Ə. Agaoğlunun Paris həyatından parçalar...

22:33 | 30.04.2019
Ə. Agaoğlunun Paris həyatından parçalar...

Ə. Agaoğlunun Paris həyatından parçalar...

(Aydın Balayevin Türkcülüyün patriarxı Əhməd bəy Agaoğlu əsərindən parça)
 

1888-ci il yanvarın 8-də Əhməd bəy Ağoğlu Parisə yetişdi. Heç bir tanışı olamayan bu nəhəng şəhərdə o, tamamilə tənha idi. Fransız dilini mükəmməl bilməməsi və ciddi maddı çətinliklərlə üzləşməsi onun durumunu bir qədər də ağırlaşdırırdı. 

Əhməd bəyin Parisdəki həyatının ilk dönəmlərinə işıq saçan yeganə mənbə, oğlu Səməd Ağaoğlu tərəfindən dərc olunmuş tərcümeyi-halıdır. Həmin mənbəyə görə, Parisə gəldikdən sonra, Əhməd bəy qatarda təsadüfən tanış olduğu bir fransız xanımın məsləhətilə vağzaldan birbaşa "Hotel de Peterburq”a yollanır. Əsasən Rusiyadan olan müsafirlərin qaldığı bu otelin xidmət personalı rus dilini bilirdi ki, bu da o zaman Əhməd bəy üçün çox önəmli idi. Lakin oteldə keçirdiyi ilk gecədən sonra məlum olur ki, burada gündəlik ödəniş 15 rus rubluna bərabərdir. Parisə gələrkən isə, Əhməd bəyin cəmi 60 rubl pulu vardı. 

Tamamilə yad şəhərdə, demək olar ki, çıxılmaz vəziyyətə düşmüş Əhməd bəyə otelin Aron şəfqətli işçilərindən biri kömək əlini uzadır. O, Əhməd bəyə, ilk növbədə, "Hotel de Peterburq”u tərk erməyi və ucuz mənzil kirayələməyi məsləhət görür. Daha sonra Aron Paris universitetinin tibb fakültəsində təhsil alan yəhudi tanışları ilə görüşərək onlardan Panteonun arxasındakı məhəllələrdən birində iki gürcü tələbənin yaşadığını öyrənir və dərhal Əhməd bəyi onların yanına aparır. Sonuncular ilk öncə Əhməd bəyin gürcü olduğunu güman edərək, onunla gürcücə danışmağa başlayırlar. Lakin Əhməd bəydən "gürcü deyiləm, gürcücə bilmirəm, mən türkəm, qarbağlıyam” cavabını aldıqdan sonra belə, gürcülər əsil qafqazlı kimi davranaraq, ona yardımlarını əsirgəmirlər. 
Əhməd bəy yazır ki, hər iki gürcü tələbə "məni böyük bir səmimiyyət və mehribanlıqla qarşıladılar. Qarabağlı bir türkün Parisə qədər təhsil üçün gəlməsi onlara çox qəribə və eyni zamanda xoş bir hadisə kimi görünürdü. Dərhal çay hazırladılar, pendir-çörək gətirdilər və səmimi, ürəkdən söhbətə başladılar. Hal və yaşadıqları otağın görünüşündən onların da çox geniş yaşamadıqları bəlli idi. Mənə ümid və təsəlli verdilər. Çay içdikdən sonra mənim üçün otaq axtarmağa çıxdılar. Mən də onlarla bərabər. Otağın onlara yaxın olması şərtdi. Yaxın bir küçənin bir hüşəsində bir xanımın mənzilində, dördüncü mərtəbədə, ayda 25 franka (təxminən 10 rubla – A.B.) bir otaq tapdılar. Yaxşı-pis yerləşdim”. 

Gürcülər sonralar da, özlərinın ciddi maddi çətinlik yaşamalarına rəğmən, Əhməd bəyə bütün mümkün vasitələrlə yardımçı olmağa çalışırdılar. Bu baxımdan təəccüblü deyil ki, üstündən 50 il keçməsinə baxmayaraq, Əhməd bəy Aron və iki gürcü tələbəni həyəcan və şükranlıq hissi ilə xatırlayaraq, onları özünün xilaskarı adlandırır və "isimləri ruhumun daşıdığı ən əziz və müqəddəs izlərdəndir” – deyə bildirirdi. 

Parisdə yaşadığı ilk aylarda Əhməd bəy inanılmaz maddi məhrumiyyətlətlə üzləşməli oldu. Bunu demək kifayərdir ki, həmin dönəmdə onun gündəlik rasionu çay, göy-göyərti və otaqdakı yeganə istilik və işıqlandırma qurğusu olan – spirt lampasında bişirdiyi qayğanaqdan ibarət idi. O, gündəlik xərclərini 1,5 frankla məhdudlaşdıqmaq məcburiyyətində idi və zəruri ərzaqları kirayədə qaldığı binanın birinci mərtəbəsindəki baqqal dükanından alırdı.
 
Əhməd bəy son dərəcə qənaətlə yaşamağa nə qədər səy göstərsə də, maliyyə durumu günü-gündən pisləşirdi. Doğrudur, Parisə gəldikdən dərhal sonra atasına teleqram vuraraq, pul istəmişdi. Lakin günlər keçir, evdən isə xəbər gəlmirdi. Fevral ayının ortalarına yaxın Əhməd bəyin narahatçılığı pik həddinə çatmağa başladı. O, Fransada təhsil almaq qərarından məmnun olmayan atasının birdəfəlik ondan üz döndərəcəyindən qorxurdu. Ancaq qəlbinin dərinliklərində Əhməd bəy hələ də atasının qəzəbinin soyuyacağına ümid edirdi. Digər tərəfdən isə, "anam kimi bir vəkilə” sahibəm deyib, öz-özünə təsəlli verir və gec-tez evdən yardım alacağına inanırdı. 

Həmin vaxt yeganə təsəllisi gürcü dostlarının ona yardımçı olmaqda davam etmələri idi. Onlar da Qarabağın bu sükutuna heyrət edib qalmaqdaydılar. Əhməd bəy özlüyündə fikirləşirdi ki, "kim bilir, bəlkə də məndən şübhələnirlər. Mənim qarabağlı olmağıma, atam, anam, ailəm olmağıma inanmayaraq, məni bir sərsəri hesab edirlər”. Sonralar Qafqazda təsadüfi görüşü zamanı Əhməd bəy həmin gürcü dostlarına o zamankı şübhələrindən danışdıqda, onlar birlikdə qəhqəhə çəkib güləcəkdilər. Fəqət, 1888-ci il fevral ayının 20-də Əhməd bəy nəinki qəhqəhə çəkmək, heç sadəcə gülümsək halında belə deyildi. 
Əhməd bəy gözəl anlayırdı ki, gürcü dostları da maddi sıxıntı içində yaşayır və özlərini güclə dolandırırlar. Buna baxmayaraq, hər gün birgə yemək yeməyi Əhməd bəyə təklif edirlər. Ə. Ağaoğlu yazır ki, "mən utandığımdan qıpqırmızı qızardım və təşəkkür edərək, bu təklifi rədd etdim. Onları sıxmamaq üçün üç-dörd gündə bir dəfə görüşməyə başladım. Artıq onlar məni arayırdılar”. Beləliklə, Ə. Ağaoğlu gürcü dostlarının qonaqpərvərliyindən sui-istifadə etməmək qərarına gəlmişdi. 

Fevral ayı üçün kirayə pulunu ödəmək vaxtı gəldikdə isə, Əhməd bəyin cibində artıq franklar deyil, santimlər qalmışdı. Bununla bağlı Əhməd bəy ev sahibəsi ilə görüşüb vəziyyəti ona izah edir. Yalnız ev kirayəsinin puluna dolanan yoxsul bir qadın olmasına baxmayaraq, xanım Əhməd bəyə bir aylıq möhlət verir. 

Əhməd bəyin maddi durumu isə kəskinləşməkdə davam edir və nəhayət, mart ayının ortalarına doğru o, tamam pulsuz qalır. Bundan sonra iki gün baqqalın yanına getməyə utanır. Lakin üçüncü gün taqəti qalmadığından, birnci mərtəbəyə enərək, baqqalın kassada oturan xanımına qızara-qızara: "Madam, mənə etimad edib, borca mal verərirsinizmi? Pul gözləyirəm. Vaxtında almamışam. Sıxıntı içindəyəm”, - deyir. "Siz bizim müştərimizsiniz. Əlbəttə ki, etimad edərik. Nə istəyirsinizsə, alın”, - deyə xanım cavab verir. 

Ə. Ağaoğlu göstərir ki, həmin anda "bu sözlərin mənə verdiyi mənəvi zövqü və onlardan aldığım qüvvət və imanı heç bir sözlə ifadə edə bilmərəm. Fransız xanım mənə bir xilaskar mələk kimi göründü. Təşəkkür etdim və hər gün aldığım qədər, 1,5 franklık ərzaq aldım. Gedərkən bir daha təşəkkür etdim.
- Bir şey deyil. Sıxılmayın. Hər zaman xidmətinizdə hazırıq, - deyə xaınım bildirdi”.

Və bu "xidmətinizdə hazırıq” aylarca davam etdi. Nəhayət ki, evdən pul alıb, götürdüyü ərzaqların hesabını ödəməyə gəldikdə isə, məlum olacaqdı ki, Əhməd bəyin baqqala düz 400 farnk borcu yığılıb.

Ev sahibəsinin otağı boşaltmaq tələbi isə Əhməd bəy üçün daha bir zərbə olur. Şübhəsiz ki, xanım tələbində haqlıydı, çünki verdiyi möhlətin üstündən əlavə olaraq yarım ay da keçmişdi. Bunu anlayan Əhməd bəy, otağı boşaldaraq, kirayə borcunu ödəyəcəyinə söz verir. Eyni zamanda, Parisdə kimsəni tanımadığı üçün qadından xahiş edir ki, onun müvəqqəti olaraq çardaqda yaşamasına izn versin. Bu xahişdən sonra qadın heyrətlə Əhməd bəyin gözlərinə baxaraq, üzüntülü səslə bildirir: 

- Buyurun. Fəqət, xəbərdar edirəm ki, çox zəhmət və əziyyət çəkəcəksiniz. 

Bu çox xeyirxah qəlbli ixtiyar qadın çardağı öz əlilə təmizləyərək, Əhməd bəyin taxtımı və əşyalarımı ora daşıtdırır. 

Üş ay ərzində qaldığı həmin dar, qaranlıq, toz və həşəratlarla dolu çardaqdakı həyatını Ə. Ağaoğlu belə xatırlayır: "Gecələri zatən yatmırdım. Fikirlər bir tərəfdən, taxtabitilər digər tərəfdən rahatlıq vermirdilər. Dan yerinin işıqlanmasını həsrətlə gözləyirdim. Həmən yataqdan qalxırdım. Qəhvəmi içib, kitabları qoltuğuma vuraraq küçəyə çıxırdım”. Onu da vurğulamaq gərəkdir ki, həmin müddətdə Əhməd bəyin gündəlik yediyi yalnız baqqaldan borca aldığı südlü qəhvə ilə çörək və pendirdən ibarət idi. 

Bütün bu maddi məhrumiyyətlərə və psixoloji durumunun ağırlığına baxmayaraq, Əhməd bəy inadla müstəqil şəkildə fransız dili bilgilərini təkmilləşdirməkdə davam edirdi. Bu məqsədlə o, Parisdə olduğu ilk aylarda fransızcadan başqa dil bilməyən ev sahibəsilə saatlarla söhbət edirdi. Eyni zamanda, hər gün fransız yazıçısı və şairi Alfred Müssenin əsərlərindən 10 sətir oxuyur, bilmədiyi sözləri rusca lüğətdən öyrənərək əzbərləyirdi. Beləliklə, üç ay sonra artıq fransızca əməlli-başlı oxuyub anlamağa və danışmağa başlayır. Pulsuzluq ucbatından martın ortalarında çardaqda yerləşdikdən sonra isə, səhər qəhvəsini içərək, kitabları qoltuğuna vurur və Parisin mərkəzində yerləşən Lüksemburq parkına yollanırdı. Burada qapalı bir köşəyə çəkilərək, "yanında fransızca-rusca lüğət, əlində isə Müsse, Hüqo və ya Teofil Qotyenin kitabları” olmaqla, fransız dilini incəliklərinə qədər öyrənməyə çalışırdı. 

Maraqlıdır ki, illər sonra Ə. Ağaoğlu Parisdə olduğu ilk aylarda üzləşdiyi həmin çətin sınaqları xüsusi həssaslıqla xatırlayırdı. qaldıqları ən çətin ilk aylarda özünə düşən bu imtahanlara xüsusi ilıqlıqla yanaşdı. Əhməd bəy hesab edirdi ki, həyatının xoşbəzt və qayğısız anları deyil, məhz həmin çətinlik və məhrumiyyətləri onun bir şəxsiyyət kimi yetişməsində həlledici rol oynamışdır. O, tərcümeyi-halında yazır: "1929-cu ildə Fransanı ziyarət edirdim. Bütün bu yerləri zavallı həyat yoldaşıma göstərəib, keçirdiyim həyəcanları anladarkəndayaana bilmədim, gözlərim yaşardı. Həyat yoldaşım güldü və dedi:

- Çəkdiyin əzablara 50 il sonramı acıyırsan?

- Xeyr, xeyr. Onun üçün deyil. Əksinə, həyatın, ta ilk gündən məni içinə aldığı işgəncələrə minnətdaram. Çünki ömrüm boyu davam edən bütün bu çeşidli imtahanlara, yalnız keçirdiyim həmin işgəncələr sayəsində dözüb, tab gətirə bildiim. Məni hər şeydən öncə mütəəsir edən isə ailəmin məni unutmuş olmasıydı. Necə oldu ki, aylarla məni xatırlamadılar?

- Bizim məmləkət sənə qədər, təhsil üçün yalnız Kərbəla və Nəcəfə övlad göndərirdi. Onlara da ildə bir dəfə ziyarətçilər vasitəsilə pul göndərilirdi. Çünki tələbə imamın məzarı civarındakı bir mədrəsəyə yerləşdirilir və imamın otağından yeyib-içməyi təmin edilirdi. Kimsə onları nə düşünür, nə də arardı. Səninkilər Parisin bir qiyamət olduğunu nə bilsinlər? Zənn ediblər ki, bura da Nəcəf kimi bir yerdir. Yoxsa, heç rahat durardılarmı?

Bəlkə də doğru bir fikirdir. Fəqət,nə yazıq ki, bunu aydınlaşdıra bilmədim. Çünki Qafqaza döndüyüm zaman həm zavallı anam, həm atam, həm əmim artıq vəfat etmişdilər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb