E-Kitab: Somerset Moem. Torba dolusu kitab. (Hekayə)

16:48 | 23.02.2013
E-Kitab: Somerset Moem. Torba dolusu kitab. (Hekayə)

E-Kitab: Somerset Moem. Torba dolusu kitab. (Hekayə)

Somerset Moem

İngilis ədəbiyyatının klassiki Somerset Moem (1874-1965) dünyada olduğu kimi Azərbaycanda da populyar yazıçılardan biridir. “Sədaqətli arvad”, “Teatr”, “İti ülgüclər” əsərlərinin müəllifidir. Bəzi ədəbi tənqidçilər Moemin populyarlığının səbəbini dilinin aydın olmasında və maraqlı süjet seçimində axtarır. Amma cəsarətlə demək olar ki, səbəb heç də yalnız bu deyil. Somerset Moemin demək olar ki, bütün əsərlərində, oxucu peşəkarlığın gücünü hər kəlmədə, hər cümlədə hiss edir. Odur ki, onun qələmə aldığı hadisələr, yaratdığı obrazlar, bu qədər inandırıcı, bu qədər realdır. Bununla belə, Moemin kitabları və şəxsiyyəti birmənalı qəbul edilməyib və dünən də, bu gün də mübahisələr doğurur.



HEKAYƏ

TORBA DOLUSU KİTAB


Bəziləri kitabı bilik qazanmaq üçün oxuyurlar, bunu alqışlamaq lazımdır. Bəziləri həzz almaq üçün oxuyurlar, zərəri yoxdur. Çoxları isə adət etdiklərindən oxuyurlar, bunusa nə zərərli, nə də alqışa layiq hərəkət sayıram. Elə mən özüm də sonunculara aidəm. Kiminləsə uzun-uzadı söhbətləşməkdən bezirəm, oyun oynamaqdan yoruluram, şəxsi fikirlərim isə gec-tez tükənir, ancaq deyilənə görə, ağıllı insanın ən gözəl istirahəti düşünməkdir. Elə bu dəm, tiryəki doldurub damağına qoyan narkoman kimi, əlimi kitaba atıram. Kitabsız keçinməkdənsə, “Armi end neybi” univermaq kataloqunu və ya Böyük Britaniya yollarında qatarların hərəkət cədvəli barədə Bredşo arayış kitabçasını oxumaq yaxşıdır. Yeri gəlmişkən, bu nəşrlərdən hər birisi mənə xoşbəxt saatlar yaşadıb. Elə zamanlar olurdu, cibimə bukinist siyahısı qoymadan evdən bayıra çıxmırdım. Məncə bundan yaxşı kitab oxumaq üsulu yoxdur. Kitab oxumağa bu cürə həvəs göstərmək, əlbəttə, narkotikə meyllənmək qədər ziyanlıdır. Mən kitabsevərlərin axmaqlıqlarına mat-məəttəl qalıram, çünki kitabsevərlər məhz elə kitabsevər olduqlarına görə, savadsızlara nifrət edirlər. Məgər əbədilik baxımından, min kitab oxumaq, milyon torpaq qatını şumlamaqdan daha ləyaqətlidirmi? Gəlin boynumuza alaq ki, narkomanlar tiryəksiz keçinə bilmədikləri kimi, biz də kitabsız keçinə bilmərik. Uzun müddət kitabsız qaldıqda çəkilən iztirablar, yaşanılan həyəcan duyğuları və çap mətninin səhifəsi kimi sinədən püskürən yüngüllük dolu köks ötürmələr kimə məlum deyil? Bu səbəbdən, iynələrin və pivə şüşələrinin bədbaxt qullarına bənzəməyə məhkumuq.

Məhvedici zəhər ehtiyatı olmadan bayıra çıxmayan narkoman kimi, mən də kifayət qədər çap məhsulu olmadan səfərə çıxan deyiləm. Yol yoldaşlarımdan bir kimsənin əlində kitab görməyəndə, dəhşət təşvişə düşürəm. Bax, kitablar mənim üçün bu qədər vacibdir. Uzun səyahətə çıxdıqda isə, bu problemin həcmi dəhşətli ölçülərə qədər böyüyür. Həyat məni öyrətdi. Günlərin birində xəstələndiyimdən, dağlıq rayon Yavada üç ay yubanıb qaldım. Özümlə gətirdiyim bütün kitabları oxudum. Holland dilini bilmədiyimdən, məktəb müntəxəbatları almaq məcburiyyətində qaldım, bu kitablar vasitəsiylə dərrakəli yavalılar, yəqin fransız və alman dillərini öyrənirlər. İyirmi beş il ötdükdən sonra Götenin soyuq pyeslərini, Lafontenin təmsillərini, zərif və ciddi təbiətli Jan Rasinin faciələrini oxudum. Rasinin yaradıcılığı qarşısında baş əyirəm, amma onu da etiraf etməliyəm ki, Rasinin pyeslərini biri o birinin ardıyca oxumaq, bağırsaq sancılarından bezar adamın çəkdiyi əziyyətlərə bənzəyir. Ta o vaxtdan bəri səyahətə çıxarkən, çirkli paltarlar üçün nəzərdə tutulmuş ən yekə torbanı hər cürə zövqə və vəziyyətə uyğun kitablarla ağzınacan doldurmağa qurşandım. Nə az, nə çox, düz bir ton çəkisi olan bu torbanın ağırlığı altında ən pəzəvəng yükdaşıyanlar belə, büdrəyirdilər. Gömrükçülər bu torbaya şübhəylə baxırdılar, qorxduqlarından uzaqlaşırdılar, mənsə bu torbadakıların yalnız kitablar olmasını inandırmağa çalışırdım. Bu çanta bilsəz nə qədər çətinliklər törədirdi mənə. Ürəyim istəyən nəşriyyatın kitabını oxumaq istəyirdim, sən demə həmən kitab torbanın dibindəymiş. Buna görə də məcbur qalıb, bütün torbadakı kitabları döşəməyə tökürdüm. Əgər belə etməsəydim, bəlkə də Oliviya Hardinin qeyri-adi hekayəsindən heç zaman xəbərim olmayacaqdı.

Malayda səyahət edirdim, həm orda qalırdım, həm burda, əgər mehmanxana ya pansion olurdusa bir-iki həftəliyinə qalırdım, yerli plantasiyaçının, ya da dairə rəisinin evində yaşamaq lazım gəldikdə isə, iki gün qalırdım. Onların qonaqpərvərliyindən sui-istifadə etməzdim. O zaman Penanq adasındaydım. Bu gözəl şəhərcik və oradakı mehmanxana mənim fikrimcə, çox münasibdir, ancaq bura gələn bir kimsənin məşğul olacağı nələrsə yoxdur, boş-bekarçılıqdır, elə vaxtımın artıq olmasına görə də narahatçılıq keçirirdim. Günlərin birində yalnız adını eşitdiyim bir adamdan məktub aldım. Mark Fezerstoun. Bu adam Rezidentin səlahiyyətlərini icra edirdi. Rezidentin özü isə Tenqara adlı bir yerə məzuniyyətə getmişdi. Tenqaranı sultan idarə edirdi. Fezerstoun məktubunda yazırdı ki, su üzərində hansısa bayram keçiriləsidir və bu, mənim marağıma səbəb ola bilər. Bir neçə günlüyə məni qəbul etməyə şad olacağını yazırdı. Dəvəti məmnuniyyətlə qəbul etdim. Bu barədə teleqram göndərdim.

Ertəsi gün qatarla Tenqaraya gəldim. Fezerstoun məni perronda qarşıladı. Bu adama uzağı otuz beş yaş verərdim. Hündürboy idi, zabitəli siması, ifadəli gözləri vardı. Sərt qara bığları və qalın qaşları vardı. Dövlət məmurundan daha çox hərbiçiyə oxşayırdı. Ağ parusin şalvarı və ağ tropik papağı ona xüsusi yaraşıq verirdi. Geyimi elə bil əyninə biçilmişdi. Nəyəsə görə sərbəst deyildi, bu cürə boy-buxunlu, yekəpər və qətiyyətli təsir bağışlayan adamın nədənsə çəkinməsi qəribəydi, cəmiyyətin yazıçı adlandırdığı sirli məxluq bu kişiyə sərbəstliyi yaxın gələcəkdə qaytaracağına ümidləndi.

- Mənim xidmətçilərim sizin yükünüzə baxarlar, - Fezerstoun dedi, - biz isə kluba gedərik. Açarı xidmətçilərə verin, biz qayıdanadək sizin yükünüzü boşaldıb, yerbəyer edəcəklər.

Ona izah etməyə çalışırdım ki, yüküm çoxdur, ən vacib əşyalarımı götürsəm yaxşıdır, qalanlarını isə vağzalda saxlayım, ancaq Fezerstoun mənim dediklərimi heç eşitmək də istəmirdi:

- Heç bir narahatçılıq-filan yoxdur. Yükünüz evimdə qalsa, daha etibarlıdır. Yükü həmişə özündə saxlamaq yaxşıdır.

- Nə deyirəm, siz deyən olsun.

Mən çamadanın açarını, qəbzini və kitablarla dolu çantamı Çinli xidmətçiyə verdim, bu xidmətçi mehriban görkəmli Fezerstoundan bir az arxada dururdu. Vağzal arxasında bizi avtomobil gözləyirdi, elə həmin avtomobilə əyləşdik.

- Siz bric oynayırsınız? – Fezerstoun soruşdu.

- Oynayıram.

- Elə bilirdim yazıçıların əksəriyyəti oynamırlar.

- Bəli, oynamırlar, - mən razılaşdım. – Ədəbi dairələrdə belə söhbətlər dolaşır ki, kart oynamaq ağıldankəmliyin əlamətidir.

Klubda bunqalolar vardı. Xoş təsir bağışlayırdı. Hərçənd bəsit idilər. Böyük oxu zalı, bilyard masası və kart oynamaq üçün otaq vardı. Klubun özündə ingilis həftəlik qəzetlərini oxuyan bir-iki adamla rastlaşdıq. Tennis kortlarında bir neçə gediş oynadıq. Eyvanda çoxlu adamlar vardı. Siqaret çəkən kim, içki içən kim, əyləşib oyun oynayanlara tamaşa edən kim... Fezerstoun məni iki-üç adama təqdim etdi. Hava getdikcə qaraldığından, oyunçular topu güclə görürdülər. Fezerstoun bayaq məni tanış etdiyi adamlardan birinə robber oynamağı təklif etdi. Həmən adam razılaşdı. Fezerstoun gözləriylə dördüncü partnyor axtardı. Fezerstounun baxışları bir qədər aralıda əyləşmiş kişiyə zilləndi. Ona yaxınlaşdı. Bir-iki kəlmə kəsdikdən sonra, bizə yaxınlaşdılar və oynamağa getdik. Yaxşı oynadıq. Mən təsadüfən rastlaşdığım partnoylarıma elə də fikir vermirdim. Öz hesablarına mənə içki sifariş verdilər. Mən də klubun müvəqqəti üzvü kimi, öz hesabıma onlar üçün sifariş verdim. Porsiyalar olduqca yaxşı tam verirdi, sodalı viski və iki saat ərzində kart oynayarkən keçirdiyimiz zaman kəsiyində hər bir kəs öz əliaçıqlığını göstərməyə imkan tapdı, spirtli içkidən sui-istifadə etmədən. Klub bağlanana qədər yalnız son dəfə robber oynamağa zamanımız qalırdı, acı cin içməyə keçdik. Robber bitdi, Fezerstoun klub reyestrini tələb etdi, uduşları və itkiləri bu reyestrə daxil etdi.

- Nəysə, mən getməliyəm, - oyun oynayanlardan biri ayağa qalxıb dedi.

- Evə gedirsən? – Fezerstoun soruşdu.

- Aha, - o, başıyla işarə edib mənə müraciət etdi: - Siz sabah gələcəksinizmi?

- Ümid edirəm, hə.

- Həyat yoldaşımın arxasıyca gələcəm, sonra evə nahar etməyə gedəcəm, - bir başqası dedi.

- Elə biz özümüz də getsək yaxşıdır, - Fezerstoun dedi.

- Mən hazır, necə deyirsiniz, elə də edək, - cavab verdim.

Maşına əyləşdik və Fezerstoungilə yola düşdük. Uzun yol getdik. Hava qaraldığından göz-gözü görmürdü, qəflətən dağlıq əraziyə qalxdığımızı duydum. Beləcə gəlib iqamətgaha çatdıq.

Xoşagəlimli gecəydi, ancaq nəsə bir mərasim-filan düzənlənməmişdi, belə əyləncə gecələrində çox olmuşam, hamısını yadda saxlaya bilmərəm. Elə bu gecədən də xüsusi nələrsə gözləmirdim.

Fezerstoun məni qonaq otağına apardı. Rahat ortabab otaq idi. Otaqda kretondan çəkilmiş hörmə kreslolar vardı, bütün divar çərçivə şəkillərinin asılqanına çevrilmişdi, masalarda hansısa kağızlar, jurnallar, hesabatlar, sarı siqaret qutuları, çəhrayı tütün qabları biri-birini qarışmış vəziyyətdə veyllənirdi. Kitab rəflərinin sıralarında kiflənmiş və bir sürü ağ qarışqalar tərəfindən korlanmış kitablar vardı. Fezerstoun mənim üçün hazırladığı otağı sərəncamıma verib, bu sözləri deyərək uzaqlaşdı:

- Nahardan əvvəl cin içərik. On dəqiqəyə çatdırarsınız?

- Problem yoxdur, - mən cavab verdim.

Vanna qəbul etdim, sonra əynimi geyinib, birinci mərtəbəyə endim. Məndən əvvəl hazır olan Fezerstoun pilləkəndə addım səslərimi eşidib, cin hazırlamağa girişdi. Biz nahar etdik. Söhbətləşdik. Məni dəvət etdikləri şənlik isə bir gün sonra olmalıydı, amma Fezerstoun dedi ki, bundan əvvəl məni sultan qəbul edəcək, bu barədə razılıq əldə etmişdi.

- Yaxşı sultandır, - Fezerstoun dedi. – Həm də onun sarayında baxılası nələr var!

Nahardan sonra bir az da söhbətləşdik. Fezerstoun qramofonu qoşdu, biz İngiltərədən gəlmiş ən son həftəlik qəzetləri vərəqlədik. Sonra yatmağa getdik. Fezerstoun mənim otağıma baş çəkdi, nəsə lazım olub-olmamasını soruşdu.

- Deyəsən kitabları özünüzlə götürməmisiniz, - Fezerstoun dedi, - çünki məndə oxunası bir kitab yoxdur.

- Kitablar? – mən ucadan soruşub, torbaya işarə etdim. Torba dikinə durmuşdu, bir böyrü şişmişdi, sərxoş qozbel cırtdanı xatırladırdı.

- Demək bu torbadakılar kitablardı? Mənsə elə düşünürdüm, bu torbanın içində çirkli paltarlardır ya da bükmə çarpayıdır. Mənim üçün nəsə bir oxunulası kitab varmı?

- Seçim sizindir.

Fezerstounun qulluqçuları torbanın ağzını açdılar, ancaq açılmış mənzərə qarşısında hürkdülər. Bu torbanı silkələməyə öyrəşmişdim. Böyrü üstə aşırtdım, dəri altlığından yapışdım, özümə sarı çəkdim, içində nə ki kitab vardı, hamısı döşəməyə töküldü.

Fezerstoun keyimiş kimi gözlərini bərəltmişdi.

- Bu boyda kitabxananı özünüzlə götürürsünüz? Heç belə olacağını təsəvvürümə gətirməzdim!

Fezerstoun əyildi və acgözlüklə kitabların adlarını oxuya-oxuya bir-bir çevirməyə başladı. Kitablarım müxtəlif idi. Cild-cild şeirlər, romanlar, fəlsəfə monoqrafiyaları, tənqidi araşdırmalar (deyilənə görə, kitablardan bəhs edən kitablar faydasızdır, amma oxumaq çox maraqlıdır), tərcümeyi-hallar, tarixi esselər, xəstə olduğunuz zamanlarda oxunmalı kitablar, xoş ovqatda olduğunuz zamanlarda oxunmalı kitablar, ağlınız hər hansı problemlə təkbətək döyüşə çıxmaq istərkən oxunmalı kitablar, bütün həyatınız boyu oxumaq istədiyiniz, amma evdəki mənasızlıqdan vaxt edib oxuya bilmədiyiniz kitablar, dənizdə səyahət edərkən oxunmalı kitablar, heç bir məqsədsiz-filansız “vəhşi” gəmiylə suları yararkən oxunmalı kitablar, gəmidə cırıltı səsləri qulaqları dəng edərkən, yıxılmamaq üçün özünü çarpayıya bağlamaq lazım gəldiyində, axmaq havalarda oxunmalı kitablar, yüksüz səfərə çıxarkən, qalınlığına görə seçilmiş kitablar və heysiz-taqətsiz olduqda oxunmalı kitablar. Fezerstoun bütün bu kitablarımın arasından, bu yaxınlarda çapdan çıxmış Bayronun tərcümeyi-halı kitabını götürdü.

- Aha, mən nə görürəm?! – Fezerstoun dedi. – Yadıma gəlir, bir dəfə bu kitabın resenziyasını oxumuşdum.

- Məncə, çox yaxşı kitabdır, - cavab verdim. – Hələ heç özüm oxumamışam.

- Götürmək olar? Bu gecəlik elə bircə bu kitab bəsimdir.

- Əlbəttə, bu nə sözdür, istədiyin kitabı götür.

- Təşəkkür edirəm, elə bu kitab bəsimdir. Nə deyim, gecəniz xeyrə qalsın. Səhər yeməyi doqquzun yarısıdır.

Səhər qonaq otağına enərkən, xidmətçilərin böyüyü bildirdi ki, Fezerstoun saat altıdan işdədir, amma bir azdan gələcək. Onun gəlişini gözləyərkən, rəfdəki kitabların seyrinə dalmışdım.

- Belə görürəm, bu rəflərdə birc oyunuyla bağlı xeyli kitablarınız var, - səhər yeməyinə əyləşərkən dedim.

- Hə, çap olunan hər nə varsa alıram. Mən briclə çox maraqlanıram.

- Bizimlə dünən oynayan oğlan yaxşı oyunçudur.

- Hansı oğlanı deyirsən? Hardi?

- Adı yadımda deyil. Arvadının arxasıyca gələni demirəm, o birisi.

- Hə, Hardidir. Elə yaxşı oyunçu olduğuna görə onu dəvət etmişdim. Bizim klubun nadir qonaqlarındandır.

- Ümid edirəm bu gün də gəlib çıxar.

- Məncə gəlməyəcək. Onun plantasiyası şəhərdən otuz mil uzaqdadır. Elə bircə gediş bric oynamaq xatirinə oradan durub gələcəyinə nəsə inanmıram.

- Evlidir?

- Yox. Yəni hə. Amma arvadı İngiltərədədir.

- Bu tarlalarda arvadsız yaşamaq kişilər üçün çətin olar.

- Onun elə də vecinə deyil. İnanmıram ki, arvadının yanında olmaqçün ürəyi sızlayır. Məncə elə Londonda da əvvəlki tək tənha qalacaqdı.

Fezerstounun dediklərindən nəsə bir qeyri-adilik qapdım. Özü-öz sözləriylə sanki hansısa qapını çırpdı. Bunu başqa cürə təsvir edə bilmərəm. Sanki dəfələrlə uzaqlaşdı məndən. Bu bilirsiniz nəyə bənzəyir, axşam küçədə gedirsən, birdən ayaq saxlayıb, otağında işıq parlayan pəncərəyə diqqət kəsilirsən və qəflətən kimsə pəncərə pərdəsini çəkir. Ünsiyyətdə olduğu adamın gözlərinə dik baxan gözlər bu dəfə mənim baxışımdan yayındı, məndə belə təəssürat yarandı ki, onun simasını sarmış ağrılar, mənim gözlərimə səhvən görünməyibmiş və bu həqiqətən də beləymiş. Fezerstoun əsəbi anlarda olduğu tək səksəndi. Ağlıma heç-zad gəlmirdi, elə Fezerstoun özü də susmuşdu. Anladım ki, Fezerstounun düşüncələri məndən bir anlığına kənarlaşdı və mənə məlum olmayan nəsnələrə yönləndi. Sonra isə sezilən tərzdə köksünü ötürdü və iradəsinin gücüylə özünü ələ aldı.

- Səhər yeməyindən dərhal sonra işə gedəcəm, - Fezerstoun dedi. – Bəs siz nəylə məşğul olmaq fikrindəsiniz?

- Xahiş edirəm, məndən narahat olmayasınız. Avaralanıb başımı qatacam. Şəhərə baxacam, mərkəzdə gəzəcəm görüm nə var, nə yox.

- Bizdə gəzməli görməli yerlər çox azdır.

- Lap yaxşı, yoxsa belə yerlər məni ölümünə bezdirər.

Belə oldu ki, Fezerstaunun eyvanı səhərə qədər bəsim oldu. Buradan açılan mənzərələr öz təravətiylə könlümü məst edirdi, belə mənzərələri Federativ Malay Ştatlarında çox görməmişdim. Ev təpənin zirvəsində yerləşirdi. Yaxşı qulluq görmüş bağ bu təpəyə bitişik idi. Boylu-buxunlu ağaclar İngiltərə parkıyla qəribə bənzərliklər yaradırdı. Bu bağın geniş-geniş yaşıl ot örtüklərində qaradərili arıq-uruq tamillər ot biçirdilər. Tamillərin yerişləri astagəlliyi ilə seçilirdi, bunun da öz gözəllikləri vardı. Təpənin ətəyində sıx cəngəlliklər axın sürəti yüksək olan əyri-üyrü çayın sahillərinə kimi uzanırdı, onun ardıyca meşəyə bürünmüş Tenqara təpələri uzanırdılar. Buralar səliqəli ot örtükləriylə, bağdan başlayan vəhşi cəngəllik kolluqlarıyla təxəyyülümü həyəcanlandırır, həmahənglik yaradırdı. Əyləşib kitab oxuyurdum, aradabir damağımda siqaret tüstülədirdim.

İnsanlar haqqında bütün biliklərə sahiblənmək mənim sənətim olduğundan, özümə belə bir sual ünvanladım: bu gözəl mənzərələr Fezerstouna necə təsir göstərir? Fezerstoun günün istənilən zaman kəsiyində görür bu mənzərələri. Həm səhər günəşinin şəfəqləri aləmi nura qərq edərkən, çaydan qalxan duman xəyali örtüklərə bürüyür onu. Alatoranlıqda görür, kəşfiyyat aparılmamış əraziyə daxil olan əsgərlər kimi oğrun-oğrun cəngəlliklərdən çıxan kölgələri görür, gecələr səslərini içinə qısıb yaşıl örtükləri sükutla örtürlər, həm nəhəng ağacların çiçəklərini, həm papaqların quş lələklərini. Fikrə daldım: bəlkə bu landşaftın zərif olduğu qədər də qorxunc xüsusiyyəti Fezerstounun psixoloji durumuna və yalqızlığına heç özü də hiss etmədən sirayət edib və onu sirli xüsussiyyətlərə mübtəla edib, buna görə də sürdüyü həyat onun üçün əsl həyata bənzəmir bəlkə? Bu fantaziyalarım məndə gülüş doğurdu, çünki bizim dünən gecəki söhbətimizdə onun tövründə hər hansı üzgünlüklər-filanlar görmədim. Məndə yaxşı təəssüratlar oyatdı. Fezerstoun Oksfordu bitirmişdi və yaxşı London klubundaydı. Cəmiyyətdəki mövqeyinə böyük əhəmiyyət verirdi. Centlmen idi və həyati cəhətdən bağlı olduğu bir çox ingilislərlə müqayisədə yaxşı zümrəyə aid olduğunu unutmurdu. Evinin yemək otağını cürəbəcürə gümüşü kuboklar bəzəyirdi, idman oyunlarında müvəffəqiyyət qazandığını bundan bildim. Tennis və bilyard oynayırdı. İstirahət vaxtlarında ova çıxır, bədən quruluşunun qayğısına qalır, pəhriz saxlama qaydalarına dəqiq riayət edirdi. Pensiyaya çıxdıqdan sonra nəylə məşğul olacağı barədə hamıya həvəslə danışırdı. Kənd centlmeni kimi yaşamağı xəyalında canlandırırdı. Lesterşiredə ev, iki ov iti və bric oynamağa yarayan qonşular. Pensiyaya çıxacaq, özünün kiçik kapitalı da var. Hələ inadla çalışırdı, işinin öhdəsindən bacarıqla gəlirdi. Rəhbərliyin gözündə etibarlı icraçı olmağına şübhə etmirəm. Öz hərəkətlərini ört-basdır etmək şablonları mənə çox tanış gəlirdi. Diqqətlə yazılmış, həqiqətləri əks etdirən romanı xatırladırdı, bir qədər ortabab faydalı jurnalı xatırladırdı, artıq oxunmuş nələrəsə bənzəyirdi, belə olduqda, həvəssiz-həvəssiz kitab səhifələrini vərəqləyirsən, bilirsən ki, heç bir marağı olmayacaq.

İnsanlar gözlənilməzliklərlə doludur. İnsanın hər şeyə nail ola biləcəyini öncədən görmələrinə özlərini inandıranlar isə axmaqdırlar.

Günorta Fezerstoun məni sultanın yanına apardı. Bizi sultanın oğullarından biri qarşıladı. Sifətinə gülüş qonmuş bu utancaq oğlan atasının adyudantı qılığına girmişdi. Əynində zərif göy kostyum vardı, şalvarının üstündən üzərində ağ çiçəklər təsvir olunmuş sarı saronq geyinmişdi. Başında fəs, ayaqlarında isə kobud dərili amerikan çəkmələri vardı. Mavritan üslubunda tikilmiş bu saray böyük kukla evini xatırladırdı və açıq-sarı rənglə boyanmışdı, bu rəng idarə edən sülalənin rəngiydi.

Bizi içərisində cürəbəcürə mebellər olan geniş otağa gətirdilər. Dənizdə yerləşən ingilis pansionunda bundan yaxşısını tapmaq olmazdı. Kresloların üzlüyü sarı ipəkdən çəkilmişdi. Döşəməyə brüssel xalçası sərilmişdi. Divarlarda isə qızıl suyuna salınmış təmtəraqlı çərçivələrdə şəkillər asılmışdı. Bu şəkillər sultanın dövləti vəzifələri icra etməsiylə bağlı məqamları əks etdirirdi. Şüşə şkafda müxtəlif meyvələrin təsvirləndiyi çoxlu sayda tambur naxışlar vardı. Sultan onu müşayiət edən bir neçə məiyyətlə içəri daxil oldu. Belə baxanda, təxminən əlli yaş vermək olardı sultana. Bəstəboy və dolu bədənli idi. Şalvarı və kiteli ağ-sarı rəngdə dama-dama parçadan tikilmişdi. Belinə çox gözəl sarı saronq sarınmışdı. Başında isə ağ fəs vardı. İri gözlərindən mehribanlıq yağırdı. Bizə təklif etdilər: içkilərdən qəhvə, yeməklərdən şirin piroqlar, tütündən manil siqarları. Söhbətimiz sərbəst axında davam edirdi, çünki sultan çox mehriban idi. Sultan mənə dedi ki, bir dəfə də olsun teatrda olmayıb və əlinə kart almayıbdır, çünki dörd arvadının, iyirmi dörd uşağının olması onun inamını sarsıtmır. Ovqatını təlx edən yeganə hal elementar ədəb qaydalarına riayət etməsiydi, məhz elə bu qaydalara riayət etdiyindən, zamanını arvadları arasında bərabər bölürdü. Sultan dedi, bəzən bir saat aylarla uzanır, bəzən də beş dəqiqəyə uçur günlər. Mən bu barədə oxumuşdum, professor Eynşteyn yoxsa Berqson zamanın təbiəti barədə analoji müşahidələrini bölüşmüşdülər, məhz belə bir sualı ortaya atmaqla, adlarını çəkdiyim şəxslərdən biri bəşəriyyətə düşünmək üçün yaxşı bəhanə verdilər.

Bir az vaxt keçdikdən sonra biz sultana təzim etdik. Vidalaşarkən sultan mənə palma ağacından zərif əl ağacı hədiyyə etdi.

Axşam kluba yola düşdük. İçəri daxil olarkən, dünənki partnyorlarımızdan biri kreslodan qalxdı.

- Robber oynayaqmı? – o, təklif etdi.

- Bəs dördüncü oyunçumuz hardadır? – mən soruşdum.

- Əşşi, burada bir-iki nəfər taparıq, bizimlə oynamaqdan məmnun qalarlar.

- Dünən bizimlə oynuyan birisi vardı, adını unutmuşam.

- Hardi? O, yoxdur.

- Hardini gözləməyin mənası yoxdur, - Fezerstoun dedi. – O, nadir hallarda buralara gəlir. Dünən onu burda görəndə elə təəccüblənmişdim ki.

Bilmirəm niyə, amma nəyəsə görə mənə elə gəlirdi ki, bu iki nəfərin sözləri arxasında hansısa anlaşılmaz bir qarışıqlıq vardı. Hardi məndə heç bir təəssürat oyatmadı. Heç onun xarici görünüşünü də xatırlamırdım. Kart masası arxasında yalnız dördüncü partnyor kimi xatırlayırdım. Məndə elə təəssüratlar oyanmışdı ki, bu iki nəfər Hardiyə qarşıdır. Lakin bütün bunların mənə aidiyyatı yox idi, mən yeni partnyorla oynamaq üçün həvəslə əyləşdim, həmin partnyoru bu axşam tapdıq. Bu dəfə oyun daha maraqlı keçdi. Hamısı ağına-bozuna baxmadan biri-birini qıcıqlandırırdı. Bir neçə gün əvvəl olduğu kimi, fikirlərini bir yerə cəmləyə bilmirdilər, xeyli gülürdülər. Ya mənim partnyorlarım gözlənilmədən təşrif buyurmuş qonaqdan çəkinib eləmirdilər, ya da Hardinin dostları onun əl-qolunu bağlayırdılar.

Nahardan sonra kresloya əyləşib, manila siqarları çəkdik. Söhbətimiz nədənsə heç tutmurdu. Mən biri o birinin ardıyca bir neçə məsələyə toxundum, ancaq Fezerstounu yerindən tərpədə bilmədim. Nədənsə mənim ağlıma belə gəldi ki, son günlər deməsi mümkün olan nələr vardısa demişdi. Bir qədər karıxmış halda susdum. Sükut beləcə uzanırdı. Qəflətən, yenə bilmirəm nədən, gözlərimə bəzi gizlinlər göründü, amma mənanı tuta bilmədim. Bir az halım pisləşdi. Bom-boş otaqda yaranan qəribə hisslər məni çulğalamışdı. Sanki ondan başqa da buralarda kimsə vardı. Fezerstoun inadcıl baxışlarıyla beynimi dəlirdi. Mən lampa işığında oturmuşdum, o isə kölgədə. Buna görə də üz cizgilərini görmürdüm. Fezerstounun parlaq iri gözləri alatoranlıqda ölgün-ölgün işıldayırdı. Bu gözlər mənə çəkmələrdə sayrışan düymələri xatırladırdı. Gözlərini mənə zilləmişdi. Mən də qarşılığında inadla mənə qandallanmış baxışlarını tutub, gülümsədim.

- Dünən verdiyiniz kitab maraqlı idi, - Fezerstoun qəflətən dedi. Səsinin süniliyini duydum. Ağzından çıxan sözləri, sanki kimsə arxadan itələyirdi.

- Bayronun həyatından bəhs edən kitabı? – mən qayğısız halda soruşdum. – Bu kitabı artıq oxuyub qurtardınız?

- Xeyli hissəsini oxudum. Səhər saat üçə kimi oxudum.

- Mənə demişdilər ki, yaxşı yazılıb. Ancaq bu həddə Bayron məni çox da maraqlandırmır, çox bacarıqsız adam olubdur. Özünü onun yerinə qoyanda çimçəşirsən.

- Bayron və bacısı barəsində yazılmış məqamlarda sizcə həqiqət payı çoxdurmu?

- Avqusta Li haqqında? Bu barədə elə də məlumatlı deyiləm. “Astarta”nı oxumamışam (Bayronla ögey bacısı Avqusta Li arasında münasibətlərdən “Astarta” (1905) kitabında bəhs olunur)

- Sizcə doğrudanmı onlar bir-birini sevirdilər?

- Yəqin ki. Əbəs yerə bu barədə söz-söhbətlər dolaşmır ki. Bayronun sevdiyi yeganə qadın Avqusta Li idi.

- Siz bu sevgini dərk edirsinizmi?

- Düzünü desəm, yox. Yəni o mənada yox ki, bundan dəhşətə gəlirəm, sadəcə mənə süni təsir bağışlayır. “Süni” sözü də heç uyğun gəlmir. Yəni mənim düşüncəmə görə deyil. Özümü elə vəziyyətə sala bilmərəm ki, belə bir hadisə mənə mümkün görünsün. Nə demək istədiyimi anlayırsınız? Məhz bu yolla yazıçı öz qəhrəmanlarını dərk edir, özünü qəhrəmanlarının yerinə qoyur, bununla da qəhrəmanlarının duyğularına yoluxur.

Öz fikirlərimi dəqiq çatdıra bilmədiyimi görürdüm, ancaq Fezerstouna şəxsi təcrübəmdən yaxşı bildiyim şüuraltı işləri çatdırmaq istəyirdim, bu hissləri bələd olduğum sözlərlə müəyyənləşdirə bilmirdim. Fikirlərimə davam edirdim:

- Avqusta Li ögey bacısı idi Bayronun, ancaq bu ögey bacısının sevgini öldürmə adəti Bayronun da yaradılmasına macal vermirdi. Əgər iki nəfər ta uşaqlıq dövründən biri-birilərini tanıyırlarsa, bütün ömürləri boyu biri-biriylə yaxın ünsiyyətdə olurlarsa, təsəvvürümə gətirə bilmirəm ki, axı nədən onlar arasında elektriklənmə sevgiylə nəticələnməlidir. Onları qarşılıqlı bağlılıq birləşdirəcək. Sevgi daha böyük ziddiyyətlər yaradır, nəinki bağlılıq.

Mən alatoranlıqda Fezerstounun simasından sürüşən gülümsəyişlərin kölgəsini çətin sezə bilirdim.

- Demək siz ancaq ilk baxışdan sevgiyə inanırsınız?

- Hə, belə də demək olar. Bir əlavə etmək istərdim, biri-birinə sevgiylə baxanadək, iyirmi dəfə də görüşmək mümkündür. “Baxmaq” feilinin iki anlamı var, aktiv və passiv. Yaxın əlaqədə olduğumuz adamlardan əksəriyyəti bizim üçün o qədər az anlam kəsb edirlər ki, onlara baxmaqda çətinlik çəkmirik. Gözlərimizin qarşısından keçirlər, bununla da iş bitir.

- Elədir, amma vaxtaşırı bəzi ər-arvadlar haqqında eşidirik ki, evlənməmişdən əvvəl uzun illər biri-biriylə tanış olublar, onlardan heç birisinin ağlının ucundan da keçməzdi ki, biri-birinə qarşı sevgi hissləri duyurlar, amma günlərin birində evlənirlər. Bunu nəylə izah edərdiniz?

- Nə deyim, əgər siz məndən məntiqli olmağı tələb edirsinizsə, belə deyərdim ki, onların sevgisi bir başqa növ sevgidəndir. Nəticə etibariylə, ehtiraslı sevgi nikaha girmək üçün yeganə səbəb deyil. Hətta belə deyərdim ki, yaxşı səbəb də deyil. Nikahlar elə olur, tənhalıqdan bağlanır, elə olur yaxın dostlar arasında bağlanır, elə də olur sadəcə rahatlığa görə bağlanır. Mən sevginin ən qatı düşmənini bağlılıq saysam da, bu məsələylə bağlı mübahisə etmərəm ki, bağlılıq sevginin  ən yaxşı əvəzedicisidir. Bağlılıq üzərində qurulan nikahların xoşbəxtliklə nəticələnəcəyini iddia etmirəm.

- Tim Hardi barəsində nə düşünürsünüz?

Bu qəfil sualı heç gözləmirdim, məncə heç bizim söhbətimizlə də əlaqəsi yox idi.

- Bu barədə heç düşünməmişəm. Tim mənə yaxşı təsir bağışladı. Niyə bu barədə soruşursunuz?

- Sizcə Tim Hardi hamı kimidir?

- Məncə hə. Məgər onu başqalarından fərqləndirən xüsusiyyətimi var?

- Tim çox təmkinlidir, deyilmi? Əgər kimsə onun haqqında heç-zad bilmirsə, onda həmən adam bir daha ona baxmayacaq.

Mən Tim Hardinin xarici görkəmini xatırlamağa çalışdım. Kart masasının arxasında diqqətimi yalnız onun gözəl əlləri cəlb edirdi. Hələ o zamanlar düşündüm ki, plantatorun belə əllərə sahib olması çox qəribədir. Axı nəyə görə plantatorun əlləri başqa adamların əllərindən fərqlənməlidir? Belə sualla özümə müraciət etməyə macal tapmadım. Hardinin əlləri iri idi, amma zərifliyi ilə fərqlənirdi. Çox zərif uzun barmaqları və dırnaqları vardı. Bu cəsarətli əllər zərifliyiylə fərqlənirdi. Bütün bunları yaddaşıma həkk etdim. Əgər siz yazıçısınızsa, uzun illlərdən bəri adət halını almış vərdişləriniz, yaddaşınızda heç özünüzün də təsəvvürünüzə gətirə bilməyəcəyiniz təəssüratlar bərkidir. Əlbəttə bu təəssüratlar həqiqətə uyğun deyil. Deyək ki, hansısa qadın sizin şüuraltınızda nəsə qaranlıq, kobud, kök və şəhlagözlü birisi kimi qalır, ancaq əslində həmən qadın çox gözəl bədən quruluşuna sahibdir və saçları qeyri-müəyyən rəngdədir. Ancaq bu elə də vacib deyil. Bəzən təəssüratlar daha həqiqi olur, nəinki çılpaq həqiqət. Bax, elə indi də yaddaşımın dərinliklərindən bu insanın simasını xəyalıma çağırarkən, nəsə bir ikiləşmə duydum. Bədəni təmiz qırxılmışdı, dolu olmayan uzunsov bənizi çoxillik tropik qaralmanın təsirindən solğun görünürdü. Üz cizgilərini aydın görə bilmirdim. Bilmirəm, bunu ta o zamandan yadda saxladım, yoxsa elə indicə xəyalımda canlandırdım, amma onun girdə buxağı zəriflik əlamətləri ötürürdü. Qalın şabalıdı saçları vardı, bir dənə ağ tük yox idi, saçlarının bir hissəsi həmişə alnına düşürdü, adət etdiyi tərzdə arxaya uçurdurdu. Böyük qonur gözlərindən kədər oxunurdu. Bu gözlərin məlahətli duyumsallığını təsəvvür etmək mümkündür. Fezerstoun davam edirdi:

- Çox qəribədir ki, üstündən bir xeyli zaman ötdükdən sonra mən yenə burda Tim Hardi ilə görüşdüm. Özü də Federativ Malay Ştatlarında belə halların olması qəribə deyil. Adamlar bir yerdən başqa bir yerə köçürlər, qəflətən ölkənin başqa bir yerində uzun illər dostluq elədiyin adamla qarşılaşırsan. Mən Timlə Sibuku yaxınlığında plantasiyası olan zamanlardan tanışam. Siz orda olmusunuz?

- Yox. Haradı elə?

- Şimal tərəfdədir. Siamuya yaxın. Elə də fərqli bir yer deyil. Belə yerlərdən FMŞ-də bəs deyincədir. Pis yer deyil. Orda yaxşı bir klub vardı, çox mədəni adamlar yaşayırdılar. Məktəb direktoru, polis rəisi, həkim, katolik keşiş, ictimai tikintini idarə edən şəxs. Belə bir heyətin adi olmasını özünüz də yaxşı bilirsiniz. Bir neçə plantasiyaçı. Üç-dörd qadın. Mən o zamanlar dairə müdirinin köməkçisi işləyirdim. Bu, mənim ilk təyinatım idi. Tim Hardinin iyirmi beş mil aralıda plantasiyası vardı. Orda bacısıyla yaşayırdı. Əlləri pulnan oynayırdı. Özünə bir bölmə aldı. O zamanlar kauçukun qiyməti baha idi. Ona görə də pis qazanmırdı. Biz Timlə dostlaşdıq. Plantasiyaçılarla riskə getməli olmaq aydın məsələdir. Onlar arasında yaxşı adamlara da rast gəlmək olur, amma onlar elə... – Fezerstoun snobizm təsiri bağışlamayacaq söz axtardı. – yəni, elə adamlardı ki, bir evdə qalmaq istəməzsən. Ancaq Tim və Oliviya mənim tay-tuşlarım idilər. Nəyi nəzərdə tutduğumu anlayırsınızmı.

- Timin bacısının adı Oliviya idi?

- Hə. Keçmişdə yaşadıqları heç də yaxşı deyildi. Bu bacı-qardaş uşaq olarkən valideynləri ayrıldı, anası Oliviyanı yeddi-səkkiz yaşında götürdü, Tim isə atasıyla qaldı. Timi internat məktəbinə qoydular. Ailəsinin nəsli Qərb qraflıqlarından başlayırdı. Tim yalnız tətillərdə evə gəlirdi. Atası dənizçi idi, Fouidə yaşayırdı. Oliviya isə anasıyla İtaliyaya gedib, Florensiyada təhsil alır. İtalyan və fransız dillərini mükəmməl bilirdi. Bütün bu illər ərzində bacı-qardaş bir dəfə də olsun görüşmədilər. Vaxtaşırı məktublaşırdılar. Uşaqlıqda çox mehriban idilər. Anladığım qədəriylə onların mövcudluqları, valideynləri birlikdə yaşayarkən, kifayət qədər səs-küylü mübahisələrə şahid olurdu, ona görə də uşaqlar istər-istəməz özlərinə ümid olurdular. Onları biri-birindən uzun illər ayrı saxladılar. Sonra xanım Hardi rəhmətə getdi, Oliviya İngiltərəyə qayıtdı, atasının yanına gəldi. Bu zaman Oliviyanın on səkkiz, Timin isə on yeddi yaşı vardı. Bir ildən sonra müharibə başladı, Tim könüllü cəbhəyə getdi, yaşı əllini ötmüş atası isə Portsmutda iş tapdı. Bildiyim qədəriylə, atası içkiyə qurşanmışdı. Müharibənin sonunda atası uzun sürən xəstəlikdən sonra öldü. Qohumları deyəsən yox idi. Onlar bu uzun sürən nəsildə sonuncu idilər. Dorsetşirdəki təmtəraqlı qədimi ev onlara miras qaldı. Bu ev neçə-neçə nəsillərdən keçmişdi. Ancaq orda yaşamağa imkanları çatmırdı, buna görə də evi kirəyə verdilər. Xatırlayıram, evin şəkillərini görmüşdüm. Əsl kənd centlmeninə yaraşan evi idi, böyük ev, boz daşlardan hörülmüşdü, girişdə yonma heykəl, ortalıqlı pəncərələr vardı. Oliviya və Timin arzuları buydu ki, kifayət qədər pul qazanıb bu evdə yaşaya bilsinlər. Bu mövzuda çox danışmışdılar. Aralarında olan söhbətlərdən belə çıxırdı ki, nə Tim, nə də Oliviya nikaha girmək fikrində deyillər, ömürlərinin axırlarına kimi dost olacaqlarını deyirdilər, sanki bütün olacaqlar əvvəlcədən qərarlaşdırılıb, yazılıbmış. Onların gənc olduqlarını nəzərə aldıqda, bütün bunlar çox qəribə görünür.

- Bəs bu bacı-qardaşın o zamanlar neçə yaşı vardı? – mən maraqlandım.

- Yanılmıramsa, oğlanın iyirmi beş-iyirmi altı yaşı olmalıydı, qızın isə bir il çox. Mən ilk dəfə Sibukuya gələrkən, onlar qanadlarını açıb məni qucaqladılar. Onların ürəyinə elə o dəyqə yatdım. Gəlişimə şad idilər. Mənə belə gəlir. Oralarda bir kimsə onlara sevgiylə yanaşmamışdı.

- Niyə? – mən soruşdum.

- Çox qapalı həyat tərzi sürürdülər. Biri-biriləriylə dostluqlarını hər şeydən üstün tuturdular. Bilmirəm fikir vermisiniz, ya yox, amma belə münasibətlər adamlarda həmişə qıcıq doğurur. Əgər adamlar duysalar ki, siz onlarsız lap yaxşı keçinə bilərsiniz, bu nədənsə onların xoşuna gəlmir.

- Xoşagəlməz duyğudur, deyilmi? – mən soruşdum.

- Digər plantatorlar paxıllıqdan yanıb-yaxılırdılar ki, Tim özü-özünə ağadır, öz şəxsi qazancı var. Başqaları köhnə fordla kifayətlənirdilər. Tim isə bahalı avtomobildə gəzirdi. Tim və Oliviya kluba gələrkən hamıyla xoş rəftar edirdilər, tennis yarışlarında iştirak edirdilər, ancaq elə təəssürat yaranırdı ki, evə qayıtmaqlarına sevinirdilər. Nahara dəvətlərdən imtina etmirdilər və ev sahibləriylə çox mehriban idilər. Amma o da aydın idi ki, evdə daha həvəslə qalardılar. Bilmirəm, plantatorların evlərində olmusunuz, ya yox, amma onların evlərində çox darıxdırıcıdır. Kobud mebellər, gümüşdən qayrılmış məmulatlar, pələng dəriləri və iyrənc yemək. Amma Tim Hardi öz bunqalosunu çox gözəl tikmişdi. Dəbdəbəli deyildi, amma evdəki tək rahatlıq vardı. Qonaq otağı ingilis kənd iqamətgahına bənzəyirdi. Hiss olunurdu ki, sahiblər öz əşyalarını sevirlər və lap çoxdan onlarla dostlaşıblar. Belə bir evdə olmaq adama həzz verirdi. Bunqalo plantasiyanın ortasındaydı, amma təpəliyin qırağındaydı, kauçuk ağaclarının arxasında ucsuz-bucaqsız dəniz görünürdü. Oliviya bağa baxırdı, gözəl bağ idi. Adətən şənbə-bazar onlara gəlirdim. Dənizə qədər yarım saatlıq yol vardı. Özümüzlə yemək götürüb dənizə gedirdik, üzürdük, yelkənin altında. Timin balaca qayığı vardı. Gözəl günlər idi. Heç zaman həyatdan o zamanlarda olduğu tək zövq almamışdım. Dənizin sahili gözəl idi. Vaxtımızı çox romantik keçirirdik. Axşamlar şahmat, kart oynayırdıq, ya da qramofonu işə salırdıq. Yeməyin çox yaxşı tamı vardı. Adi rasionla müqayisədə müxtəliflik zövq verirdi. Oliviya aşbaza italyan yeməkləri hazırlamağı öyrətdi, biz də həzlə makaronlar yeyirdik, rizotto (ət bulyonunda düyülü yemək, ovulmuş pendirlə və ədviyyatlarla), klyotsklar və başqa qidalar. Mən onların həyatına, xoşbəxtliyinə qısqanclıqla yanaşırdım, sonra İngiltərəyə qayıtdıqdan sonra məşğul olacaqları işdən danışdıqda, təpinirdim ki, buralarda yaşadıqları günlərdən həmişə darıxacaqlar və ah-vayla xatırlayacaqlar buraları. “Biz buralarda çox xoşbəxtik”. Oliviya belə deyərdi. Qəribə baxışlarla Timi süzərdi.

Şəxsi evlərində tam fərqli idilər, sərbəst və səmimi. Bunu hamı qəbul edirdi. Adamlar onların evində qonaq olmağı sevirdilər. Oliviya və Tim vaxtaşırı qonaq çağırırdılar. Gələn qonaqların özlərini sərbəst hiss etmələrinə şərait yaradırdılar, bununla bağlı çox qabiliyyətli idilər. Evdə xoşbəxtlik hökm sürürdü, yəqin nə demək istədiyimi anlayırsınız. Bu bacı-qardaşın biri-birinə bağlılığını qonaqların gözləri götürmürdü. Timlə Oliviyanın ikiüzlülüyü və eqoizmi barədə nələr danışılsa da, onların biri-birinə qarşılıqlı qayğıları hamının ürəyinə toxunurdu. Deyirdilər ki, əgər onlar ər-arvad olsalar, dostluqlarını qoruxuyb saxlaya bilməyəcəklər. Digər nikahlar, onların nikahının yanında yaxşı görünməyəcəkdi. Sanki bu bacı qardaşın ağlına eyni anda fikirlər gəlirdi. Başqaları üçün anlaşılmayan özlərinə məxsus zarafatları vardı, bu zarafatlar üstündə uşaq kimi gülürdülər. Biri-birilərinin qeydinə elə qalırdılar, elə xoşbəxt idilər, onların yanında adamın ürəyi dincəlirdi. Başqa söz demək artıqdır. Onlarda ikicə gün qonaq qalıb getdikdən sonra, hiss edirdin ki, qismən də olsa onların həlimliyinə və yumşaq sevinclərinə büründüyünü duyursan. Sanki ürəyini bulaq suyuyla yuyubsanmış kimi. Sanki nələrdənsə təmizlənibmişsən kimi.

Bu qədər təmtəraqlı nitqlər Fezerstoun üçün qeyri-adi idi. Özünün bəzəkli-düzəkli ağ qısa pencəyinin arxası çox yığılmışdı, bığları düz kəsilmişdi, qalın buruq saçları isə səliqəylə daranmışdı, ibarəylə fikirlərini izhar etməsi məni azacıq çaşdırırdı. Ancaq onun qəlbinin dərinliklərində duyduqlarını çatdırmaq istəyini anladım.

- Oliviya Hardi xarici görünüşcə necəydi? – mən soruşdum.

- İndi göstərəcəm, məndə belə həvəskar çəkilişlər çoxdur.

Fezerstoun ayağa qalxıb, rəfə yaxınlaşdı və qalın albomla geri qayıtdı.

Adi yığma şəkillər idi, müxtəlif şirkətlərin şəkilləri, adamların ayrı-ayrı şəkillərinin orijinallarla təbii oxşarlığı. Çimərlik paltarlarında, tumanda, tennis formasında çəkilmiş şəkillər, gün üzlərinə vurduğundan hamısı sifətlərini təbii olaraq kənara itələmişdilər, gülüşdən üzləri qırış-qırış idi. Mən Hardini tanıdım. Son on ildə elə də dəyişməmişdi. İtaətsiz saç dəstəsi yenə alnına tökülmüşdü. Şəkillərə baxdıqda, onu yaxşı xatırladım. Bu şəkillər onu həyat eşqiylə ürəyi döyünən gənc kimi təsvir edirdi. Bənizindəki canlılıq onu cazibədar göstərirdi, o zaman klubda bu xüsusiyyətlərini dəfərlərlə qeyd etmişdim. Gözlərində həyat qığılcımı parlayırdı, hətta bu xüsusiyyət solğun şəkildə də nəzərə çarpırdı. Mən onun bacısının fotosuna baxdım. Əynindəki çimərlik geyimində incə bədən quruluşu gözdən yayınmırdı. Uzun qamətli ayaqları vardı.

- Biri-birilərinə çox oxşayırlar, - mən dedim.

- Hə, bacısı Hardidən bir yaş böyük olsa da, əkizlərə bənzəyirlər. Hər ikisinin bənizi ovaldır, hər ikisinin dərisi solğundur, heç bir qırmızılıq-filan yoxdur, hər ikisinin də çox cazibədar, təmiz, zərif qonur gözləri var, buradan aydın olur ki, özlərini necə aparmalarından asılı olmayaraq, onlara acıqlanmaq mümkünsüzdür. Hər ikisi anadangəlmə gözəllikləriylə hamıdan fərqlənirdilər, buna görə də istədikləri geyimi geyinirdilər, pinti geyinsələr belə, yenə də gözəl görünürdülər, onlara al da yaraşırdı, şal da. İndiysə düşünürəm ki, Hardi bu keyfiyyətini itiribdir, ancaq bu keyfiyyət onda vardı axı, biz tanış olarkən vardı. Onlar həmişə mənə Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” komediyasını xatırladırdılar. Siz kimi nəzərdə tutduğumu bilirsiniz.

- Viola və Sebastian.

- Onlar, deyəsən, bizim dövrümüzün xüsusiyyətlərinə uyğun deyildilər. Onlarda nəsə yelizavetalıq vardı. Söhbət ingilis kraliçası Birinci Yelizavetanın dövründən, 1558-1603-cü illərdən gedir. Məndə belə təəssüratlar yaranırdı ki, - məncə təkcə cavan olduqlarına görə yox, - onlar nəsə çox qəribə romantiklər idilər. Onları İlliriyada yaşayanlar kimi təsəvvür etmək çox asan idi.

Mən yenə şəkillərdən birinə baxdım.

- Qızın baxışından qardaşına nisbətən hökmlü olması sezilir, - mən dedim.

- Çox hökmlüydü. Bilmirəm siz Oliviyanı gözəl adlandırardınız, ya yox, amma o, dəhşət ehtiraslıydı. Onda lirik poeziya duyulurdu, bu lirik poeziya onun hərəkətlərini bəzəyirdi. Oliviya qardaşının hər nə qayğısı vardısa çəkirdi. Simasında o qədər səmimiyyət vardı ki. Dözümündə bir cəsarət aşılanırdı, bir müstəqillik vardı, bilmirəm heç necə deyim, adi gözəllik bununla müqayisədə bayağı görünürdü.

- Siz elə danışırsınız, sanki ona vurulmuşdunuz, - mən dedim.

- Əlbəttə vurulmuşdum. Mən elə bilirdim siz əvvəldən bunu duyacaqsınız. Mən ona dəhşət vurulmuşdum.

- İlk baxışdan sevgi? – mən gülümsədim.

- Məncə hə, amma bir ay olar bunu anlamadım. Ona qarşı hisslərimin fövqə çıxdığını anladıqda isə, bilmirəm bunu daha hansı sözlərlə yaxşı təsvir edə bilərəm, ona qarşı duyduqlarım qulaqbatırıcı həyəcan idi, mənim bütün varlığıma hakim kəsildi, bunun sevgi olduğunu anladım. Və anladım ki, bu sevgi lap əvvəldən yaranıb. Məsələ onun xarici gözəlliyində deyildi, ağ məxməri dərisində deyildi, danışarkən alnına tökülən saçlarda deyildi, qonur gözlərindən süzülən cazibədarlıqda da deyildi məsələ, daha böyük nələrsə vardı. Yanımda olarkən ürəyim açılırdı, hiss edirdim ki, özümə sərbəstlik verə bilərəm, olduğum kimi görünə bilərəm. Oliviya alçaqlıq etməyə qadir deyildi. Kiməsə paxıllıq etməsini və ya kiməsə qəzəblənməsini təsəvvür etmək mümkün deyildi. Ürəyində səxavət vardı. Onun əhatəsində heç bir söz demədən bir saat susa bilərdiniz, amma bununla belə, yenə də vaxtınızı çox yaxşı keçirdiyinizi düşünərdiniz.

- Belə qabiliyyət hər adamda olmur, - mən dedim.

- Oliviya çox gözəl dost idi. Nəsə təklif edəndə dərhal razılaşırdı. Heç zaman həyatımda belə üzüyola qadın görməmişdim. Onu ən son dəqiqədə belə pis vəziyyətdə qoysaydınız, kədərlənsə də, heç bir tədbir tökməzdi. Yenidən görüşdükdə isə yenə həmişəki tək səmimi və həlim olurdu.

- Niyə onunla evlənmədiniz?

Fezerstounun siqareti söndü. Siqaretin kötüyünü tulladı, tələsib-eləmədən yenisini alışdırdı. Sualıma cavab verməyə heç tələsmirdi. Mədəni cəhətdən inkişaf etmiş ölkədə yaşayan adama qəribə gələ bilər ki, Fezerstoun yad bir şəxslə bu gizlilikləri bölüşməyə qərar verdi. Şəxsən mənə qəribə gəlmədi. Belə hadisə birinci dəfə deyil ki başıma gəlir. Dünyanın fərqli-fərqli yerlərində yaşayan tənha adamlar onunla təskinlik tapırlar ki, illərlə gecələr beyinlərində gəzdirdikləri fikirləri, yuxularında gəzdirdikləri düşüncələri bir kimsəylə bölüşməyə macal tapırlar. Elə sizin yazıçı olmağınız bəs edir ki, başqalarının niyə ürəyindəkiləri sizə açması aydın olsun. Onlar bilirlər ki, danışdıqları hekayə sizdə təmənnasız maraq oyadacaq. Ona görə də sizin qarşınızda ürəklərini boşaltmağa çətinlik çəkməyəcəklər. Özü də şəxsi təcrübələrimizdən bildiyimiz kimi, adamın özü barəsində danışması həmişə xoş olur.

- Niyə onunla evlənmədiniz? – yenidən soruşdum.

- Evlənməyi arzulayırdım, - Fezerstoun uzun susqunluqdan sonra cavab verdi, - amma ona evlənməyi təklif etmək qərarı verə bilmirdim. Onunla həmişə dil tapırdıq. Mehriban dostlar idik. Bir duyğu vardı ki, məni sarmışdı, bu duyğudan xilas ola bilmirdim, bu duyğu oydu ki, o, nəsə bir sirr saxlayırdı, gizləyirdi məndən. Hərçənd elə sadə, elə səmimi, elə təbii idi ki, onda gizlin dərinliklər vardı, sanki müqəddəs bədənində nələrisə gizləyirdi, bu gizlinliklərə isə ölümlülərdən bir kimsə buraxılmırdı. Bilmirəm bəlkə də dediklərimdən heç-zad anlamaq olmur.

- Mən anlayıram.

- Bütün bunları Oliviyanın tərbiyəsi ilə izah edərdim. Oliviya və Tim anaları barədə danışmırdılar, ancaq məndə nədənsə elə təəssürat yaranırdı ki, onların anası heç nə olmamış həyəcanlanıb əsəbiləşən nevroz qadınlardan idi, belə qadınlar həm öz həyatlarını məhv edirlər, həm də yaxınlarının həyatını. Mən şübhələnirdim ki, anası Florensiyada çox qarışıq həyat tərzi sürürdü, bu da məni düşünməyə sürüklədi ki, Oliviyanın cəzbedici həlimliyində çox böyük iradə gücü gizlənir, özünə qapanması sanki bir divardır, bu divar vasitəsilə həyatdakı bütün biabırçılıqlardan qorunur. Əlbəttə, özünə qapanmaq onu əsir götürdü. Əgər Oliviya sizi sevsəydi və siz onunla evlənsəydiniz, onsuz da əvvəl-axır onun gizlinlərinə nüfuz edə bilərdiniz, belə fikirlərə qapılmaq belə ürəyinizi dondurardı və siz anlayardınız ki, bu sirrinizi onunla bölüşdükdən sonra, bütün yerinə yetməsini dilədiyiniz arzularınızına qovuşmağınız demək olacaqdı. Bilirsiniz, amma bütün bunlar da mənə rahat yaşamağa macal vermirdi, Göy Saqqalın arvadının qapısı bağlı qəsrindəki kimi. Qarşımda bütün otaqlar taybatay açılırdı, mən o qıfıllanmış otağa daxil olmasaydım, sakitləşməyəcəkdim. Mən evin tavanında qəhvəyi rəngli yekəbaş ev kərtənkələsi gördüm. Heç kimə dəyib dolaşmayan bu balaca məxluqatı evdə görmək yaxşı əlamətdir. Bu kərtənkələ donubmuş kimi milçəyi güdürdü. Kərtənkələ qəflətən hücuma keçdi, ancaq milçək uçdu. Və kərtənkələ yenə də qıc olubmuş kimi yenə də qəribə donuqluğa mübtəla oldu.

- Qərar tuta bilməməyimin bir səbəbi də vardı. Qorxurdum ki, ona evlənməyi təklif etsəm, o da bu təklifimdən imtina etsə, onlara qonaq gəlməyə, mənə belə asanlıqla icazə verməyəcəklər. Buna görə də belə təklifdə bulunmurdum, onlarda qonaq olmağı çox xoşlayırdım. Onun əhatəsi mənə xoşbəxtlik bəxş edirdi. Axırda ona evlənmək təklifi etdim, düzdür, bu təklifi etməyim tam bir təsadüf oldu. Axşam yeməkdən sonra ikilikdə eyvanda əyləşmişdik, mən onun əlini əlimə aldım, o, dərhal əlini gizlədi. “Niyə belə edirsiniz?” mən soruşdum, “Mənə toxunanda bu, xoşuma gəlmir” o, yarıdönmüş halda gülümsəyərək cavab verdi. “Siz mənə acıqlandınız? Fikir verməyin, mənim şıltaqlığımdan irəli gəlir, bununla bacarmıram. Doğrudanmı sizin bir dəfə də ürəyinizə dammadı ki, mən sizi dəhşət sevirəm” mən soruşdum. Deyəsən bu sözləri deməyim heç yaxşı çıxmadı, amma buna qədər heç kəsə ürəyimi açmamışdım. Düzünə qalsa, heç sonra da heç kimə evlənmək təklifi etmədim. Oliviya bir dəqiqə susdu, sonra dedi: “Mən çox şadam, amma istərdim məsələ elə bununla da bitsin”. “Niyə?”. “Mən Timi ata bilmərəm”. “Bəs birdən Tim evlənsə, onda necə?”. “Tim heç zaman evlənməyəcək”. Mən onsuz da xeyli irəliyə getmişdim, ona görə də dayanmağı düşünmədim. Boğazım quruduğundan, birtəhər danışırdım. Əsəbdən titrəyirdim. Dedim “Oliviya, mən sizi dəlicəsinə sevirəm. Dünyada ən çox istədiyim odur ki, mənə ərə gələsiniz”. Oliviya həlimliklə əlimə toxundu, sanki bu toxunuşda yerə düşən gülün toxunuşu vardı. “Yox, əzizim, mümkün deyil” o, cavab verdi. Mən susurdum. Ürəyimdən keçənləri deməkdə çətinlik çəkirdim. Çox utancaq adamam. Axı mən ona necə izah edə bilərdim ki, ərnən və qardaşnan yaşamaq fərqli-fərqli şeylərdir. Oliviya deyəsən uşaqlarının olmasını istəyirdi. Özünün təbii instinktlərini boğması düzgün olmazdı. Gənclik illərini belə boş yerə sərf etmək düzgün olmazdı. Ancaq sükutu birinci pozan elə Oliviya oldu. “Gəlin bir daha bu mövzuya qayıtmayaq. Danışdıq? Bir-iki dəfə mənə elə gəlmişdi ki, siz mənə qarşı laqeydsiniz. Tim də bunu sezmişdi. Mən kədərləndim, qorxdum, ürəyimdə düşündüm ki, yəqin bununla da bizim dostluq münasibətlərimiz bitəcək. İstəməzdim belə olsun, Mark. Axı biz biri-birimizlə yaxşı münasibətdəyik, hər üçümüz, birlikdə elə yaxşı dostlarıq ki. Bilmirəm, biz sizsiz necə keçinərdik” Oliviya dedi. “Bu barədə elə mən özüm də düşünmüşəm” Oliviyayla razılaşdım. “Əzizim mənim, bunu istəmirəm. Özünüz yaxşı bilirsiniz ki, sizə qonaq gəlmək çox xoşdur. Heç yerdə özümü belə rahat hiss etməmişdim. Siz mənə acıqlanırsınız?” o, soruşdu. “Niyə acıqlanmalıyam ki? Bu sizin günahınız deyil. Sadəcə sevmirsiniz məni. Əgər sevsəydiniz, heç Tim barədə düşünməzdiniz” mən cavab verdim. “Sizdən yoxdu” o, cavab verdi, əlləriylə boynuma sarıldı, dodaqlarıyla yanağıma toxundu. Məncə bu söhbətlər bizim münasibətlərimə tam aydınlıq gətirdi. Məni evlərinə ikinci qardaş qismində qəbul etdilər. Bir neçə həftə sonra Tim İngiltərəyə getdi. Onların Dorsetdəki evini kirəyə götürən adam çıxmaq istəyirdi, onun yerinə də bir başqası istəyirdi, amma Tim qərara gəldi ki, özü gəlib hər şey barəsində danışsa daha yaxşı olar. Bununla bahəm, plantasiya üçün də bəzi avadanlıqlar almaq istəyirdi. Hesablamasına görə, İngiltərədə üç ay qalmalıydı, çox yox. Oliviya getmək istəmədi. İngiltərədə Oliviyanın tanışları demək olar yox idi. Bu ölkə belə demək mümkünsə, onun üçün yad bir ölkəydi. O, tək yaşayıb, plantasiyaya qulluq etməyə hazır idi. Əlbəttə onlar öz yerlərinə bir idarəedici qoya bilərdilər, ancaq bu tamam başqa cür olardı. Kauçukun qiyməti enirdi, ona görə də ikisindən birinin qalması lazım idi. Mən Oliviyanı gözdən qoymayacağıma Timi arxayın etdim. Əgər lazım olsam, mənə zəng edə biləcəyini dedim. Mənim nikah təklifim elə bir fəsadlara səbəb olmamışdı. Aramızda belə söhbət heç olmayıbmış kimi özümümüzü göstərirdik. Heç bilmirəm bu barədə, ona dediklərim barədə Timə nələrisə demişdimi, ya yox. Çünki Tim heç bunu bildiyinə eyham da etmirdi. Əvvəlki tək Oliviyanı sevirdim, ancaq büruzə vermirdim, içimdə saxlayırdım. Heç kəsə güvənə bilməyəcəyimi anlayırdım və yalnız ümid edirdim ki, zaman ötdükcə mənim sevgim başqa nələrəsə çevriləcək və biz ən mehriban dostlar olacağıq. Nə qədər qəribə görünsə də, sevgi elə sevgiymiş, bəzəyib-düzəmək mümkünsüzmüş. Görünür, Oliviyanın mənim qəlibimə endirdiyi köklər lap dərinə işləmişdi və bu köklərdən özümü məhrum etmək çətin ki mümkün olacaqdı.

Oliviya qardaşı Timi gəmiylə yola salmaq üçün Penanqa yola düşdü. Qayıtdıqda isə, mən Oliviyanı vağzalda qarşılayıb, evinə apardım. Tim olmadığı üçün, özümə izn verə bilməzdim ki, gəlim onlarda gecələyim. Ancaq bazar günləri səhər yeməyinə gəlirdim, sonra isə dənizdə üzməyə gedirdik. Tanışları onun qeydinə qalar, evlərində qalmağı Oliviyaya təklif edərdilər, Oliviya isə bu təkliflərdən imtina edirdi. Vaxtının çox hissəsini plantasiyada keçirirdi. Xeyli işləri vardı. Çox mütaliə edirdi. Heç zaman darıxmırdı. Tənhalıq onun xoşuna gəlirdi. Qonaq qəbul etdikdə isə, yalnız ona görə qəbul edirdi ki, qayda beləydi. Adamlar arasında nankor birisi kimi tanınmaq istəmirdi. Qonaq qəbul etməkdən xoşlanmırdı, mənə deyirdi ki, sonuncu qonaq getdikdən sonra, dərindən köks ötürüb rahat nəfəs alır, yenə də bunqalo tənhalığında özünə qapanır. Çox qəribə qadın idi. Onun kimi gənclik illərində əyləncə gecələrinə məhəl qoymamaq necə olardı anlaşılmazdır. Mənəvi anlamda yalnız özünə güvənirdi. Bilmirəm necə söz-sözbət gəzdi ki mən onu sevirəm. Bu söhbət necə yayıldı bilmirəm. Nə dediyim sözlərlə, nə baxışlarımla özümü ələ verməmişdim, amma orda-burda eyham edirdilər ki, mənim sirr saxladığım artıq hamıya məlum bir həqiqətdir əslində. Belə başa düşdüm, hamı elə sanır ki, Oliviya İngiltərəyə mənə görə getməyib. Polis şefinin arvadı xanım Serdjison hətta soruşdu ki, məni bu münasibətlə nə zaman təbrik edə bilərlər. Əlbəttə mən elə görkəm aldım ki, güya onun eyhamlarından heç-zad anlamadım, ancaq xanım mənə inanmadı. Bütün bunlar özüm də hiss etmədən məni əyləndirirdi. Əri ola biləcəyim barədə fikirlər Oliviyaya o qədər yad idi ki, əminəm, mənim təklifimi də unutmuşdu. Mənə qarşı pis rəftar etdiyini deyə bilmərəm, heç qəddarlıq etməyə də qabil deyildi. Mənə elə həlimliklə etinasızlıq göstərirdi ki, belə münasibəti bəzən bacı kiçik qardaşına göstərir. Oliviya məndən iki-üç yaş böyük idi. Həmişə sevinirdi gəlişimə, ancaq mənə görə öz fikrindən dönməzdi. Son dərəcə səmimi davranırdı, bu cür səmimiyyət ürəkdən gəlirdi, bu cür səmimiyyəti göstərmək üçün vücudunu və ya hisslərini nələrəsə qatlaşmağa məcbur etmirdi. Oliviyanın münasibəti ona bənziyrdi ki, bir adamla uzun illərdir tanış olduğundan onun qarşısında əzilib-büzülməyi heç ağlına belə gətirməzsən. Mən Oliviya üçün heç kişi də deyildim. Mən onun üçün nəsə köhnə bir jaket idim, bu jaketi digər paltarları soyunmadan geyinirsən, çünki bu jaketdə özünü rahat hiss edirsən, istədiyin işi görə bilərsən. Əgər məni sevmədiyini duymasaydım, yəqin ən səfeh adam olardım.

Timin qayıtmasına üç-dörd həftə qalmış, günlərin birində Oliviyanın yanına gəldikdə, ağladığını gördüm. Bu, məni karıxdırdı, Oliviya həmişə öz hisslərinə hakim ola bilərdi, bir dəfə də olsun onu bu görkəmdə görməmişdim. “Nolub sənə?” mən soruşdum. “Heç nə” Oliviya cavab verdi. “Ürəyinizi açın, əzizim, nədən ağlayırdınız?” mən soruşdum. Oliviya gülümsəməyə çalışaraq cavab verdi: “Siz necə də diqqətlisiniz! Məncə özümü axmaq kimi aparıram, amma elə indicə Timdən teleqrama gəldi. Bir az gec gələcəyini dedi”. “Çox təəssüf edirəm, yəqin çox məyus oldunuz” mən dedim. “Mən günləri sayırdım. Onsuz elə darıxırdım ki” Oliviya cavab verdi. “Nəyə görə gec gələcəyi barədə bir şey demədi?” mən sual elədim. “Yox, dedi bu barədə məktubunda yazacaq. Mən sizə qoy teleqramı göstərim”.

Oliviyanın çox narahat olduğunu görürüdüm. Həmişə baxışında bir həlimlik duyulardı, ancaq indi bir zamanlar həlimlik duyulan simasını kədər bürümüşdü, qaşlarının arasında həyəcanlı qırışlar sezilirdi.

Oliviya əlində teleqramla yataq otağından qayıtdı. Teleqramdakıları oxuyarkən, simasındakı narahatlıqlar diqqətimdən yayınmırdı. Xatırladığım qədəriylə, teleqramdakı mətn beləydi: “Əzizim yeddisində çıxmaq alınmadı. Xahiş edirəm üzrlü say. Məktubda yazacam bu barədə. Sevirəm. Tim”. Mən Oliviyanı sakitləşdirmək üçün dedim ki “Ola bilsin gətirmək istədiyi avadanlıq hələ gəlib çıxmayıb, bu səbəbdən yubana bilər, avadanlıqsız gəlmək istəmir yəqin”. Oliviya isə belə cavab verdi: “Məgər o avadanlığı başqa reyslə göndərmək olmazdımı? Onsuz da o avadanlıq Penanqda yatıb qalıb”. Mən yenə təskinlik verdim: “Bəlkə də yubanması evlə bağlıdır”. Oliviya isə sual dolu baxışlarını mənə zilləyib soruşdu: “Onda bu barədə demək çətin idimi? Axı yaxşı bilir ki, indi nə edəcəyimi bilmirəm, həyəcanlıyam”. Mən yenə də təskinlik verdim: “Ola bilsin bunu nəzərə almayıb. Bəzən gedənlər, qoyub getdiklərinin nələri yaşaya biləcəklərini, nələri düşünə biləcəklərini düşünmürlər”

Oliviya bu dəfə gülümsədi. “Deyəsən siz haqlısınız. Bu elə Timin şakəridir, həmişə yelbeyinliyi və diqqətsizliyi ilə fərqlənir. Deyəsən mən doğrudan da milçəkdən fil düzəldirəm. Gərək dözümlü olum və məktubunu gözləyim”.

Oliviyanın bu cürə dözüm nümayiş etdirməsini anlaya bilmirdim. İradəsinin ziddinə olaraq gözlərim qarşısında özünü ələ almağı bacarırdı. Qaşlarının arasındakı qırışlar hamarlaşdı, yenə özünə gəldi Oliviya, həlim, güləyən və səmimi. Ümumiyyətlə yumşaq olmaq onun xüsusiyyəti idi. Ancaq həmən gün onun səmavi həlimliyi, hisslərini cilovlaması məni sadəcə heyrətləndirirdi. Elə bil, ürəyinə nəsə dammışdı. İngiltərədən məktubun gələcəyi gün də bu hisslər Oliviyanı tərk etmirdi. Öz həyəcanını gizləməyə çalışırdı. Mən axşama yaxın plantasiyaya gələcəyimə söz verdim. Çıxmağa çalışırdım ki, Hardinin sürücüsü maşınla yaxınlaşdı və dayənin xahişini çatdırdı. Dayə vaxt itirmədən sahibə dəyməyi xahiş edirdi. Ama ləyaqətli yaşlı qadın idi. Əvvəllər ona iki dollar vermişdim, demişdim ki, əgər plantasiyada nəsə baş versə məlumatlandırsın. Maşınıma atıldım. Dayə məni pilləkəndə gözlədi.

“Səhər məktub gəldi” Oliviya mənə dedi. Sonra dediyi heç bir sözə qulaq asa bilmədim, Oliviya pilləkənlərlə aşağı qaçdı. “Oliviya” mən çağırdım. Dəhlizə çıxarkən, eşitdiyim səslərdən qəlbim qubarlandı. Arxamca gələn dayə Oliviyanın yataq otağının qapısını açdı. Oliviyanın hönkürtülərini eşitdim. İçəri daxil oldum. Üzüaşağı yatağa sərilmişdi, hönkürtülərindən bütün bədəni tir-tir titrəyirdi. Əlimi onun çiyninə sərib soruşdum: “Oliviya, nə baş verib?”. Oliviya isə qışqırdı: “Kimsən sən?”, qorxubmuş kimi ayağa qalxdı. Sonra dedi: “Hə, bu sizsiniz”. Boynunu büküb, gözlərini qapayıb qarşımda durmuşdu. Göz yaşları yanaqlarında muncuqlanıb süzülürdü. Ağır mənzərə idi. “Tim evlənibdir” Oliviya dedi və simasından inanılmaz əzablar oxundu.

Etiraf edim ki, məni bir anlıq sanki cərəyan vurdu. Birdən xəyalıma gəldi ki, mənim şansım var və Oliviya bəlkə mənə ərə gəlmək istəyər. Bilirəm, mən tərəfdən bu dəhşətli eqoizm idi, ancaq siz anlamılısınız ki, bu xəbər məni qəflətən tapdı. Onun yanıb-qovrulması mənim ürəyimə toxundu. Bu bədbəxt qadına yalnız təəssüflənmək qalırdı. Belindən qucaqladım. “Belə vicdansızlıqmı olar?” mən dedim. “Gəlin qonaq otağına gedək, əyləşək, bütün bu məsələləri müzakirə edək. Mənsə hələlik sizə içməyə nəsə süzərəm”. Oliviya bu sözlərimlə etiraz etmədi. Qonaq otağına gəlib, divanda əyləşdik. Dayəyə tapşırdım ki, bizə viski və sifon gətirsin, porsiyaları qarışdırdım və Oliviyadan təkidlə içməsini istədim. Qucaqladım və başını çiynimə endirdim. Bütün xahişlərimi itaətlə yerinə yetirirdi. Gözlərindən gilə-gilə yaşlar süzülürdü.

“Tim mənə qarşı necə belə hərəkət edə bilərdi, axı necə?”, Oliviya hönkürüb inildəyirdi. “Əzizim mənim, onsuz da belə olmalıydı, geci-tezi var idi. Tim cavan oğlandır. Axı siz onun həmişə subay qalacağına güvənə bilməzdiniz. Onun evlənməsi təbiidir”. “Yox, yox, yox” Oliviya etiraz etdi. Yumruğunu sıxmışdı, ovcunun içində əzik-üzük bir məktub vardı, Timin məktubu olmasını anladım. “Tim nə yazır?” mən soruşdum. Oliviya qorxurmuş kimi məktubu sinəsinə dayadı, əlindən alacağımdan qorxdu sanki. “Yazır ki, heç nə edə bilməzdi. Yazır, başqa çıxış yolu yox idi. Bu nə deməkdir axı?” Mənsə Oliviyaya təsəlli verməyə çalışırdım: “Bilirsiniz, 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM