Qrem Qrin (Graham Greene) ingilis yazıçısıdır. 1940-cı illərdə Böyük Britaniya kəşfiyyatının əməkdaşı olub. “Sakit Amerikalı”, “Güc və Şöhrət”, “Dağıdıcılar”, “Bir Romanın Sonu”, “İşin Mahiyyəti”, “Təlxəklər”, “Qorxu Nazirliyi”, “Cenevrəli həkim Fişer və ya Bombayla şam yeməyi” kimi məşhur romanların müəllifidir. Əsərləri əsasında filmlər çəkilib.
Qrem Qrin
BU BARƏDƏ DÜŞÜNƏNDƏ TƏƏCCÜBLƏNİRSƏN
Hekayə
Haradasa Ridinqlə Slau şəhəri arasında, qarşımdakı oturacağın üstündəki hörmə səbətdə uzanmış körpə mənə baxıb, göz vurarkən, birtəhər hiss etdim özümü. Sanki sirli marağımı açmışdı.
Bizim cüzi dəyişməyimiz təəccüblüdür. Vaxtaşırı hansısa köhnə dostunuz, mürəkkəblərlə batırılmış, üstü doğram-doğram edilmiş qonşu partada əyləşdiyi zamanlardan xeyli vaxt ötsə də, qırx ildir üzünü görməsəniz belə, küçənin ortasında çağırılmamış xatirələriylə saxlayır sizi. Biz öz gələcəyimizi hətta körpəlik dövründən özümüzlə aparırıq. Geyim bizi dəyişə bilməz. Geyim xarakterimizin uniformasıdır. Xarakterimiz isə burnumuzun quruluşu və ya gözlərimizin ifadəsi kimi cüzi dəyişikliyə məruz qalır.
Qatarla səfərə çıxarkən, zamanı gələndə bəlkə barların daimi müştərisi, bəlkə sərgərdan birisi, bəlkə də dəbdəbəli toyların daimi ziyarətçisi olacaq bir körpə simasında özümü təsəvvür etmək, həmişə sevimli məşğuliyyətim olub. Yeganə etməli olduğumuz iş, kətan papağı, boz rəngli hündür şlyapanı gələcəyin kədərli, özündənmüştəbeh və ya xoşbəxt uniformasıyla əvəzləməkdir. Ancaq mən təkəbbürlü üstünlüklə davranışlarını öyrəndiyim körpələrə, heç nədən anlayışları olmadıqlarından, həmişə yüngül nifrət duymuşam, buna görə də keçən həftə, anasından ayrılmayan belə körpələrdən birisi onu güddüyümü ifşa etdikdə, sanki illərin ona nələri yaşadacağı barədə təsəvvürlərimlə razılaşırmış kimi hiyləgərliklə cavab verdikdə şok keçirdim.
Bu körpəni vaqondakı qarşı oturacaqda bir müddət yalqız qoydular. Gənc ana onun uşağının qayğısına qaldığımı güman etdiyindən, heç bir söz demədən, üzümə gülümsədi. Güya onun körpəsini hansısa təhlükə təhdid edə bilərdimi? Bəlkə də bu qadın körpəsinin hansı cinsdən olduğunu məndən az bilirdi. Əlbəttə, körpəsinin bələyin altındakı bədən cizgilərini bilirdi, ancaq xarici görünüş aldadıcı ola bilər. Bədən üzvləri dəyişdirilir, əməliyyatlar olunur. Bu qadın mənim gördüyümü görə bilməzdi: çəpəki qoyulmuş şlyapa, dirsəyini büküb, əlində çətir tutub. Amma çəhrayı dovşanların təsvir olunduğu yorğanın altındakı qolu hələ gözdən keçirilməyib.
Körpənin anası övladından narahat olmayacaq dərəcədə rahatlıqla vaqondan çıxdıqda, mən səbətə əyilib körpəyə müraciət etdim. Heç vaxt tədqiqatlarımda belə dərinə getməmişdim.
- Nolub? – mən soruşdum.
Körpə qıraqları qəhvəyi, bulanıq ağ qovuq buraxdı. Şübhəm qalmamışdı, körpə deyirdi:
- Ən keyfiyyətli acı pivədən bir pinta.
- Bilirsən, çoxdan səni qədim yerdə görmürdüm, - mən dedim.
Körpə cəld gülümsəyib, dodaqlarına qonmuş təbəssümü üzündən qovdu, sonra yenə göz vurdu. Şübhəyə yer yoxdur, körpə soruşurdu:
- Yenə yarım pinta?
Mən də öz növbəmdə qovuq buraxdım, eyni dildə danışırdıq. Körpə başını yanı üstə əydi. İndi deyəcəyi sözlər istəyirdi başqalarının qulağından uzaq olsun.
- Səndə hansısa məlumat var? – soruşdum.
Məni düzgün başa düşün. Atların sınaqdan keçirilməsi barədə məlumat lazım deyildi mənə. Əlbəttə, bu çəhrayı dovşanlarla dolu örtüyün üstündən onun belini görə bilmirdim. Amma ikitərəfli jilet geyinməsini və heç zaman cığırda at çapmadığını yaxşı bilirdim. Anasının istənilən vaxt gələ biləcəyini nəzərə alıb, cəld dedim:
- Mənim brokerlərim Dryus, Devis və Barrousdur.
Körpə qan dolmuş gözlərini mənə yönəltdi, ağzının qırağında isə kiçik tüpürcək zolağı yarandı. Mən dedim:
- Bilirəm, brokerlər elə də etibarlı deyillər. Ancaq onlar hal-hazırda yığım etməyi məsləhət bilirlər.
Körpə ağrıdan qışqırdı. Mənim yerimdə olsaydınız, düşünə bilərdiniz ki, körpənin belə qışqırmasının səbəbi mədəsindəki qazlardan əmələ gələn köpmə, qarın ağrısıdır. Ancaq mən belə olmadığını yaxşı bilirdim. Onun klubunda şüyüd suyu verməyə gərək yox idi. Dedim:
- Səninlə razı deyiləm, bunu nəzərə al.
Körpə səsini kəsib, balaca möhkəm ağ qovuq buraxdı, dodağından sallandı. Nə demək istədiyini dərhal anladım.
– İndi mənim növbəmdir, - dedim. – Nəsə kefləndirən içki içməyin zamanı deyilmi?
Körpə razılıq əlaməti olaraq başını tərpətdi.
- Şotland viskisi?
Bilirəm, indi deyəcəyim sözlərə çoxunuz inanmayacaqsınız, amma bu körpə başını təxminən beş santimetr qaldırıb, gözlərini mənim saatıma zillədi.
- Hələ içmək tezdir? – mən soruşdum. – Çəhrayı cin?
Onun cavabını gözləməyimə gərək yox idi.
– İki qədəh süzün, - xəyalımda canlandırdığım barmenə dedim.
Barmen narazı halda ağzının altında mızıldandığından, əlavə etdim: - Çəhrayı cin süzün.
- Buyur, - körpəyə dedim - bu, sənin üçündür. Xoşbəxt gələcək naminə!
Razı halda biri-birimizin üzünə gülümsədik.
- Mənə nə məsləhət görmək istədiyini bilmirəm, - dedim, - ancaq tütün səhmlərinin dəyəri xeyli düşdüyündən, şübhəsiz bu səhmlər iflasa uğrayacaqlar. "İmperialz"ın səhmlərini 30-cu illərin əvvəllərində 80 şillinqə almaq olardısa, indi bu cürə səhmləri 60 şillinqdən də az məbləğə əldə etmək olar... Bu kanserofobiya çox davam edə bilməz. Adamlar həzzlərindən qalmamalıdırlar.
“Həzz” sözünü işlədərkən, körpə yenə mənə göz vurub, müəmmalı-müəmmalı ətrafın seyrinə daldığından, düz yolda olmadığımı güman etdim. Bu körpəni bazarın vəziyyəti maraqlandırmırdı.
- Dünən maraqlı bir hadisə eşitdim. Kişi metro vaqonuna daxil olur, bu vaqonda isə gözəl bir qız vardı, ayağındakı çulkisi aşağı dartılmışdı...
Körpə əsnəyib, gözlərini bağladı.
- Bağışla, elə düşünürdüm bu nəsə yeni bir hadisədir. İndiysə sən nələrsə danış mənə.
Təsəvvürünüzə gətirirsinizmi, bu şeytan körpə mənim xahişimi yerinə yetirməyə tamamilə hazır idi. Yalnız özlərinin etdikləri zarafatları məzəli sayan adamların kateqoriyasına aid olduğundan, danışmaq istəyərkən, bircə gülümsəyişlə kifayətləndi. Güldüyünə görə, hekayəsini danışa bilmədi mənə. Gülürdü, göz vururdu, gülürdü, göz vururdu, görün necə gözəl bir hekayə danışmaq istəyəsən ki, bu qədər güləsən. Dostlarıyla vədələşib, bir neçə həftə ərzində onlarda nahar eləyə bilərdim. Elə gülürdü, əl-ayaqları da titrəyirdi, əllərini çəhrayı dovşanların altından azad etməyə çalışırdı. Ancaq gülümsəyişləri tədricən sönüklədi. Mən demək olar, bu sözləri dediyini eşitdim:
- Sonra danışaram, köhnə dost.
Gənc ana vaqona daxil olub, mənə dedi:
- Siz onu əyləndirirsiniz. Çox mehriban insansınız. Uşaqları sevirsiniz?
Qadın mənə baxarkən, gözlərinin və dodaqlarının ətrafında zərif qırışlar yarandı, mən yoldan azdıran istiliklə və ikiüzlülüklə cavab verməli olduğumu duyduqda, körpənin sərt sarsılmaz baxışlarıyla rastlaşdım.
- Belə götürəndə, uşaqları sevmirəm. Doğrudan sevmirəm.
Qadının mavi şəffaf gözlərindən süzülən heyrət dolu baxışların təsirindən, uğur qazanmaq yolunda bütün şanslarımı itirib, ağzıma gələni danışdım.
- Bilirsinizmi bu necə olur... heç zaman uşağım olmayıb... Halbuki balıqları sevirəm...
Müəyyən dərəcədə mükafatlandığımı güman edə bilərəm. Körpə məmnun halda salxım-salxım qovuqlar buraxdı. Dostunun anasına girişmək yaxşı deyil, ələxsus da, eyni kluba daxilsənsə. Qəflətən iyirmi ildən sonra körpənin hansı klubda olacağını anladım:
- Mənim hesabıma, hər kəsə iki porsiya, - yəqin indi deyir.
Bu qədər uzun ömür sürməyəcəyimə yalnız ümid etmək qalırdı.
Xüsusi olaraq ANN.Az üçün,
Orijinaldan tərcümə: Ramil Rahiboğlu
Bizi sosial şəbəkələrdə izləyin !