E-Kitab: Ceyms Coys. Bədbəxt hadisə. (Hekayə)

16:16 | 06.05.2013
E-Kitab: Ceyms Coys. Bədbəxt hadisə. (Hekayə)

E-Kitab: Ceyms Coys. Bədbəxt hadisə. (Hekayə)

İrland yazıçısı Ceyms Coys 1882-ci il fevralın 2-də Dublin şəhərində anadan olmuşdur. 1904-ci ildən Paris, Triyest və Sürixdə yaşamışdır. Coysun yaradıcılığı ingilis dilindədir. Onun mənzum parodiyalardan ibarət "Kamera musiqisi” adlı ilk kitabı 1907-ci ildə işıq üzü görmüşdür. O, realist səpkili "Dublinlilər” (1914) hekayə kitabının, "Rəssamın cavanlıq portreti” (1916) avtobioqrafik romanının, "Sürgün olunmuşlar” (1918) pyesinin müəllifidir. 1922-ci ildə qələmə aldığı "Uliss” romanında cəmiyyətdə kök salmış ictimai bərabərsizlikdən, ümidsizlikdən və inamsızlıqdan bəhs edilir. Ceyms Coys 13 yanvar 1941-ci ildə Sürixdə vəfat etmişdir.
Bədbəxt hadisə
(Hekayə)
Cənab Ceyms Dafi sakini olduğu şəhərdən imkan daxilində uzaqlaşmaq istədiyindən, eləcə də Dublinin digər qəsəbələrini kobud, iddialı və həddən ziyadə müasir hesab etdiyindən, Çepelizodedə, köhnə, qaranlıq bir evdə ömür sürürdü. Evin pəncərəsindən, illərlə baxımsız qalmış araq zavodu, sahilində Dublinin yerləşdiyi dayaz çay görünürdü. Otağın divarları hündür, döşəməsində xalça yox idi. Divarlarda bir dənə də olsun şəkil gözə dəymirdi. Qara dəmir çarpayını, dəmir əlüzyuyanı, dörd hörmə kətili, asılqanı, kömür qutusunu, iki püpitrli kvadrat masanı, bütün əşyaları özü seçmişdi. Kitab şkafını divar oyuğundakı ağ taxta rəflər əvəzləyirdi. Ağ yorğan–döşəyin altına qara-qırmızı rəngli şal sərilmiş, əlüzyuyanın üstündən balaca əl güzgüsü asılmışdı. Otağın yeganə bəzəyi olan abajurlu lampa gündüzlər də divar sobasının üstündən asılı qalırdı. Ağ taxta rəflərin üstündəki kitablar boy sırasıyla düzülmüşdü. Ən aşağı rəfin bir küncündə Vordsvortun seçilmiş əsərləri, o biri küncündə isə "Meynut kataxezisi”nin qeyd dəftərçəsinin kolenkor cildinə bürünmüş bir nüsxəsi vardı. Püpitrdə daim yazı ləvazimatları, yeşikdə isə Qauptmanın "Mikael Kramer” pyesinin kənarında qırmızı mürəkkəblə qeydlər aparılmış əlyazması və tunc rəngli sancaqla bir-birlərinə bənd edilmiş vərəq dəstəsi saxlanırdı. Bu vərəqlərdə arabir bəzi ifadələr peyda olurdu. İronik əhval-ruhiyyədə olduğu günlərdən birində cənab Dafi ilk vərəqin üstünə qaraciyər dərmanının reklam mətnini yapışdırmışdı. Püpitrin qapağı açılanda, güclə duyulan xəfif bir ətir yayılırdı. Ya sidr ağacından düzəldilmiş sadə qələmlərin, ya yapışqanın, ya da yaddan çıxıb püpitrdə qaldığından təravətini itirmiş almaların ətriydi.
Cənab Dafi fiziki və ya ruhi cəhətdən natarazlığın istənilən təzahürünə ikrahla yanaşırdı. Heç şübhəsiz, orta əsr alimləri cənab Dafinin Saturnun himayəsi altında doğulduğunu gümanlayardılar. İllərin yorğunluğu iz salmış bənizi qəhvəyi çalarlarıyla Dublin küçələrini xatırladırdı. Uzunsov başını qapayan cansız qara saçları uzanmışdı, qızılı bığları ağzının narazı ifadəsini sezilməyəcək qədər gizləyirdi, yanağının qabarıq almacıq sümükləri üzünə zalım bir ifadə qatırdı. Gözlərində isə zalımlıqdan əsər-əlamət yox idi. Qızılı qaşların altından baxan bu gözlər Cənab Dafinin başqalarının çatışmazlıqlarını ört-basdır edə biləcək cəhətləri görməkdən hər zaman məmnunluq duyan, lakin bu qənaətində tez-tez yanılan bir insan olmasını müjdələyirdi. O, daim özünə kənardan baxır, şübhə dolu, çəpəki nəzərlərlə öz hərəkətlərini izləyirdi. Onun xüsusi zövq aldığı qəribə bir vərdişi də vardı: ürəyində özü haqqında üçüncü şəxsin diliylə və keçmiş zamanda qısa fikirlər söyləyirdi. O, adətən qoz ağacından hazırlanmış möhkəm əsasının köməyi ilə, əmin addımlarla yeriyər, heç vaxt dilənçilərə sədəqə verməzdi. 
Cənab Dafi uzun illər idi, Beqqot küçəsində yerləşən özəl bankda kassir işləyirdi. O, hər səhər Çepelizodedən işə tramvayla gedir, günortalar qəlyanaltı etməkçün Den Berkə baş çəkir, özüylə bir şüşə pivə və bir qab peçenye aparırdı. Saat dörddə işdən çıxır, Corc küçəsindəki yeməkxanada nahar edirdi. Buranın yeməkləri pis deyildi, üstəlik Dublinin "Qızıl Gəncləri” ilə rastlaşmaq təhlükəsi də yox idi. Axşamlarını ya ev sahibəsinin pianosu arxasında, ya da şəhərətrafı gəzintidə keçirirdi. Motsarta olan məhəbbəti bəzən onun yolunu opera və konsert zallarına salırdı, həyatının yeganə əyləncəsiydi bu. 
Tanışları, dostları, dini inanclar, fəlsəfi sistemlər ona yad məsələlər idi. Cənab Dafi heç kimlə ünsiyyət saxlamadan, yalnız Milad bayramında qohumlarına baş çəkirdi, onlar öldükdə isə qəbiristanlığa yola salırdı, beləcə öz aləmində yaşayırdı. O, qədim ənənələrin keşiyində durmaq naminə bu iki borcunu yerinə yetirirdi, ictimai həyatın diktə etdiyi digər şərtiliklərə isə güzəştə getmək niyyətində deyildi. O, müəyyən şərtlər daxilində, hətta bank soya biləcəyini də ehtimal edirdi. Lakin əlinə belə fürsət düşmədiyindən, adəti üzrə həyatı sakit axarıyla davam edirdi: hadisəsiz-filansız povest.  
Cənab Dafi bir axşam Rotondda iki xanımla rastlaşdı. Boş zal və sükut uğursuz gecənin nişanəsiydi. Cənab Dafinin yanındakı xanım bir neçə dəfə boş zala boylanıb dedi: 
- Heyf, bu gün tamaşaçı çox azdı! Boş zalda oxumaq heç ürəyimə yatmır.  
Cənab Dafi qadının bu sözlərini söhbətləşməyə dəvət cəhdi kimi qavradı. Qadının özünü belə sərbəst aparması onu təəccübləndirdi. Qadınla söhbət zamanı, onun üz cizgilərini yaddaşına həkk etməyə çalışırdı. Qadının yanında oturmuş gəncin onun qızı olduğunu biləndə, düşündü ki, həmsöhbəti ondan bir, yaxud bir neçə yaş cavandı. Görünür, bir zamanlar gözəl olan bənizi hələ öz təravətini itirməmişdi. Qadının sərt cizgili uzunsov bənizi vardı. Tünd mavi gözləri adamın qəlbinə yatırdı. Baxışları əvvəl cənab Dafiyə açıq-saçıqlıq təsiri bağışlasa da, qəfildən bəbəkləri genişlənəndə, bu gözlərdən son dərəcə kövrək bir qəlbin boylandığını gördü. Amma çox keçmədi ki, bəbəklər yenidən kiçildi, kövrək qəlb utancaqlıq qınının içində gizləndi. Qabarıq sinəsinə yapışmış, qaragülçə dərili gödəkcəsi onun ədalarını daha çox gözə çapdırırdı. 
Cənab Dafi bir neçə həftə sonra Erlsfort-Terresdə keçirilən konsertdə yenidən həmin qadınla rastlaşdı, qızının diqqəti ayrı səmtə yönələndə, anayla daha yaxından tanış olmaq fürsətini fövtə vermədi. 
Söhbət zamanı qadın həyat yoldaşını iki dəfə xatırlasa da, nədən ehtiyatlandığı səsindən sezilmədi. Qadının adı xanım Siniko idi. Sən demə, ərinin ulu babası, əslən Livornadan imiş, Dublinlə Hollandiya arasında işləyən ticarət gəmisinin kapitanı olmuşdu. Bu qadından savayı övladları yox idi.  
Cənab Dafi üçüncü dəfə xanım Siniko ilə təsadüfən rastlaşanda, nəhayət, görüş təyin eləməyə cürət etdi. Bu, onların ilk görüşü idi. Bundan sonra onlar birgə gəzintilər üçün ən sakit küçələri seçməklə, müntəzəm şəkildə görüşməyə başladılar. Lakin bu görüşlərin yalnız xəlvət gerçəkləşdiyini anlayan, bu sirlilikdən ikrah hissi keçirən Cənab Dafi xahiş etdi ki, xanım Siniko, onu öz evinə dəvət etsin. 
Kapitan Siniko elə düşünürdü ki, cənab Dafi onun qızıyla evlənmək istəyir, bu səbəbdən onu tez- tez qonaq gəlməyə həvəsləndirirdi. Öz xanımını isə kapitan Siniko çoxdan maraqlı qadınlar sırasından çıxdaş etmişdi. Kiminsə, onun arvadı ilə maraqlana biləcəyini heç ağlının ucundan da keçirmirdi. Kapitan tez-tez səfərə çıxdığından, qızı isə musiqi dərslərinə getdiyindən, Cənab Dafi rəfiqəsi ilə görüşməyə tez-tez vaxt tapırdı. Vaxtaşırı öz fikirlərini xanım Siniko ilə bölüşürdü, öz kitablarından bir neçəsini ona verirdi, düşüncələrini paylaşırdı, daxili dünyasının qapılarını taybatay açırdı. Xanım Siniko sevincindən uçum-uçum uçunurdu.  
Bəzən xanım Siniko özü də Cənab Dafinin mücərrəd mülahizələrindən doğan səmimiyyətlə həyatında baş vermiş hansısa hadisəni nəql edirdi. Xanım Siniko az qala ana qayğısıyla cənab Dafiyə yanaşırdı, ürəyini açmasına imkan yaradırdı. Cənab Dafi rəfiqəsinə bir müddət irland sosialist partiyasının iclaslarında iştirak etməsindən, neft lampasıyla işıqlandırılmış darısqal otaqda yaşlı işçilər arasında özünü yad birisi saymasından, partiya üç fraksiyaya ayrıldıqdan və hər bir qrup öz lideri ilə ayrıca otaqda toplaşmağa başladıqdan sonra isə daha iclaslara qatılmamasından, işçilər arasında gedən müzakirələrin ona bəsit görünməsindən, əmək haqqı məsələsinə hədsiz maraqlarının onda ikrah doğurmasından danışırdı. Cənab Dafi, onların öz fikirlərini ifadə etməyə qadir olmayan kobud materialist olduqlarını duyurdu. Belə bir vərdiş işçilər üçün əlçatmaz olan asudə vaxtının nəticəsiydi. "Dublində sosialist inqilabı heç iki yüz-üç yüz il sonra da baş verməyəcək” – o, deyirdi.  
Xanım Siniko ondan, nə üçün fikirlərini yazmadığını soruşurdu. "Axı nə üçün yazım?” – cənab Dafi saxta etinasızlıqla soruşurdu. Altmış saniyə ərzində ardıcıl düşünməyə qadir olmayan ağızdanpərtövlərə rəqib olmaq üçünmü? Yoxsa əqidələrini polislərə, sənətlərini təlxəklərə həvalə edən kütbeyin meşşanların hücumlarına məruz qalmaq üçünmü?  
Cənab Dafi vaxtaşırı xanım Sinikonun Dublin yaxınlığında yerləşmiş kiçik kottecində olurdu. Aralarındakı ruhi bağlar artdıqca, daha intim mövzulara keçirdilər. Xanım Siniko dəfələrlə Cənab Dafi ilə lampanı yandırmadan, qaranlıqda yanaşı əyləşirdi. Sakit qaranlıq otaq, hələ də qulaqlarında pıçıldayan musiqi onları bir-birlərinə yaxınlaşdırırdı. Bu yaxınlıq Cənab Dafini ruhlandırır, xasiyyətindəki kəskinliyi azaldır, daxili aləmini emosiyalarla zənginləşdirirdi. Bəzən o özü öz səsinə qulaq asdığını duyurdu, xanım Sinikonun gözündə, az qala mələk kimi ucaldığını anlayırdı. Təbiətcə ehtiraslı rəfiqəsini getdikcə özünə daha çox cəlb etsə də, daxili səsi ruhunun çıxılmaz tənhalığından xəbər verirdi. "Özümüzü verə bilmərik”, - səsi deyirdi, - biz yalnız özümüzə məxsusuq”.  
Bütün bu söhbətlər onunla bitdi ki, bir axşam xanım Siniko ehtirasa gəlib, Cənab Dafinin əlini yanağına dayadı.  
Cənab Dafi qadının bu hərəkətindən son dərəcə sarsıldı. Aralarında olan söhbətlərin bu cür yozumu onun bütün xəyallarını dağıtdı. O, bir həftə rəfiqəsinin yanına getmədi, sonra ona məktub yazıb görüşməyə izn istədi. Son görüşlərini, tövbə sehrinin yox olması fikri ilə korlamaq istəmədiyindən, rəfiqəsini Feniks Parkının darvazası yanındakı kiçik qənnadı mağazasına dəvət elədi. Onlar soyuq payız günü, havanın sərtliyinə baxmayaraq, üç saat şəhər küçələrində gəzişdilər. Daha görüşməmək qərarına gəldilər.  
Hər bir ittifaqın sonu kədərdir, - Cənab Dafi dedi.  
Parkdan çıxıb sakitcə tramvaya yaxınlaşdılar. Bu vaxt xanım Siniko əsim-əsim əsməyə başladı. Cənab Dafi qadının növbəti ehtiras tutmasından çəkinib, ondan uzaqlaşmağa tələsdi.  
Bu hadisədən dörd il ötdü. Cənab Dafi öz intizamlı həyat tərzinə qayıtmışdı. Evi də həmişəki kimi, nizam-intizama sevgini müjdələyirdi. Birinci mərtəbədəki otaqda, püpitrdə yeni notlar peyda olmuşdu. Kitab rəfinə isə Nitsşenin "Zərdüşt belə deyirdi” və "Şad-xürrəm elm” kitabları yerləşdirilmişdi. İndi o yeşikdəki vərəqlərə nadir hallarda nəsə yazırdı. Xanım Siniko ilə son görüşdən iki ay sonra yazılmış qeyddə deyilirdi: "Qadınla kişi arasında məhəbbət mümkün deyil, çünki fiziki meyl yolverilməzdir; kişi ilə qadın arasında dostluq qeyri-mümkündür, çünki fiziki meyl qaçılmazdır”. O, xanım Siniko ilə qarşılaşmaq istəmədiyindən, daha konsertlərə də getmirdi.  
Atası öldü, bankın kiçik şəriki işdən imtina etdi. Cənab Dafi isə həmişəki kimi, hər səhər tramvayla şəhərə gəlir, hər axşam şəhərdən piyada qayıdır, Corc küçəsində təvazö nahar edir, desert əvəzi axşam qəzetini oxuyurdu.  
Bir axşam isə duzlu kələmli əti ağzına aparan əli havada donub qaldı. Qəfildən gözləri, qrafinə söykəyib oxuduğu qəzetdəki qeydlərdən birinə sataşdı. O, tikəsini boşqaba qoyub, diqqətlə qeydi oxudu. Sonra bir stəkan su içib, boşqabı kənara çəkdi, qəzeti stolun üstünə sərib, qeydi bir neçə dəfə başdan-ayağa oxudu. Boşqabdakı kələm, donmuş yağ təbəqəsi ilə örtüldü. Xidmətçi qadın ona yaxınlaşıb yeməyin dadlı olub-olmadığını soruşdu. O: - Yemək çox dadlıdır - deyib ikinci tikəni birtəhər uddu, sonra hesabı ödəyib yeməkxanadan çıxdı.  
O, noyabr alatoranlığında qoz ağacından hazırlanmış əsasını səkidə ahənglə taqqıldada-taqqıldada sürətlə addımlayırdı, "Meyl” qəzetinin sarımtıl kənarları, dar paltonun qoltuğundan boylanırdı. Feniks parkı ilə Çepelizode arasında bir kimsənin olmadığı yola çatanda, addımlarını yavaşıtdı, əl ağacı daha əvvəki kimi səkiyə çırpılmırdı. Evə çatan kimi yataq otağına keçib qəzeti cibindən çıxardı, pəncərənin öləziyən işığında məlumatı bir daha oxudu. Ucadan oxumasa da, dua oxuyan keşişlər kimi dodaqlarını tərpətdi.
Məlumatda deyilirdi: 
 
SİDNİ-PAREYDDƏ QADIN ÖLÜMÜ  
BƏDBƏXT HADİSƏ  
 
"Dünən Dublin şəhər xəstəxanasında (Cənab Leverret olmadığından) koronerin müavini tərəfindən Sidni-Pareyd stansiyasında həlak olmuş qırx üç yaşlı xanım Emili Sinikonun ölümü ilə bağlı istintaq aparılıb. İfadələrdən məlum olub ki, mərhum relslərin üstündən keçməyə çalışarkən, Kinqztaundan yola çıxmış sərnişin qatarı tərəfindən vurulmuş, başından və sağ böyründən aldığı ağır xəsarət nəticəsində dünyasını dəyişmişdir.  
Maşinist Ceyms Lennen öz ifadəsində, on beş yaşından bəri dəmiryol şirkətində çalışdığını bildirib. O, qatar növbətçisinin fiti ilə qatarı hərəkətə gətirmiş və ucadan qışqırıq səsləri eşitdiyindən cəmi bir saniyə sonra dayandırıbmış. Qatar asta hərəkət edirmiş. Yükdaşıyan P. Denn, qatar yerindən tərpənəndə yolu keçməyə çalışan bir qadını gördüyünü deyib. O, qadına sarı atılıb, qışqırmağa başlasa da, vaxtında yetişə bilməyib. 
Vəkil: - Qadının yıxıldığını gördünüzmü?  
Şahid: - Bəli.  
Polis serjantı Krouli hadisə yerinə çatanda, mərhumun heç bir həyat əlaməti olmayan bədənini perronda aşkar etdiyini bildirib. O, sanitar arabası gətirilənədək mərhumun gözləmə otağına aparılması barədə göstəriş verib. Əlli yeddi nömrə nişanlı konstebl deyilənləri təsdiqləyib.
Qraflığın yerli orqanlarında çalışan səlahiyyətli şəxslər şübhəli şəraitdə zorakılıqla və ya qəfildən baş vermiş ölümün təfərrüatlarını aydınlaşdırır.
Dublin şəhər xəstəxanasının cərrahı həkim Holpin mərhumun qabırğalarında iki sınıq, sağ çiynində ağır xəsarət aşkar edildiyini bildirib. Başın sağ tərəfi, yıxılan zaman xəsarət alıb. Lakin bu zədələr, normal vəziyyətdə olan insanın ölüm həddinə çatması üçün kifayət deyil. Onun fikrincə, xanım Siniko şokdan və qəfil ürəktutmasından vəfat edib.  
Cənab H. B. Petterson dəmiryol şirkəti adından, bədbəxt hadisə ilə əlaqədar dərin kədər duyduğunu bildirib. Hər bir stansiyadan xəbərdaredici nişanlar asmış, hər stansiyada şlaqbaum quraşdırmış şirkət insanların, yolu yalnız körpü vasitəsilə keçməsi üçün bütün tədbirləri görüb. Mərhumun gecə saatlarında yolları keçmək vərdişi varmış, müəyyən şərtlər nəzərə alınmaqla, o, dəmiryol işçilərini təqsirkar saymır.
Mərhumun həyat yoldaşı, Leovildə yaşayan kapitan Siniko da ifadə verib. O, mərhumun həyat yoldaşı olduğunu təsdiqləyib. Kapitan Rotterdamdan hələ bu səhər qayıtdığından, hadisə baş verən anda Dublində olub. Onlar iki il əvvəl, xanım Siniko içkiyə qurşananadək, iyirmi iki il ərzində xoşbəxt ömür sürüblər  
Xanım Meri Siniko bildirib ki, son zamanlar anası şərab almaq üçün hər axşam evdən çıxarmış. Şahid dəfələrlə anasını dilə tutaraq, onu içkidən çəkindirməyə çalışıb. O, evə hadisədən bir saat sonra qayıtdığını deyib.  
Həkimin ifadəsinə əsaslanan hakimlər, Lenneni hər cür məsuliyyətdən azad edib. Koronerin müavini bu qəzanın, əmək fəaliyyəti müddətində şahidi olduğu ən faciəli hadisələrdən biri olduğunu qeyd edərək, kapitan Siniko və qızına başsağlığı verib. O, şirkətə, gələcəkdə bu cür hadisələrin qarşısının alınması üçün ən qatı tədbirləri görməyi məsləhət görüb. İndiki halda isə heç kəs müqəssir deyil”.  
Cənab Dafi gözlərini qəzetdən ayırıb pəncərədən görünən kədərli axşam mənzərəsinin seyrinə qapıldı. Çay köhnə araq zavodunun böyrüncə sakitcə axırdı, Dyuken yolunun üstündəki evlərdə ara-sıra işıqlar yanırdı. Necə müdhiş bir sonluq! 
Xanım Sinikonun ölümü haqqında deyilənlər, bundan başqa, nə zamansa ən müqəddəs hesab elədiyi mövzuları mərhumla bölüşmək cənab Dafini hiddətləndirirdi. Təəssüf dolu artıq-əskik ifadələr, vulqar və alçaq ölüm hadisəsinin təfərrüatlarını gizləmək üçün dilə tutulmuş müxbirlərin ehtiyatlı şərhləri onda ikrah oyadırdı. Emili, özünü alçaltmağı bəs deyilmiş kimi, cənab Dafini də alçaltmışdı. Bu da mərhumun öz ruhuna yaxın saydığı insan!  
Dafi əllərində boş içki şüşələri, yırğalana-yırğalana bara tərəf gedən bədbəxtləri yadına saldı. Demək, o qadın həyat üçün yararsızmış, yaşamaq qabiliyyətindən məhrummuş, belə asanlıqla vərdişinin qurbanına çevrilə bilərmiş. Dafi özünü qınayırdı, necə bu qədər alçalarmış? Necə bu qadına aldanarmış? Rəfiqəsinin həmin axşamkı ehtiras tutmasını xatırladı, xəyalında onu daha kəskin qınadı və o zaman düzgün hərəkət etdiyinin bir daha fərqinə vardı.
Hava qaralırdı... Fikri özündə deyildi. Birdən Emili əlinə toxundu. Bir vaxtlar ikrah oyadan təmasdan bu dəfə bədəni titrətdi. O, cəld şlyapasını, paltosunu geyinib küçəyə götürüldü. Soyuq külək onu kandarda yaxalayıb, paltosunun qollarından içəri soxuldu. Çepelizade körpüsünün yanındakı bara çatan Cənab Dafi içəri keçdi və özünə qaynar punş sifariş verdi.
Bar sahibi ona canla-başla qulluq göstərsə də, söhbətə tutmağa ürək eləmirdi. Barda Kilder qraflığındakı hansısa mülkün dəyəri haqqında beş-altı işçi arasında qızğın mübahisə gedirdi. Onlar siqaretdən tüstülədib, iri parçlardan pivə içir, elə hey yerə tüpürür, ağır çəkmələri ilə tüpürcəklərini döşəməyə yaxırdılar. Cənab Dafinin gözlərini bu işçilərdən başqa bir kimsə də olsun çəkmirdi.
Az sonra işçilər çıxıb getdilər. O isə ikinci punşu sifariş verdi, piştaxtanın arxasında xeyli əyləşdi. 
Bara sakitlik çökdü. Bar sahibi piştaxtaya söykənib, əsnəyə-əsnəyə ”Herald”ı oxuyurdu. Kimsəsiz yolda arabir tramvay səsi eşidilirdi.  
Cənab Dafi xanım Siniko ilə keçirdiyi günləri xatırlayırdı. İndi o dəqiq bilirdi ki, rəfiqəsi daha yoxdur, xatirəyə çevrilib. Halı qəfildən pisləşdi. "Başqa cür hərəkət edə bilərdimmi?” – öz-özündən soruşdu. Axı o, riyakarlıq edib, xanım Sinikoya əvvəlki səmimiyyətlə yanaşa bilməzdimi?! Düzgün hesab elədiyi hərəkəti eləmişdi. Bəs günahı nəydi? İndi o da ölənədək, yoxa çıxanadək, xatirəyə çevrilənədək tək-tənha yaşayacaq, əlbəttə, kimsə onu xatırlasa.
Cənab Dafi bardan çıxanda, saat artıq on idi.  
Soyuq və qaranlıq bir gecəydi. O, yaxınlıqdakı darvazadan Feniks parkına daxil olub, çılpaq ağacların altıyla addımladı, dörd il əvvəl rəfiqəsiylə birlikdə gəzişdiyi qaranlıq xiyabanları dolaşdı. Ona elə gəlirdi ki, qaranlıqda Emili ilə yanaşı addımlayır. Arabir onun səsini eşidir, əlinin təmasını duyurdu. Birdən ayaq saxlayıb sükutu dinşədi.  
Axı nədən onun həyatını əlindən aldı? Nədən onu ölümə məhkum etdi? Cənab Dafinin bitkin və təmkinli dünyası bir anın içində alt-üst olmuşdu...  
O, Meqezin Hillin zirvəsinə qalxıb, işıqları soyuq gecəyə hərarətiylə mehribanlıq qatan Dublinə axan çaya baxdı. Təpənin ətəyindən aşağı baxıb, hasarın kölgəsində dayanmış tutqun fiqurları gördü. Günah dolu gizli məhəbbəti qəlbini kədərə bürümüşdü. O, indi bütün əxlaqi dəyərlərə nifrət edir, həyat nəşəsindən sürgün edildiyini hiss edirdi. Bir varlıq onu sevmişdi. Cənab Dafi isə onu həyatdan, xoşbəxtlikdən məhrum etmiş, onu rüsvayçılığa, biabırçı ölümə məhkum etmişdi. Aşağıda, hasarın yanına səpələnmiş məxluqların onu müşahidə etdiklərini, çıxıb getməyini gözlədiklərini başa düşdü. Burula-burula Dublinə tərəf axan boz rəngli, parlaq çaya nəzər saldı. Çayın o tayında Kinqz-Bric stansiyasından tərpənib, dumanın arasıyla, alov başlı soxulcan kimi, asta-asta hərəkət edən yük qatarını gördü. Qatar yavaş-yavaş gözdən itsə də, təkərlərinin taqqıltısı uzun müddət Emilinin adını təkrarladı.
O, gəldiyi yola buruldu. Qatarın ahəngdar səsi hələ də qulaqlarındaydı... Ağaclardan birinin altında dayanıb, qulağından küy kəsilənədək gözlədi. Artıq xanım Sinikonun təmasını duymurdu, rəfiqəsinin səsi daha onu narahat etmirdi.  
Cənab Dafi bir neçə dəqiqə sükutu dinşədi... Heç nə eşitmirdi. Bir daha yan-yörəsini dinşədi: səssizlik. 
Onu büsbütün yalqızlıq bürümüşdü.
 
Tərcümə: Ramil Rahiboğlu
ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM