Əksər ölkədə varlılarla kasıblar arasında kəskin uçurum var. Böyük şəhərlərin mərkəzində milyon dollarlıq evlər olduğu halda şəhər kənarı məhəllələrdə üzəri selofanla örtülmüş, heç bir dəyəri olmayan "kartondan evlərə” rast gəlmək olur. Bu rayonlarda yaşanan yoxsulluq ölkənin ümumi cinayət statistikasına da təsirsiz ötüşmür. Bu kimi rayonlarda narkotik ticarəti ayaq açıb yürüməkdədir. Ölkəyə gələn turistlərə bu rayonlara girməmək məsləhət olunur.
ANN.Az "Arqumentı i faktı” qəzetinə istinadən dünyanın ən məşhur gecəqonduları haqqında məqaləni oxuculara təqdim edir:
Milyonerlərsiz gecəqondular
Hindistanda gecəqondular hələ Britaniya İmperiyasının dövründən yaranmağa başlayıb. O zamanlar şəhər, yerlilərin və ingilislərin yaşadığı ərazilərə bölünürdü. İkincilər öz evlərini plana uyğun, bütün kommunikasiya xəttləri ilə bağlantılı şəkildə tikirdilər. Yerli əhalinin mənzilləri isə necə gəldi, başdansovdu, plansız şəkildə və təbii ki, sanitar normaları nəzərə almadan tikilirdi. Gecəqondularda normal kanalizasiya və su boruları olmadığından 19-cu əsrin ikinci yarısında Hindistanı vəba xəstəliyi bürüdü. Bu dönəmdə vəba böyük şəhərlərin əhalisinin demək olar yarısının tələf olması ilə nəticələndi.
Bu gün də Hindistanda gecəqondular var. Onlardan ən məşhuru, Mumbai şəhərində, 215 hektarlıq ərazini tutan Dharavi adlı gecəqondudur. Burada bir milyona yaxın insan yaşayır və həmin ərazidə kirayə haqqı bir ay üçün 4 dollar təşkil etməklə dünyanın icarə haqqısı ən ucuz yeri sayılır. Amma orası da var ki, 4 dollarlıq icarəsi olan yerin divarları kartondan hazırlanmış, üzəri şifer və polietlen qırıqları ilə döşənmiş cəmi bir otaqdan ibarət evlərdir.
Ümumiyyətlə, bir çox insan Dharavidə pulsuz yaşayır. Buranın sakinləri kasıb və kiçik biznesmenlərdən (kiçik mağaza sahibləri) ibarətdir. Onu da qeyd edək ki, Dharavinin əhalisinin orta gəliri 500 dollardır və heç də Hindistan səviyyəsində ən kasıb yer sayılmamaqdadır.
Bir çox hindistanlı gecəqondularda yaşayırlar. Buna səbəb kimi iqlimin mülayim olması, evcil insan olmamaları və şəhərə pul qzanmaq dalınca gələn insanların ev əldə etmək istəyinin zəif olmasını göstərmək olar. 1997-ci ildən başlayaraq Hindistan hökuməti gecəqonduların məhv edilməsi haqqında tez-tez danışırdılar. Onlar düşünür ki, bu ərazilərdə normal evlər, məktəblər, yollar və yaşayış üçün digər vacib infrastrukturlar tikilməlidir. 2010-cu ilin hesablamalarına görə, bu planın həyata keçirilməsi üçün 3 milyard dollar lazımdır.
Acınacaqlı kasıblıq
Atlantik okeanından ayrılmış gölünün sahilində, Nigeryanın şəhəri olan Laqusda məşhur Makoko adlı gecəqondu var. Həmin ərazidə acınacaqlı durumda olan yüz minlərlə insan yaşayır. Əvvəl bu ərazidə yaşayanlar balıqçılıqla məşğul olub, amma son dönəmlərdə burada, digər başqa rayonlardan köçüb gəlmiş minlərlə kasıb və ac-yalavac insan məskunlaşıb.
Laqos əslində kasıb şəhər deyil, çünki burda bahalı evlər, fabrik və zavodlar fəaliyyət göstərir. Buranın elit kvartallarından Makokoya "gözəl” mənzərə açılır. Buna görə yerli şəhər hökuməti ekoloji durumu əsas gətirərək gecəqonduları dağıtmağa çalışıb. Amma birinci ev sökülən kimi bu prosesi dərhal dayandırıblar. Çünki yerli hakimiyət anlayıb ki, əgər gecəqonduları sökərlərsə, o zaman burada yaşayan insanları evlərlə təmin etməlidirlər. Nəticədə yerli hakmiyyət bu ərazidə sosial infrastruktur – xəstəxana, məktəb - qurmağa çalışıb. Halbuki onların bu sosial proqramı da mövcud duruma çox az təsir edib.
Bir zamanlar təmiz su ilə dolu olan bu göl indi rəngi bulanmış və pis qoxu verən bataqlığa çevrilib. Suyun yaxınlığında yerləşən Makokoda antisanitariya hökm sürməkdədir. Buradakı tualetlərin çoxu ümumi və çirklidir. Zibilin çoxu okeana axıdılır. Bu ərazidə icarəyə verilən mənzilin qiyməti aylıq 10-20 dollar arasında dəyişir.
Yatmaq üçün qutuda yaşayan çinlilər
Gecəqondular yalnız okean sahillərində yox, zəngin şəhərlərin düz mərkəzində, adi küçələrdə də mövcudur.
Honkonq şəhəri yaxın 5 il ərzində dünyanın ən bahalı şəhərləri sırasında birinci olub. O, bu mövqeyini keçən il Londona verib. Honkonqda mənzil icarəsi çox bahadır. Bu meqapolisdə artıq tikinti üçün ərazi qalmadığından binaların hündürlüyü ən azı 30 mənzili keçir. Çinin iqtisadi inkişafı Honkonqda da mənzil icarəsinin qiymətini qaldırıb. Hər kəsin bildiyi kimi, varlıların olduğu yerdə kasıblar da yaşayır.
2012-ci il statistikasına görə, Honkonq əhalisinin 19,6 faizini kasıblıq həddində yaşayan insanlar təşkil edir. Əhalinin kasıb kəsimi üçün xüsusi yardım proqramları hazırlansa da, bunun elə də faydası olmayıb. Evlərin həddindən artıq baha olması isə onların həcmini daha da azaldıb. Məsələn, 5 nəfərlik ev standart olaraq 25-28 kvadrat metrdir. Evin içində hamam və tualetə 2-3 kvadratmetr ərazi ayrılır, amma buna baxmayaraq bu evlərin aylıq icarəsi min dolları keçir.
Bu mənzillər isə heç də Honkonqun ən pis evləri sayılmır. Burada yerləşən "hotellər”də uzun illər it qəfəsi böyüklüyündə mənzillər olub və ayı 100-200 dollara insanlara icarəyə verilib. Bu "mənzillərin” şəkilləri mətbuata çıxandan sonra şəhər hakimiyyəti bu tipli "hotellər”in ləğvinə başladı. Buna baxmayaraq onların hamısını bağlamaq mümkün olmadı. Bu qəfəslər, 1-2 metr böyüklüyündə "qutularla” əvəz olundu. 2014-cü il məlumatlarına görə, hazırda bu "qutu”larda hələ də yarım milyon çinli yaşamaqdadır.
Braziliyada gəzməyə çıxmayın
Braziliya faveli digər gecəqondulara nisbətən daha məşhurdur. Çünki onlar turistik ərazilərin yanında yerləşir və bu səbəbdən dünyanın ən böyük gecəqondusundan biri hesab olunur. 2010-cu il statistikasına görə, bu gecəqondularda təxminən 11,4 milyon insan yaşayır. Bu gecəqondular dağların döşündə, şəhərin kənarlarında tikilir. Arxası cəngəliyə baxdığından bu ərazilərin sayının artma ehtimalı çox böyükdür. İnsanlar meşəni qırır və gecəqondu tikirlər. Hazırda favellər Braziliyanın bütün böyük şəhərlərində mövcuddur. Onların ən böyüyü Rio şəhərində yerləşir. Braziliya gecəqonduları cinayət hadisələrinin bolluğuna görə də məşhurdur. Bu ərazilərdə quldur hücumları, qətllər, narkotik maddə alveri və fahişəlik çox geniş yayılıb.
Favellər keçən il keçirilən dünya çempionatına və yaxınlaşmaqda olan 2016-cı il yay Olimpia Oyunlarına görə çox məşhurlaşmağa başladı. Bu səbəbdən Braziliya hökuməti bu ərazilərdə olan narkotik alverinə və kasıb evlərə qarşı genişmiqyaslı müharibə elan etdi.
Bu "sakit” ərazidə bir otaqlı mənzilin qiyməti 12-15 min dollar arasında dəyişir.
Qatar xəttləri üzərində yaşayanlar
Ərazicə kiçik olan Banqladeşin əhalisinin sayı Rusiya əhalisi qədərdir. Bu səbəbdən Banqaldeşin hər qarış metrində insanın yaşaması təəccüblü deyil. Banqladeş dünyanın ən kasıb ölkələrindən biridir. Ölkənin əhalisinin 65 faizi kənd təsərrüfatında işləyir. Banqladeşin böyük şəhərlərinin hamısında gecəqondular var. Onların əksəriyyəti qatar xətlərinin bir neçə santimetr yaxınlığında "inşa olunub”. Yerli sakinlər xətlərin üzərində paltar yuyur, ağ sərir və qatar səsi gələn kimi onları yığışdırırlar.
Gecəqonduda yaşayanların həyatının böyük bir qismi küçələrdə keçir. Çünki onların yaşadığı mənzillərin çoxuna bir yataq zorla yerləşir. İnsanlar küçədə çimir, yuyunur, dişlərini fırçalayır, söhbət edir və hətta dua edirlər. Banqladeşdə məscidlər hamıya çatmır. Kasıb əhalinin çoxu, ümumiyyətlə, açıq səma altında yaşayır. Banqladeş əhalisinin 10 faizi evsizdir. Əhalinin çoxusu qazmalarda, əllə toplanmış və hazırlanmış"evlərdə” yaşayırlar. Onu da qeyd edək ki, Banqladeşin gecəqonduları dünyanın ən təhlükəsiz gecəqonduları sayılır. Yerli əhali xoş niyyəti ilə seçilir.
Tərcümə etdi: Emin Aslan
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !