Manatın məzənnəsinin dollara nisbətdə ucuzlaşması banklardan dollarla kredit götürənlərin vəziyyətini ağırlaşdırıb.
Manatın məzənnəsi aşağı düşdükdən sonra, banklardan dollarla kredit götürənlərin kreditlərinin həcmi artıb. Bəzi banklar kreditin ödənilməsi müddətini artırırlar ki, həmin şəxslər kredit borcunu qaytararkən çətinlik çəkməsinlər. Ümumiyyətlə, dollarla kredit götürənlərin taleyi necə olacaq? Niyə Rusiyada olduğu kimi, bizdə bu məsələ ilə bağlı xüsusi bir komitə yaradılmır, proqram qəbul edilmir? Hökumət bununla bağlı hansı qərarları qəbul edəcək? Dolların məzənnəsinin yüksəlməsindən sonra banklar dollarla kredit vermir, buna səbəb nədir?
Bu suallara aydınlıq gətirmək üçün sabiq millət vəkili, iqtisadçı - ekspert Nazim Məmmədova müraciət etdik.
Nazim Məmmədov ANN.Az-a açıqlamasında belə dedi: "Banklardan dollarla kredit götürənlərin müqavilələri kommersiya banklarının şərtləri əsasında müyyənləşir. Yəni banklara kreditin qaytarılması hansı məzənnə ilə həyata keçirilməlidir və s. kimi məsələlər həmin müqavilənin şərtlərinə daxildir. Dolların məzənnəsinin artmasına baxmayaraq, bankların müqavilə şərtlərinə uyğun olaraq haqqı var ki, kredit borclarını ödədiyi günün məzənnəsinə uyğun ödənilməsini müştərisindən tələb etsin. Əhali isə öz növbəsində tələb edir ki, bu halın qarşısını almaq üçün hökumət və ya Mərkəzi Bank hər hansı tədbirlər görsün. Belə çağırışların olması doğru deyil, yanlışdır. Kommersiya Bankları öz müştəriləri ilə ikili danışıqlara gedərək, bu məsələni həll edə bilərlər. Və əgər müştərilər də bu hadisənin onların vəziyyətini gərginləşdirəcəyini deyirlərsə, bu zaman onların məhkəməyə müraciət etmək haqları var. Məhkəmə məsələyə baxıb, hansı tərəfin doğru, hansı tərəfin yanlış olduğunu ortaya çıxaracaq”.
Eyni vəziyyət Rusiyada da yaşanıb və Rusiya dövləti bu halın qarşısını almaq üçün xüsusi komitə yaradıb ki, əhaliyə yardım edilsin. Nazim Məmmədov bu məsələyə belə münasibət bildirdi: "Mən bu məsələdə bizim Rusiya ilə müqayisə olunmağımızın tərəfdarı deyiləm. Rusiyada rublun məzənnəsi birjada müəyyən edilir. Bizdə isə Mərkəzi Bank öz qərarı ilə, inzibati yolla manatın məzənnəsini müəyyən edir. Belə olan halda bizi Rusiya ilə müqayisə etmək düzgün deyil. Vətəndaşlar Mərkəzi Banka, hökumətə bu problemlə bağlı tələblər irəli sürə bilərlər. Amma xatırladaq ki, Azərbaycanın 9,5 milyon əhalisinin müəyyən hissəsinin bank kreditləri var. Bu əgər dövlətin, büdcənin hesabına qarşılanarsa, bu zaman qalan vətəndaşların hüquqları pozulmuş olur”.
Dolların məzənnəsinin artmasından sonra, dollarla kredit verməyi dayandıran banklardan söz açan ekspert bildirdi ki, kommersiya bankları Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərirlər. Əgər onlar qərar verirlərsə ki, dollarla kredit vermək onlara sərf etmir, o zaman kredit verməyəcəklər. Yəni, bu onların daxili işləridir.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !