"Bizim kimi adi vətəndaşlar, bir çox şirkətlər və qurumlar üçün dünya saatına 1 saniyə əlavə edilməsi heç bir əhəmiyyət kəsb etmir. Ancaq elə qurumlar və şirkətlər var ki, 1 saniyə orada çox şeyi həll edir. Onlar daha diqqətli olmalıdır”.
Bu sözləri Axar.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz 30 iyun tarixində dünya saatına 1 saniyə əlavə edilməsi ilə bağlı texniki avadanlıqlarda, internet resurslarında yarana biləcək problemlərdən danışarkən deyib.
O.Gündüzün fikrincə, 30 iyunda gözlənilən dəyişiklik heç bir ciddi fəsadlara yol açmayacaq:
"Təhlükəsizliklə bağlı qurumlar bu haqda tövsiyələr verirlər. Xəbərdarlıqlar yayırlar. Ancaq dünya saatına 1 saniyə əlavə edilməsi ilk dəfə deyil. 1972-ci ildən bu günə kimi dəfələrlə təkrarlanıb bu hal. Bu iş aparılır və qabaqcadan da bilinir, məlumat verilir. Əvvəldən bilinən bir hal olduğuna görə proqram, kompüter, texnika sahəsində ciddi böhranlı vəziyyət yaranacağı gözlənilmir. Təbi ki, aidiyyəti qurumların bununla bağlı həyəcan siqnalı çalması bir qədər ehtiyatlı olmağa çağırır. Ancaq ciddi fəsadlar, böyük problemlər yaranacağı ehtimal edilmir. İstənilən təqdirdə ehtiyatlı olmaq lazımdır”.
Ekspertin fikrincə, belə durumlardan adətən bəzi qurumlar istifadə edərək xeyir götürür:
"Bu kimi hallarda müəyyən qurumlar ajiotaj yaradaraq xeyir götürməyə çalışırlar. Vaxtilə 2000-ci il adlı bir problem var idi. Vətəndaşları həmin problemin təhlükəliliyi ilə bağlı ehtiyatlı olmağa çağırmışdılar. Heç bir problem yaşanmadı. Lakin nəticədə bu yalan milyonlarla şirkətə pullar qazandırdı. Əlbəttə, ehtiyatlı olmaq lazımdır. Ancaq mən bir ekspert kimi heç bir ciddi təhlükə görmürəm”.
O.Gündüz qeyd edib ki, bizim kimi adi vətəndaşlar, bir çox şirkətlər və qurumlar üçün dünya saatına 1 saniyə əlavə edilməsi heç bir əhəmiyyət kəsb etmir:
"Ancaq elə qurum və şirkətlər var ki, 1 saniyə orada çox şeyi həll edir. Yəni bu proses saniyənin böyük rol oynadığı qurumlar və onların informasiya sistemlərinə müəyyən ciddi təsirlər göstərə bilər. Bu səbəbdən 1 saniyənin böyük rol oynadığı qurumlar ehtiyatlı olsun”.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıqla çıxış edib. Mərkəzin xəbərdarlığında qeyd olunur ki, 2015-ci ilin 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib. Bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır.
Mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də kompüterləri 5 dəqiqəlik söndürməyi tövsiyə edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !