Dünyada pandemiya bitib - Azərbaycanda bəzi qadağalar niyə qüvvədədir?

21:50 | 25.05.2023
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də pandemiyanın bitdiyini elan edib. Azərbacanda isə 2023- cü il 1 iyul saat 06:00-dək uzadılan karantin rejimi ilə bağlı yeni qərar verilməyib. Karantinlə bağlı ölkənin quru sərhədləri hələ də bağlı saxlanılır, qatarlara və Qarabağ istiqamətində çalışan avtobuslara ancaq buster do vaksin vurulanlar bilet ala bilir.  

Bəs görəsən bu qaydalar niyə ləğv edilmir və quru sərhədlərin bağlı olduğu bu dövrdə Azərbaycanın itirdiyi və qazandığı nələr oldu? 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu dövrdə iqtisadiyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə qazancımızın olmadığını, sərhədin açılmasının vacibliyini vurğulayıb.

"Azərbaycan iqtisadiyyatı itirə-itirə gedir. Qazancımız heç nə olmadı. İnsanların müəyyən məqsədlər üçün ölkədən çıxışları 60-70 % məhdudlaşdırılıb. İmkansız əhalinin 80%-i maddi çətinlik səbəbindən ölkədən çıxa bilmir. Turizm sektoru tamamilə iflic vəziyyətdədir. Azərbaycanın itirdiklərindən Gürcüstan və Ermənistan bəhrələnir. Ötən il Ermənistana səhayət edən turistlərin sayı 2 dəfədən çox artıb. Gürcüstanın turizm sektoru daha çox inkişaf etdiyinə görə ora gələn turistlər, adətən sonra quru sərhəd ilə Azərbaycana keçirdilər. Bu imkanı biz artıq itirmişik. Azərbaycana gəlmək istəyən turistlər Ermənistana gedir. Quru sərhədlər açılmasa bu il də həmin vəziyyət təkrarlanacaq. Yeri gəlmişkən quru sərhədlər açıq olsaydı Türkiyədə həlak olan tələbələrimiz tətildə evlərinə qayıdar və sağ qalardılar. Sənaye, kənd təsərrüfatı, aqro turizm sıradan çıxıb. Kənd yerlərində mövsüm vaxtı şəxsi evlərində turist saxlayan, sərhəddə xırda al-verlə məşğul olan vətəndaşlarımız mənfəətlərindən məhrum olub. Bunların həlli üçün quru sərhədin açılması vacibdir", - Akif Nəsirli deyib. 

Akif Nəsirli sərhədlərin bağlı qalmasının pandemiya ilə əlaqədar olduğuna inanmadığıni da  söyləyib.

"Sərhədlər nə üçün açılmır sualına cavab tapa bilmirəm. Bunun pandemiya ilə bağlı olmasına heç kim inanmır. ÜST 10 gündən artıqdır  elan edib ki, pandemiyaya son qoyun. Azərbaycan isə hansı səbəblə sərhədləri açmır mən bunu anlamıram. Bəziləri AZAL-ın gəlirlərini artırmaq məqsədilə olduğunu deyir. Bunu adi vətəndaşlar düşünə bilər, lakin mənə inandırıcı gəlmir. Təhlükəsizliklə bağlı olması da inandırıcı deyil. Azərbaycan üçün təhlükə yarada bilən agentlər, casuslar sadə adam deyil və onlar təyyarə ilə gəlmək imkanı daha çoxdur. Ağıla gələn bir səbəb deyə bilmirəm. Bunu hökümətdən öyrənmək lazımdır.
 
Deputat Aydın Hüseynov isə bildirib ki, iqtisadiyyatdan, turizmdən gələn gəlirlər bizim səhiyyə və vətəndaşlarımızın sağlamlığına çəkilən xərclərdən dəfələrlə azdır.

"Quru sərhədlərinin bağlanmasının səbəbi dünyada tüğyan edən pandemiya ilə bağlıdır. Həmin dövrdə digər dövlətlər kimi Azərbaycanda da quru sərhədlərin bağlanması düzgün addım oldu, çünki hər şeydən öncə bizim vətəndaşlarımızın sağlamlığı vacib idi. Digər tərəfdən bunun iqtisadiyyatımıza güclü mənfi təsiri olmadı. Bəzən belə düşünülür ki, quru sərhədlər ümumiyyətlə bağlıdır. Quru sərhəddə logistika,  yükdaşıma, ticarət, iqtisadiyyatla bağlı heç bir məhdudiyyət yoxdur. Bütün ölkələrlə əvvəldə olduğu kimi ticarət əlaqələrimiz var. Yəni bunun iqtisadi sferaya aiddiyyatı yoxdur. Yalnız minik maşınları və avtobusların gedişi ilə bağlıdır. Quru sərhədlər açıq olarkən iqtisadiyyatdan, turizmdən gələn gəlirlər bizim səhiyyə və vətəndaşlarımızın sağlamlığına çəkilən xərclərdən dəfələrlə azdır. Artıq pandemiyanın təsirləri aradan qaldırılır və hesab edirəm ki, Nazirlər Kabineti  buna uyğun müvafiq addımlar atacaq. Quru sərhədlər açıldıqdan sonra insanların qonşu ölkələrə gediş-gəlişi bərpa olunacaq", - deputat vurğulayıb.

Prezident İlham Əliyev keçən il verdiyi açıqlamada quru sərhədlərin xəstəliyin ən çox yayıldığı istiqamət olduğu üçün sərhədlərin bağlı saxlandığını, nə qədər lazımdırsa o qədər bağlı qalacağını və bunun insanların sağlamlığı üçün edildiyini deyib.

Azərbaycanda bu günə kimi virusa 831735 nəfər yoluxub, 821386 nəfər sağalıb, 10272 nəfər ölüb. Hazırda isə 77 nəfər aktiv koronavirus xəstəsi var.
 
Xalidə Elşənqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb