DOST bölgələrdən təlimə gələnlərə mənzil verməyi planlaşdırır AÇIQLAMA

13:10 | 25.10.2021
DOST  bölgələrdən təlimə gələnlərə mənzil verməyi planlaşdırır AÇIQLAMA

DOST bölgələrdən təlimə gələnlərə mənzil verməyi planlaşdırır AÇIQLAMA

Bakıda yerləşən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə bölgələrdən müraciət edən şəxslər tədris kursu müddətində mənzillə təmin etməyi planlaşdırır, bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin layihə rəhbəri Pərvinə İsmayılova bildirib. 

Onun sözlərinə görə, mərkəzdə  5 yaşdan yuxarı əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, uşaq evində böyüyənlərin, kimsəsizlərin  yaradıcı potensialını inkişaf etdirmələrinə şərait yaradılacaq. İlkin mərhələdə sosial cəhətdən həssas qruplardan olan 70 nəfərin mərkəzə cəlb olunması planlaşdırılır.

"Mərkəzin açılışı olsa da, noyabrdan fəaliyyətə başlaması gözlənilir. Müraciət qaydaları barədə elan paylaşılacaq. Təlim kurslarından asılı olaraq, hər uşağa fərdi tapşırıqlar veriləcək və xüsusi vaxt ayrılacaq. Əgər bir şəxs qısa müddətdə kursu mənimsəyərsə digər şəxslərlə əvəz ediləcək. Həmçinin, müraciət edən müəllimlərin növbə ilə bu işə cəlb olunması təmin olunacaq. Burada çalışdığı müddətdə həmin müəllimin mənzillə təmin olunmağı planlaşdırılır, bununla bağlı ətraflı məlumat veriləcək. Fəaliyyətini dayandırdıqdan sonra onun üçün təyin olunan mənzilə yeni gələn müəllim yaşayacaq. Bu prosesin necə tənzimlənəcəyi hələ dəqiqləşməyib, amma çalışacağıq ki, heç kim qayğıdan kənar qalmasın. Mərkəzin açılması üçün müraicətlər çox idi, lakin hələki tədris kurslarına başlamaq barədə müraicət edən olmayıb. Düşünürəm ki, elan paylaşıldıqdan sonra müraicətlər başlanılacaq”, - deyə layihə koordinatoru məlumat verdi. 




İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 60 nəfər işçi heyət və "Könüllü DOST” üzrə 20 nəfər könüllü fəaliyyət göstərəcək. Pərvinə İsmayılova bildirdi ki, fəaliyyətə cəlb olunacaq müəllimlərə xüsusi təlimlər keçiriləcək:


"Burada müxtəlif sənətlər öyrədiləcək. Hər sənətin öyrədilməsi üçün müəllimlər cəlb olunacaq, əvvəlcə tədris edəcək şəxslərlə təlimlər keçiriləcək.
 
Mərkəzdə Azərbaycan xalçaçılıq sənəti, onun əsas 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək. Taxta-metal üzərində oyma emalatxanasında ağac, metal, daş üzərində bədii oyma sənəti, keramika studiyasında dulusçuluq (gilin, keramik əşya və dekorativ məmulatların hazırlanması və s.), təsviri sənət studiyasında isə kətan, kağız, şüşə, ipək və s. üzərində rəsmlər işlənməsi tədris olunacaq.
 
Metal və ağac oyma studiyasında dekorativ-tətbiqi sənətin növü olan ağac, metal, daş üzərində bədii oyma sənəti tədris ediləcək. Studiyada artıq ağac üzərində oyma üsulu ilə hazırlanmış musiqi alətləri, milli mədəniyyət abidələri, heykəl və fiqurlu kompozisiyalar təqdim olunur. Bu studiyada eyni vaxtda 8-10 yaşdan yuxarı 6 nəfərə, gün ərzində 2 qrupa təlimin keçirilməsi mümkündür" , - deyə mərkəzin rəsmisi məlumat verdi. 


Mərkəzdəki audio-səsyazma studiyasında vokal bacarıqların inkişaf etdirilməsi, audio disklərin və solo albomların yazılması, video-çarxların, sənədli və bədii filmlərin, teletamaşaların dublyaj edilməsi nəzərdə tutulur. Studiyada yaş məhdudiyyəti yoxdur.
 
Floristika və landşaft dizaynı studiyasında isə dekorativ-tətbiqi sənət və dizayn növü olan floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən ibarət natürmortların hazırlanması, gül kompozisiyalarının yığılması, terrarium və bitki rezervuarlarının dizaynı və quraşdırılması nəzərdə tutulur. Studiyada eyni vaxtda 8 nəfərə, gün ərzində 2 qrupa təlimlərin keçirilməsi mümkündür. Təlimlərdə yaşı 10-15-dən yuxarı olan şəxslər iştirak edə bilərlər. 

Musiqi studiyasında Azərbaycan milli musiqi sənətinin, çalğı, vokal dərslərinin tədrisi nəzərdə tutulur. Studiyada çalğı, vokal qabiliyyəti, musiqi biliyi olan 4 yaşdan yuxarı 20-25 nəfər eyni vaxtda təlimlərə qatılacaq. Gələcəkdə əlilliyi olan musiqiçilərdən ibarət instrumental və vokal ansamblın yaradılması nəzərdə tutulur.
 

 

Mərkəzin açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş həyətyanı sahəsi də var. Burada reabilitasiya məqsədi ilə meditasiya, yoqa və digər fiziki təlimlərin, müxtəlif sərgilərin, satış-sərgi yarmarkalarının təşkili, floristika və landşaft dizaynı üzrə təlimlərin, həmçinin pavilyon kimi istifadə edilərək inklüziv televiziya verilişlərinin çəkilməsi nəzərdə tutulub.

Təsviri sənət studiyasında kətan üzərində yağlı boya, akvarellə, kağız üzərində qrafiti və tuş, vitraj boya vasitəsilə şüşə üzərində, sulu boya ilə ipək üzərində rəsm sənətinin öyrədilməsi nəzərdə tutulur. Studiyada 5 yaşdan yuxarı eyni vaxtda 10 nəfərə, gün ərzində 2 qrupa təlim keçiriləcək.

Rəqs zalında fiziki məhdudiyyətli və peşəkar insanların birgə rəqs təliminin keçirilməsi və gələcəkdə peşəkar inklüziv rəqs kollektivinin yaradılması nəzərdə tutulur. Həmçinin burada yerli və xarici xoreoqraflarla təlimlər və ustad dərsləri də planlaşdırılır. Zalda eyni vaxtda 30 nəfərə rəqs dərslərinin keçirilməsi mümkündür. Peşəkar rəqs təlimində iştirak edən əlilliyi olan şəxslər 10–34, inkişaf rəqqasları isə 15–34 yaş arasında olacaqlar. Digər fizioloji reabilitasiya təlimində isə 5 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.
 
Mərkəzin 121 nəfərlik auditoriyasında kinoteatr və teletamaşaların təqdimatı mümkündür. Səhnədə müasir plastika, musiqili janr üslublu və emosional teatr quruluşlarının, müxtəlif musiqili konsert proqramlarının, dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün şərait yaradılıb. Burada sosial müəssisə sakinləri üçün ödənişsiz film nümayişləri planlaşdırılır. Səhnədə eyni vaxtda 25-30 nəfər tərkibdə teatr tamaşalarının və konsertlərin keçirilməsi nəzərdə tutulub.
 


Mərkəzdə kitabxana da yaradılıb. Burada Azərbaycan milli ədəbiyyatına, həmçinin xarici dillərdə müxtəlif peşə və sənət tədrisinə dair kitablar var. Kitabxanada görmə məhdudiyyətli şəxslərin bədii yaradıcılığının inkişafı üçün brayl əlifbası ilə kitablardan ibarət guşələrin yaradılması, əlilliyi olan şəxslərin kitablarının təqdimatının, məşhur yazıçıların iştirakı ilə qiraət günlərinin, yerli və xarici yazarların imza günlərinin keçirilməsi nəzərdə tutulur.

 
Pərvinə İsmayılova mərkəzin birbaşa vitse prezident Mehriban Əliyevanın nəzarətində olmasını xüsusi vurğuladı. O bildirdi ki, mərkəzin tikintisi "PAŞA Holding” tərəfindən maliyyələşdirilib, arxitektura, layihələndirmə və təşkilati dəstək isə "Cobalt Architecture and Design” şirkəti tərəfindən təmin edilib. Mərkəz sosial tərəfdaşlıq prinsipinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib. Mərkəzdə hazırda olan sənət  nümunələrinin bir çoxu isə əlillərin hazırladıqlarıdır

"Əlillərin bir çoxu ilə mütəmadi əlaqədə oluruq. Onlar öz hazırladıqları işləri bizə təqdim edir, bir çox hallarda həmin işləri ödəniş edərək onlardan alırıq. Ölkəmizə səfər edən bir çox səlahiyyətli şəxslərə məhz həmin əl işlərini hədiyyə edirik",- deyə Pərvinə İsmayılova məlumat verdi.   
 
Mərkəzin Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə oktyabrın 22-də rəsmi açılışı olub. Açılış zamanı mərkəzin beynəlxalq, yerli ictimaiyyətə açıq olacağı vurğulanıb.

Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb