Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Cənubi Koreyanın paytaxtı Seul şəhərində yerləşən və dəyəri 447 mln. ABŞ dolları təşkil edən “Payn Avenyu A qülləsi” ofis kompleksini alıb.
Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın alınması prosesi kompleksin dörd sahibinin adından (“NongHyup Bank”, “NongHyup” Həyat sığorta şirkəti, “Vuri Bank” və KDB Həyat sığorta şirkəti) çıxış edən “Miraye” vəsaitlərin idarə edilməsi şirkəti tərəfindən təşkil edilən auksion vasitəsilə həyata keçirilib.
Seulda əldə edilmiş daşınmaz əmlak kompleksi ARDNF tərəfindən Asiya və Sakit okean hövzəsində həyata keçirilən bu tipli ilk investisiyadır. Seul Asiyada uzun müddət ərzində ofis sektorunda davamlı mənfəətliliyi ilə seçilən ən cəlbedici investisiya regionlarından biridir. Bu, güclü inkişaf etmiş daxili iqtisadiyyata və yüksək kapitallı maliyyə sektorunun mövcudluğuna əsaslanır.
“Payn Avenyu A qülləsi” Seulun biznes mərkəzində - aparıcı Koreya və beynəlxalq təşkilatların ofislərinin cəmləşdiyi ərazidə yerləşir. Binanın tikintisi 2011-ci ildə başa çatdırılmışdır və son dövrlər ərzində Seul biznes mərkəzində yerləşən ən cəlbedici investisiya aktivlərindən biridir.
Əmlakın “A klass” sinfinə aid olması icarədarların bütün tələblərini cavablandıraraq binanın uzun müddətdə dəyərinin artmasına zəmin yaradır. Binanın ümumi ərazisi təqribən 65 min. kvadrat metr təşkil edir və bütünlüklə Cənubi Koreyanın ən böyük şirkətlərindən olan “S&K Qrup” tərəfindən icarəyə götürülüb. Daşınmaz əmlak üzrə xalis illik icarə haqqı 23,4 mln. ABŞ dolları təşkil edir.
“Biz bir ilə yaxın müddətdir ki, Asiyanın ən böyük paytaxt şəhərlərində daşınmaz əmlaka investisiya imkanlarını nəzərdən keçirirdik. Nəhayət bu gün Seulda ilk belə yatırımın həyata keçirilməsini açıqlamaqdan məmnunluq duyuram. Bu əhəmiyyətli bir investisiyadır və bizim son dövrlərdə stabil gəlirlilik nümayiş etdirən Asiya daşınmaz əmlak bazarına olan etimadımızın göstəricisidir. Biz gələcəkdə də Asiya və Sakit okean hövzəsində investisiya imkanlarını dəyərləndirəcəyik”, - deyə ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov Asiyada həyata keçirilmiş əməliyyat barədə qeyd edib.
Qeyd edək ki, ARDNF 1999-cu ildə neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. Bu ilin martın 1-nə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 36 319 mln. dollar təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5 %-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.
ANN.Az