Dünya bazarında dolların məzənnəsi aparıcı ölkələrin valyutalarına nisbətən bu ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, səbət valyutalara nisbətən dolların dəyər itirməsi inkişaf etməkdə olan ölkələrin də valyutalarına "müəyyən toxtaqlıq” gətirib.
"Avropa Birliyinin avronun qlobal bazarda dominatlığının artırılması ilə bağlı çağırışları fonunda avro da dollara nisbətən möhkəmlənib. Belə ki, dünən 1 avro almaq üçün 1.16-dan az dollar ödəmək lazım idisə, indi bu rəqəm 1.17-ə dəyişib. Azərbaycan Mərkəzi Bankı da bu gün manatı avroya nisbətən ucuzlaşdırıb. Belə ki, manatın avroya nisbətən rəsmi məzənnəsi dünən 1.9762 idisə, bu gün 1 avro almaq üçün 1.9883 ödəmək lazımdır. Bu isə o deməkdir ki, hər 100 avroda mili valyutamız rəsmi məzənnə ilə 1.21 manat ucuzlaşıb".
V.Bayramov qeyd edib ki, dolların qlobal ucuzlaşması Rusiya rubluna təsir edib: "2 gün öncə 70 rublluq psixoloji həddi aşan Rusiya pulu bu gün dollara nisbətən 68.4 rubladək möhkəmlənib. Bununla belə, dolların səbət valyutalara nisbətən mövqeyini yaxın günlərdə bərpa edəcəyi gözlənilir. Belə ki, ABŞ-da avqust ayının inflyasiya göstəriciləri açıqlandıqdan sonra FED-in uçot dərəcəsini yüksəltməsi ehtimalları daha da artıb. Bu isə yenidən dollara güc verəcək. Amma Avropa Birliyi avronın qlobal dominatlığı ilə bağlı sistemli iş apararsa, o zaman avronun daha da möhkəmlənməsi müşahidə edilə bilər".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !