Gənc Tamaşaçılar Teatrının kollektivi Beynəlxalq tədbirlərdən mükafatlarla döndü

20:01 | 06.06.2016
Gənc Tamaşaçılar Teatrının kollektivi Beynəlxalq tədbirlərdən mükafatlarla döndü

Gənc Tamaşaçılar Teatrının kollektivi Beynəlxalq tədbirlərdən mükafatlarla döndü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki ayrı-ayrı heyəti may ayının sonunda iştirak etdiyi beynəlxalq tədbirlərdən uğurla  geri dönüb. 

May ayının 27-də Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş "Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalında kollektivimiz L.Nurenin "Mən gəldim qızlar” ("Müharibə”) tamaşası ilə müvəffəqiyyətlə çıxış edib. M.Fayzi adına Orenburq Dövlət Tatar Dram Teatrında nümayiş etdirilən tamaşadan sonra festivalın münsiflər heyətinin müzakirəsi keçirilib. Müzakirədə hər bir münsiflər heyətinin üzvü tamaşamız haqqında yüksək fikirlər səsləndirib. 
M.Qorki adına Orenburq Dövlət Dram Teatrının 160 illik yubileyi ərəfəsində həyata keçirilmiş festivalda bir sıra ölkələrin teatr kollektivlərinin dram və komediya janrlarında olan 10 tamaşa nümayiş etdirilib. 

Festivalın davam etdiyi 7 gün ərzində teatr həvəskarlarına klassik və müasir Rusiya teatr nümunələri ilə yanaşı, xarici tamaşalar da göstərilib. Səhnə əsərləri  Orenburq vilayətinin üç ən aparıcı teatrı olan M.Qorki adına Orenburq Dövlət Dram Teatrı, Orenburq Musiqili Komediya Teatrı və M.Fayzi adına Orenburq Dövlət Tatar  Dram Teatrlarında nümayiş etdirilib. Tamaşalarla yanaşı festivalda görkəmli teatr rejissorlarının rəhbərliyi ilə rejissor laboratoriyaları və ustad dərsləri də təşkil edilib. 

Festivalın münsiflər heyətinə sənətşünaslıq doktoru, professor, RF-in Əməkdar Elm Xadimi, QİTİS-in (Rusiya Teatr İncəsənəti İnstitutu) xarici teatr tarixi fakültəsinin rəhbəri Aleksey Bartoşeviç rəhbərlik edib. 

Münsiflər heyətinin üzvləri isə RF-in Əməkdar İncəsənət Xadimləri, nüfuzlu teatr mükafatlarının laureatları, məşhur teatr tənqidçiləri Konstantin Şerbakov, Nina Karpova, Andrey Yastrebov, Marina Korçak və başqaları olublar. K.Şerbakov çıxışında qeyd edib ki, "XXI əsr Azərbaycan teatrı dedikdə ilk növbədə göz önünə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və onun zəngin repertuarı gəlir”.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Londona səfər edən ikinci heyət də Vətənə dönüb.  Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov başda olmaqla may ayının 28-də  yola düşən kollektiv Böyük Britaniyada  fəaliyyət göstərən "UMUD Ltd Company” şirkətinin dəvəti ilə həyata keçirilən qastrol səfərində milli dramaturgiyamızın banisi M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan” tamaşasını nümayiş etdirib. Tamaşa mayın ayının 29-da Londonun mədəniyyət mərkəzlərindən biri olan Logan Hall-da göstərilib. 

Tamaşanın nümayişindən öncə çıxış edən teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Londonda yaşayan soydaşlarımızı 28 may Respublika Günü münasibəti ilə təbrik edərək, Azərbaycan mədəniyyətinin artıq bütün dünyada tanındığını və bu sahədə ölkə rəhbərliyinin, eləcə də H.Əliyev Fondunun müstəsna xidmətləri olduğunu qeyd edib. O, daha sonra M.F.Axundzadənin yaradıcılığı haqqında ətraflı məlumat verərək dramaturqun əsərlərinin insanı güldürərək düşündürdüyünü qeyd edib.

Səhnə əsəri Londonda yaşayan həmvətələrimiz və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Səfər çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi London şəhərində fəaliyyət göstərən məşhur Kral, Qlobus, London Milli Teatrları ilə, Big Ben və Londonun bir neçə məşhur muzeyləri ilə də yaxından tanış olublar.

Məlumat üçün bildirək ki, may ayının 21-dən – 26-dək Moskva vilayətinin Lobnya şəhərində keçirilən "Rus klassikası” Beynəlxalq Teatr Festivalında N.V.Qoqolun "Dəlinin qeydləri” mono-tamaşası ilə Əməkdar Artist Şövqi Hüseynov ölkəmizi uğurla  təmsil edib. Istedadlı aktyor "Festivalda iştiraka görə” diplomu ilə yanaşı, "Ən yaxşı mono-tamaşa” və Azərbaycan teatr mədəniyyətinin Rus klassikası ilə parlaq əlaqələri” nominasiyaları üzrə diplomlara və mükafata layiq görülüb.  
 
 

























www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM