Nüfuzlu maliyyəçi professorun iştirakı ilə bank nümayəndələri üçün master-klass keçirildi
Yeni virtual valyuta olan "Bitcoin” əməliyyatlarının gündəlik həcminə görə artıq Western Union-u ötüb keçdiyini bilirdinizmi? Ancaq çoxları "Bitcoin”-in gələcəyini şübhə altına alır və onu hətta "siçan zəhəri” və "bəla” adlandırırlar. Bəs "Bitcoin” nədir? O həqiqətənmi yeni nəsil valyutaya çevrilə bilər?
İspaniyadan dəvət olunmuş İE Biznes Məktəbinin məşhur maliyyə professoru Rafael Martins de Lima Ferreira Azərbaycan banklarının nümayəndələri üçün keçirdiyi master- klassda yeni virtual valyuta olan "Bitcoin”dən, onun gələcəyi və dünya iqtisadiyyatı üçün nəticələrindən danışıb. Məşhur professor "Bitcoin” əməliyyatlarının iş prinsipindən, getdikcə daha çox şirkətlərin yeni kriptovalyutanı qəbul etməsinin səbəblərindən və "Bitcoin”in imkanlarından söhbət açıb. İnteraktiv keçirilən sessiyada, maliyyəçi professor tərəfindən mövzu ilə bağlı suallar cavablandırılıb.
"Unibank Akademiya” departamenti tərəfindən Unibank-da təşkil edilən tədbirdə digər bankların əməkdaşları, biznes sahibləri olmaqla 45-ə yaxın nümayəndə iştirak edib.
Qeyd edək ki, İE Biznes Məktəbində 15 ilə yaxın dərs deyən iqtisadiyyat üzrə PhD elmlər doktoru və MBA dərəcəli professor Rafael Martins de Lima Ferreira, maliyyə bazarları, risklərin idarə edilməsi və maliyyə menecmenti sahələrində ixtisaslaşmış mütəxəssisdir.
"Unibank Akademiya” departamentinin rəhbəri Aygün Babazadə bildirib ki, Unibank novator bank olaraq, dünya maliyyə bazarında baş verən tendensiyaları Azərbaycan bank sektorunda paylaşmaqda maraqlıdır. Elə keçirilən tədbirin məqsədi də budur. Bank tərəfindən gələcəkdə də bu cür maraqlı mövzuların tanınmış maliyyəçilərin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.
Unibank- hər kəsin bankı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !