E-Kitab: Frans Kafka. Heydən düşmüş subay qoca Blümfeld. (Hekayə)

16:21 | 27.04.2013
Frans Kafka yəhudi əsilli alman dilli yazıçıdır. "Məhkəmə”, "Qəsr” və digər əsərlərin müəllifidir. Yazdığı hekayələr, həmçinin Felisa Bauer və Milena Yesenska ilə apardığı məktub yazışmaları yazıçıya böyük şöhrət gətirib. Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazdığı vəsiyyətin ziddinə olaraq, dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdi. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük töhfələr vermişdi.
Heydən düşmüş subay qoca Blümfeld
Hekayə
Gecələrin birində, heydən düşmüş subay qoca Blümfeld pilləkənlə mənzilinə zülm-zillətlə qalxırdı, çünki mənzili yeddinci mərtəbədəydi. Son zamanlar pilləkəni qalxmaqdaykən düşünürdü ki, bu cür tənha ömür sürmək necə çətinmiş, indi bu yeddi mərtəbəni hamının gözündən uzaq qalxmalıydı, bomboş mənzilinə çatmalıydı, yenə hamının gözündən uzaq ev xalatını geyməliydi. Qəlyanını tüstülətməli, neçə illər əvvəl abunə yazıldığı fransız jurnalını vərəqləməliydi, oxumaqdaykən özünün hazırladığı gilas arağından qurtumlamalı və yarım saat sonra yatağına getməliydi, ancaq yorğan-döşəyə girməmişdən əvvəl onu qaydaya salmalıydı, çünki qulluqçusu onun yerini heç yaxşı yığışdırmırdı. Kaş bu işləri görərkən, kimsə onu kənardan müşahidə edəydi, ürəyindən bunları keçirirdi. Özünə balaca bir it almaq istəyirdi. Axı bu cür heyvanlar həm şən, həm də sədaqətli olurlar. İş yoldaşlarından birinin belə iti var, sahibdən başqa heç kimlə yola getmir, onu gözündən bircə anlığa itirib, sonra da tapanda möhkəm səslə hürür, xeyirxah sahibini tapdığından, sevincinin həddi-hüdudu olmur. Belə götürəndə, itin də çatışmayan cəhətləri çoxdur. Nə qədər cins it olsa da, yenə altını batıracaq. Bu qaçılmazdır, çünki onu hər dəfə evə gətirəndə isti suda çimizdirmək mümkün deyil və heç səhhəti də buna yol verməzdi. Blümfeldin pintilikdən zəhləsi gedirdi, təmizlik məsələsində güzəştə gedən deyildi və hər həftə təəssüf ki, bir neçə dəfə, səliqə-səhmana fikir verməyən qulluqçusuyla sözləri çəp gəlirdi. Qulluqçu bir az ağır eşitdiyindən, Blümfeld onun qolundan yapışıb, darta-darta otağın çirkli qalmış yerinə gətirir, natəmiz yerləri ona göstərirdi. Qocanın bu qətiyyəti öz nəticəsini verir, otağındakı səliqə-səhman az da olsa istəyinə uyğun gəlirdi. Əgər evə it gətirsəydi, bu, könüllü surətdə evin natəmizliyinə qol çəkmək olacaqdı. Burada itlərin əbədi yol yoldaşı birələr məskən salacaqdı. Bit-birənin evi basması isə o demək idi ki, Blümfeldin öz rahat otağını itə qoyub, özünə başqa mənzil axtaracağı gün o qədər də uzaq deyil. Ancaq natəmizlik itlərin çatışmayan cəhətlərindən yalnız bircəciyidir. İtlər həm də xəstələnirlər və onların dərdinə əlac qılacaq bir kimsə də yoxdur. Xəstə itlər bir küncdə əyləşərlər, ya da axsaya-axsaya gəzərlər, zingildəyərlər, öskürüb, ağrıdan qıvrılarlar. İt xəstələndikdə, onu adyala bükürsən, süd verirsən, bir sözlə, qulluğunda durursan, düşünürsən, bəlkə keçib gedər, ancaq sonradan məlum olur ki, yoluxucu bir xəstəlikmiş. Lap elə xəstələnməsə də, itlər nə zamansa qocalır, bu vəfalı heyvandan vaxtında ayrıla bilmirsən və elə bir zaman yetişir ki, öz qocalığın itin nəmli gözlərindən sənə boylanır. Bax, onda bu kor, bütün vaxtı ləhləyən, piy basdığı üçün tərpənə bilməyən heyvan adama əziyyət verir, sanki bir zamanlar ona bəxş edilmiş sevincin əvəzini ikiqat geri alır. Yox, Blümfeldin it almaq həvəsi indi nə qədər güclü olsa da, almayacaq, sonralar qocalmış iti özünə ağır yük eləməkdənsə, hələ otuz il də bu pilləkənləri təkbaşına qalxmağı üstün tutacaq. Bu bir yana qalsın, it onunla birlikdə pilləkənləri qalxsaydı, ondan da bərk tövşüyəcəkdi...
Demək, Blümfeld tək qalacaqdı. Axı o qartımış qız deyildi ki, yanında həmişə itaətkar bir canlı varlığın olmasını arzulasın, onu saxlasın, qayğısına qalsın, qulluğunda dayansın və bu məqsədlə də gedib özünə ya pişik, ya sarı bülbül, ya da qızıl balıq alsın. Bunlar da olmasa, pəncərənin qabağına bir dibçək gül qoymaqla kifayətlənsin. Ancaq Blümfeld istəyirdi ki, yanında bir heyvan olsun, ona əziyyət verməsin, yeri gələndə ona bir təpik də ilişdirsin, lazım gələndə küçədə saxlasın, çağıranda, zingildəyib hay versin, hoppana-hoppana yanına gəlsin, əlini-qolunu yalasın. Blümfeld buna bənzər nələrisə istəyirdi, ancaq bilirdi ki, bu ona çox baha başa oturacaq, ona görə də bundan vaz keçir, amma bütün bu əsaslandırmalara baxmayaraq, hərdən, məsələn elə bu axşam əvvəlki düşüncələrinə qapılır.
Mənzilinin qapısına çatıb, cibindən açarı çıxarmaq istəyərkən, içəridən eşidilən səsə diqqət kəsilir. Qəribə, tappıltıya bənzər bir səsdir, özü də çox canlı, ahəngdardır. Blümfeld it barədə düşündüyündən, bu səs ona dalbadal döşəməyə dəyən pəncə səsini xatırlatdı. Yox, pəncə tappıldamır, pəncə səsi ola bilməzdi. Blümfeld tələm-tələsik qapını açıb, işığı yandırır. Yox, bunu heç gözləməzdi: bu ki sehribazlıq idi! İki sellüloid top parketin üstündə atılıb-düşürdü! Biri döşəməyə çatanda o biri göydə olur və beləcə yorulmadan bir-birini yamsılayıb-oynaşırlar. Blümfeld bir dəfə gimnaziyada o məşhur elektrik təcrübəsi zamanı balaca kürəciklərin belə hoppanıb-düşdüyünü görmüşdü, ancaq bunlar nisbətən iri toplardır, otaqda atlanıb-düşürlər və heç bir elektrik təcrübəsi  aparılmır. Blümfeld kürəcikləri daha yaxşı görmək üçün aşağı əyilir. Adi toplar olduğuna şübhə yeri qalmır, yəqin hərəsinin də içində bir neçə balacası da var və tappıldayan da elə onlardır. Blümfeld əlini havada o yana-bu yana yelləyir ki, yoxlasın, görsün bəlkə sapla asılıblar. Yox, öz başına hərəkət edirlər! Heyf Blümfeld uşaq deyil, yoxsa belə toplar onunçün gözəl bir hədiyyə olardı, halbuki indi bütün bunların hamısı onu ruhdan salırdı. Axı, heç kəsin diqqətini cəlb etmədən subay yaşamağın özü də o qədər mənasız deyil, indi kimsə - fərqi yoxdur, kim olur olsun – bu subaylıqdan xəbər tutub və ona belə gülməli toplar gündərib.     
Toplardan birini tutmaq istəyir, ancaq hər iki top ondan aralanır, Blümfeld topların arxasıyca, bütün otaqları dolanır. Bir anlıq düşünür ki, bu topların arxasıyca qaçmaq səfehlikdir, ona görə də dayanır və görür ki, daha arxalarınca qaçmadığından, toplar bayaqkı yerlərində dayanırlar. "Elə ya belə bu topları tutmalıyam”, - deyə ürəyindən keçirən Blümfeld yenidən toplara cumur. Toplar da yenə qaçmağa başlayırlar və Blümfeld ayaqlarını aralayaraq onları evin küncündəki çamadana tərəf sıxışdırır, nəhayət birini tuta bilir. Balaca, soyuq bir top onun əlində fırlanır, sürüşüb əldən düşmək istədiyi duyulur. O biri top sanki dostunun dara düşməsindən duyğulanaraq, bayaqkından da hündürə uçur və Blümfeldin əlinə toxunur. Özünü onun əlinə çırpır, daha tez-tez hoppanaraq çırpılır, gah bu tərəfdən, gah o tərəfdən hücum çəkir, sonra topu bərk-bərk tutmuş ələ heç nə eləyə bilmədiyindən, lap hündürə tullanır, Blümfeldin bənizinə çatmaq istəyir. Blümfeld istəsəydi o biri topu da tutub, ikisini də haradasa bir yerdə qapayardı, ancaq bu anda ona elə gəlir ki, iki balaca topa qarşı belə haqsızlıq etmək ona yaraşmaz. Bu ki bir əyləncədir - iki belə topa sahiblənmək, axı bu toplar az sonra yorulacaqlar, diyirlənib dolabın altına soxulacaqlar və orada dinməz-söyləməz qalacaqlar. Blümfeld belə qərara gəlməsinə baxmayaraq, bir növ qəzəblə əlindəki topu döşəməyə çırpır, ancaq möcüzəyə bax ki, bu nazik, bir üzündən o biri üzü görünən sellüloid qırılmır. Toplar həmin dəqiqə bayaqkı yerlərinə qayıdırlar və elə bayaqkı tərzdə də hoppanıb-düşməyə başlayırlar.
Blümfeld sakitcə paltarını dəyişir, dolaba qoyur, adəti üzrə göz gəzdirir ki, qulluqçu buraları səliqəyə salıb, ya yox. Bir-iki dəfə qanrılıb çiyinləri üzərindən toplara baxır və topların onun dalınca düşdüyünü görür, lap yaxınına gəliblər, arxasındaca atılıb-düşürlər. Blümfeld ev xalatını geyinir, üzbəüz divardakı rəfdən qəlyanını götürmək istəyir. Ancaq geriyə dönməzdən əvvəl, qeyri-ixtiyari, ayağının arxası ilə toplara bir təpik atır, toplar isə vaxtında geri çəkildiklərindən, təpik onları tutmur. Qəlyanını götürməyə gedəndə, toplar da həmin dəqiqə onun dalınca düşürlər, o, çəkələklərini sürüyə-sürüyə yeridiyindən, toplar da onun hər addımını şappıltıyla döşəməyə dəyməklə yamsılayırlar. Blümfeld qəfildən geri dönür ki, görsün toplar onun bu geriyədönüşünü necə yamsılayacaqlar. Ancaq elə dönməyə başlayan kimi toplar havada qövs cızaraq onun arxa tərəfinə keçirlər, bir də dönür və hər şey yenidən təkrarlanır. Toplar itaətkar müşahidəçilər kimi həmişə Blümfeldin arxasıyca qaçırlar. Görünür, əvvəlcə ona görə cəsarət edib onun qarşısında dayanmışdılar ki, özlərini təqdim etsinlər, indi isə vəzifələrini icra etməyə başlamışdılar. 
Blümfeld belə fövqəladə vəziyyətlərdə hadisələrə nəzarət imkanını itirdiyindən, özünü görməməzliyə vururdu. Bu da çox vaxt köməyinə çatırdı, əksər hallarda vəziyyəti yaxşılaşdırırdı. Blümfeld eynən belə eləyir, qəlyanlar asılmış rəfin qarşısında dayanır, dodaqlarını sallayıb, qəlyanlardan birini götürür, onu hazır saxladığı tütün kisəsinin içinə salıb, tələsmədən yaxşı-yaxşı doldurur və arxasında özləri üçün hoppanıb-düşən toplara fikir vermir. Ancaq masaya tərəf getməyə tərəddüd edir, çünki topların tappıltısı ilə öz addım səslərini eyni vaxtda dinləməyə, demək olar, dözə bilmir. Beləcə dayanıb mənasız yerə qəlyanını doldurmağa davam edir, onu masadan ayıran məsafəni gözəyarı hesablayır. Nəhayət zəifliyinə qalib gəlir, həmin qısa məsafəni elə ağır addımlarla keçir ki, topların səsini eşitmir. Kresloya oturan kimi topların yenə də arxasında hoppanıb-düşdüyünü eşidir.         
  
Masanın üzərində, divarın əlçatası bir yerində taxça, onun üstündə də ətrafına balaca qədəhlər düzülmüş bir şüşə gilas arağı var. Şüşənin yanında fransız jurnalının nömrələri qalaqlanıb. (Elə bu gün təzə nömrəsi gəlib və Blümfeld jurnalı götürür. Arağı isə tamam unudur, ona elə gəlir ki, həmişə görməyə adət etdiyi işləri indi təsəlli xatirinə görür, əslində, oxumağa da elə çox həvəsi yoxdur. Adətinə xilaf çıxır, bu gün jurnalı bir-bir vərəqləmir, istənilən bir səhifəni açır və böyük bir şəklə özünü vadar edib, diqqətlə baxır. Burda Rusiya çarı ilə Fransa prezidentinin görüşü təsvir olunur. Görüş gəmidə keçirilir. Bu gəminin ətrafında sonsuz sayda gəmi var və onların buxarılarından qalxan tüstü aydın səmaya qarışıb yox olur. Hər ikisi – çar da, prezident də iti addımlarlara bir-birinə tərəf gəliblər və bu anda da bir-birinin əlini sıxırlar. Həm çarın, həm də prezidentin arxasında iki nəfər dayanıb. Çarın da, prezidentin də üzlərindəki mehribançılıq ifadəsinin əksinə olaraq, onları müşayiət edənlər çox ciddi görkəmdə dayanmışdılar və hər qrupun da gözü öz hökmdarına dikilmişdi. Lap aşağıda – yəqin ki görüş gəminin üst göyərtəsində keçirilirdi - əlləri gicgahlarında olan matroslar düzülmüşdü və şəklin çərçivəsi də çoxunu kəsmişdi. Blümfeldin şəklə marağı tədricən artır, jurnalı bir az özündən uzaqlaşdırır, gözünü qıyıb baxır. Belə təntənəli səhnələri həmişə xoşlamışdı. Nüfuzlu şəxslərin bir-birinin əlini belə sadəliklə, səmimiyyətlə sıxmasını da həqiqət kimi qəbul edir. Eyni zamanda bu da bir həqiqətdir ki, müşayətçilər –  yeri gəlmişkən, onlar da yüksək rütbəli şəxslərdir və adları da şəklin altında verilib – öz əzəmətli duruşlarıyla bu tarixi anın necə ciddi olduğunu nümayiş etdirirdilər.)     
    
Blümfeld özünə lazım əşyaları rəfdən götürmək əvəzinə, sakitcə oturub hələ də tüstülənən qəlyanına baxır. Elə bil pusquda dayanıb və qəflətən, heç gözlənilmədən donu açılır, bircə təkanla oturduğu kreslo ilə bərabər geriyə dönür. Ancaq toplar da sərvaxt dayanıblar, vəzifələrini qeyri-ixtiyari yerinə yetirirlər, Blümfeld dönən kimi yerlərini dəyişirlər, onun arxasında gizlənirlər. İndi Blümfeld, əlində sönmüş qəlyan, arxası masaya tərəf əyləşib. Toplar isə masanın altında atlanıb-düşürlər və orada xalça olduğuyçün səsləri zəif eşidilir. Bu isə onun xeyrinədir. Yalnız boğuq tappıltılar səslənir və onları eşitməkçün də çox diqqətli olmaq gərək. Düzdür, Blümfeld səsə qarşı həssas olduğundan, indi onu eşidir, ancaq yəqin indi belədir, bir azdan heç nə eşitməyəcək. Blümfeldə elə gəlir ki, toplar xalça üstündə atlanıb-düşərkən belə zəif duyulmaqları onların zəif yeridir. Onların altına bir xalça da, hələ yaxşı olar, iki xalça salsa, heç nə eləyə bilməyəcəklər. Özü də müəyyən müddətə qədər, axı onların burda olması artıq nəsə deməkdir!
    
Bax, Blümfeldə it indi lazımıydı, indi əsl itin yeri görünürdü. Özü də cavan, yırtıcı bir it ki, topların axırına çıxardı. Blümfeld itin bu topları necə pəncəsi altına aldığını xəyalında canlandırır: topları qabağına qatıb, otaqda ordan-bura, burdan-ora qovur, axırda da dişinə salır... Ola bilsin, Blümfeld lap yaxınlarda özünə bir it alacaqdı...
  
Ancaq toplar hələlik yalnız Blümfelddən qorxmalıdırlar, Blümfeldin isə indi topları sındırmaq həvəsi yoxdur, kim bilir, bəlkə də buna qətiyyəti çatmır. Axşamlar işdən yorğun qayıdır və indi ona sakitlik çox lazım olduğu bir vaxtda belə həngaməylə qarşılaşır. Heydən düşdüyünü hiss edir. Topları əvvəl-axır sındıracaqdı, özü də lap tezliklə, ancaq indi toxunmayacaq, yəqin sabah sındıracaqdı. Bütün bunların hamısına əvvəlcədən düşünülməmiş bir hadisə kimi baxsan görərsən ki, toplar ozlərini kifayət qədər təvazökar aparırlar. Məsələn, istəsəydilər hərdən hoppana-hoppana irəli atılardılar, özlərini göstərib təzədən yerlərinə qayıdardılar, ya da xalça onların tappıltılı səslərini udduğundan, bir az da hündürə tullanıb, taqqıltıyla masaya dəyərdilər. Ancaq bunların heç birini eləmirlər, Blümfeldi boş yerə qıcıqlandırmaq istəmirlər, yalnız vacib  hərəkətləri etməklə kifayətlənirlər.
Yeri gəlmişkən, elə bu vacib hərəkətlər Blümfeldi masaya yaxınlaşmaqdan çəkindirir. Orda bir neçə dəqiqə əyləşən kimi yatmağa getmək istəyir. Bunun bir səbəbi də ondadır ki, qəlyan çəkə bilmir, çünki kibrit dolabçanın üstündə qalıb. Gərək gedib kibriti götürəydi və əgər dolabçanın yanına gedirdisə, deməli, orda qalması daha yaxşı olardı  və uzanıb yatardı. Həmin anda, ağlını qəribə bir fikir bürüyür: düşünür yəqin, toplar da kor-koranə onun arxasıyca düşəcəklər, çarpayının üstünə tullanacaqlar və Blümfeld də uzanarkən, istər-istəməz, onları əzməli olacaq. Onun fikrincə əzilmiş topun qalıqları tullana bilməzdi. Axı, qeyri-adi əşyalar bütöv olmalıydı. Top bütöv olanda onsuz da tullanır, lap tullanmağına ara versə də, az sonra yenə də tullanır, ancaq sınandan sonra qalıqları heç vaxt tullana bilməz və deməli, indi də tullanmayacaqdılar.  
Bu fikir sanki onu şuxlaşdırır, "Haydı, getdik!” – deyə ayağa qalxır, toplar da arxasıyca  çarpayısına tərəf gedir. Deyəsən, fikirləşdiyi düz çıxır, qəsdlə çarpayıya lap yaxın dayanır və toplardan biri o dəqiqə çarpayının üstünə tullanır. Həmin anda gözlənilməz bir hadisə baş verir: ikinci top özünü çarpayının altına verir. Topların çarpayının altında da tullana bilməsi ehtimalı Blümfeldin heç ağlına gəlməmişdi. Toplardan birinə hirslənir, eyni zamanda da hiss edir ki, burda nəsə bir ədalətsizlik var, çünki çarpayının altındakı top çarpayının üstündəkinə nisbətən öz vəzifəsini bəlkə də daha yaxşı icra edəcək. Ancaq hər şey onların harda qərar tutacaqlarından asılı olacaq, çünki Blümfeld onların uzun zaman öz vəzifələrini ayrı-ayrılıqda yerinə yetirəcəklərinə inanmır. Və həmin anda aşağıdakı top doğrudan da çarpayının üstünə tullanır. "Aha, ilişdilər!” - deyə sevinclə ürəyindən keçirən Blümfeld özünü tez çarpayıya atmaq üçün xalatını sıyırıb çıxarır. Ancaq elə həmin anda çarpayının üstündəki top hoppanıb çarpayının altına soxulur. Blümfeldin bütün ümidləri puç olur. Ola bilsin, yuxarını yoxlayırmış, bura da xoşuna  gəlməyib. Axırda ikinci top da onun yanına gedir və məlum məsələdir ki, orda qalır, çünki aşağı daha yaxşıdır. "Demək, bütün gecəni damba-duruma qulaq kəsiləcəm!” – deyə Blümfeld ürəyindən keçirir, dodaqlarını çeynəyir, başını bulayır.
Blümfeld kədərlənir və əslində heç bilmir ki, toplar bu gecə onun başına hansı oyunu açacaqlar. Yuxusuna söz ola bilməz, zəif səsləri vecinə almaz. Buna tam əmin olmaq üçün bayaqkı təcrübəyə əsaslanıb, topların altına iki xalça sərir. Görən deyərdi ki, balaca bir iti var, ona yumşaq yer düzəldir. Toplar da sanki yorulmuşdular, yuxulu idilər, bayaqkı kimi tez-tez hündürə tullana bilmirdilər. Blümfeld çarpayının yanında diz çöküb onun altına işıq salanda, hərdən ona elə gəlir ki, toplar həmişəlik bu xalçaların üstündə qalacaqlar, çünki çox zəifləmişdilər, heysiz-taqətsiz o yana, bu yana diyirlənirdilər. Ancaq bir az sonra yenə də vəzifələrini yerinə yetirirdilər. Kim bilir, bəlkə də Blümfeld səhər tezdən durub çarpayının altına baxanda, iki sakit, qəşəng uşaq topu tapacaqdı....   
Ancaq deyəsən toplar səhərə qədər hoppanıb-düşməyə dözə bilməyəcəkdilər, çünki Blümfeld yerinə uzanandan sonra onların səsini eşitmir. Bütün diqqətini toparlayıb, qulaq kəsilir, başını çarpayıdan aşağı uzadıb, çarpayının altını dinşəyir, ancaq səs gəlmir ki gəlmir. Yox, xalçalar onlara bu qədər təsir edə bilməzdilər. Topların sakitləşməsinin bircə izahı ola bilərdi: ya xalçalar yumşaq olduğundan, möhkəm dayaq tapa bilmirlər və buna görə də hələlik hoppanmırlar, ya da çox güman ki, daha heç vaxt hoppanıb-düşməyəcəklər. Blümfeld istəsə durub çarpayının altına baxardı, niyə belə olduğunu bilərdi, ancaq durmasa yaxşıdır, yenicə hüzur tapıb, öz baxışlarıyla sakitləşmiş topları təzədən qıcıqlandırmaq lazım deyil. Hətta qəlyan çəkməkdən də vaz keçir, o biri böyrü üstə çevrilir və o dəqiqə yuxuya gedir.  
   
Ancaq bu rahatlıq çox çəkmir. Həmişə olduğu kimi yenə də yuxu görmür, çox narahat yatır. Dəfələrə ona elə gəlir ki, kimsə qapını döyür, diksinib ayılır. Ancaq onu da dəqiq bilir ki, qapı döyülmür. Axı kim gecə vaxtı gəlib, subay bir adamın qapısını döyərdi ki?! Bunu dəqiq bilsə də, diksinib ayılır, həyəcan içində bir anlığa qapıya tərəf baxır, ağzını ayırır, gözlərini güclə açır, saçları tər basmış sifətinə dağılır. Neçə dəfə ayıldığını saymağa çalışır, ancaq alınan rəqəmlər onun ağlını başından çıxarır, təzədən yuxuya dalır. Ona elə gəlir, taqqıltının hardan gəldiyini bilir: yox, qapıdan gəlmir, hardansa başqa yerdən gəlir, ancaq yuxulu olduğundan, niyə belə düşündüyünü xatırlaya bilmir. Bircə onu bilir ki, o zəif zəhlətökən tıqqıltılar əvvəlcə bir yerə yığışır, sonra da bərk taqqıltıya çevrilirlər. Taqqıltı olmasaydı, o zəhlətökən zəif tıqqıltılara dözərdi, amma nədənsə daha gec idi, heç nə eləyə bilməzdi, gecikmişdi, indi deməyə sözü də yoxdur, ağzını da yalnız hərdən əsnəmək üçün açıb-yumur və buna qəzəblənərək başını yastığa döyür. Gecə beləcə keçib gedir. 
    
Səhər tezdən qulluqçunun qapını döyməsinə ayılır, bu zəif tıqqıltını eşidən kimi, yüngülləşib, dərindən nəfəs alır, halbuki indiyə kimi qapının zəif döyülməsindən, bu zəif tıqqıltıları eşitməməsindən gileylənərdi, elə yenicə "Gəlin!” demək istəyir ki, başqa bir tıqqıltı səsi eşidilir. Zəif olsa da, bu tıqqıltıda nəsə bir canlılıq vardı. Çarpayının altındakı toplardır. Ayılıblar, ondan fərqli olaraq, bütün gecəni gücmü toplayıblar?! "Bir dəqiqə!” – deyə Blümfeld çarpayıdan düşür, ancaq bunu çox ehtiyatla edir, toplar yenə onun arxasında qalır, başını geri çevirib onlara baxır, az qalır söyüş söysün. Gecələr ağır yorğanları üstlərindən atan uşaqlar kimi toplar da bütün gecəni xalçaları yavaş-yavaş, az-az itələyib çarpayının altından o qədər sürüşdürmüşdülər ki, indi özləri quru parketin üstündə qalmışdılar və səs eləyirdilər. "Haydı, xalçaların üstünə!” – Blümfeld qəzəblə dillənir və yalnız toplar xalçanın üstünə qayıdıb sakitləşdikdən sonra qulluqçunu içəri çağırır. Bu gombul, kütbeyin, yeriyəndə quru taxta kimi dümdüz dayanmış qadın yeməyi masanın üstünə qoyub, yalandan süfrənin orasını-burasını düzəltdiyi anlarda Blümfeld əynində ev xalatı çarpayısının qabağında dayanır və topları çarpayının altında saxlamaqçün yerindən qımıldanmır. Qadının nəsə hiss eləyib-eləmədiyini bilməkçün baxışlarıyla onu izləyir. Qulluqçu yaxşı eşitmədiyindən, nəsə hiss edəcəyi o qədər də ağılabatan deyil və Blümfeldə elə gəlir, qadın sanki hərdən yerində mıxlanıb qalır, gah da mebellərdən birinə söykənir, qaşlarını dartaraq ətrafı dinşəyir. Blümfeld fikirləşir ki, yəqin gecəni pis yatdığı üçün əsəbləri pozulub, ona elə görünür. Kaş qulluqçunu bir az tələsdirə biləydi, çünki bu gün həmişəkindən də ləng tərpənir, Blümfeldin paltarlarını, çəkmələrini özü ilə dəhlizə aparır, uzun müddət orda qalır, hərdən tək-tək şappıltı səsi gəlir, yəqin onun paltarlarını çırpır. Bütün bu vaxt ərzində Blümfeld çarpayısının üstündə oturub səbrlə gözləməlidir. Yerindən tərpənə bilməzdi, əgər topları ardınca çəkib aparmaq istəmirsə, isti-isti içməyi xoşladığı qəhvəsini də soyutmalıdır və pəncərinin salınmış pərdələrinə baxmaqdan savayı əlindən heç nə gəlmirdi. Bayırda çıxan günəşin kədərli şüaları pərdənin arasından içəri süzülürdü. Qulluqçu nəhayət işini qurtarır, ona xoş bir gün diləyib getmək istəyir. Ancaq bayıra çıxmamışdan əvvəl qapının ağzında dayanır, dodaqları tərpənir, uzun-uzadı Blümfeldə baxır. Blümfeld onu söhbətə tutmaq istəyəndəsə çıxıb gedir. Blümfeld az qala qanını açıb onun arxasınca qışqırmaq istəyir ki, o, çox səfeh, kütbeyin bir qarıdır. Sonra fikirləşir ki, qadın axmaq olduğuyçün heç nə hiss eləyə bilmədi, ancaq özünü guya nəsə başa düşübmüş kimi göstərmək istədi. Eh, fikirləri yaman dolaşıb! Özü də gecəni pis yatdığına görə! Pis yatmasına müxtəlif səbəblər tapır, dünən axşam adət etdiyi işləri görmədi, qəlyan çəkmədi, araq içmədi. Axırda da fikirləşdiklərindən belə bir nəticə çıxarır ki, qəlyan çəkməyəndə, araq içməyəndə pis yatır.  
     
Bu gündən öz qayğısına daha çox qalacaq, bununçün dolabçanın üzərindən asılmış dərman qutusundan iki ovuc pambıq qoparıb yumrulayır və qulaqlarına tıxayır. Sonra ayağa durub yoxlamaq məqsədilə bir addım atır. Toplar arxasınca gəlsələr də səsləri eşidilmir, qulaqlarına taxdığı pambığı bir az da qalınlaşdırır və ümumiyyətlə, heç nə eşitmir. Blümfeld bir neçə addım da atır, elə bir diqqətiçəkən narahatçılıq duymur. Hərəsi öz işindədir, Blümfeld də, toplar da... Bir-birinə bağlı olsalar da, biri digərinə mane olmur. Yalnız bicə dəfə Blümfeld qəfil geri dönəndə, topun biri vaxtında kənara tullana bilmir, onun dizinə toxunur. Bu, yeganə hadisə olur, özgə heç nə baş vermir, Blümfeld arxayın-arxayın qəhvəsindən qurtumlayır, aclıq hiss edir, sanki bu gecə yatmayıb, uzaq yol gedib. Soyuq su ilə yuyunur, əməlli-başlı sərinləşir və paltarını dəyişir. Hələ indiyəcən pərdələri qaldırmayıb, ehtiyatlandığından alaqaranlıq otaqda qalmağı üstün tutur və istəmir ki, topları kimsə görsün. Artıq getməyə hazır olanda fikirləşir ki, küçəyə çıxanda birdən toplar da arxasınca gələrlər, ancaq buna inanmır, ona görə də bir əncam çəkmək lazımdır. Ağlına yaxşı bir fikir gəlir: iri paltar dolabının qapısını açıb arxasını ona tərəf çevirir. Amma toplar sanki onun niyyətini duyubmuşlar kimi, dolabın içinə girmirlər, Blümfeldlə dolabın arasındakı boş yerdə dayanırlar, başqa yolları qalmayanda, bircə anlığa dolabın içinə tullanırlar və dolabın içindəki qaranlıqdan vahiməyə qapılıb, tez də geri sıçrayırlar, onları içəridə saxlamaq mümkün olmur, qarşılarına qoyduqları məqsədin ziddinə olsa da, Blümfeldin böyründə durmağı üstün tuturlar. Lakin onların bu bicliyinin köməyi olmayacaq, çünki indi Blümfeld özü geri-geri dolabın içinə girir, bir az sola çəkilir və toplar da ora girməli olur. Beləliklə də taleləri həll olunur, dolabın döşəməsində çoxlu xırda-xuruş əşyalar – çəkmələr, qutular, balaca çamadanlar var, hamısı da səliqə-səhmanla yığılıb, Blümfeld bu səliqə-səhmandan gileylənir, axı toplara tərpənməyə imkan vermirlər. Blümfeld, demək olar, qapıları örtüb, qəfil bir tullanışla bayıra çıxır, neçə illər idi, belə tullanmırdı, qapıları örtür, açarı fırladır, beləliklə toplar içəridə ağzı bağlı qalır. "Birtəhər öhdələrindən gəldim!” – deyə Blümfeld ürəyindən keçirir və üzünün tərini silir. Toplar dolabın içində bir hay-küy qoparırlar ki, gəl görəsən! Adama elə gəlir, bütün ümidləri üzülüb. Blümfeld isə, əksinə, çox razı qalır. Otaqdan çıxır və bomboş dəhliz də indi ona xoş təsir bağışlayır. Qulaqlarına tıxadığı pambıqları çıxarır, yenicə oyanmaqda olan binanın səs-küyündən həzz alır. Hələ səhər təzə açıldığından adam azdır.
Girişdə qulluqçunun zirzəmidəki mənzilinin balaca qapısı qarşısında onun on yaşlı oğlu dayanmışdı. Elə bil anasının burnundan düşmüşdü, hətta o yaşlı qadının çirkinliyi də onun uşaq sifətindən yan keçməmişdi. Ayaqları əyri oğlan əlləri şalvarının cibində orda dayanıb fınxırır, boğazında zob olduğundan çətin nəfəs alırdı. Başqa vaxt oğlana rast gələndə, onun yanından iti addımlarla keçərdi, ancaq bu gün, az qalmışdı ayaq saxlasın. Bu oğlanı həmin qadın dünyaya gətirsə də və o da əsil-nəcabətinin bütün əlamətlərini özündə cəmləşdirsə də, hər halda, hələlik uşaq idi, yekə başında hələ uşaq fikirləri dolaşırdı, onunla aydın danışsan, nəsə soruşsan, yəqin cingiltili, məsum bir səslə, hörmətlə cavab verərdi, hətta adam özünü məcbur edib onun başını tumarlaya da bilərdi. Blümfeld belə fikirləşsə də, uşağın yanından keçib gedir. Küçəyə çıxanda hiss edir ki, hava onun evdə fikirləşdiyindən də xoşdur. Səhər dumanı əriyir, mavi səmanın bəzi yerləri görünməyə başlayır. Blümfeld toplara minnətdar olmalıdır ki, evdən bu gün həmişəkindən tez çıxıb, hətta stolun üstündəki səhər qəzetini oxumağı da unudub, ancaq hər halda xeyli vaxt qazanıb, indi tələsməyə bilər. Qəribədir ki, onlardan ayrılandan sonra topları az qala unudur. Nə qədər ki arxasınca gəzirdilər, onları Blümfeldə aid əşyalar sanmaq olardı. Özü də elə bir əşya ki, Blümfeld haqqında danışanda onlardan bu və ya digər dərəcədə istifadə etmək olardı, ancaq indi oyuncaq kimi evdəki dolabda atılıb-düşürdülər. Birdən ağlına gəlir ki, həmin toplardan öz təyinatları üzrə istifadə etməklə onları zərərsizləşdirmək olar. Oğlan hələ də qapının ağzında dayanıb, Blümfeld topları ona bağışlayacaq, özü də sözün əsil mənasında bağışlayacaq, geri almayacaq, bu da toplar üçün ölüm cəzası demək olacaq. Lap sağ qalmalı olsalar da, oğlanın əlində dolabdakı toplar olmayacaqlar, bütün bina görəcək ki, oğlan toplarla oynayır, başqa uşaqlar da gəlib ona qoşulacaqlar və onda həmin topların da Blümfeldin əbədi yol yoldaşları deyil, adicə oyuncaqlar olduğu haqqındakı ümumi fikir bir daha öz təkzibolunmaz sübutunu tapacaq. Blümfeld yüyürə-yüyürə geri qayıdır. Oğlan yenicə evlərinə tərəf düşür, qapını açıb içəri girmək istəyir. Blümfeld indi gərək onu adıyla çağıraydı. Adı da özü kimi gülməlidir...
- Alfred! Alfred! - deyə qışqırır.
Oğlan çox tərəddüd edir.
- Bura gəl, - deyir Blümfeld. – Sənə  bir şey verəcəm.
Üzbəüz qapıdan dalandarın iki balaca qızı bayıra çıxır, biri Blümfeldin sağında, biri də solunda dayanıb maraqla ona baxırlar. Qızlar hər şeyi oğlandan tez başa düşürlər, ancaq bircə şeyi anlaya bilmirlər ki, niyə o tez gəlmir. Ona əl edirlər, eyni zamanda Blümfeldi də gözdən qoymurlar, ancaq Alfredi gözləyən hədiyyənin nə olduğunu əvvəlcədən tapa bilmirlər. Maraq qızları rahat buraxmır, ayaqlarının birini götürüb o birini qoyurlar. Blümfeld qızların bu hərəkətinə də, oğlana da gülür. Oğlan, deyəsən, axır ki hər şeyi başa düşür, qamətini dikəldib, ağır addımlarla pillələri qalxır. Yerişi də lap anasının yerişidir. Yeri gəlmişkən, artıq anası da qapıda görünür. Blümfeld ucadan danışır ki, quluqçu da eşitsin, lazım gələrsə, onun tapşırığının necə yerinə yetirildiyinə nəzarət etsin.
- Yuxarıda, otağımda iki qəşəng topum var, - Blümfeld deyir, - istəyirsən sənə verim?
Oğlan ağzını büzür, nə edəcəyini bilmədiyindən, sual dolu baxışlarını anasına zilləyir. Qızlar isə o dəqiqə Blümfeldin yan-yörəsində atılıb-düşməyə başlayırlar, xahiş edirlər ki, Blümfeld toplarını onlara versin.   
- Siz də oynada bilərsiniz! - deyən Blümfeld oğlandan cavab gözləyir. Əlbəttə, topları elə həmin dəqiqə bu qızlara da bağışlaya bilərdi, ancaq ona elə gəlir ki, qızlar çox yelbeyindirlər, buna görə də oğlana daha çox etibar edir. Oğlan bu aralıqda bicə kəlmə də kəsmədən anasından məsləhət almışdı, anasının baxışları sözləri əvəzləyirdi və Blümfeld təzədən oğlana eyni sualı ünvanlayanda, oğlan başını yırğalayır.   
  
 - Elə isə diqqətlə qulaq as, - deyən Blümfeld hədiyyəsinə görə "sağ ol” eşitməyəcəyini görməzdən gəlir. - Otağın açarı ananda var, ondan alarsan, paltar dolabının açarını da özüm verirəm, toplar həmin dolabdadır. Sonra dolabın da, otağın da qapısını ehtiyatla bağlayarsan. Toplarla da nə istəsən edərsən, geri qaytarmazsan. Başa düşdün?
Təəssüf ki, oğlan heç nə başa düşmür. Blümfeld istəmişdi ki, bu matı-mutu qurumuş kütbeyin məxluqa nəyi necə edəcəyini dəqiq başa salsın, sözləri dəfələrlə təkrarlamışdı, gah açarlardan, gah otaqdan, gah da dolabdan danışmışdı, elə buna görə də oğlan indi ona xeyirxah bir adam kimi deyil, baş tovlayan kimi baxırdı. Qızlar isə hər şeyi o dəqiqə başa düşmüşdülər, irəli soxulurlar, əllərini açara uzadırlar.
  
- Bir macal verin! – deyən Blümfeldin hamıya acığı tutur. Vaxt keçir, burda çox qala bilməzdi. Heç olmasa, qulluqçu deyəydi ki, onu başa düşüb, oğlu üçün dediklərinin hamısını eləyəcək. Ancaq bunun əvəzində hələ də qapının ağzında dayanıb, ağır eşidən adamlara xas bir ədayla gülümsəyir və bəlkə də elə bilir ki, Blümfeld onun oğluna valeh olub, ondan vurma cədvəlini soruşur. Axı Blümfeld zirzəmiyə gedən pilləkənlə aşağı düşüb, onun qulağına qışqıra bilməz ki, oğlu Allah eşqinə onun canını toplardan qurtarsın. Onsuz da güclə özünü məcbur edib paltar dolabının açarını bütün günü bu ailəyə etibar etmək qərarına gəlmişdi. Oğlanı özüylə yuxarı aparıb topları ona vermək əvəzinə burda açarı təklif etməsi də özünə görə deyil. Axı belə də olmazdı ki, oğlanı yuxarı aparıb topları bağışlasın, sonra da topları özüylə aparsın, çünki toplar Blümfelddən əl çəkməyib arxasınya düşəcəkdilər.           
- Yenə başa düşmədin? – Blümfeld kədərli tövrlə bir daha soruşur, uşağın hələ  də gözünü döydüyünü görüb, təzədən başladığı izahatını yarımçıq kəsir. Bu cür baxışların qarşısında heç nə eləmək olmazdı! Bu baxışlar adamı azdırardılar, onlardan yağan mənasız boşluğu ağılla doldurmaqçün lazım olduğundan çox danışardı. 
- Biz topları gətirib ona verərik! – deyə qızlar qışqırışdılar. Onlar bicdirlər, başa düşdülər ki, topları yalnız oğlanın vasitəsilə ələ keçirmək olar, eyni zamanda həmin vasitəçiliyi özləri yaratmalıdırlar. Dalandarın evində saat zəng çalır, Blümfeldi tələsməyə səsləyir.
- Onda açarı alın, - deyir Blümfeld. Ancaq açarı özü verməyə macal tapmır, qızlar onu dartıb əlindən alırlar. Açarı oğlana vermiş olsaydı, tam arxayın gedə bilərdi.
- Otağın açarını qulluqçudan alarsınız, - Blümfeld əlavə edir, - topları götürəndən sonra açarların hər ikisini qulluqçuya verərsiniz.
- Oldu! Oldu! - deyən qızlar pilləkənlə aşağı şığıyırlar. Onlar hər şeyi bilirlər! Bilmədikləri şey yoxdur və oğlanın bu qədər kütbeyin olması Blümfeldi sanki sehrləyir, indi özü də anlamır ki, qızlar onun dediklərinin hamısını necə başa düşə bildilər. Onlar artıq aşağıda qulluqçunun ətəyini dartışdırırlar, ancaq bütün bunlar nə qədər cəzbedici olsa da, Blümfeld dayanıb onlara tamaşa edə bilməz ki, tapşırılan işi necə yerinə  yetirirlər. Özü də təkcə ona görə yox ki, gecikir, həm də ona görə ki, toplar azadlığa qovuşanda, burda olmaq istəmir. Hətta istəyir ki, qızlar qapıya çatanda, bir neçə küçə aralıda olsun. Axı, əmin deyil ki, toplar onu görcək nə edəcəklər. 
Beləliklə, Blümfeld bu səhər ikinci dəfə küçəyə çıxır. Bundan əvvəl qulluqçunun necə qızlara müqavimət göstərdiyini, əyriqıçlı oğlunun anasına köməyə tələsdiyini görmüşdü. Blümfeld heç cür anlaya bilmir: necə olur ki, bu qulluqçu kimi adamlar dünyaya gəlirlər, sonra da doğub-törəyirlər?!
İşlədiyi alt paltarları fabrikinə gedən yolda Blümfeld tədricən hər şeyi unudaraq yalnız iş haqqında düşünür. Addımlarını yeyinlədir, oğlanın ucbatından xeyli ləngiməsinə baxmayaraq iş otağına birinci çatır. Bürosu şüşə divarlarla kəsilmiş bir otaqdır, içində də Blümfeld üçün bir yazı masası, ona təhkim olunmuş təcrübəçilər üçün iki stul-pult var. Sanki məktəblilər üçün hazırlanmış bu stul-pultlar nə qədər balaca, ensiz olsalar da, otaqda darısqallıqdır və təcrübəçilər həmin stullarda otura bilmirlər, çünki onda Blümfeldin kreslosuna yer qalmır, ona görə də bütün günü pultun arxasında ayaq üstə dayanmalı olurlar. Düzdür, təcrübəçilər narahat olurlar, ancaq eyni zamanda da Blümfeld onlara yaxşı nəzarət etməyə çətinlik çəkir. Bir də görürsən, ikisi də pulta  sıxılıb, ancaq işləmək əvəzinə pıçıldaşırlar, ya da mürgü döyürlər. Blümfeld onlardan çox narazıdır, çünki ona tapşırılmış böyük işdə kifayət qədər kömək etmirlər. İşi də ondan ibarətdir ki, şəxsi evlərdə hazırlanan mallar da daxil olmaqla fabrikin mal və pul dövriyyəsini hesablasın. Bu işin həcminin nə dərəcədə böyük olduğunu təsəvvür etmək üçün ordakı işlərin hamısından yaxşı baş açmaq lazımdır. Ancaq bir neçə il bundan əvvəl onun birbaşa rəisi öləndən sonra heç kim baş çıxara bilmir və Blümfeld də belə düşünür ki, daha heç kəs onun işi baradə fikir yürüdə bilməz. Məsələn, fabrikin sahibi cənab Ottomar Blümfeldin işindən narazılığını gizlətmir, eyni zamanda onun iyirmi il ərzindəki xidmətlərini də danmır, bunu məcburiyyət qarşısında qaldığı üçün eləmir, əksinə, ona görə eləyir ki, Blümfeldə sədaqətli, etibarlı adam kimi hörmətlə yanaşır, lakin bununla belə, işini bəyənmir, hesab edir ki, bu işi lap sadə, hər cəhətdən əlverişli şəkildə də qurmaq olardı. Deyirlər, - özü də boş yerdən demirlər – guya Ottomar Blümfeldin şöbəsində ona görə az-az görünür ki, onun iş üslubunu görüb əsəbiləşməsin. Əlbəttə, Blümfeld əməyinin bu cür qiymətlədirilməsinə kədərlənir, ancaq əlindən heç nə gəlmir, çünki Ottomarı məcbur edə bilməz ki, bir ay fasiləsiz onun şöbəsində otursun, burda görülən müxtəlif çeşidli işlərin xüsusiyyətlərinə bələd olsun, özünün daha yaxşı hesab elədiyi üsulları tətbiq etsin və bu üsulların şöbəni necə uçuruma apardığını öz gözlərilə görəndən sonra Blümfeldin haqlı olduğuna inansın. Buna görə də Blümfeld indiyəcən necə işləmişdisə, eləcə də işləməyinə davam edir, xeyli vaxt keçəndən sonra Ottomar şöbəyə gələndə bir az narahat olur, tabeçilikdə olan bir adam kimi vəzifə borcunu yerinə yetirərək bu və ya digər məsələni ona izah etməyə çalışır, o da sakitcə başını tərpədir, sonra boynubükük çıxıb gedir. Blümfeld qalan vaxtlarda işinin lazımınca qiymətləndirilməməsinə görə deyil, nə vaxtsa vəzifəsindən gedəndən sonra şöbədə həmin dəqiqə yaranacaq böyük qarmaqarışıqlığa görə narahat olur, çünki fabrikdə elə bir adam tanımır ki, onu əvəz eləyə, işini elə səviyyədə apara bilə ki, fabrik heç olmasa ilk aylarda böyük itkilərdən qaça. Əgər şef kiminsə işini lazımınca qiymətləndirmirsə, orda işləyənlərin hamısı onu ötməyə çalışırlar. Ona görə də fabrikdə heç kim Blümfeldin işini qiymətləndirmir, heç kim nəyisə öyrənmək üçün onun şöbəsəndə işləmək istəmir, işə təzə adam götürüləndə də, heç kim Blümfeldin yanına öz xoşuyla gəlmir. Elə bunun nəticədir ki, Blümfeldin şöbəsində neçə illərdir artım yoxdur. O vaxta qədər şöbədə yalnız bircə köməkçi ilə işləyən Blümfeld ona bir təcrübəçinin də verilməsi üçün həftələrlə amansız mübarizə aparmalı olmuşdu. Demək olar ki, hər gün Ottomarın kabinetinə getmiş, sakitcə, ətraflı şəkildə ona şöbəyə təcrübəçinin nə üçün vacib olduğunu başa salmağa çalışmışdı. Ona görə vacib deyildi ki, Blümfeldin özünə yazığı gəlir, yox, özünə görə demir, payına düşən işi artıqlamasıyla görür, getmək fikrində də deyil, amma cənab Ottomar nəzərə almalıdır ki, zaman keçdikcə fabrik inkişaf edib, buna uyğun olaraq şöbələr də böyüyüb, ancaq Blümfeldin şöbəsi həmişə unudulub. Halbuki şöbədə iş lap çoxalıb! Blümfeld bu vəzifəyə gələndə - yəqin ki cənab Ottomar o vaxtları xatırlamaz - təxminənən on toxucu işləyirdi, indi isə onların sayı əlli-altımış arasındadır. Bu iş üçün xeyli güc lazımdır, Blümfeld isə yalnız ona söz verə bilər ki, özünü bütövlükdə bu işə həsr eləsin, ancaq onun öhdəsindən tam gələ biləcəyinə bu gündən söz verə bilməz. Əlbəttə, cənab Ottomar Blümfeldin xahişini heç vaxt birbaşa rədd etməmişdi, bilirdi ki, köhnə işçiylə belə davranmaq olmaz, ancaq onun sanki Blümfeldə qulaq asmaması, Blümfeld xahiş edərkən kiminləsə danışması, candərdi razılıq verməsi, bir neçə gündən sonra da hər şeyi unutması, Blümfeldin əməlli-başlı xətrinə dəymişdi. Yox, Blümfeld özü üçün çalışmır, o, fanatik deyil, şan-şöhrət, tanınmaq nə qədər şirin olsa da, Blümfeld onlarsız da keçinər və bütün bunlara baxmayaraq işində qalacaq, bacardıqca hər şeyə dözəcək, çünki haqlıdır və haqq da, bəzən lap gec də olsa, axırda tanınır. Beləliklə, Blümfeldə nəhayət iki təcrübəçi verildi. Özü də necə təcrübəçilər! Elə fikirləşmək olardı ki, Ottomar şöbədən xoşu gəlmədiyini təcrübəçi veməməklə deyil, məhz belə təcrübəçilər göndərməklə daha aydın şəkildə ifadə edib və Blümfeldi də bu vaxta qədər ona görə get-gələ salıb ki, məhz belə təcrübəçilər axtarırmış, ancaq məlum məsələ idi ki, tapa bilmirmiş. Blümfeld indi şikayətlənə də bilməzdı, çünki alacağı cavabı əvvəlcədən bilirdi: deyəcəkdilər ki, sən bir təcrübəçi istəyirdin, biz sənə ikisini verdik. Ottomar hər şeyi çox ustalıqla düzüb-qoşmuşdu. Əlbəttə, Blümfeld buna baxmayaraq şikayətlənirdi və ona görə şikayətlənirdi ki, düşdüyü vəziyyət onu məcbur edirdi, kimdənsə kömək gözləmirdi. Ancaq inadla şikayətlənmirdi, sadəcə olaraq, yeri gələndə ötəri şəkildə deyinirdi. Buna baxmayaraq onu istəməyən həmkarlarının arasında belə bir şayə yayıldı: guya kimsə Ottomardan soruşub ki, Blümfeldə bu cür köməkçilər veriləndən sonra niyə şikayətlənir. Ottomar da cavabında deyib ki, düzdür, Blümfeld hələ də şikayətlənir və buna da haqqı var. O, yəni Ottomar, nəhayət hər şeyi başa düşüb və ona  hər toxucu üçün bir təcrübəçi, yəni altmış təcrübəçi göndərəcək. Bunlar bəs eləməsə, yenə də göndərəcək və onun şöbəsi dəlixanaya çevrilənə qədər göndərməkdə davam edəcək. Həmin dəlixananın əlamətləri də artıq neçə illərdir ki özünü orda göstərir.  Düzdür, bu sözlərlə Ottomarın danışıq tərzini yaxşı yamsılamışdılar, ancaq Blümfeld əmin idi ki, Ottomar onun haqqında heç vaxt belə danışmaz. Bunlar hamısı ikinci mərtəbədə işləyənlərin uydurmasıydı, onlara heç fikir vermirdi. Ancaq kaş həmin təcrübəçilərə də beləcə fikir verməməyi bacaraydı! Ancaq təcrübəçilər vardı və onlardan da qaçmaq olmazdı. Solğun bənizli zəif uşaqlar idi. Sənədlərinə görə icbari təhsil yaşını adlamışdılar, ancaq onlara baxan buna inanmazdı. Bəli, onları heç hansısa müəllimə də ümid etmək olmazdı, çünki lap ana uşağına oxşayırdılar. Düz-əməlli yeriyə də bilmirdilər və ən çox da ilk günlərdə bir az ayaq üstə qalan kimi yorulurdular. O qədər zəif idilər ki, bir az gözdən qoyan kimi büzüşürdülər, bir küncə çəkilib, ikiqat olurdular. Blümfeld onları başa salmağa çalışırdı ki, bu gedişlə özlərini ömürlük şikəst edəcəklər. Belə təcrübəçiləri iş dalınca göndərməyin özü böyük risq idi. Bir dəfə bu təcrübəçilərdən hansısa nəyisə iki-üç addım o yana aparmalı oldu və elə yıxıldı ki, dizi pulta dəyib yaralandı. Otaq toxucu qadınlarla, pultların üstü isə malla doluydu, ancaq Blümfeld məcbur qalıb, bütün işlərini yarımçıq qoydu, hönkürüb-ağlayan təcrübəçini otağına aparıb, yarasını sarıdı. Təcrübəçilərin nəsə etmək cəhdləri zahiri idi, hətta bəzən balaca uşaqlar kimi özlərini göstərmək istəyirdilər, ancaq əksər hallarda, özü də lap tez-tez müdirlərinin gözündən pərdə asmaq, onu aldatmaq istəyirdilər. 
Bir dəfə də işin qızğın vaxtında Blümfeld qan-tər içində harasa qaçanda gördü ki, ikisi də parça toplarının arasına girib poçt markası dəyişirlər. Onların hərəsinin təpəsinə bir yumruq ilişdirmək istədi, etdikləri bu hərəkətin müqabilində ən yaxşı cəza olardı, ancaq Blümfeld fikirləşdi ki, uşaqdırlar və uşaqları öldürə bilməz! Uşaqlar ona beləcə əzab verməkdə davam edirdilər. İlk günlər elə bilirdi ki, təcrübəçilər xüsusən malların bölüşdürülməsi zamanı çox böyük bir gərginliyin, sayıqlığın tələb olunduğu vaxtda ona kömək edəcəklər. Fikirləşirdi ki, özü təxminən pultun arxa tərəfində, ortada dayanacaq, hər şeyə nəzarət edəcək, təcrübəçilər onun göstərişiylə qaça-qaça malları bölüşdürəcəklər, Blümfeld də qeydiyyatla məşğul olacaq. Bilirdi ki, onun nəzarəti nə qədər güclü olsa da, bu qarmaqarışıqlıqdan baş çıxarmağa kifayət etməyəcək, təcrübəçilərin diqqəti nəzarəti tamamlayacaq, özləri də tədricən təcrübə toplayacaq, hər xırda şey üçün oturub Blümfelddən göstəriş gözləməyəcəklər, axırda tikdikləri mala olan tələbata və nə dərəcədə etibarlı olduqlarına əsasən toxucuları bir-birindən fərqləndirəcəklər. Ancaq təcrübəçiləri belə görəndə bütün ümidləri boşa çıxdı. Blümfeld tezliklə anladı ki, onları toxucularla danışmağa qoymaq olmaz. Elə ilk günlərdən bəzi toxucuların yanına getmək istəmədilər, çünki ya qorxurdular, ya da xoşları gəlmirdi, ancaq hansılardan xoşları gəlirdi, düz qapıyacan qabaqlarına yüyürürdülər. Onların istədiklərini gətirirdilər, guya bir növ gizlincə verirdilər, halbuki bunlar toxuculara onsuz da verilməliydi. Xoşları gələn toxucular üçün parça kəsiklərini, lazımsız şeyləri, bəzən də nəyəsə yaraya bilən qırıq-quruqları boş rəflərdən birinə yığıb saxlayırdılar, onlar gələndə, Blümfeldin arxa tərəfinə keçib göz-qaş eləyirdilər, əvəzində konfet alırdılar. Əlbəttə, Blümfeld tezliklə bu biabırçılığa son qoydu, toxucular gələndə onları arakəsmənin o biri tərəfinə göndərdi. Uşaqlar uzun müddət bunu böyük bir ədalətsizlik hesab elədilər, inadkarlığa başladılar, qəsdən qələmuclarını sındırdılar, başlarını qaldırmağa cəsarət eləməsələr də, toxucuların diqqətini Blümfeldin onlara necə pis rəftar etdiyinə yönəltmək məqsədilə şüşələri tıqqıldatdılar.
Özlərinin elədikləri haqsızlığı isə başa düşmək istəmirlər. Məsələn, demək olar ki, hər gün işə gecikirlər. Ancaq onların rəhbəri Blümfeld lap gənc yaşlarından özünü işə ən azı yarım saat tez gəlməyə öyrəşdirib, bunu da şöhrət üçün, özünü işgüzar adam kimi göstərməkçün eləməzdi, bir növ ləyaqət hissi Blümfeldi buna məcbur edirdi, çox vaxt da təcrübəçilərini bir saatdan artıq gözləməli olurdu. Adəti üzrə səhər yeməyi üçün götürdüyü kökəni yeyə-yeyə zaldakı pultun arxasına keçib toxucuların haqq-hesab dəftərçələrində qeydlər aparır. Tezliklə başı işə qarışır və hər şeyi unudur. Qəflətən elə diksinir ki, qələm əlində titrəyir. Təcrübəçilərdən biri özünü içəri salır, adama elə gəlir, indicə yıxılacaq, bir əli ilə nədənsə tutub, o biri əlini də tövşüyən ürəyinin üstünə qoyur. Ancaq sən demə, bütün bunların hamısı vur-tut gecikdiyinə görə üzür diləməkmiş. Amma bu üzürxahlıq elə gülünc çıxır ki, Blümfeld özünü eşitməzliyə qoyur. Belə eləməsəydi, onda gərək oğlanı layiqincə əzişdirəydi. Onu bir anlığa süzür, sonra əlini uzadaraq arakəsməni göstərir, təzədən işə başlayır. Gözləmək olardı ki, təcrübəçi öz rəhbərinin bu xeyirxahlığını anlayacaq, iş yerinə tələsəcək. Ancaq yox, tələsmir, ayaqlarını oynadır, gah barmaqlarının ucuna qalxır, gah da dabanlarını cütləyir. Yoxsa rəhbərini ələ salır? Yox, bu da deyil. Yenə də qorxu qarışıq özündənrazılıq əlamətidir, adamın əl-qolunu bağlayır, heç nə eləyə bilmirsən. Buna başqa nə ad qoymaq olar ki, özü də bu gün adəti xilafına işə gec gəlib, xeyli gözləyəndən sonra – dəftərçələri yoxlamağa həvəsi yoxdur – indi oraları süpürən səfeh xidmətçinin süpürgəsindən qalxan toz-torpağın arasından küçə ilə arxayın-arxayın gələn təcrübəçiləri görür. Qol-boyun gəlirlər, deyəsən vacib söhbətləri var və məlum məsələdir ki, danışdıqlarının işlə nəsə bir əmmalı bağlılığı var. Şüşə qapıya yaxınlaşdıqca addımlarını daha da yavaşıdırlar. Biri nəhayət əlini dəstəyə uzadır, ancaq burmur, beləcə dayanıb söhbət edib, qəhqəhə çəkirlər.
- Cənablar üçün qapını açsan! – deyə Blümfeld əlini yelləyib, xidmətçiyə qışqırır.
Ancaq təcrübəçilər içəri girəndə, Blümfeld onlara baş qoşmaq istəmir, salamlarını almayıb, yazı masasının arxasına keçir. Hesablamağa başlayır, hərdən də  başını qaldırıb təcrübəçilərin nə işlə məşğul olduqlarına baxır. Deyəsən, biri yorğundur, gözlərini ovuşdurur. Gödəkçəsini asanda, fürsətdən istifadə edib divara söykənir, bir az orda dayanır. Küçədə şux görünürdü, ancaq işə başlayacağı anda yoruldu! O biri təcrübəçi, əksinə, işləmək həvəsindədir. Amma bu həvəs başqa işədir. Məsələn, çoxdan arzulayır ki, buraları süpürsün. Ancaq bu elə işdir ki, onun icazəsi yoxdur, süpürmək xidmətçinin işidir. Əslində, Blümfeld təcrübəçinin buraları süpürməsinin əleyhinə deyil, qoy süpürsün, hər halda xidmətçidən pis süpürməz, ancaq süpürmək istəyirsə, xidmətçi bu işə başlamamışdan əvvəl gəlməlidir, daha fabrikin işini görməli olduğu halda, vaxtını buna sərf etməməlidir. Əgər bu balaca oğlanın ağlı belə şeyləri kəsmirsə, onda heç olmasa, gözləri yaxşı görməyən, Ottomarın başqa bir şöbəyə deyil, məhz Blümfeldin şöbəsinə təhkim etdiyi, yalnız Allahın və bir də sahibkarın mərhəməti sayəsində hələ də yaşayan bu qoca xidmətçi insaflı olmalı, süpürgəni bircə anlığa ona verməliydi, əlindən heç nə gəlməyən oğlan da o dəqiqə həvəsdən düşərdi, kişinin dalınca düşüb yalvarardı ki, özü süpürsün. Ancaq deyəsən xidmətçi bu işdə özünün daha çox məsuliyyət sahibi olduğunu hiss edir, oğlan ona yaxınlaşmaq istəyərkən, titrəyən əlləri ilə süpürgədən daha bərk yapışır, işi dayandırır ki, bütün diqqətini cəmləyib süpürgəni əlində saxlaya bilsin. Təcrübəçi özünü guya nəsə hesablayırmış kimi göstərən Blümfeldin qorxusundan süpürgəni dili ilə istəmir, əslində istəməyin xeyri də yoxdur, çünki ona nəyisə başa salmaq üçün bağırmaq lazımdır. Beləliklə təcrübəçi əvvəlcə xidmətçinin pencəyinin qolunu dartışdırır. Əlbəttə, xidmətçi söhbətin nədən getdiyini bilir, qorxu içində təcrübəçiyə baxır, başını bulayır və süpürgəni özünə bir az da yaxın tutur, sanki bağrına basır. Təcrübəçi əlini geri çəkərək xahişə keçir. Düzdür, bilir ki, xahişlə bir şey alınmayacaq, sadəcə olaraq, məzələnir. Digər təcrübəçi bu olayı sakit bir gülüşlə izləyir və ona elə gəlir ki, inanılası olmasa da, Blümfeld heç nə eşitmir. Xahişin xidmətçiyə zərrə qədər də təsiri olmur, geri dönür ki, arxayınca işini görsün. Ancaq təcrübəçi sanki onun barmaqlarının ucunda fırlanıb yenə də qarşısında peyda olur, əllərini bir-birinə sürtüşdürüb, yalvarıcı nəzərlərlə üzünə baxır, indi də bu tərəfdən xahişə başlayır. Xidmətçinin o yana, bu yana dönməsi, təcrübəçinin də sanki onun barmaqları ucunda fırlanması dəfələrlə təkrar olunur. Axırda xidmətçi yolunun hər tərəfdən bağlandığını hiss edir və səhvə yol verdiyini anlayır: bir az sadəlövh olsaydı bilərdi ki, özü oğlandan tez yorulacaq. Ona görə də başqa yerdə kömək axtarır, barmağı ilə oğlanı hədələyir, Blümfeldi göstərir: yəni əl çəkməsə, ona şikayət edəcək. Təcrübəçi başa düşür ki, əgər süpürgəni ələ keçirmək istəyirsə, tələsməlidir və həyasızcasına ondan yapışır. O biri təcrübəçidən qopan qeyri-ixtiyari qışqırtı indi nə etmək lazım olduğundan xəbər verir. Düzdür, xidmətçi bu dəfə bir addım geri çəkilməklə süpürgəni xilas edir, ancaq təcrübəçi əl çəkmir, ağzını geniş açaraq gözləri parıldaya-parıldaya irəli atılır, xidmətçi qaçmaq istəyir, ancaq ayaqları titrəyir, tərpənə bilmir, təcrübəçi süpürgədən yapışır, ala bilməsə də, onu xidmətçinin əlindən yerə salır. Deyəsən, o heç təcrübəçiyə də qismət olmur, çünki süpürgə yerə düşən kimi üçü də donub qalır – təcrübəçilər də, xidmətçi də. Axı Blümfeld indi hər şeyi biləcək! Doğrudan da Blümfeld başını qaldırıb öz balaca pəncərəsindən baxır, sanki bütün bunlardan yenicə xəbər tutur, hər üçünü ciddi, sınayıcı nəzərlərlə bircə-bircə süzür, döşəməyə düşmüş süpürgə də gözündən qaçmır. Sanki sükut çox çəkir, sanki təcrübəçi özünün süpürmək həvəsini boğa bilmir, ehtiyatla aşağı əyilir, elə bil yerdəki süpürgə yox, heyvandır, onu götürür, döşəməyə çəkir, ancaq Blümfeld ayağa durub arakəsməyə tərəf gələndə, qorxusundan yerə tullayır.     
- İkiniz də iş başına! Bəsdir avaralandınız! – deyə qışqıran Blümfeld təcrübəçilərə pultu göstərir. Oğlanlar itaətkarlıqla iş yerlərinə tərəf gedirlər, ancaq Blümfeldin qarşısından keçəndə, utanıb-qızarmaq, başlarını aşağı dikib getmək əvəzinə, dönub onun gözünün içinə baxırlar, sanki bununla döyülməkdən qorunurlar. Ancaq öz təcrübələrindən bilməliydilər ki, Blümfeld heç zaman heç kəsə əl qaldırmır. Onlar isə çox qorxaq olduqlarından, ağına-bozuna baxmadan, özlərinin gerçək sandıqları və ya gerçək görünən hüquqlarını müdafiə etməyə çalışırlar. 
Tərcümə Ramil Rahiboğlu
ANN.Az
loading...

Xəbər lenti