Bağban qız süpürgəçi olmasa da, gözəldir
Rumıniya fotoqrafı tərəfindən çəkilmiş şəkli Mərkəzi Asiya internetində tufan qaldırsa da, deyəsən bu, 19 yaşlı düşənbəli bağbanı o qədər də riqqətə gətirməyib.
Bircə fotoşəkil heç yerdə tanınmayan adi düşənbəli bağban qız – 19 yaşlı Munira Mirzoyevanı Mərkəzi Asiya internetinin sensasiyasına çevirib.
Mirzoeva-nın fotosu Rumıniya fotoqrafı Mihaela Noroc tərəfindən onun "Gözəllik Atlası” (Atlas of Beauty) layihəsinə daxil edilib. Noroc dünyanı qarış-qarış gəzərək planetin gözəlliyini qadınların siması ilə göstərən bənzərsiz bir layihəyə başlayıb.
Noroc-un çəkdiyi fotoda Mirzoyeva al-əlvan milli geyimdədir, lakin bu paltarın üstdən yüksək görüntülü nəqliyyat jileti taxılıb. Bu foto ilk dəfə Noroc-un Facebook səhifəsində avqustun 18-də dərc olunub.
Cəmi bir neçə günün ərzində foto minlərlə "like” qazanıb. İstifadəçilər Mirzoyevanın "təbii gözəlliyini, fəthedici təbəssümünü və ecazkarlığını” tərif ediblər.
Bundan sonra bu əhvalat rusdilli Cosmopolitan məcmuəsindən tutmuş Mərkəzi Asiyanın əsas xəbər portallarınadək yerli və regional medianın diqqətini çəkib.
"Dünyanın ən gözəl süpürgəçisi"
Lakin hər bir nağılda bir pərsəng olmaldır. Mirzoyevanın nağılındakı bu pərsəng ondan ibarət idi ki, fotorqraf onu "Düşənbənin gözəl süpürgəçisi” adlandırmışdı.
Amma Mirzoyeva bundan çox da pərt olmayıb. Başa düşür ki, fotoqraf onu əyinindəki sarı jiletə görə belə adlandırıb. Axı süpürgəçilər də buna bənzərini geyinirlər.
Amma bu balaca yanlışlıq sonradan böyüyüb "Dünyanın Ən Gözəl Süpürgəçisi” və "Gözəllik kraliçası” formalarını alıb.
"Mənim həyatım ailəmin, evimin və işimin içindədir, - deyib Mirzoyeva AzadlıqRadiosunun Tacik xidmətinə. O deyib ki, bağbanlıq alətlərini boş vaxtlarında da əlindən yerə qoymur.
"Ən yaxın rəfiqələrim də bağbanlardır” – deyib Mirzoyeva.
O işçi ailəsində doğulmuş 7 uşağın ilkidir. Ayda təxminən 110 dollarlıq maaşı ilə evin əsas çörək gətirənidir. Hərdən maaşından iki dəfə artıq mükafat da alır.
Mirzoyevanın yaşadığı Tacikistanda maaşlar aşağıdır. Elə müəllimlər 200 dollar alırlar.
Həyat nağıl deyil ki
O Düşənbənin Şomansur rayonunda böyüyüb. Bu rayon özünün gur bazarları ilə şəhərin yaşıllığa qərq olmuş lüks villalarını, yoxsul qonşuluğun daxmalarından ayırır.
Mirzoyeva AzadlıqRadiosuna deyib ki, həkim olmaq istəyirmiş, amma universitetə hazırlıq üçün ailəsinin imkanları yoxdur.
İndi Mirzoyeva xəstələrin qayğısına qalmasa da, Düşənbə küçə və xiyavbanlarındakı çiçəklərin nazını çəkir.
"Gərək ayağını yorğanına görə uzadasan deyir” -19 yaşlı qız.
O deyir ki, hətta bu fotonun gətirdiyi məşhurluq da onun həyatını dəyişməyəcək.
O Facebook-dakı bəzi pərəstişkarlarından fərqli olaraq özünü xaricdə keçirilən gözəllik yarışlarının iştirakçısı kimi görmür.
Onsuz da ərə gedir
"İnanmıram ki, valideynlərim mənim harasa getməyimə icazə versinlər. Onlar məndən nigaran qalarlar ki, birdən qayıtmaram” – deyir Mirzoyeva.
"Amma özümə qalsaydı, gözəllik yarışında iştirak edərdim”– deyir bağban qız.
Bu arada Tacikistandakı Facebook istifadəçiləri Mirzoyevanın həkimlik arzularını gerçəkləşdirmək üçün fondtoplama kampaniyasına başlayıblar.
O, AzadlıqRadiosuna müsahibə verərkən, hələ bundan xəbərsiz idi.
Mirzoyeva onun telefon nömrəsini "Gözəllik Atlası” layihəsindən almağa çalışan çoxsaylı pərəstişkarlarından da xəbərsizdir.
Onsuz da tezliklə ərə gedəcəyini deyir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !