«Baş nazir Ahmet Davutoğlu ötən şənbə xalqa müraciətində deyib ki, Avropanın gələcəyi «Türkiyəsiz yazılmayacaq». Dediyindən belə çıxır ki, Türkiyə Avropanın əsas hissəsidir və belə də qalacaq», - bunu Semih İdiz «Hurriyet Daily News»da yazır.
«Davutoğlu Türkiyənin Avropa Birliyinə gedən yoluna atılan dini, mədəni əngəllərdən danışıb. Görünür ona elə gəlir ki, bu, birtərəfli küçədir və bütün maneələr də Avropa tərəfdədir. Baş nazir demokratiyanın təməl prinsipləri olan söz və ifadə azadlığından, müstəqil məhkəmənin qorunmasından danışmayıb».
Müəllif yazır ki, Avropada islamofobiyadan, antitürk baxışlardan danışmağa ehtiyac yoxdur, Avropa Türkiyənin xətrinə deyil, milyonlarla avropalı müsəlmana görə bu problemlərlə məşğul olmalıdır.
«Avropanın gələcəyi açıq-aydın müsəlmanlarsız yazılmayacaq. Ancaq Türkiyəsiz yazılması realdır. Çünki hazırda prezident Recep Tayyip Erdoğan-ın rəhbərliyi altında Türkiyə heç vaxt olmadığı kimi Avropadan uzaqlaşır».
Üstəlik, Erdoğan Rusiya prezidenti Vladimir Putin-dən xahiş edir ki, onu Şanxay Beşliyinə qəbul etsin. Bu da onun demokratiya və insan haqları dəyərlərinə daha az vurğunluğunu göstərir. Erdoğan-ın avtoritar tendensiyalarını nəzərə alsaq, aydın deyil ki, Davutoğlu «Avropanın gələcəyi Türkiyəsiz yazılmayacaq» məsələsini necə təmin edəcək. Əlbəttə, bunu mənfi deyil, müsbət anlamda nəzərdə tutursa.
«Azadlıqları genişləndirməyə deyil, məhdudlaşdırmağa köklənmiş Türkiyə üçün, təbii ki, Avropada yer yoxdur... Avropa da bitkin deyil. AKP tərəfdarları da onun qüsurlarına işıq salmağı sevirlər... Ancaq Avropanın can atdığı dəyərlər, son 70 ildə nöqsanları aradan qaldırmaq üçün gördüyü işlər ortadadır. Ancaq bu gün Türkiyənin götürdüyü istiqamət, əsl demokratiyaya sadiqlik yolu aydın deyil. Ona görə də Avropanın gələcəyində Türkiyənin yer alacağına təəccüblənməmək olmur», - müəllif yazır.
Azadliq.org
Bizi sosial şəbəkələrdə izləyin !