E-Kitab: Saki. Sredni Vaştar. (Hekayə)

16:13 | 11.05.2013
E-Kitab: Saki. Sredni Vaştar. (Hekayə)

E-Kitab: Saki. Sredni Vaştar. (Hekayə)

Hektor Hyu Manro (Saki) ingilis yazıçısı və jurnalistidir. Birmada zabit ailəsində doğulub. Dünyanın bir çox ölkələrində müxbir kimi fəaliyyət göstərib. "Saki” təxəllüsü farsca "məclisdə şərab paylayan” mənasını verir. Bu təxəllüsü Ömər Xəyyam poeziyasından götürdüyü güman olunur. Qısa satirik hekayələri ilə şöhrət qazanıb. Birinci dünya mübaribəsində alman snayperi tərəfindən qətlə yetirilib.

Hekayə

Sredni Vaştar

Konradin on yaşında ikən həkim müayinəsindən keçdi, həkim öz sənətinin peşəkarı kimi, oğlanın sağlamlığı haqqında məlumat verdi: 

- Konradinin ömrünə az qalıb, beş ildən çox yaşamaz. 

Həkim qətiyyətsiz və üzgün görünürdü. Bir çox həmkarları onun dedikləriylə hesablaşmırdı, lakin xəstənin vəziyyəti barədə onun söylədiklərini təsdiqləyən xanım De Roppu əksəriyyət sayır, sözündən çıxmırdı. Xanım De Ropp Konradinin qohumu və qəyyumu idi. Bu xəstə oğlanın gözlərində dünyanın ağrılı-acılı, ancaq lazımlı və gerçək olan beşdə üç hissəsi əks olunmuşdu. De Ropp yalnız bunları görə bilirdi. Qalan beşdə iki hissə isə oğlanın təxəyyülündə qalaqlanıb, yuxarıda sayılanlarla əbədi rəqabət içindəydi. Konradin günlərin birində qərara gəldi ki, xəstəlik, məhdudiyyət və keyimə kimi yorucu halların artan təzyiqinə təslim olmaq gərəkdir. Tənhalığının dəstəyi ilə şaxələnən təxəyyülü olmasaydı, çoxdan təslim olardı.

Xanım De Ropp heç zaman, hətta ən səmimi anlarında belə, Konradini sevmədiyini özlüyündə etiraf edə bilmirdi. Bəlkə bulanıq da olsa dərk edirdi ki, oğlanı "elə onun xeyri üçün” dilxor etməyə borcludur və bu borcunun öhdəsindən həvəslə gəlirdi.

 

Konradin bütün qəlbiylə qəyyumuna nifrət bəsləyirdi, ancaq bunu hamıdan gizləyirdi. O, zövq aldığı bəzi xırda məqamların qəyyumuna xoş getməyəcəyini düşündükcə, daha çox sevinirdi. Konradinin ucsuz-bucaqsız təxəyyülündə xanım De Ropp günahkar kimi həbs edilmişdi və oradan çıxış yolu yox idi.

Qohum evinin əksər pəncərələri darıxdırıcı, kədərli bağa açılırdı. Lakin Konradin bu mənzərədən heç zövq almırdı. Çünki pəncərələrin açılması müxtəlif tələbləri, qadağaları, məsələn, "dərmanları qəbul etmək vaxtıdır” kimi xəbərdarlıqları xatırladırdı. Bağda qayğıyla əkilmiş bir neçə meyvə ağacı vardı. Onlar öz növlərinin nadir nümunələri kimi, quru səhrada çiçəkləyən bitkilər kimi əlçatmaz və lazımsız idilər. Yəqin alverçilər ağaclardan götürülən ümumi məhsula heç on şillinq də verməzdilər.

 

Bağın tənha köşəsində böyük bir anbar vardı. Bu tikili kolluqların arasında gizlənmişdi. Konradin anbarın divarları arasında sığınacaq tapdı. Bu anbar onunçün gah oyun otağına, gah kilsəyə dönürdü. Oğlan anbarı tanış xəyalatlarla doldurmuşdu. Xəyalatların bəzilərini tarixdən, bəzilərini isə öz təxəyyülündən çağırmışdı. Anbarın iki qanlı-canlı sakini vardı. Bir küncdə Hudan toyuğu dayanmışdı, Konradinin sevgisiylə daranmış lələkləri pırpızlanmışdı. Digər alaqaranlıq küncdə isə iki bölməyə ayrılmış nəhəng qəfəs vardı. Bölmələrdən birinin ağzı sıx dəmir barmaqlıqlarla qapanmışdı. Həmin bölmə qəssabın oğlunun qəfəs və digər ləvazimatlarıyla birlikdə gizlincə gətirdiyi safsarın yuvası idi. Konradin safsarı uzun müddət xəlvət yığdığı gümüş qəpiklərlə dəyişdirmişdi. Bu oynaq, iti dişli heyvandan çox qorxsa da, sahib olduğu ən dəyərli varlıq idi. Safsarın mövcudluğu Konradinin ən böyük sirri və sevinciydi, Qadının bundan xəbər tutmaması üçün böyük səy göstərirdi. 

Günlərin birində Konradin bir Allah bilir, nə cür materialdan heyvana möcüzəli ad bağışladı və həmin andan etibarən heyvan Tanrı kimi, din kimi böyüməyə başladı. Qadın həftədə bir dəfə yaxınlıqda yerləşən kilsədə vaxtını dinə həsr edirdi və Konradini də özüylə aparırdı. Ancaq oğlan üçün kilsə ayinləri yad idi. Axı o, hər dördüncü gün alaqaranlıq və kif basmış anbarın sükunətində mistik və təfərrüatlarına qədər incəliklə hazırlanmış mərasimlə qəfəsə sitayiş edirdi. Qəfəsdə Sredni Vaştar adlı nəhəng safsar-tanrı yaşayırdı. Mövsümü gələndə Sredni Vaştarın məbədində qırmızı güllər, qışda isə al giləmeyvələr qurban verilirdi. Çünki Konradinin Tanrısı Qadının dininin əksinə hər şeyin qəddar, səbirsiz tərəfini vurğulayırdı və Konradin müşahidə etmişdi ki, Qadının dini əks istiqamətdə xeyli irəliləyib.

 

Böyük bayramlarda qəfəsin qarşısına əzim-əzim əzilmiş hind qozu səpilirdi və bu qurbanvermə mərasiminin vacib cəhəti hind qozunun oğurluq olması idi. Belə bayramlar hər deyəndə olmurdu. Əsasən əlamətdar hadisələr qeyd edilirdi, məsələn, xanım De Ropp üç gün kəskin diş ağrısından əziyyət çəkdi, Konradin isə üç gün bayram elədi. O, diş ağrısının məhz Sredni Vaştarın məharəti olduğuna inanmaq istəyirdi. Xəstəlik dördüncü günə keçsəydi, evin hind qozu ehtiyatı tamamilə tükənə bilərdi. Toyuq heç zaman Sredni Vaştar ayinində iştirak etmirdi. Konradin onun anabaptist olduğuna qərar vermişdi. Əslində anabaptistin nə demək olduğunu bilmirdi, ancaq ümid edirdi ki, bu cəsur və bir o qədər qəbul olunmayan cərəyandır. Hamı tərəfindən qəbul edilən hallara Konradinin nifrət bəsləməsinin səbəbkarı xanım De Ropp idi.

 

Bir müddət sonra Konradinin anbara olan marağı qəyyumunun diqqətini cəlb etdi. Xanım De Roppo "Konradinin istənilən havada orada vaxtını keçirməsi zərərlidir” deyə düşündü və səhər yemək süfrəsində bildirdi ki, sabaha qədər Hudan toyuğu satılıb burdan gedəcək. Xanım De Roppun uzağı zəif görən gözləri Konradinə zilləndi. Gözlədiyi qəzəbli və kədərli reaksiyaları mükəmməl nəsihətlər və mülahizələrlə dəf etməyə hazırlaşırdı. Ancaq Konradin cavab vermədi: deməyə sözü yox idi. Yəqin oğlanın solmuş bənizindəki ifadə Qadında mərhəmət hissi oyatdığından, axşama çay süfrəsində tort və oğlana zərərli olduğu üçün, həm də hazırlanması "xeyli zəhmət” tələb etdiyi üçün əvvəllər bişirmədiyi delikates var idi.  

- Elə bilirdim, tostları sevirsən, - bişirdiyi şirniyyatlara oğlanın əl vurmadığını görən Qadın, incik səslə soruşdu.

- Bəzən sevirəm, bəzən də yox, - Konradin cavab verdi. 

Həmin axşam Anbar Tanrısının qəfəsi önündəki sitayiş mərasimində dəyişikliklər oldu. Konradin adətən Tanrısına mədhiyyələr deyərdi, o gün isə bir istəyi var idi:  

- Mənimçün nəsə elə, Sredni Vaştar. 

İş elə də çətin deyildi. Sredni Vaştar Tanrı olduğundan, bunu bilməliydi. Konradin hıçqırıqlarını güclə boğub boş küncə baxdı və nifrət etdiyi dünyaya qayıtdı. 

Hər gecə yataq otağının doğma zülmətində, hər axşam anbarın alaqaranlığında Konradinin kədərli yalvarışlarını eşitmək olardı: 

- Mənimçün nəsə elə, Sredni Vaştar.

Xanım De Ropp hiss etdi ki, anbar ziyarətləri kəsilməyib və günlərin bir günü o, Konradinin otağına səyahətə çıxdı. 

- Qəfəsdə nə saxlayırsan? – soruşdu. – Deyəsən, gəmiricilərdir. Hamısını rədd eləyəcəm. 

Konradin ağlamamaq üçün dişlərini sıxmışdı, ancaq Qadın anbarın açarını tapanadək yataq otağında eşələndi və məqsədinə çatandan sonra dərhal anbara getdi. Kəşfiyyatını başa vurmalı idi. Soyuq olduğu üçün Konradinə evdən çıxmaq qadağan olunmuşdu. Mətbəxin uzaq küncdəki pəncərəsindən anbarın qapısı görünürdü və Konradin orada yerini rahatladı. O, Qadının içəri girdiyini gördü. Sonra təxəyyülünə güc verdi: Qadın müqəddəs qəfəsin qapısını açır, zəif gözləri ilə Tanrının gizləndiyi saman yuvaya baxır, yəqin səbirsizliklə samanı barmaqlayır. 

Konradin son dəfə ürəkdən dua etsə də, artıq möcüzəyə inanmadığını duyurdu. O bilirdi ki, indilərdə Qadın həmişəki iyrənc gülüşüylə evə qayıdacaq və uzağı bir-iki saat sonra bağban onun möcüzəli Tanrısını aparacaqdı. Tanrı yenidən qəhvəyi rəngli safsara çevriləcəkdi. O bilirdi ki, Qadın həmişə qalib gələcək. İndiki kimi... Konradin isə Qadının verdiyi tərbiyə ilə, Qadının üstünlüyü və müdrikliyi ilə əzilərək böyüdükcə daha çox xəstələnəcək. Ta ki, həmin gözəl gün yetişib həkim haqlı çıxanadək. İçini yandıran ağrının və məğlubiyyətin yaşatdığı acının təsiriylə əzəmətli idoluna yüksək səslə himn oxudu: 

 

- Sredni Vaştar yürüyür, 

Fikirləri qan rəngində, dişləri bəyaz incidir. 

Düşmənlər sülhə səsləyir, 

Ancaq o, ölüm vəd edir! 

Sredni Vaştar Möhtəşəmdir!

 

Bir qədər sonra Konradin zümzümə etdiyi mahnını kəsib, pəncərə çərçivəsinə sıxıldı. Anbarın qapısı hələ də taybatay açıq idi və dəqiqələr aramla axırdı. Dəqiqələr çox uzun olmasına baxmayaraq bir-birilərini əvəzləyirdi. Konradin kiçik dəstələrlə çəmənliyin üzərində qaçışan və uçuşan sığırçınları izləyirdi. Təkrar-təkrar quşları sayır və bir yandan da yellənən açıq qapını nəzərindən qaçırmırdı. Büzüşük sifətli qulluqçu çay süfrəsi açmağa gəldi. Konradin isə yerindən tərpənmir, gözləyir, izləyirdi. Ümid yenidən ürəyini fəth edirdi və gözlərində qalibiyyət qığılcımları parlayırdı. İndiyədək bu gözlər məğlubiyyətlər qarşısında kədər və dözüm nümayiş etdirmişdi. Konradin nəfəsini tutmuşdu. O, gizli qalibiyyət sevinciylə qələbə mahnısını zümzümə edirdi.  

 

Nəhayət, gözləri mükafatlandırıldı: zəif gün işığından gözləri qıyılan, boynunda və çənəsində tünd, islaq ləkələr olan uzun, qəhvəyi-sarı rəngli heyvan sürünüb qapıdan çıxdı. Konradin dizləri üstə çökdü. Əzəmətli safsar bağın aşağısında axan xırda çaya yol aldı, bir saniyə ayaq saxlayıb su qurtumladı, sonra kiçik taxta körpünü keçdi və kolların arasında gözdən itdi. Sredni Vaştarın gedişi belə oldu. 

- Çay hazırdır, - büzüşük sifətli qulluqçu dedi. - Bəs xanım haradadır?” 

- Bayaq anbara getdi, - Konradin cavab verdi.

 

Qulluqçu hazırladığı çayı təklif etsin deyə, xanımın arxasıyca anbara gedərkən, Konradin bufet siyirtməsindən çəngəl çıxarıb, bir tikə çörəyi tost kimi qızartmağa başladı. O, çörəyi qızardarkən, üstünə yağ çəkərkən, tikələri asta-asta, ləzzətlə çeynəyərkən, yemək otağının qapısının o tayında növbələşən səs-küyü və sakitliyi dinşəyirdi: qulluqçunun qulaqbatıran, mənasız çığırtısı, mətbəx tərəfdən cavab kimi səslənən təəccüb nidaları, addım səsləri və kömək çağırışlarından sonra çökən qısamüddətli səssizliyi əvəzləyən ağlaşmalar və evə ağır yük daşıyanların addımları. 

- Kimsə bu yazıq uşağa desin! Mən bacarmıram! - xırıltılı səs qışqırdı. Onlar öz aralarında bu məsələni müzakirə etməkdəykən, Konradin daha bir tost hazırladı.

Tərcümə: Ramil Rahiboğlu

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM