Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Hesablama Palatasının büdcə proqnozlarının əsaslığının gücləndirilməsi üçün fiskal şuraların yaradılması təklifini şərh edib.
Onun sözlərinə görə, Palatanın aşkarladığı qüsurlar obyektiv yanaşmadır, dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.
Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib ki, fiskal şuraların əsas fəaliyyəti dövlətə digər icra strukturu ilə yanaşı, alternativ büdcə qiymətləndirmələrinin, həmçinin, makro-fiskal proqnozlaşdırmanın aparılması və müvafiq hesabatların təqdim edilməsidir.
Bildirilib ki, belə bir institutun yaradılması büdcə şəffaflığı və hesabatlılığı işinə mühüm töhfə hesab edilir.
"Hesablama Palatası olaraq Fiskal Şuranın yaradılmasını ölkədə gedən fiskal islahatların dinamikliyini nəzərə alaraq bu işin büdcə proseslərinə əhəmiyyətli töhfə verəcəyini hesab edirik”, - deyə Palatanın rəyində qeyd olunub.
Ə.Məsimli söyləyib ki, Hesablama Palatası Maliyyə Nazirliyinin və digər aidiyyəti qurumların öz fəaliyyətində nəzərə alınması çox zəruri olan təklif və tövsiyələr hazırlayıb.
"Fiskal şuralar yaradılması kimi təklif və tövsiyələrin reallaşdırılması büdcə prosesində vəsaitlərdən istifadənin nəticəli olmasına və şəffaflığın artırılmasına müsbət təsir edə bilər”.
Fiskal şura nədir?
Fiskal şura dünya təcrübəsində büdcə proqnozlarının əsaslılığının gücləndirilməsi ilə bağlı tətbiq edilən yanaşmadır. Fiskal şuraların fəaliyyətinin təmin edilməsi də müsbət nəticələrə gətirib çıxarır.
Belə ki, sistemli böhranın əsas maliyyə nəticələri mövcud makrofiskal proqnozlaşdırma institutunun, bu sahədə təhlillərin və ümumən büdcə parametrlərinin daha geniş və müxtəlif ssenarilər üzrə qiymətləndirilməsi işinin təkmilləşdirilməsini aktual zərurətə çevirdi.
Büdcəyə nəzarətin gücləndirilməsi
Parlamentari Ə.Məsimli büdcəyə nəzarət mexanizmlərindən də söz açıb. O bildirib ki, bu zamana qədər tənqid edilən məsələlərin bir hissəsi Hesablama Palatasının rəyində də öz əksini tapıb.
Təhlil göstərir ki, əksər hallarda dövlət proqramının məqsədi, proqramda nəzərdə tutulan tədbirlər, onların hədəf göstəriciləri dövlət büdcəsinin xərcləri ilə əlaqələndirilməyib.
Başqa sözlə, tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsaitlərin alınması ilə bağlı icraçı qurumlar tərəfindən verilən təkliflər əksər hallarda ümumi şəkildə əsaslandırılmayıb. Konkret hədəflər müəyyən olunmayıb. Hesab edirik belə hallar şişirtmələrə yol açır”.
Ə.Məsimlinin fikrincə, əgər aidiyyəti qurumlar Hesablama Palatasının rəyindəki bu cür məqamları öz fəaliyyətlərində nəzərə alsalar, büdcəyə nəzarət mexanizminin effektivliyini artırmaq üçün müəyyən addım atılar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !