Dünyada 1 milyarda qədər miqrant var

15:46 | 18.12.2013
Dünyada 1 milyarda qədər miqrant var

Dünyada 1 milyarda qədər miqrant var

Bakıda Beynəlxalq Miqrasiya Təşkilatı (BmQT), Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının təşkilatçılığı ilə Beynəlxalq Miqrasiya Gününə həsr edilmiş tədbir keçirilir. APA-nın verdiyi məlumata görə, tədbirdə ombudsman Elmira Süleymanova, Dövlət Miqarsiya Xidmətinin rəis müavini Pərviz Musayev, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini Telman Məmmədov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktorpaq, BMqT-nin Cenevrədəki Baş Qərargahından Əməliyyatlar və Fövqəladə Hallar Departamentinin idarə rəisi Peter Van Der Auveraert, Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak edir. Serhan Aktoprak deyib ki, son üç ildə miqrantların sayı 214 milyondan 232 milyona çatıb. 760 milyon daxili miqrant var. O qeyd edib ki, bu gün dünyada məcburi köçkünlər, daşqın və digər problemlərlə bağlı daxili miqrasiya nəzərə alınsa, 1 milyarda qədər miqrant var. BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi bildirib ki, Azərbaycan əvvəllər miqrantların mənşə ölkəsi olub, hazırda təyinat ölkəsinə çevrilməkdədir. Gələcəkdə Azərbaycanın tranzit ölkə kimi də rolu artacaq: “Mən 2011-ci ildən Azərbaycana gələn və gedən insanların, həm vətəndaşların, həm əcnəbilərin statistikasını izləyirəm. Çox yüksək templə giriş-çıxışda artım var. 2011-2102-ci illərdə 400 min Azərbaycan vətəndaşının ölkəyə giriş-çıxışı olub. Əcnəbilərin giriş-çıxışı da artır. Miqrantların sayı artdıqca bu sahədə problemlər də artır. Əslində miqrasiya problem deyil, tənzimlənməyə ehtiyacı olan prosesdir. Azərbaycanda dövlət qurumları əməkdaşlıq şəraitində işləyir”. Serhan Aktoprak bildirib ki, miqrantların sayı artdıqca qeyri-qanuni miqrantların da sayı artır: “Bu gün dünyada gəliri 35 milyard dollara çatan insan qaçaqmalçılığı sahəsi formalaşıb. Hər 4 saatda 1 nəfər qeyri-qanuni miqrasiya edərkən həyatını itirib. Dövlətlər təhlükəsizliyi təmin etməlidirlər. Amma sərt miqrasiya siyasəti də olmamalıdır. İnsanların başqa çıxışları olmadığı üçün insanların girişi ilə çıxışları ilə bağlı humanist yanaşma tətbiq olunacağına ümid edirəm. Azərbaycanda bu istiqamətdə böyük işlər görülür və biz həmişə Dövlət Miqrasiya Xidmətinə dəstək veririk”. Ombudsman Elmira Süleymanova Azərbaycanın qloballaşan dünyanın tərkib hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın qoşulduğu sənədlərdən biri əmək miqrantlarının və onların hüquqlarının qorunması ilə bağlı Konvensiyadır: “Bu gün miqrantların, qaçqın və köçkünlərin problemi dünyanı narahat edir. Bu sahədə hansı işlər görülür və görülməlidir? Azərbaycanda yeni təsisatlar yaranıb və bunlardan iri də Ombudsman Aparatıdır. Ombudsman Aparatının vəzifəsi əhalinin bütün qrupların, o cümlədən vətəndaşlığı olmayan insanların hüquqlarını müdafiə etməkdir. Azərbaycanda Miqrasiya Məcəlləsinin qəbulu böyük hadisədir. Ancaq konkret hallarla bağlı Miqrasiya Məcəlləsində boşluqlar var. Bu sırada Gürcüstandan Azərbaycana keçən azərbaycanlılar, azərbaycanlıların miqrasiyası və başqa məqamları qeyd etmək olar”. Elmira Süleymanova Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlandığı şöbəsində də görüşlər keçirdiyini nəzərə çatdırıb: “Bu insanların qidalanması, hüquqlarının müdafiəsi Diqqət mərkəzində saxlanılır. Bu sahədə nə qədər işlər görülsə də, yenə də azdır”. Elmira Süleymanova miqrantlarla bağlı etibarlı məlumat bankı yaradılmasını təklif edib: “Biz bu məlumat bankına müraciət edərək, onların iş qabiliyyəti imkanları ilə tanış ola bilərik”. Ombudsman deyib ki, miqrantların sosial-hüquqi vəziyyətinin müəyyən edilməsi üçün monitorinqlər də keçirilməsi lazımdır: “Nə Ombudsman Aparatı, nə də başqa bir qurum ayrıca belə monitorinq keçirə bilər. Eyni zamanda miqrantların dünyaya gələn uşaqlarına sənəd verilməsi və digər problemlər var. Digər tərəfdən, müharibə başlayanda 1 milyon qaçqın və məcburi köçkünün çox az qismi ölkəni tərk etdi. O vaxt beynəlxalq qurumlar böyük yardımlar etdilər. İndi belə təsəvvür var ki, Azərbaycan varlı dövlətdir, nefti var. Ancaq həmin beynəlxalq təşkilatlar nəzərə almalıdır ki, o insanların əsas arzusu o torpaqlara qayıtmasıdır. Həm də o qaçqınların iş yerlərlə təmin olunması, mənzil problemləri var. Onların böyük qismi yeni tikilən yaşayış qəsəbələrinə köçürüldülər, ancaq hələ də başqalarının evlərində, yataqxanalarda yaşayanlar var. Beynəlxalq qurumlar bunu nəzərə almalıdırlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM