E-kitab: Samirə Əşrəf - “Dolabın sonuncu siyirməsi”

12:33 | 07.11.2016
E-kitab: Samirə Əşrəf - “Dolabın sonuncu siyirməsi”

E-kitab: Samirə Əşrəf - “Dolabın sonuncu siyirməsi”

Samirə Əşrəf

"Dolabın sonuncu siyirməsi” hekayəsi
 
Lətifə on ildən sonra uşağa qalmışdı. Gözlənilməz idi. Qəribə hisslər keçirirdi. Üç uşaqdan sonra öz təbirincə desək, belə işə düşməsi qanını xeyli qaraltmışdı. Bir yandan da ərinin vay-şüvəni onu əsəbiləşdirirdi.
 
Əri uşağın dünyaya gəlməsində, Lətifə isə onu götürtməkdə israr edirdi:
 
- Ayağımıza bir cüt ayaqqabı almağa pulumuz yoxdu, uşaqların əyin-başları çılpaq, sən deyirsən ki, doğ?!
 
Əri onun dediklərini eşitmirmiş kimi israr edirdi:
 
- Heç nə olmaz, Allah göndərdiyi bəndəsinin ruzusunu da göndərər.
 
- Bəsdir, sən canın. Qurban olduğum əvvəlcə, bu birilərininkini göndərsin, sonrasına baxarıq.
 
Səhəri gün Lətifə yuxudan oyananda, gözü aynalı dolabın qarşısındakı pula sataşdı. Məsələ həll olunmuşdu. Görünür əri də dördüncü uşağı kasıblıq içərisində yaşatmaq məsuliyyətini boynuna götürməkdən son anda vaz keçmişdi. Gecikmək, özünü bətnindəki canlıya öyrəşdirmək nəyə lazım idi?! Elə günü bu gün həkimə getməliydi.
 
Həkimin otağına girən kimi tibb bacıları başının üstünü aldılar. Arda-arda ona bir neçə iynə vurub, sistem qoşdular. İki dəqiqədən bir işlənən əməliyyat kəlməsi Lətifəni bir az da qorxudurdu. Ağrı hiss etməmək üçün abort anesteziya üsulu ilə həyata keçiriləcəkdi. Həyatı boyu çox ağrı çəkmişdi. İndi növbəti ağrını yaşamağa taqəti qalmamışdı.
 
Hərdən öz-özünə fikirləşirdi ki, Allah göstərməsin, yenidən müharibə başlasa, düşmənə əsir düşüb eləsə, ən kiçicik işgəncə ilə bütün nəsil-kökünü onlara satar. Niyə? Çünki ağrını daşıyacaq dözümü qalmamışdı. Əsəbləri sıradan çıxmış, canı zəifləmişdi.
 
Lətifə gözünü açanda hər şey başa çatmışdı. Canı heç olmasa qarşıdakı səkkiz aylıq fiziki zəhmətdən xilas olmuşdu.
 
Lətifənin anasıgil xəstəxananın yaxınlığında olduğundan xəstəxanadan çıxıb birbaşa onlara getməyi qərara aldı. Həm bir az dincini alar, həm də anasıyla ordan-burdan dərdləşərdilər. Avtobusa minən kimi, yeniyetmə bir oğlan yerindən sıçrayıb ona yer verdi. Lətifə oturacağa əyləşib yenicə sıyrılmış, soyuq, bomboş bətnini qucaqladı. Gözündən bir damla yaş yuvarlanıb qolunun üstünə düşdü. Ona yer verib başının üstündə dayanan oğlana baxıb fikrə getdi. İndicə götüzdürdüyü dölün böyüklüyünü təsəvvür etməyə çalışdı. Ötən həftə kitab mağazasından aldığı çin təqvimi kitabındakı tarixlərlə ərinin və özünün təvəllüdünü yoxlamışdı. Təqvimə inansa, dölün gələcək cinsiyyəti oğlanı göstərirdi. Yəqin indi ərinin sözünə qulaq asıb ona toxunmasaydı, on ildən sonra o, da böyüyüb cantaraq bir məktəbli olacaqdı. O biri uşaqları kimi...
 
Lətifənin üç uşağı vardı. İkisi oğlan, biri qız. Bir anlıq övladlarından birinin mövcud olmadığını təsəvvür etdi. Dəhşətli idi. Həyatında təsəvvürə gəlməz boşluq olardı.
 
Nə vaxtsa, internetdə bir şəkil görmüşdü. Ana dörd-beş yaşlı qız uşağının ruhu qarşısında diz çöküb ağlayırdı. Rəssam anaların vaxtilə tələf etdirdiyi körpələrin ruhunu təsvir edib, anaların çəkdiyi vicdan əzabını göstərirdi.
 
Yəqin indi onun da bu gün itirdiyi övladının ruhu nə zamansa böyüyəcək və onun qarşısında dayanmasa da, yuxularına girəcəkdi.
 
Avtobus anasıgilin dayanacağına çatanda Lətifə fikirdən ayıldı. Pul kisəsindəki son manatı sürücüyə verib xırdaladı.
 
Qapını onun üzünə açan anası mətbəxə qaçıb tez bir stəkan şirin çay gətirdi:
 
- Bəs niyə tək getdin? Dedim axı bura gəl, gəlini qoşum yanına, onunla get. Birdən başına bir iş gəlsəydi nə olacaqdı?
 
- Heç nə olmaz. Öyrənmiş canıq onsuz da.
 
- Yenə baxma, yanında bir adamın olmağı yaxşıydı. Yiyəsiz deyilsən ki, təkbaşına yolun ortasına düşüb həkimə gedirsən.
 
Daha sonra anası sözlü adamlar kimi qızının üz-gözünə göz gəzdirib soruşdu:
 
- Pulun çox çıxdı?
Lətifə yüngülcə başını tərpədib dedi:
 
- Hə, əlimdə nə vardısa, hamısı getdi. Guya uşaqlara yay pal-paltarı, özümə çanta alacaqdım.
 
Anası bu cavabdan sanki bir az pərt olub başını aşağı saldı.
 
Yemək yeyib bir iki saat yatandan sonra Lətifə özünü bayaqkına nisbətən gümrah hiss elədi. O, ayağa qalxıb hazırlaşdı. Anası mətbəxdə qab yuyurdu.
 
Lətifə mətbəxə keçib dedi:
 
- Mən gedim, uşaqlar evdə təkdilər. Sonra gecəyə düşərəm.
 
- Bir az da oturardın. Qardaşın gələndə, aparardı.
 
- Yox, lazım deyil. O, da yorğun-arğın işdən gələcək. Bir də mənə görə əziyyət çəkməsin.
 
Lətifə hiss elədi ki, anası baxışlarını ondan qaçırdır. Nə isə pərtdi. Məsələni başa düşdü. Həmişə belə məqamlarda əl tutan, maddi köməklik edən bu ağbirçəkli, yaşlanmaqdan yorulmuş qadının ona verməyə pulu yox idi. Utanırdı.
 
Lətifə ayaqqabılarını geyindi. Çıxhaçıxda anası yavuqlaşıb xalatının cibindən nəsə çıxardı, onun çantasına atdı.
 
Evə çatanda hava yavaş-yavaş toranlaşırdı. Yaşadığı binanın qarşısına çatanda, oğlanları onu eyvandan haylayıb, ona öpüş göndərdilər. Evə çatan kimi qucağına atlanıb dedilər:
 
- Ana, icazə verirsən həyətə gedək? Tez gələcəyik.
 
- Gedin.
 
Onsuz da tək qalmaq istəyirdi. Qızı o biri otaqda oturub dərslərini hazırlayırdı. Lətifə ehmalca yataq otağına girdi. Otaq onu bu dəfə sanki başqa cür qarşıladı. Elə bil divarların da rəngi qaralmışdı. Üç-dörd saat bundan əvvəl dolu çıxdığı bu evə indi boş qayıtmışdı.
 
O, çantasını açıb həkimin verdiyi resepti çıxardı. Bayaq UZİdən aldığı üstü şəkilli kağız həkimdə qalmışdı. Ürəyi sıxılmağa başladı. Ümidini həmin şəkilli kağıza bağlamışdı. Heç olmasa məhv etdiyi canlıdan kiçik bir yadigara ümid bəsləmişdi. Çantasını eşələyəndə içərisindən üstünə halva yazılmış konfet çıxdı. Yəqin bayaq anasının çantasına atdığı konfet idi.
 
Lətifə hönkürtü ilə ağlamağa başladı. Elə ürəkdən ağlayırdı ki, elə bir indicə kimisə torpağa qoymuşdu... Başını qaldıranda qızının qarşısında dayanıb qorxaq nəzərlərlə baxdığını gördü:
 
- Ana, nə olub?
 
- Heç nə. Al, bu konfeti qardaşların gələndə, bölüşdürüb yeyərsiniz.
 
Qızı otaqdan çıxanda, Lətifə siyirmənin gözünü açıb ordakı çin təqvimini götürdü. İşarələdiyi səhifəni açanda, arasındakı iki xətti qızarmış test çubuğu yerə düşdü. O, səhv etmişdi. Ondan, kiçik, cüzi də olsa, nişanə qalmışdı. Lap müharibədə şəhid olan əsgərin köynəyinin cibindən çıxan boş patron kimi. O, test çubuğunu təqvimin arasına qoyub dolabın ən axırıncı siyirməsində gizlətdi.
 
Hamamdan çıxandan sonra bir az rahatlaşmışdı. İndi onun üçün bu evdə ən mübhəm və doğma bir yer vardı.
 Dolabın sonuncu siyirməsi.//Kulis.az 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb