türkiyə ərazisində İŞİD-lə mübarizədə yeni münaqişə ocağı yaratmaqla mane olmağa çalışacaq.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM