E-Kitab: Mixail Bulqakov. Siflisli Bayram (Hekayə)

15:32 | 13.11.2013
E-Kitab: Mixail Bulqakov. Siflisli Bayram (Hekayə)

E-Kitab: Mixail Bulqakov. Siflisli Bayram (Hekayə)

Hər il mart ayının səkkizində qeyd elədiyimiz işçi qadın bayramında Kazan vilayətinin alimənsəb rəhbərliyi altındakı Laka-Tıjma kəndində yerləşən koma-kitabxananın qapısı açıldı və yerli sanitar feldşer (onun adını, məsələn, İvan İvanoviç qoyaq) içəri girdi.Əgər səkkiz mart günü heç bir ağlı başında, kişi cinsindən olan vətəndaşın, özü də hesabat vermək üçün, xüsusilə də kitabxanaya sərxoş gələ bilməyəcəyini nəzərə alsaq, feldşer İvan İvanoviçin hamıya məlum olduğu kimi, dilinə içki vurmamasını da gözardı eləsək, feldşerin bərk sərxoş olmağı barədə istənilən adamla rahat mərcə girmək olardı.Onun gözləri qırx faizli, zəhər-zəqqum rus araqlarının iki qırmızı surquclu qapağına oxşayırdı, feldşerin öz hərarəti isə otuz dərəcədən artıq olmazdı. Spirt qoxusu komaya elə yayılmışdı ki, iclas sədri kiriyib, bu ifadələri işlədərək, sözü İvan İvanoviçə verdi:- Beynəlxalq əməkçi qadın günü bayramı münasibətilə hesabat təqdim etməyi üçün sözü İvan İvanoviçə veririk.Alkoqolun coşdurduğu İvan İvanoviç, üç addıma səhnəyə çıxıb, başladı:- Beynəlxalq bayram barədə danışmazdan əvvəl, bir neçə kəlmə də zöhrəvi xəstəliklərdən danışaq!Bu çıxış əməlli-başlı uğur qazandı: ortalığa qəbiristanlıq sükutu çökdü, partlayan elektrik lampasının səsi eşidildi.- Hə-ə... Mənim əziz beynəlxalq işçi qadınlarım, - feldşer dərindən nəfəs ala-ala davam elədi, - budu, mən qarşımda 80 dənə sifət görürəm...- Qırx, - sədr qarşısındakı vərəqə baxıb, təccüblə dedi.    - Qırx? Lap pis... Daha doğrusu, daha yaxşı, - natiq davam elədi, - mənim sizə yazığım gəlir, mənim əziz qadınlarım və qızlarım...  Pardon!..  Qadınlarım...  Çünki bu bölgədə, statistikanın göstərdiyi kimi, əhali nə qədər az olursa, zöhrəvi xəstəliklər də az olur, ya da əksinə. Xüsusilə də sifilis məsələsində belə olur... Bu xəstəlik proletariatın dəhşətli, heç kimə aman verməyən qatilidir...  Siz, sifilisin nə olduğunu bilirsinizmi?    - İvan İvanoviç! – sədr səsləndi.    - Bir dəqiqə sus. Sözümü kəsmə. Sifilis,  -  natiq hıçqıra-hıçqıra davam elədi,  - damarını asanca tuta biləcəyiniz zarafatdı! Siz burda oturmusunuz və elə düşünürsünüz ki, siz bundan sığortalanmısınız?  (Bu yerdə feldşer kinayəli-kinayəli güldü...)  Hm!.. Ala bude! Budu, burda bir qız başına qırmızı yaylıq bağlayıb, oturub, sevinir ki, nə bilim səkkiz mart burdan gəldi, nə bilim nə ordan getdi, sonra da guya ərə gedəcək, gözəl günlərin birində əl-üzünü yuyanda, zart, burnu qopub, əlüzyuyana düşəcək. Ala! Burnunu yerində ifadəmə görə üzr istəyirəm, yekə bir deşik var!Bütün sıraları səs-küy bürüdü, işçi qadınlardan biri, rəngi ən avazımışı isə dürüb, çıxdı.    - İvan İvanoviç! – sədr bir də səsləndi.    - Günahkaram. Mənə tapşırıblar, mən də danışıram. Elə bilirsiniz ki, bakirəlik sizi xilas edəcək? Ho-ho-ho!.. Guya elə sizin aranızda çox bakirə var...    - İvan İvanoviç!!. – sədr qışqırdı.Daha iki işçi qadın qalxaraq, dəhşətlə səhnəyə baxıb, zaldan çıxdılar.    - Bir gün gələcəksiz bura, əilinizdə də deyək ki, bir qab qaynar su... Nə bilim, daha nə... Məlum məsələdi ki, istidi, - natiq köynəyinin yaxasını açaraq, davam elədi,  - indi, məlum məsələdi ki, fincanla... başınızın üstündə «çiy su içməyin» plakatı, sizdən də əvvəl burda sifilis xəstəsi, məsələn, bizim sədr su içib...Sədr heç nə deyə bilməyib, zarıdı.İyirmi nəfər işçi qadın dodaqlarını ikrahla dəsmala, dəsmalı olmayanlar isə ətəklərinə sildi.    - Sən niyə zarıyırsan? – feldşer sədrdən soruşdu.    - Mən heç vaxt sifilis olmamışam!!  -  sədr qışqırdı, bir anın içində rəngi pomidor kimi qızardı.    - Məzən olsun...  Mən misal üçün deyirəm... Belə deyək, o qadın, - feldşer titrəyən barmağını ilk sıralara uzatdı – qadınlar ətəklərini xışıldada-xışıldada sıraları tərk etməkdə idilər.    - Qadın 8 Mart günü cinsi yetişkənliyə çatırsa, ifadəmə görə üzr istəyirəm,  - bürküdən getdikcə daha çox əziyyət çəkən natiq tribunadan danışırdı, - bax, o qadın özü barədə nə fikirdədi?..    - Tərbiyəsiz! – arxa sıralardan kimsə nazik səslə dilləndi.    - Onun arzuladığı tək şey, aylı gecələrdi,  -  bu da öz cinsi patnyoruna doğru irəliləmək,  -  feldşer tamam özündən çıxmışdı.Bu vaxt komada zarıma və diş qıcartısı eşidildi.Skamyalar cırıldayıb, boşaldı. İşçi qadınların hamısı, bəziləri ağlayaraq, otaqdan çıxdılar.Cəmi iki nəfər qaldı: sədr və feldşer.    - Onun cinsi partnyoru isə,  -  feldşer sədrə baxa-baxa yerində yırğalanaraq, davam elədi, - mənim əziz işçi qadınım özünü sevgi və digər günahlara təslim edir...    - Mən işçi qadın deyiləm! – sədr qışqırdı.    - Üzr istəyirəm, siz kişisiniz?  -  gözlərindəki toru dağıtmağa çalışan feldşer soruşdu.    - Kişiyəm! – sədr özünü təhqir olunmuş adam kimi hiss edərək qışqırdı.    - Oxşamırsınız - feldşer hıçqırdı.    - Bilirsiniz,  İvan  İvanoviç, siz eşşək kimi sərxoşsunuz, - hirsindən tir-tir əsən sədr qışqırdı, - siz mənim bayramımı məhv elədiniz! Sizdən mərkəzə, lap yuxarılara şikayət eləyəcəm.    - Neynək, şikayət elə, - feldşer kürsüyə oturub, yuxuladı.27 mart, 1925-ci ilRuscadan Günel Mövlud çevirib.oxuzali.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM