Dünyada qadağan edilmiş balıq Bakıda açıq satışda

18:54 | 02.12.2017
Dünyada qadağan edilmiş balıq Bakıda açıq satışda

Dünyada qadağan edilmiş balıq Bakıda açıq satışda

Artıq bir neçə ildir ki, yerli mətbuatda panqasius balıqlarının insan orqanizminə təhlükəsindən materiallar yer alır. Amma təəssüf ki, bunun heç bir nəticəsi olmur. Avropa və Amerikada panqasius balığının qida məhsulu kimi istifadə olunması qadağandır. Buna səbəb isə bu balıqların tərkibində sənaye tullantıları, mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit, heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələrin olmasıdır. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar. Dünyanın əksər ölkələrində satışı və yeyilməsi qadağan edilən bu balığa təəssüf ki, paytaxtımızın istənilən mağazasında rast gəlmək mümkündür. 

Bilməyənlərin nəzərinə çatdıraq ki, bu balıqların vətəni Vyetnamın Mekonq çayıdır. Bu çay Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur. Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər. Onun böyüməsi və çoxalması üçün Vyetnamdan bəzi hormonlar gətirilir və bu balıqlara müxtəlif üsullarla yerləşdirilir. Avropada məhsulların tərkibini araşdıran qurumlar dəfələrlə balıqlara yerləşdirilən hormonların tərkibi haqda məlumat istəsələr də, Vyetnam bu məlumatları verməkdən imtina edib. Bu isə şübhələri daha da artırır.

Mövzunun aktuallığını nəzərə alıb, paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkdik. Panqasisus balığının satışda olub olmaması ilə maraqlandıq.
Təəssüf ki, əksər marketlərdə bu balığın satışda olduğunun şahidi olduq. Metronun "Memar Əcəmi” stansiyası yaxınlığındakı marketdə bu balıqlar okean balığı adı ilə həm açıq, həm də sellofan torbada dondurulmuş halda satılırdı. Qiyməti isə 5-7 manat arasında dəyişir. Satıcının diqqətinə balıq haqda deyilənləri çatdırdıqda o, balığın kifayət qədər alıcısı olduğunu, bu günə qədər də bir şikayət almadıqlarını söyləyir: "Bu balığı alanlardan kiminsə öldüyünü görmədik, boş söhbətdir”. Vyetnamda isə Panqasius balığının bir dənəsi bizim pulla təxminən 50 qəpiyə satılır.

Dünyanın ən zəhərli balığının Azərbaycana necə, hansı yollarla gətirildiyini öyrənmək üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə telefon əlaqəsi saxladıq:  "Vyetnamdan bizə balıq gətirilir və satışda var. Bir neçə il öncə bu balıqla əlaqədar yenə də belə bir söhbət yaranmışdı. Bizə o balıqların gətirilməsi haqda müraciət olunmuşdu. Biz həmin balıqlardan nümunələr götürərək həm Respublika Baytarlıq Laboratoriyasında, həm də Türkiyənin Baytarlıq Laboratoriyasında müxtəlif istiqamətlərdə yoxlatdırdıq. Nəticə olaraq da insan üçün heç bir təhlükə olmadığı müəyyən edilib. Biz bundan sonra həmin balığın gətirilməsinə icazə vermişik. Bu balıqdan hər hansısa bir zəhərlənmə faktı olsaydı, hər halda səhiyyə orqanları bizə müraciət edərdi. Bizdə bu haqda heç bir müraciət yoxdur. Əgər bu balığı yeyib səhhətində problem yaranan insanlar varsa, bizə müraciət etsinlər. Biz də bir daha bu məsələni qaldıraq və panqasius balığının beynəlxalq səviyyədə müayinəsinin aparılmasını təşkil edək, lazımı addımları ataq. Biz bu məhsulların sağlamlığına cavabdeh olduğumuza görə yenə də qeyd edim ki, öz laboratoriyamızda yoxlamaqla yanaşı, Türkiyədə də yoxlatdıq, bu məhsulun insan sağlamlığı üçün heç bir təhlükəsi yoxdur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu balığın Rusiya vasitəsi ilə ölkəmizə idxal olunduğunu bildirib: "Bu balıq növü Rusiya vasitəsi ilə ölkəmizə idxal olunur. Təəssüf ki, Azərbaycanda bütün mallara yaxşı deyilir və qəbul edilir. Lakin həmin məhsulun gətirildiyi yer, mənbə araşdırılmır. Ona görə də bugünkü gündə bu cür problemlər meydana çıxır. Yəqin ki, nə zamansa bu balığın Azərbaycanda satışının qarşısı alınacaq. Çünki mənbələr göstərir ki, bu çox təhlükəli balıqdır. Azərbaycanda normal ekspertiza olmadığında və hər şeyə sertifikat verildiyi üçün bu gün bazarda belə balıqlar mövcuddur. Biz istehlakçılar arasında iş aparmalıyıq ki, bu balıq boykot edilsin, alınmasın ki, bazardan çıxsın”.

Balıq zəhərlənməsinin insan orqanizminə dərhal və ya tədricən təsir edib-etmədiyini öyrənmək üçün isə tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. A.Qeybulla bunun qidanın tərkibində olan toksidlərin gücündən asılı olduğunu söylədi: "Balıqların içərisində zəhərliləri də ola bilər. Bəzi heyvanlarda olan toksid maddələr qoruma vasitəsi kimi meydana çıxıb. Bu uzun müddət ərzində formalaşan bir prosesdir. Müəyyən toksidləşmiş maddələr orqanizmə düşdükdən sonra onu tədricən də sıradan çıxara bilər, dərhal ölümə də səbəb ola bilər. Məsələn, ilan zəhəri qana düşdükdə zəhərin növündən asılı olaraq hedyahemalitik ya da neyroparalitik təsir göstərir və insanı qısa bir müddətdə öldürür. Amma bu zəhər ağız boşluğuna düşdükdə qana keçmədiyi üçün ola bilsin ki, heç bir təsir etməsin. Elə zəhərlər var ki, ağız boşluğuna düşərək dərhal ölümə gətirib çıxarır. Yəni bu toksid maddələri növündən asılı olaraq orqanizmə göstərdiyi təsir də müxtəlif olur. Təbii ki, bu toksid maddəni daşıyan heyvanda toksid maddənin orqanizmdə törətdiyi dəyişiklik kimi hərəkət edir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti