DYP piyadalardan narazıdır: “Harada gəldi yolu keçirlər”

15:27 | 01.03.2018
DYP piyadalardan narazıdır: “Harada gəldi yolu keçirlər”

DYP piyadalardan narazıdır: “Harada gəldi yolu keçirlər”

"Piyadaların yol qəzalarında ölüm hallarının artması hər kəsi ciddi narahat edir”

Bunu anews.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Şöbə rəisinin sözlərinə görə, ötən il piyadaların vurulması ilə bağlı hadisələr ümumi qəzaların 51 faizini təşkil edir.
"2017-ci ildə piyadaların iştirakı ilə 938 yol qəzası baş verib ki, nəticədə 359 nəfər dünyasını dəyişib, 643 nəfər isə yaralanıb. Piyadaların vurulması ilə bağlı qəzalar tək Bakıda deyil, rayonlararası, qəsəbə və kənddaxili yollarda da baş verir. Yol infrastrukturu sürətlə inkişaf edir. Hətta kəndlərdə belə yeni asfalt yollar çəkilir. Yollar yenilənən zaman sürət bir qədər artır. Təəssüflər olsun ki, piyadalar hələ də yola təhlükə mənbəyi kimi baxmır, yol hərəkəti qaydalarını ciddi qəbul etmirlər. Harada gəldi yolun keçənlər var. Bəzən piyadalar yüksək sürət təşkil olunmuş yollarda yolun hərəkət hissəsinə çıxırlar. İnsanlar yollarda rastlaşa biləcəkləri təhlükə ehtimalını ciddiyə almırlar”,- deyə DYP rəsmisi vurğulayıb.

K.Əliyev qeyd edib ki, gündəlik olaraq məlumatlarda piyadaların vurulması ilə bağlı hallar müşahidə edilir: "Bu qədər təbliğat və maarifləndirmə işləri aparılır. İstər böyüklər, istərsə də kiçiklər öz təhlükəsizliyini qorumaq istəmir. Hər il xeyli piyada yollarda qayda pozuntusuna yol verdiyi üçün cərimələnir, amma qayda pozuntuları yenə də törədilir. Ötən il 104 min piyada qayda pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub. Bəzən 50-100 metr yaxınlığında olan piyada keçidindən keçməyənlər də olur. Çox zaman tələsdiklərindən belə etdiklərini deyirlər. İnsanlar bu cür hallarda ailələrini də düşünməlidirlər. Bu məsələ ilə bağlı hər yerdə təbliğat aparılmalıdır”.

Qeyd edək ki, piyadaların vurulması ilə bağlı qəzalar daha çox Bakı şəhərində baş verir. Belə ki, 2017-ci ildə paytaxtda baş verən yol nəqliyyat hadisələrinin 445-i piyada vurulmasıdır. Nəticədə 154 nəfər ölüb, 311 nəfər isə xəsarət alıb. Hadisələrin 400-ə yaxını piyada keçidlərinə yaxın ərazilərdə qeydə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti