E-Kitab: Saki. Mousl-Barton kəndinin hüznlü mənzərələri. (Hekayə)

16:38 | 30.03.2013
E-Kitab: Saki. Mousl-Barton kəndinin hüznlü mənzərələri. (Hekayə)

E-Kitab: Saki. Mousl-Barton kəndinin hüznlü mənzərələri. (Hekayə)

Saki (Hektor Hyu Manro)

Hektor Hyu Manro (Hector Hugh Munro) ingilis yazıçısı və jurnalistidir. Birmada zabit ailəsində doğulub. Dünyanın bir çox ölkələrində müxbir kimi fəaliyyət göstərib. "Saki” təxəllüsü farsca "məclisdə şərab paylayan” mənasını verir. Bu təxəllüsü Ömər Xəyyam poeziyasından götürdüyü güman olunur. Qısa satirik hekayələri ilə şöhrət qazanıb. Birinci dünya mübaribəsində alman snayperi tərəfindən qətlə yetirilib.

HEKAYƏ

Mousl-Barton kəndinin hüznlü mənzərələri

Krefton Loker qəlbiylə və bədəniylə hüzur içində balaca torpaq sahəsində əyləşmişdi. Mousl-Barton kəndinin balaca fermasına bitişik bu torpaq sahəsinin yarısı bağ, yarısı isə güllük-gülüstanlıq idi. Yaşadığı illərin səsli-küylü, əsəbi günlərindən sonra dağlarla, təpələrlə əhatələnmiş hüzur dünyası onun ürəyincəydi. Sanki zaman və məkan öz anlamını və sərtliyini itirmişdi. Dəqiqələr saatlarla əvəzlənirdi, çəmənliklər və düzəngahlar hüzur içindəydi, xəfif-xəfif gizlin-gizlin uzaqlaşıb da gedirdilər. Vəhşi otlar dağınıq halda çəmənlərdən güllüklərə enirdilər, rəngbərəng güllər və bağ kol-kosları ferma həyətinə, yollara hücum edirdilər. Yuxulu toyuqlar, xəyallarında uçuşan təmtəraqlı ördəklər evin həyətində, meyvə bağında və ya yolların ortasında özlərini tək-tənha hiss edirdilər. Sanki heç nə heç kimə aid deyilmiş. Hətta boğazlar da öz ilgəklərində tapılmayacaqdılar. Hüzur və sakitlik bütün səhnəni ağuşuna almışdı, özündə sehrli nələrisə hifz edirdi. Gündüzlər duyulurdu ki, həmişə gündüzlər olub, həmişə də gündüzlər olaraq qalacaq, axşamlar isə anlaşılırdı ki, heç zaman axşamlardan savayı heç nə ola bilməzmiş. Krefton Loker kəndçi stulunda, qoca cökə ağacının yanında hüzur içində əyləşib, düşünürdü ki, onun ağlında çəkilmiş rəsmlər hansı həyat lövbərlərini salır və bu barədə lap çoxdan, tez-tez düşünərdi, onun yorğun titrək hissləri üzülərdi. O, bu mehriban, bu sadə adamların arasında özüyçün daimi məskən sala bilərdi, tədricən rahatlığını artıra bilərdi, çünki belə duyğularla əhatələnməkdən xoşlanırdı, imkan daxilində onlar kimi yaşamaq istəyirdi.

Və o, hələ öz fikrini asta-asta yetişdirməkdəykən, meyvə bağından inamsız addımlarla yaşlı bir qadın keçdi. O, həmin qadını tanıdı, qadın ferma sahibi olan şəxsin ailə üzvüydü, ya anası, ya da ola bilsin, onun evinin keçmiş sahibəsi xanım Spurfildin qaynanası idi. O, tələm-tələsik ağlında bir neçə xoş sözlər arayıb tapdı onunçün. Qadın onu qabaqladı.

"O dey, bax orda, qapının üstündə təbaşirlə nə yazılıb?”

Qadın küt simasız tərzdə danışırdı, sanki bu suallar illərdi onun dodaqlarından asılıb qalmışdı və bu suala tez bir zamanda cavab tapmaq ən yaxşı çıxış yoluydu. Onun gözləri səbirsizliklə Kreftonun başı yuxarısındakı böyük anbarın qapısına zillənmişdi, bu anbar ferma binasında kələ-kötür durmuşdu. 

"Marta Pillamon – köhnə cadugər”, Kreftonun diqqətli baxışları qarşısında durmuş bəyanat beləydi, Krefton bu bəyanatı geniş tamaşaçı kütləsinə çatdırmazdan əvvəl azacıq tərəddüd etdi.

Tərcümə: Ramil Rahiboğlu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM