Dövlət Neft Fondu yüksək gəlirlilik əldə etdiyi əmlakını satdı

17:27 | 03.11.2020
Dövlət Neft Fondu yüksək gəlirlilik əldə etdiyi əmlakını satdı

Dövlət Neft Fondu yüksək gəlirlilik əldə etdiyi əmlakını satdı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən "Payn Avenyu A” Qülləsini satıb.

Fonddan verilən məlumata əsasən, 25 mərtəbəli, ofis tipli bina 521,5 milyard Koreya vonu müqabilində əsas icarəçisi olan "Shinhan Card” şirkətinə satılıb.

ARDNF daşınmaz əmlakı 2014-cü ilin mart ayında 470 milyard Koreya vonu ödəməklə satın alıb. Daşınmaz əmlakdan icarə üzrə gəlirlilik 31,4 faiz, qiymət artımından gəlirlilik 4,8 faiz olmaqla ümumi gəlirlilik 36,2 faiz olub.

Məlumatda vurğulanıb ki, 2011-ci ildə tikintisi başa çatmış həmin daşınmaz əmlakda icarəyə verilmə həcmləri üzrə müvafiq göstəricilər yuxarı olub və alınma tarixindən ARDNF sözügedən investisiyadan sabit icarə gəlirləri əldə edib. 

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov əmlakın satışı ilə əlaqədar bildirib ki, müasir standartlara cavab verən və əlverişli şərtlərlə əldə edilən "Payn Avenyu A” Qülləsi daşınmaz əmlak bazarındakı inkişaf perspektivlərindən yararlanmaq istiqamətində mühüm fürsət idi və binanın uğurlu satışı bu strategiyanın doğruluğunu sübut edib:

"Müvafiq risk səviyyəsinə uyğun yüksək gəlirlilik əldə edildi. Bununla yanaşı, "Payn Avenyu A” Qülləsinin satışı COVID-19 pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarının nə qədər dayanıqlı olmasını nümayiş etdirir. Bu aktivin satışı eyni zamanda ARDNF-nin əsasən daşınmaz əmlaka investisiya qoyan pay fondlarına yatırımlara söykənən yeni strategiyası ilə uyğunluq təşkil edir”, - deyə, o qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM