Doğmalar arasında yad - YAZI

15:13 | 12.11.2015
Doğmalar arasında yad - YAZI

Doğmalar arasında yad - YAZI

Aliyə İsmayılzadə 

Avropadakı immiqrasiya böhranı nədənsə sıravi azərbaycanlılarda böyük marağ doğurur. Belə bir təəssürat yaranır ki, tənbəllik eləməyən hər kəs bu barədə mütləq öz dəyərli fikrini bildirməlidir. Necə deyərlər, hamı bir göz qırpımında politoloq olub. 

Gözlərimizin qabağında baş tutan qızğın müzakirələrdə həmvətənlərimiz az qala bir-birini öldürməyə hazırdırlar: kimisi deyir immiqrantlar qısa zamanda Avropanın axırına çıxacaqlar, ona görə də onları dərhal qovmaq lazımdır, başqalarısa deyir ki, avropalılar özləri günahkardırlar, imperiya ambisiyaları onları bu günə qoydu, indi zəhmət çəkib öhdəsindən gəlsinlər. 

Buna Avropa telekanallarının daimi reportajları da əlavə qığılcım qatır,  göstərilən reportajlarda qaçqınların və immiqrantların yaşadığı bərbad şərait, antisanitariya, elementar şəraitin çatışmaması, parçadan olan yaşayış düşərgələri göstərilir. Fonda isə hansısa alman ürəkağrısı ilə müsahibə verir, gözlərini kədərlə qırparaq hər bir avropalının bu məsələdə həssas olması gərəkdiyindən və Suriyadan olan bir neçə ailəni evlərinə qəbul etmələrinin labüdlüyündən danışır. 

Bu yazıq almana və ölkənin bir ucundan digər ucuna qaçqınları öz maşınlarıyla aparmaq üçün gələn digərlərinə baxanda, onların yemək-içmək, isti pal-paltar gətirdiklərini görəndə, istəmədən də olsa, yadıma biz azərbaycanlıların xarici qaçqınlara da deyil, qanı qanımızdan, canı canımızdan olan həmvətənlərimizə olan münasibəti, onlara "rayonlu” deyə ikrahla xitab etmələri düşür...

Bu məsələni daha da şənləndirən və özlərini yuxarı kasta kimi "bakılı” adlandıranların sevincinə səbəb olan digər hadisə isə sentyabrda baş verdi, paytaxta "əyalət” avtomobillərinin girişinə ancaq gecədən səhər erkənə qədər icazə verildi. 

Və başladı. 

Şəhərimizin xeyirxah və tolerant sakinləri, o kəslər ki, hələ dünən göz yaşlarını silə-silə hardasa Hamburqun mərkəzinə çıxılmaz vəziyyətdə qalan immiqratın talesizliyinə ağlayırdılar, qəfildən şad oldular ki, hansısa rayondan Bakıya öz nasaz avtomobilində nadir hallarda tərəvəz satmağa gələn Mamed kişi indi soyuq və yağışda lazım olan yerə ictimai nəqaliyyatla çatmalı olacaq.  

Bizim həyətimizə həftədə bir dəfə bir qadın süd, yumurta, göyərti satmağa gəlir. Bu xırda gəlirlə o ailəsini dolandırır. Polisdən, vergidən tutmuş ondan haqq qoparmağa çalışanların sayı azmış kimi, yay-qışda, soyuqda-yağışda küçədə olması bəs deyilmiş kimi, indi o dan yeri sökülməmiş şəhərə gəlməyə məcburdur, çünki ərinin maşınını saat 7-dən sonra şəhərə ümumiyyətlə buraxmırlar. 

"Kəndçilər” – xarici marka avtomobilinin sükanı arxasında oturan paytaxt sakinin yolda "rayon” nömrəli maşın görəndə insanfsızcasına ağzından çıxan kəlmə bax budur, onun fikrincə, öz problemləri daxil olmaqla, şəhərdə tıxacların yaranmasına və onun vaxtında getməli olduğu məkana çatmağa imkan verməyənlər əyalətdən gələnlərdir. 

"Çuşkalar” – özünün fiziki və mənəzi üstünlüyündən zövq alan, dəbdəbəli restoranların və çevrələrin daimi üzvü gənc personanın ağzından çıxan söz bax budur. 

Nüfuzlu şirkətlərin isti ofislərində oturub bəşəriyyətin taleyi və digər yüksək məsələlər barədə virtual opponentləri ilə mübahisə eləmək asandır. Belə şərtlərdə özünün "çətin taleyin” barədə gileylənmək asandır, kresloda oturub bütün məsələlər barədə ekspert kimi danışmaq asandır. 

Axı səhər saat 5-də ölkənin paytaxtından çıxmaq üçün tıxacda gözləyən sən deyil, onlardır, halbuki guya onlar da vətəndaşdırlar. Polisdən, vergi məmurundan, digərlərindən gizlənə-gizlənə əlinin zəhmətiylə becərdiyi məhsulları küləkdə və soyuqda qəpik-quruş müqabilində satmağa məcbur olanlar da onlardır. 

Toxun acdan xəbəri olmaz – bu ifadə indi heç vaxt olmadığı qədər aktualdır. Gələn dəfə tıxacda oturanda və qarşındakını "kəndçi” deyə aşağılayanda, fikirləşin ki, ölkənizin vətəndaşı barədə nə deyirsiz, onlar da sizin kimi bərabər hüquqludurlar və onların da paytaxtın küçələrindən sərbəstcə gəzmək azadlığı var. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM