Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

12:00 | 06.10.2015
Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

Vüqar Bayramov: "Uzadılan müddətdə aylıq ödənişin azaldılması uduş kimi qiymətləndirilməməlidir”

Xarici valyuta, xüsusən də dollarla olan kreditlərin milli valyutaya çevrilməsi zamanı nələrə diqqət etmək lazım olduğu barəsində son zamanlar ictimaiyyətdə suallar çoxalıb.

Məsələ ilə bağlı suallara iqtisadçı ekspert Vüqar Bayramov sosial mediada aydınlıq gətirib. O bildirib ki, bu  sıra bankların dollarla kreditləri manata çevirməklə bağlı müraciətlərindən sonra potensial devalvasiya riskindən ehtiyatlanan vətəndaşlarımız, bəzi hallarda şərtləri oxumadan belə buna razılıq verirlər. Ekspert bildirir ki, bunun nəticəsində kommersiya bankları nəinki məzənnə, hətta digər riskləri belə kredit müqaviləsinə transfer etməklə yeni müqavilələr hazırlayırlar.

Dollarla olan kreditləri manata çevirən zaman nələrə diqqət yetirməyin vacib olduğunu Vüqar Bayramov aşağıdakı kimi qeyd edib: "Bankların əksəriyyəti belə əməliyyatlarda dollarla olan məbləği manata çevirən zaman müddəti uzatmaqla kredit sahibindən əlavə ödənişi təmin edirlər. Məsələn, kredit müqaviləsinin bitməsinə 7 ay qalmış anlaşmanı milliləşdirən zaman bank yeni müqavilədə müddəti12 ay göstərməklə ümumi ödəniləcək kredit məbləğini süni şəkildə şişirdir. Belə olan halda müddətin uzadılmamasına diqqət etmək lazımdır. Eyni zamanda  uzadılan müddət üzrə faizin hesablanmaması da əsas faktordur. Əksər hallarda kommersiya bankı vətəndaşa kredit üzrə faizin dəyişdirilmədiyini bildirsə də, uzadılan müddətə faizin hesablanması ümumi kredit həcmini məbləğdən asılı olaraq 15-20 faiz artırır. Bu isə birbaşa uzadılan müddət üçün faizin hesablanması ilə bağlıdır. Bununla da kredit götürən artıq vəsait ödəmək məcburiyyətində qalır.  İnsanlar həmçinin faizlərin dəyişdirilməməsinə də fikir verməlidirlər. Bir sıra banklar dollarla kreditlərin manata konvertasiyası zamanı faizlərin dəyişdirilmədiyini bildirsə də, ümumi kredit məbləğində yeni faizlər hesabına artımlar baş verir.

V.Bayramov bildirib ki, vətəndaşlar  aylıq ödənişin azalmasına aldanmamalıdırlar: "Müddəti uzadan və həmin dövrə faiz hesablayan banklar aylıq ödənişi azaltsa da, son nəticədə daha çox pulun ödənilməsini təmin edilər. O baxımdan, aylıq ödənişin azalmasına deyil, müqavilə müddəti bitənədək ödəniləcək məbləğə diqqət yetirmək lazımdır. Uzadılan müddətdə aylıq ödənişin azaldılması əksər hallarda heç də krediti olan üçün uduş kimi qiymətləndirilməməlidir. 

Konvertasiya məzənnəsinə diqqət yetirmək də əsas şərtlərdəndir. Kommersiya banklarının əksəriyyətində manatın xarici valyutalara konvertasiya məzənnəsi valyutadəyişmə məntəqələrinin kursu ilə tamamilə fərqlidir. Buna görə də sərfəli olmayan məzənnə ilə konvertasiya kredit götürənin elə müqavilə bağlanan anda uduzması deməkdir.

Deməli, kommersiya banklarında kredit müqavilələrinizə dəyişiklik edən zaman diqqətli olmaq və prosesdən bankların deyil, vətəndaşlarımızın qazanmasını təmin etmək həm də kredit götürənlərin özündən asılıdır".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM