Dünyanın ən qiymətli ədviyyəsi: çox əkilsə belə, həmişə baha başa gəlir

16:00 | 30.11.2023
Dünyanın ən qiymətli ədviyyəsi: çox əkilsə belə, həmişə baha başa gəlir

Dünyanın ən qiymətli ədviyyəsi: çox əkilsə belə, həmişə baha başa gəlir

İsmayıl Rafiqoğlu

Bakıətrafı kəndlərin ərazisi noyabrda möcüzəli bənövşəyi, qırmızı, sarı bir gülün rənginə boyanır. Hansı həyətə boylansan, kimə qonaq getsən, bu qəribə gülün gözəl qoxusunu duyacaqsan. Bu dövrdə Abşeron zəfəranı  gur çiçəkləyir və yarımadanın hər qarışında onunla rastlaşmaq ehtimalı  çoxalır.
 
Ay bitir, zəfəran yığımı da yekunlaşır. Ola bilər, hansısa təsadüfdən məhsulunu verə bilməyən zəfəranın bir iki çiçəyinə dekabrın ilk həftəsi də rast gələ bilək. Soğanaq bəzən harasa təsadüfən düşür. Sonra həmin yerdə topa-topa gül açan zəfəranın gözəlliyindən doymaq olmur. Zəfəran Azərbaycan xalqı üçün muğam, şeir-qəzəl, qonaqpərvərlik, tolerantlıq qədər əhəmiyyətli bir məsələlər toplusunda layiqli yer alan bir ədviyyatdir. Bu bitki vaxtılə qədim Bakının gerbini də bəzəyib. Harada Azərbaycan mətbəxi varsa, orada zəfəran var. Kim sağlamlıq axtarırsa, deməli zəfəran axtarır. Hansı evdə plov çəkilirsə, həmin evdə mütləq zəfəran dəmlənir. İnsana verdiyi xeyir-bərəkət baxımından zəfəranın əvəzi yoxdur.

Zəfəran barədə çox yazılıb, filmlər çəkilib, verilişlər hazırlanıb. Faydasını bəlkə də hamı bilir, amma bir daha xatırlamağa dəyər.
 

 
Keyfiyyətli məhsul deyəndə, Bilgəh zəfəranı yada düşür

Zəfəran soğanaqla artan, daha çox qumsal torpaqda yetişən çoxillik bitkidir. Azərbaycanın bir sıra rayonlarında yetişdirmək olur. Abşeron zəfəranı daha çox tanınır. Keyfiyyətli məhsul deyəndə Bilgəh zəfəranı yada düşür, buradan alınan məhsul heç də dünya şöhrətli Kəşmir zəfəranından geri qalmır. Müalicəvi tərkibinə görə çox qiymətlidir. Əgər həkim zəfəran qəbul etmək kimi bir kurs təyin edirsə, hər kəs Bilgəhdə yaşayan tanış-bilişindən zəfəran əldə etməyə çalışır.

Zəfəran ildə cəmi 1 dəfə, oktyabrın sonundan başlayaraq noyabr ayı boyunca çiçəkləyir. Çiçəyi bənövşəyi rəngdə olan zəfəranın 3 dişiciyi, 3 erkəkciyi olur. Qırmızı rəngdə olan 3 dişicik elə həmin ədviyyənin əsasını təşkil edir. 3 sarı rəngli erkəkciklə qarışıq çiçəyin digər hissəsi isə məişətdə yox, təbabətdə istifadə edilir. Bəzi ölkələrdə həmin çiçəklərdən xüsusi kosmetoloji məqsəd üçün yararlanırlar. Azərbaycanda da bu hissəni qurudub çay kimi dəmləyən insanlar var. Amma əsas ədviyyə bu qımızı 3 teldən alınır.
 

 
Zəfəran qramla satılır

Zəfəranın soğanağı da dərmandır. Kilosu Azərbaycanda 15 manat, Avropada 20 avro olan soğanağa həmişə tələbat var. Həm yeni sahə salmağa, həm də tibbi məqsəd üçün yararlanmağa. Məsələn, Almaniyada zəfəran soğanağından xüsusi dərman preparatı da hazırlanır. Bu səbəbdən baha qiymətə satmaq da olar.
 
Ədviyyə olaraq zəfəran qramla satılır. 1 qramının topdansatış qiyməti ölkədə 5-25 manat arası dəyişir. Dünya bazarında da 5-6 ABŞ dollarından tutmuş 35 avro aralığında satıla bilər. Çox əkilsə belə, həmişə baha başa gəlir, çoxlu çayda insan əməyi sərf olunur, vaxtında toplamaq, təmizləmək və qurutmaq gərəkdir. Dünya bazarında ən yaxşı halda ildə 300-350 ton quru məhsulu istehsal edilir, çünki heç də hər zonada zəfəran yetişdirmək olmur.
 
Plovda zəfəran mütləq olmalıdır

Zəfəran Azərbaycan mətbəxində həmişə başda duran məhsullardan olub. Həm yeməkdə, həm də şirniyyat istehsalında istifadə edilir. Hər yeməyə də vurmaq olardı, sadəcə baha olduğundan yalnız xüsusi yeməklərə əlavə edilir. Mətbəximizin şah əsəri olan plovda zəfəran mütləq olmalıdır. Kasıb dövrdə sarıköklə əvəzləmək olar, amma aşa dad verən elə zəfərandır. Hətta el arasında məşhur olan "Eşşək nə bilir zəfəranplov nədir” ifadəsi elə-belə yaranmayıb, çünki kobud, qanmaz adamın belə incə bir qidadan nə anlayışı var mənasında işlədilir. Həm plovun özünə, həm də qarasına zəfəran vurmaq adəti var.
Piti, küftə bozbaş, parça bozbaş, xaş, düşbərəyə vurulan zəfəran həm bu yeməklərə xüsusi dad verir, həm də kifayət qədər ağır olan qidanın həzmini rahatlaşdırır. Bahalı olduğundan zəfəran qənaətlə işlədilir. Azərbaycan şirniyyatında da mütləq olmalıdır. Xüsusilə paxlava, şəkərbura, badambura və digər kulinariya məhsullarında istifadə edilir. Özü də Novruz bayramında hazırlanan şirniyyata zəfəranı məhz insana verdiyi güc-qüvvəyə görə əlavə edirlər. Yəni qış bitib, yaz gəlib, insana daha çox vitamin və faydalı qida növü tələb olunur. Paxlava və şəkərbura da zəfəranla hazırlandıqda daha xeyirli olur. Əvvəllər zəfərandan hətta yumurtanı boyamaq üçün də istifadə edərmişlər, o həm də gözəl boyaq maddəsidir.
 

 

Zəfəran insana yaxşı əhval bəxş edir

Zəfəran həm də bir müalicəvi vasitə sayıla bilər. Onun insan orqanizminə verdiyi faydanı tam təsvir etmək asan deyil. İlk növbədə bu bir afrodiziak sayıla bilər. İnsana yaxşı əhval bəxş edir, ümumi tonusu yüksək səviyyədə saxlayır. Zəfəranın məhz "xoşbəxtlik hormonu” sayılan serotoninin səviyyəsini yüksəltdiyi bir çox mənbədə qeyd olunub. Yəni sistematik qəbul etməklə həmişə pozitiv ruhun daşıyıcısı olmaq şansını yaradır. Bütün ədviyyələrə məxsus olan bu xüsusiyyət zəfəranda daha çox əksini tapıb. Depressiyadan uzaq düşməyə çalışan hər insan zəfəranla dost olmalıdır. Zəfəranın tərkibindəki krosin, safranal insanı həyəcandan uzaq saxlayır, ümumi əhvalını yaxşılaşdırır.
 
Zəfəran ürək-damar sisteminin normal işləməsinə yardım edir. Həm havasında müalicəvi komponentlərin bol olduğu, həm də zəfəranın hər həyətdə əkildiyi Bilgəh qəsəbəsində ürəkdən əziyyət çəkən az adama rast gəlmək olar. Hətta məşhur Kardioloji Sanatoriyası da burada yerləşir. Şəkər, xolesterin və arterial təzyiqin səviyyəsini normada saxlamaq üçün zəfəranın rolu əvəzsizdir. Əlbəttə, bu faktorlar ürək-damar sisteminin işinə birbaşa təsir edir.

Mədə ağrılarında, xərçənglə mübarizədə çox faydalıdır

Zəfəran həm də bir sıra göz xəstəliklərində faydalı ola bilər. Yaşlı bağlı bəzi görmə problemləri yaşayan, şəkərli diabetdən əziyyət çəkən insanlar mütləq zəfərandan yararlanmalıdırlar. Zəfəran həm də göz təzyiqini normallaşdıra bilər. Daim kompüter qarşısında çalışan şəxslərin zəfəran qəbul etməsi gözdə yaranan problemləri həll etməkdə kömək edə bilər. Zəfəran dəmləməsindən istifadə etmək, gözləri bu məhlulla silməklə görmə qabiliyyətini xeyli yaxşılaşdırmaq olar.
 
Zəfəran həm də yuxu gətirən bir vasitə sayılır, çünki melatonin hormonunun səviyyəsini yüksəltməklə beynin müəyyən reseptorlarına müsbət təsir edir. Zəfəran həm də qaraciyərin dərmanıdır. Davamlı olaraq işlətdikdə, bu orqanın həm təmizlənməsinə, həm də yarana biləcək zərərli törəmələrin qarşısını almaqda yararlı ola bilər. Zəfəranın xərçənglə mübarizədə rolu barədə çoxlu araşdırma aparılıb. Xüsusilə də profilaktik məqsədlə istifadəsinin faydasından çox yazılıb. Ən azından zəfərandan istifadə etməklə immunitet orqanizmdə yaranan müxtəlif növ törəmələrlə daha effektli mübarizə apara bilir.
Mədə-bağırsaq sistemində yaranan bir sıra problemlərin qarşısını almaq üçün də zəfəran dəmləməsindən istifadə etmək olar. Mədə ağrıları, qıcqırmada çox faydalıdır. Bu qiymətli ədviyyənin faydasından çox danışmaq olar, bəzi mütəxəssislər onun yüzə yaxın xəstəliyə yardım etdiyini qeyd edirlər. Sadəcə bəzi qaydaları da gözləməyə dəyər…

Həyat eşqini, xoşbəxtlik hissini artırır

Zəfəran dərman preparatı deyil, hansısa ciddi xəstəlikdə əməliyyatı və ya hansısa tibbi proseduru əvəzləmir. Güclü antioksidant tərkibinə malik olduğundan profilaktik məqsədlər üçün yararlıdır. Yəni zəfəran bir növ həyat tərzinin bir hissəsi olmalıdır, bu halda onun daha faydalı olduğunu düşünmək olar. Üstəlik, istifadə qaydasını da bilmək lazımdır. Çox böyük dozalarda əks-təsiri ola bilər. Yəni bir dəfəyə cəmi bir neçə teldən istifadə edilməlidir. Bir qramın dəmləməsi ciddi fəsada yol aça bilər. Daha artıq dozalarda ölümlə nəticələnə bilər. Normanı gözləmək lazımdır. Hamilə qadınlara məsləhət görülmür, ya da çox az dozada qəbul etmək olar. Hər bir halda çox güclü vasitələrdən biri olduğu üçün olduqca ehtiyatla yararlanmaq tələb olunur. Yeməyə, çaya əlavə etməklə, hərdənbir dəmləməsini içməklə faydalanmaq olar. Zəfəranı quru, qaranlıq yerdə, tünd şüşə qabda saxlamaq məsləhətdir, çünki həm günəş şüaları, həm də rütubət onun müalicəvi faydasını azaldır.
 
Həyat eşqi, xoşbəxtlik hissi həmişə özünə zəfəranı dost bilən insanlarda daha çox duyulur. Zəfəran şıltaq və incə qadına bənzəyir, onu sevdinsə, onu özünə dost ola bildinsə, günün sağlam, ruhun isə sakit olacaq.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM