Dünyada 250 milyon uşaq məktəbə getmir - YUNESKO

17:43 | 24.01.2024
Dünyada 250 milyon uşaq məktəbə getmir - YUNESKO

Dünyada 250 milyon uşaq məktəbə getmir - YUNESKO

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.
 
YUNESKO-nun hesablamalarına görə, hazırda 250 milyon uşaq məktəbə getmir və onlardan 222 milyonu münaqişə və böhran bölgələrində dəstəyə ehtiyac duyur. 
 
Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyinə gətirib çıxaracaq.
 
Milli məclisin Elm və təhsil komitəsinin deputatı Anar İsgəndərov bildirir ki, Azərbaycanda hər şey ideal olmadığı kimi təhsil sistemində də bəzi problemlər var.

"Bu gün Azərbaycan təhsilinin uğurları kifayət qədərdir. Biz xaricə kifayət qədər tələbə göndəririk. Uğurlarımız arasında hər il dünya olimpiyadasında  Azərbaycan şagirdləri medallarla qayıdır. Eyni zamanda təhsilin bakalavr, magistr doktorantura pilləsini bitirənlər də xaricdə kifayət qədər yerlər tutublar. Amma təbii ki, bizim uğurlarımızdan əlavə problemli hallar da var. Məsələn,  hazırda bizim 650 məktəbin təmirə və yenidən tikilməsinə ehtiyac var. Eyni zamanda məktəblərin qaz, su, işıqla bağlı problemləri müşahidə olunur. Belə problemlər də dünyanın hər yerində var. Ancaq deyə bilərik ki, işğaldan azad olunan ərazilərdə yenidən məktəblər tikilir yeni universitetlər açılır. Bu da müsbət haldır. Təhsilin inkişafına töhfə verəcək. Aərbaycanda hər şey ideal deyil. Bura təhsil də aiddir. Biz deyə bilərik ki, günü gündən təhsilimizlə bağlı irəliləyişlər gedir. Sovet təhsil sistemindən çıxıb, yeni təhsil sisteminə keçəndə kifayət qədər çatışmazlıqlarımız olub. Müəllim, məktəb problemləri və s. Kifayət qədər qanunsuz diplom alan dırnaqarası müəllim adını daşıyan insanlar oldu. Bundan əlavə düşünürəm ki, gələcəkdə repititorlarin sayı azalacaq. Ancaq birmənalı olaraq repititorlarin fəaliyyətininə ehtiyac yoxdur, ləğv etmək lazımdır. Gələcəkdə təhsil qanunlarına tam riayət etsək, onda bunların sayı kifayət qədər azalacaq",- deputat əlavə edib.
 
Təhsil üzrə ekspert Elçin Əfəndi hesab edir ki, Azərbaycan təhsil sistemində kifayət qədər problemlidir.
 
"İlk növbədə kişi çatışmazlığı var. Mütləq şəkildə dərs prosesinə kişilərin cəlb olunması vacibdir. İkinci növbədə təhsilin məktəblərdə tədris olunmasına çalışmalıyıq. Tədris məktəbdə verilməlidir. Şahidlər kiminsə evində ya obyektində dərs almamalıdır. Eyni zamanda müəllimlər normal əmək haqqı almalıdırlar. Həmçinin elmi tədqiqat işləri aparan şəxslərə müəyyən maliyyə yardımı olmaldır ki, tədqiqat işi apara bilsinlər. Bundan başqa tamam fərqli metod tətbiq etməliyik. Başqa-başqa ölkələrin tətbiqindən lazım olan detalları götürüb, elə bir model yaratmalıyıq. O elə bir model olmaldır ki, şagirdlər və müəllimlər əziyyət çəkməsinlər. Üstəgəl Ali təhsil və Orta təhsil müəssisələrində qəbul asan olmalıdır. Onun üçündə yeni bir modelə ehtiyac var. Hazırkı modeli daha da təkmilləşdirib bizə uyğun versiyaya gətirməliyik",- ekspert vurğulayıb.
 
Təhsil üzrə ekspert Elmin Nuri bildirir ki, Azərbaycanda təhsilə maarifləndirmə, milli özünu dərk kimi yanaşılmalıdır.
 
"Bu gün təhsil sistemində problemlərdən danışsaq, yəqin ki bu çox geniş bir söhbətin mövzusu olar. Təhsildəki problemlərdən çıxış üçün ilk atılacaq addım  yanaşma məsələsidir. Məsələ odur ki, biz təhsilə maarifləndirmə, milli özünu dərk kimi yanaşmalıyıq. Təhsilə yalnız 11 il yaşanılan proqram kimi baxa bilmərik. Biz təhsildə bu yanaşmanı dəyişməliyik. Bu proses on bir il li məktəbə hazırlıq prosesini  əhatə edir və onu kimi görürük. Əvvəl heç olmaya 11 ci sinifdə uşaqlar repititor yanına gedirlər. İndi isə aşağı siniflərdən gedirlər. Zəif yerlərini düzəltmək üçün yox, ali məktəbə hazırlıq üçün üz tuturlar. Bu təhsil deyil. Təhsilin missiyasına qayıtmalıyıq. Təhsil missiyasinda yaddaşın yüklənməsi deyil, doğru düzgün analtik fikir öz əksini tapmalıdır. Dünya təhsili bu gün tədqiqat üzərində inkişaf edir. Orta təhsil müəssisələrində təhsilin sosial problemləri də var.  Məsələn məktəbdə direktor müəllim münasibətləri, hansısa səbəbdən pul yığılması,  və s. Ancaq bunlar ciddi problemlər hesab etmək olmaz. Bunlar sosial problemlərdir. Biz təhsilimizi yaddaşdan təfəkkürə, təfəkkürdən tədqiqata apa bilmirik. Bax problem odur. Bizdə etiraf edək ki, hansısa ölkənin konkret modelindən istifadə yoxdur. Müxtəlif modellərin elementlərindən istifadə var. Bu təhsil modelləri cəmiyyətin inkişaf metotikasına görə müəyyən olunur. Hər bir cəmiyyət üçün fərqlidir",- ekspert əlavə edib.

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin Bakıda keçirdiyi sonuncu sorğuya görə, "Ümumtəhsil məktəblərində davamiyyət səviyyəsi haqqında” seçmə statistik monitorinqinə əsasən, ümumtəhsil məktəblərində oxuyan və repetitor yanına getmə səbəbindən məktəbdən yayınanlar əsasən 15-17 yaşlı uşaqlar olduğu açıqlanıb. Repititor yanına getmə səbəbindən həmin yaşda məktəbdən yayınan uşaqlar 77,7 faiz təşkil edib və onların əksəriyyəti, 80,5 faizi qızlardır. Məktəbdən yayınma halları əsasən yuxarı yaşlı uşaqlar arasında qeydə alınıb və onların 55,3 faizi 15-17 yaşda, 24,6 faizi 12-14 yaşda olanlardır. 

"Təhsil haqqında” Qanununun 32-ci bəndinə əsasən valideynlər təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsilin formasını və təlimin dilini seçməkdə azad hüquqlara malikdirlər.
 
"Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.
 
İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə – xəbərdarlıq edilir və ya 40 manatdan 60 manatadək məbləğdə cərimə edilir.
 
Belə əməllər yetkinlik yaşına çatmayanların baxımsız qalmasına səbəb olduqda – 60 manatdan 100  manatadək məbləğdə cərimə edilir.
 
İnzibati Xətalar Məcəlləsinin 181-ci maddəsinə əsasən, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə - fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 5 min manat məbləğində cərimə edilir.
 
Eyni zamanda, "Uşaq hüquqları haqqında” qanunun 22-ci maddəsində uşaqların icbari ümumi orta təhsildən yayındırılmasının qadağan olunduğu qeyd edilib.
 
Ailə Məcəlləsinin 51-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarından sui-istifadə halları zamanı uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 52-ci maddəsi isə uşağa ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququ yaradır.
 
Türkiyənin Şanlıurfa ərazisində hər hansı səbəb olmadığı halda məktəbə gəlmədiyi müəyyənləşən, böyük əksəriyyəti qız olan məktəblilərin valideynlərinə 2 milyon 462 min 790 TL pul cəzası verilib. Məktəbə gəlinməyən hər gün üçün 15 lira (7 AZN) məbləğində pul cəzası müəyyənləşdiyi üçün toplam cəza məbləği bu qədər yüksək olub
 
İngiltərədə şagirdlər ailələrinin icazəsi ilə məktəbə ən çoxu 2 həftə ərzində getməyə bilər. Amma vacib dərsləri və imtahanları olduğu zamanı dərsdən yayınma yolverilməzdir. 

Fransa məktəblərində icazəsiz 10 gün dərsə getməyən şagirdin qiyməti neçə olursa-olsun, uğur qazanmamış sayılır.

Almaniyada isə şagirdlərin 8 faizi təhsilini başa vurmadan məktəbi atır. 8 faiz isə rəqəmlə yarım milyondan çox yeniyetmə deməkdir. 2012-ci ildən Almaniyada dərsə gəlməyən şagirdin valideyninin cəzalandırılması qüvvəyə minib. Cəzanı kifayət qədər sərt adlandırmaq olar. Belə ki, 20 dəfə ardıcıl əsassız səbəbdən dərs buraxan şagirdin valideyni daha uşağının təhsilinə müdaxilə və ya nəzarət edə bilməz.
 
Uşağı Göygöldə kənd məktəblərinin birində oxuyan İlhamə Həsənova bildirir ki, məktəb soyuq olduğu üçün övladını məktəbə göndərmir.

"Övladım 6 cı sinifdə oxuyur. Dərsləri yaxşıdır. hər şey qaydasındadır. Sadəcə bir çox kənd məktəblərində olduğu kimi bu məktəbdə də sinif otaqları soyuqdur. Sinif otaqlarında oturmaq mümkün deyil. Məktəb rəhbərliyi yaxın vaxtlarda məsələnin həll olunacağını bildirib. Biz də gözləyirik. Bizdən fərqli olaraq, məktəbin digər yuxarı sinif şagirdləri isə repititor yanına gedirlər.  Bu da məktəbə gələn uşaqların sayına təsir edir",o bildirib.
 
Digər valideyn Aygün Həsənova isə bildirir ki, uşaqları repititor yanına getdikləri üçün məktəbə getmirlər.
 
"Iki övladım var. Biri on birinci sinifdə oxuyur, digəri isə doqquzuncu sinifdə. Ailəlikcə Gəncədə yaşayırıq. Uşaqların adlarını kənd məktəbinə yazmışıq. Özləri isə şəhər mərkəzində repititor yanına gedirlər. Uşaqların gələcəyi üçün məcbur olub, bu kimi üsullardan istifadə edirik",- valideyn vurğulayıb.

Təhsil hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində yer alır. Bəyannamədə pulsuz və icbari ibtidai təhsil tələb olunur. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası daha da irəli gedir ki, ölkələr ali təhsili hamı üçün əlçatan etsin.
 
"Təhsil haqqında” Qanununun 32-ci bəndinə əsasən valideynlər təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsilin formasını və təlimin dilini seçməkdə azad hüquqlara malikdirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, təhsil müəssisələrini seçməklə bağlı valideynlərə seçim azadlığı verir, buna görə də Elm və Təhsil Nazirliyi və ona tabe olan qurumlar təklikdə məktəbə gəlməyən şagirdləri müəyyən edə bilmirlər. Bu qurumların bunun üçün lazımi səlahiyyətləri yoxdur.  Aydın məsələdir ki, ölkədaxili miqrasiya ilə bağlı problemlər əsasən də iqtisadi səbəblərlə bağlıdır, buna görə də valideynlər işədüzəlmə ilə bağlı yaşayış yerlərini tərk edirlər. Lakin bu hallarda daha çox uşaqlar əziyyət çəkir.
 
Aytac Zeynalova



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb