Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.
Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti hərbi cinayəti, ordumuzun bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərimizin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə xüsusi olaraq çatdıran müdafiə naziri Silahlı Qüvvələrin gündəlik fəaliyyətində qeyd edilən məsələlərin rəhbər tutlmasının vacibliyini vurğulayıb.
Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.
Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !