Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən ilin sonunadək qalan dövr ərzində əldə edilən neft gəlirləri hesabına əlavə 1 mlrd. ABŞ dolları həcmində vəsaitin manata mübadiləsi nəzərdə tutulur.
Bu barədə "Report"a ARDNF-dən məlumat verilib.
"2003-cü ildən Neft Fondu tərəfindən illik əsasda dövlət büdcəsinə transfertlər edilir. Transfertlərin ümumi məbləği hər il ölkə Prezidenti tərəfindən təsdiq edilən Fondun büdcəsində əksini tapır. Bu məbləğ Maliyyə Nazirliyi ilə razılaşdırılmış qrafik üzrə dövlət büdcəsinə köçürülür. Fond tərəfindən isə hər rüb dövlət büdcəsinə edilən transfertlərin həcmi barədə ictimaiyyətə məlumat verilir", - deyə ARDNF-dən bildirilib.
"Neft Fondunun məqsəd və vəzifələrindən irəli gələn öhdəliklərindən biri də dövlət büdcəsinə illik əsasda ödənilməli olan transfertlərin vaxtlı-vaxtında və düzgün şəkildə həyata keçirilməsidir. ARDNF-in əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, o cümlədən ABŞ dollarında baş tutur və qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadiləsi zərurəti yaranır. Bu məqsədlə ARDNF hər il üçün Maliyyə Nazirliyi ilə razılaşdırılmış qrafikə uyğun olaraq ölkədə fəaliyyət göstərən ən nüfuzlu banklarla nəzərdə tutulan AZN məbləğinin alınması istiqamətində müvafiq valyuta əməliyyatları həyata keçirir. Bütün əməliyyatlar Azərbaycan Mərkəzi Bankı tərəfindən hər gün üçün müəyyən edilən rəsmi məzənnə əsasında baş tutur", - deyə Fondan əlavə olunub.
Bununla yanaşı qeyd edilib ki, Azərbaycan milli valyutası Fondun investisiya portfelinə daxil deyil və manat kütləsi yalnız ARDNF-in manatla olan xərc maddələrinin (əsasən, büdcəyə transfertlər) ödənilməsi məqsədilə alınır və bu xərclərin ödənilməsi üçün istifadə edilir. Bütün bu əməliyyatlar müvafiq qaydalara və Fondun daxili proseduralarına uyğun olaraq həyata keçirilir: "Dövlət Neft Fondunun investisiya siyasətinə əsasən, onun vəsaitlərinin 50%-ə qədəri ABŞ dolları, 35%-ə qədəri avro, 5%-ə qədəri funt sterlinq, 10%-i isə digər valyutalarda yerləşdirilir".
Xatırladaq ki, Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində bu ilin yanvar-sentyabr ayları ərzində 5,65 mlrd. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edilib. Azərbaycan dövlət büdcəsinə ARDNF-dən transfert bu il üçün 10,388 mlrd. manat həcmində nəzərdə tutulsa da, Maliyyə Nazirliyi bunun faktiki olaraq 8,13 mlrd. manat həcmində gözlənildiyini bildirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !