Moskvada keçirilən bu tədbir həm uşaqların, həm də böyüklərin üzünü güldürdü.
Moskvada qış mövsümündə belə dondurma yeməkdən geri qalmayan rusların bu ləzzətli desertə olan bağlılığı yay mövsümündə pik nöqtəyə çatır.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Moskvanın məşhur "QUM” ticarət mərkəzində təşkil edilən dondurma festivalı həm uşaqların, həm də böyüklərin üzünü güldürdü.
Yaranmasının 125-ci ildönümünü paytaxt sakinlərinə 130 min ədəd dondurma paylamaqla qeyd edən "QUM” tarixi günlərindən birini yaşadı. Dondurma üçün uzun növbələrə dayananlar arasında hər yaşdan insanları görmək mümkün idi.
Moskva sakini Nikolay Akulov festivalda yaranan uzun növbənin ona sovet illərini xatırlatdığını dedi: "O vaxtlar da az tapılan bir mal satışa çıxarılanda belə növbələr yaranırdı”.
Digər Moskva sakini Tatyana Alekseyeva isə deyir ki, indiki qida məhsullarının əvvəlki dadı qalmayıb: "Bu isə əlbəttə ki dondurmalara da təsirsiz ötüşməyib. Doğrudur bu dondurmalar əvvəlkilərin yerini tam verə bilməsə də çox ləzzətli və doyumludur.
Festival təşkilatçıları isə dondurmaların sovet ənənələrinə uyğun hazırlandığını deyir.
"Bu dondurmalar nəinki sovet dondurmalarını xatırladır, mən deyərdim ki, yüz faiz sovet resepti ilə hazırlanıb. Sovet dondurmasının özünəməxsus hazırlanma texnologiyası var. Və biz bu dondurmaları mağazanın zirzəmisindəki xususi sexdə hazırlayırıq. Görünüşü bir az fərqli olsa da, bu dondurmalar ənənəvi sovet dondurmasıdır”, – deyə ticarət mərkəzinin rəsmisi Olqa Yutkis vurğulayıb.
Aralarında tanınmış idmançı, aktyor və televiziya aparıcılarının da olduğu şən dondurmaçılar isə festivala ayrı bir rəng qatırdı.
Teleaparıcı Oksana Puşkina burada dəfələrlə dondurma payladığını deyib: "Hər şey gözəldir. Hamının üzündə təbəssüm var. Dondurmalarımız da çox ləzzətlidir”.
Dondurma festivalına paralel olaraq keçirilən çiçək festivalında isə bu tarixi ticarət mərkəzinin həm daxili, həm də ətrafı 570 min ədəd çiçək vasitəsiylə əlvan rənglərə boyanmışdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !