DYP sükan arxasında söhbət edənlərlə bağlı məsələyə son qoydu

17:20 | 20.10.2017
DYP sükan arxasında söhbət edənlərlə bağlı məsələyə son qoydu

DYP sükan arxasında söhbət edənlərlə bağlı məsələyə son qoydu

Baş Dövlət Yol Polisi İdarəsi son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirib. 

Anews.az xəbərinə görə, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a açıqlamasında bildirib ki, bir çoxları bu məsələni fərqli şəkildə təqdim edir: "Bu məsələdə söhbət sürücünün sükan arxasında danışmasından getmir. Bilmirəm, mətbuatda niyə məsələni bu qədər şişirdirlər ki, sürücü sükan arxasında söhbət edə bilməz. Birmənalı olaraq, sürücü üçün söhbət etməyin qadağası yoxdur. Burada məsələ diqqətin yayınmasına səbəb olan söhbətdə iştirakdan ibarətdir. Qanunun 342.1.2-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismar qaydasının pozulmasını özündə əks etdirir. Burada qeyd edilib ki, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulur. 

Yəni elə sürücülər var ki, onların fikri konkret olaraq yolda olmur. Hətta başını döndərib, üzünü tamamilə sərnişinə, arxada əyləşən şəxsə istiqamətləndirərək danışanlar var. Bəzən də sürücü elə emosional vəziyyətə gəlib çıxır ki,  həmin anda onun diqqəti yolda olmur. Bu insan nə yolu, nə də işıqforu görə bilir. Yolda, ətrafında cərəyan edən digər proseslərə nəzarət etmək imkanı olmur. Bu halda belə sürücünün bir məsuliyyəti olmalıdır, ya yox? Bəli, bu kimi hallarda sürücünü məsuliyyətə cəlb etmək olar. Və yaxud sərnişin avtobuslarının sərnişinlər tərəfindən postda saxlatdırılması halları ola bilər. Sərnişinlər şikayət edə bilər ki, bu sürücü avtomobili çox pis idarə edir, bütün diqqəti yanında və ya arxadakı sərnişindədir, diqqəti yayınır və dəfələrlə yoldan çıxır. Yaxşı, belə sürücü ilə bağlı tədbir görülməlidir, ya yox? Qanunvericilikdə də məhz bu tip hallar nəzərdə tutulur”.

Yol polisi rəsmisi bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, çox nadir hallarda nəqliyyat vasitəsində təkcə sürücü olarkən hadisələr baş verir. Əsas etibarilə qəzanın baş verdiyi anda, istər toqquşma, istər maneəyə vurma, istər qarşı yola çıxma hallarında qəzalar avtomobildə bir neçə şəxsin olması zamanı baş verir: "Sonradan videogörüntülərə də baxanda görürsən ki, bu avtomobil niyə düz getdiyi yerdə istiqamətini dəyişib başqa avtomobilə dəydi. Baxırsan ki, sürücünün fiziki sağlamlığı yerində, sərxoşluq halı yoxdur, amma incələdikdə, görüntülərə baxış keçirəndən sonra dəqiqləşir ki, bu adamın diqqəti yolda olmayıb. 

Diqqəti yanında əyləşən sərnişində olub. Mən dünən verilişdə real bir görüntü göstərdim. Taksi sürücüsü qırmızı işıqda hansı sürətlə gəlirsə, elə də keçir. Niyə? Bu sürücü qırmızı işığı görmür? Avtomobildə də özündən başqa 4 nəfər sərnişin var ki, onların da birinin qucağında azyaşlı uşaq əyləşmişdi. Bu adamın diqqəti yayınıb ki, işıqforu görməyib. Biz də deyirik ki, ay sürücü, sənin diqqətin yolda olsun. Sükan arxasında oturan kimi məişət problemlərini, digər məsələlərini telefonda, yaxud yanındakı sərnişinlə qabardıb müzakirə etmə. Sükanın arxası problemlərin həlli yeri deyil. Yəni sənin bütün diqqətin yolda olmalıdır. Bu gün bizdə qəzaların əksəriyyəti niyə baş verir? Bu qədər qəzalar olur, bəyəm, onların hamısının səbəbi sərxoşluqdur, yuxusuz olmaqdır? Bu qəzaların əksəriyyəti sürücünün diqqətsizliyindən, diqqətinin yayınmasından baş verir. Biz də deyirik ki, sürücünün diqqəti yolda olsun. Sürücünün diqqəti nə qədər yolda olarsa, qəza hadisələri də bir o qədər az olar. Söhbət ondan getmir ki, sən yanındakına söz deyə bilməzsən. Söhbət ondan gedir ki, diqqətin yayınmasın, hansısa qlobal problemi sükan arxasında həll etməyə çalışma. Mən özüm dəfələrlə sürücülərin əsəbi, emosional halda sükan arxasında necə jestlər, əl-qol hərəkətləri etdiklərini, qəza şəraiti yaratdıqlarını və törətdiklərini görmüşəm”.

K.Əliyev bu tip qayda pozuntularının adi-vizual qaydada müəyyənləşdirildiyini deyib: "İnspektor görür ki, sürücü nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində deyil. Avtomobil idarəetmədən çıxır. Görür ki, onun diqqəti yanındakı şəxslə söhbətə yönəlib, onu məsuliyyətə cəlb edə bilər. Onu da deyim ki, qanunda xeyli bu tip məsələlər var ki, onlar əksər vaxtlarda tətbiq edilmir. Belə deyək, bunu biz konkret olaraq sürücünü cərimə etmək üçün yox, bu tip qayda pozuntularının olmaması və bu səbəbdən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün diqqətə çatdırırıq. Hər şeyə ancaq cərimə ilə yanaşmaq düz deyil. Bunu sürücü ilk olaraq özünün və sərnişinlərinin təhlükəsizliyi üçün nəzər almalıdır. Dəfələrlə elə ağır yol qəzaları olub ki, sonradan sərnişinlər deyiblər, sürücünün diqqəti yolda deyildi, ona görə belə bir hadisə yaşandı. Çox olub ki, sürücünün nəqliyyat vasitəsi hərəkətdə olarkən sərnişinlə mübahisə etməsi bir və ya bir neçə nəfərin həyatını itirməsi ilə nəticələnən qəzaya səbəb olub və biz bunu dəfələrlə hadisə şahidlərinin dilindən eşitmişik”.  

Yol hərəkətinin təşkili üzrə mütəxəssis Ərşad Hüseynov da məsələyə münasibət bildirib. O, bu məsələnin qabardılmasını süni ajiotaj yaratmaq cəhdi adlandırıb: "Bunlar hamısı 70 ilin söhbətidir və şərh etməyi də özümə yaraşdırmıram. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Şərhə ehtiyacı olmayan boş söhbətlərdir. Kimsə ajiotaj yaratmaq üçün bu mövzunu ortaya atır. Sükan arxasında siqaret çəkməyə, su içməyə, nə isə yeməyə, söhbət etməyə görə heç bir məsuliyyət yoxdur. Sükan arxasında bircə telefonla danışmağa görə cərimə var ki, bunu da hamı gözəl bilir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM