Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib.
Anews.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ötən gün edilən xəbərdarlıqda bildirilir ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək, nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər.
Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülərin inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.
Sözügedən xəbərdarlıq sürücülər tərəfindən birmənalı qarşılanmayıb.
Bir çox avtomobil sahibi defis işarəsinin elə DYP-dən nömrə alınan zaman 5 manat ödəməklə, polis tərəfindən silinmədiyini bildiriblər. Bu, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzuya çevirilib. Əksəriyyət isə belə yazıb: "Xırdalanda məndən 5 manat aldılar ki, xətsiz etsinlər. Çox vaxt o xətti nömrə verən zaman silirlər. Silməməyin qiyməti 5-10 manatdır”.
Bəzi sürücülər isə nömrə nişanlarındakı sözügedən defis işarəsinin silinməsindən hətta xəbərsiz olduqlarını bildiriblər.
Polisin bu xəbərdarlığına reaksiya verənlərin, demək olar ki, hamısı bu problemin elə polis tərəfindən yaradıldığını bildiriblər. Qeyd edirlər ki, nömrə alınan zaman rəqəmlərin üzərində olan yapışdırıcı silindiyi kimi, defislərin üzərində olan ağ yapışdırıcı da silinməlidir. Lakin nömrəni sürücüyə təqdim edən polis əməkdaşlarının özləri 5 manat müqabilində defisin üzərindəki rəngi silməməyi təklif edirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev sürücülərin iddialarını təkzib edib və bildirib ki, seriya nömrələri verilən zaman polisin orada hansısa standart normalara toxunması qeyri-mümkündür:
"Nömrələrin konkret standartı var və kimsə orada nəyisə silib verə bilməz. Həmin standarta görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı çap olunub-verilirsə, müdaxilə etdiyi təqdirdə, sürücü başa düşməlidir ki, bunun məsuliyyəti onun üzərinə düşür. Əgər standartda defis, çərçivə xətti nəzərdə tutulubsa bu, elə də olmalıdır. Düzdür, kim hansı məqsədlə bunu edir, bilmirəm, amma yəqin, fikirləşirlər radara düşməz və yaxud estetik baxımdan daha yaxşı görünür. Buna görə də biz sürücülərə müraciət etmişik ki, bir ay müddətində həmin nasazlıqları aradan qaldırsınlar. Bunun üçün də istənilən yol polisi şöbəsinə, stasionar postlara yaxınlaşıb ödənişsiz və təxminən 2-3 dəqiqəyə bu nasazlığı aradan qaldıra biləcək. Bütün əməkdaşlarımıza tezquruyan xüsusi boyalar verilib.
Bir ay müddətində vaxt verilib və bu müddət ərzində hər hansı bir cərimə nəzərdə tutulmayıb. Yox, əgər verilən müddət ərzində tələblər ödənilməzsə, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəsinə müvafiq olaraq 50 manat məbləğində cərimələnəcək”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !