E-Kitab: Vladimir Sorokin. Geoloqlar. (Hekayə)

16:05 | 18.05.2013
E-Kitab: Vladimir Sorokin. Geoloqlar. (Hekayə)

E-Kitab: Vladimir Sorokin. Geoloqlar. (Hekayə)

Rus yazıçısı, ssenarist, dramaturq Vladimir Sorokin 7 avqust 1955-ci ildə doğulub. "Növbə”, "Marinanın 13-cü məhəbbəti” romanlarının, "Opriçnikin Günü” povestinin, "Şəkərli Kreml” hekayələr kitabının və digər əsərlərin müəllifidir.
Hekayə
Geoloqlar
Qara tüstüdən qaralmış, üzü üzlər görmüş köhnə sobanın içinə atılmış odunlar çırtıltıyla alovlanıb yanırdı. Sobanın yarıaçıq çuğun qapısının arxasından hərdənbir bayıra boylanan alov dilimləri geoloqların bənizlərinə yaqut parıltılar atırdı. Solovyov damağında qalmış siqaretdən dərin qullab alıb, kötüyünü narıncı dəliyə atdı və alov dilimləri ömrünü başa vurmuş kötüyü gəmirməyə başladı. Solovyovun yanında, şam ağacından hazırlanmış alçaq kətildə əyləşmiş Alekseyev əlindəki enli ovçu bıçağıyla oynayır, onu odun parçasına batırır, sonra əlini uzadıb bıçağı birtəhər taxtadan qoparır və dəfələrlə bunu təkrarlayırdı. 
Solovyov ah çəkib yerindən qalxarkən, az qalmışdı, başı bu balaca qışlaq komasının alçaq tavanına toxunsun. 
- Yox, uşaqlar, belə olmaz. Gərək elə günü bu gün bir qərara gələk. 
Avdeyenko razılıqla başını yellədi, Alekseyev tərəddüdlə çiyinlərini çəkdi və növbəti dəfə bıçağı kötüyə sapladı. Qırov bağlamış pəncərənin qabağında əyləşmiş İvan Timofeyeviç isə sarı sümükdən düzəldilmiş qəlyanını aramla tüstülədirdi. 
- Saşa, niyə dillənmirsən? - Solovyov Alekseyevə tərəf dönüb dilləndi. 
- Mən sözümü dedim, - Alekseyev təmkinlə cavab verdi. Onun narıncı işartılarla parıldayan saqqal basmış üzündə həyəcandan əsər-əlamət belə yox idi. 
- Axı sənin fikrin ən azından vəhşilikdi, - Solovyov başını buladı. - Həmkarlarımızı qar uçqunu təhlükəsində qoyub, özümüzsə aradan çıxaq?!
Enli ovçu bıçağı yenə də quru kötüyə sancıldı. 
- Bəs, necə edək? Bir illik ağır zəhmətimizi yelə verək?
- Axı insan həyatı bizim tapdığımız nadir nümunələrdən daha qiymətlidir! - Solovyov həyəcanla əllərini yellədi. 
- Əlbəttə, - Avdeyenko da razılaşdı və Alekseyevə baxdı. 
O isə əsəbiliklə bıçağın tiyəsini dizinə çırpdı:
- Özünüzü uşaq kimi aparırsınız! Əşi, onlar çoxdan gedib Ust-Severnı qəsəbəsinə çatıblar. Sizin Sidorovla Korşevski bu saat oturub isti samovardan çay hortdadırlar! Hər cür uçqun təhlükəsindən də uzaqdırlar!
- Saşa, bəs rabitə? Axı onlar Ust-Severnıyə çatsaydılar, bizimlə əlaqə saxlayıb, xəbər verərdilər, - Solovyov onun sözünü kəsdi. - Necə çay içə bilərlər ki, qəsəbədə onların izi-tozu da yoxdu?
- İndi yoxdularsa da bir-iki günə ora çatarlar, - Alekseyev əminliklə cavab verdi. 
- Bəlkə onlar heç Ust-Severnıya getməyiblər? - deyən Avdeyenko ehtiyatla sobanın üstünə əyilib, içində qaynar çayın buxarlandığı parçı götürdü. 
- Gediblər, - Alekseyev bayaqkı əminliklə təkrarladı və pambıq şalvarının ciblərini eşələyərək, siqaret axtarmağa başladı. – Birincisi, qar uçqunu təhlükəsindən xəbərdardılar, ikincisi, vertolyotu da yəqin görüblər, üçüncüsü, hər ikisi çox təcrübəli geoloqlardı, - udqunub davam elədi. -Yoxsa elə bilirsiniz bu çovğunda onlar nəsə tapa bilərlər? Axı bayırda heç göz-gözü görmür. Ən çoxu bir-iki gün orda veyillənib, yəqin Ust-Severnıya yol alıblar...
Sözünü bitirib nazik ağac budağını sobanın içinə soxub-çıxartdı və onun alovunda öz siqaretini yandırdı. 
- Elə danışırsan ki, elə bil hər şeyi qabaqcadan bilirsən, - Avdeyenko kinayəylə gülümsündü. - Axı onlar Ust-Severnıya plan üzrə yalnız gələn həftə getməliydilər. 
- Nikolay, sən nə danışırsan? Məgər onlar uşaqdılar? Korşevskinin on illik təcrübəsi var. O, buraları beş barmağı kimi tanıyır. Deyirsən yəni o qədər axmaq oldular ki, vertolyotu, atışmanı görüb, qar uçqunu təhlükəsini anlamadılar?! Ərzaqları da qurtarmış olar, deməli, Ust-Severnıya gediblər. Sizə deyirəm, ora gediblər! Pyotrla sən isə əməlli-başlı şüvənlik salırsınız. Lap uşaq kimi fikirləşirsiniz, bir o qalmışdı ki, tapdığımız bütün nümunələri atıb, onları axtarmağa gedək! Yaxşı, tutalım mən razılaşdım, bəs harda axtaraq onları? Yamac boyu? Sarı qayalıqda? Bəlkə qərb sıldırımlarında dolaşaq?.. Axı biz onların qışlağının dəqiq yerini də heç bilmirik. Nümunələrimizi ataq, sabah da uçqun gəlib hamısını qar altına alsın! Absurddur, tamamilə absurd!.. 
- Bəlkə nümunələrə heç nə olmadı? - Avdeyenko soruşdu. - Buralara qar uçqunu çətin gəlib çata... 
- Birdən gəlib çatdı, onda necə? - Alekseyev enli sifətini həmkarına çevirdi. - Tapdığımız nümunələr qar altında qalsa, şöbə müdiri Rodnikovun qarşısına hansı üzlə çıxacağıq? 
Hamı gözlərini içində odun çırtıldayan sobaya dikib susdu. Pəncərənin qarşısında dayanıb bayıra baxan və bayaqdan dillənməyən İvan Timofeyeviç əvvəlki kimi qəlyanını tüstülətməyində idi. Gündən qaralmış bənizində sərtlik vardı. Başına qoyduğu toxunma papağın altından gicgahlarının ağarmış tükləri sallanırdı. Avdeyenko başını yellədi. 
- Hə, əlbəttə, nümunələr itib-batsa... axı bir ildi yığırıq...
O, dodaqlarını irəli verib buxarlanan çaydan qurtumladı. Solovyovsa səbirsizliklə ciblərini eşələdi. 
- Saşa, gəl Ust-Severnıyla bir də əlaqə saxlayaq. 
Alekseyev çiyinlərini çəkib ayağa qalxdı.
- Nə deyirəm, sən deyən olsun.
Daxmanın küncündə, kobud mıxlanmış masanın üstündə qoyulmuş təzə rabitə qurğusunun alüminium paneli yüngülcə parlayırdı. Alekseyev balaca kətili altına çəkib, oturdu və həmin qətiyyətli hərəkətlə qulaqlığı başına keçirtdi, tumblerin düyməsini basdı. Çaqqıltıyla bərabər panelin üstündə qırmızı işıq yandı. Alekseyev ötürücünü hərəkətə gətirdi. Bir müddət sonra əlini saxladı, qulaqlığın yerini rahatlayıb, morze əlifbasıyla gələn cavaba qulaq asdı. 
- Hə, belə... - o, cavab kəlməsini yollayıb, qulaqlığı çıxartdı, qurğunu söndürüb, ayağa qalxdı. - Hələ gedib çatmayıblar. Yoxdular orda. Sabah çovğun bir balaca ara verən kimi vertolyotları yenə də onları axtarmağa göndərəcəklər. Məncə biz artıq tərpənə bilərik, sübhdən çıxarıq yola. Nümunələrimiz də yüngül deyil, daşların hamısı birlikdə yarım tondan artıq olar. Amma birtəhər apara bilərik. Uşaqları isə vertolyotlar tapar. 
Pəncərə qarşısında əyləşmiş İvan Timofeyeviç dərindən köksünü ötürüb, havaya uzun tüstü buraxdı. Hamı ona tərəf çöndü. Solovyov ehtiyatla soruşdu:
- İvan Timofeyeviç, bəs siz bu barədə nə düşünürsünüz? 
O, heç nə cavab verməyib, qəlyanının müştüyünü dişləyirdi.
Alekseyev saqqalını qaşıdı.
- Çıxılmaz vəziyyətə düşmüşük. Mənim təklifim bir başqadır, onlarınkı tamam başqa. Ziddiyyət içindəyik. 
Avdeyenko boş parçı stolun üstünə qoydu. 
- İlk dəfədi ki, aramızda belə fikir ayrılığı yaranır. İvan Timofeyeviç, siz bizdən də təcrübəli geoloqsunuz, iyirmi beş il olar belə çətin səfərlərdəsiniz. Bəlkə bizə bir çıxış yolu göstərəsiniz?
- Yəqin elə buna görə susursunuz, - Solovyov gülümsündü. 
İvan Timofeyeviç də cavab olaraq dodaqlarını qaçırtdı: 
- Buna görə, Petya, buna görə... 
Yerindən qalxaraq əlindəki qəlyanı stolun kənarına çırpıb, təmizlədi və cibinə qoyub dərindən nəfəs aldı. 
- Həəə, deməli belə. Mənim yerlim Vasili İvanoviç Çapayev demişkən, sizin bayaqdan bəri danışdıqlarınızın üstünə tüpürüb tullayıram kənara. Gəlin, necə deyərlər, qəhvə qalığında fala baxmayaq, çox ciddi fikirləşək. Mövcud şəraiti hərtərəfli dəyərləndirək, məncə bizim yalnız bir çıxış yolumuz qalır. Vəziyyəti təhlil etmək. 
Sakitlik çökdü. Alekseyev başını tərpətdi. Onun üzündə iftixar əlamətləri sezildi:
- Buna bax, a... heç mənim ağlıma gəlməyib.
Solovyov isə özünü itirmiş halda boynunu qaşıyıb mızıldandı:
- Əslinə qalsa, elə mənim də ağlıma gəlməmişdi.
Avdeyenko da razılıqla əlini dizinə çırpıb sevincək halda dilləndi:
- Hə, qartallarım. Bax buna deyərəm əsl peşəkar! 
Əlini onun çiyninə vuran İvan Timofeyeviç daxmanın ortasına çıxdı, sallağı oturub döşəmənin buzlu taxtalarını üç dəfə döyəclədi və aramla dedi: 
- Mıst, mıst, mıst, fırtılığım qıcınsın. 
Onun yanında dayanmış geoloqlar xorla təkrarladılar:
- Mıst, mıst, mıst, fırtılığım qıcınsın. 
Sonra gənc geoloqlar cəld İvan Timofeyeviçin ətrafında dövrə vuraraq əllərini irəli uzadıb birləşdirdilər. Onların açıq ovuclarından bir növ balaca tas kimi bir şey əmələ gəldi. İvan Timofeyeviç başıyla onlara işarə verdi. Geoloqlar ehmalca aşağı oturdular. Birləşmiş ovuclarının əmələ gətirdiyi tas da döşəməyə yaxınlaşdı. İvan Timofeyeviç "tas”ın üstünə əyilib iki barmağını boğaz nahiyəsinə soxdu, gəyirərək titrədi. Elə o dəqiqə əllərin sayəsində düzəlmiş balaca tasın içinə qusdu. Ayağa qalxıb nəfəsini dərdi, dəsmal çıxarıb, ağzını silərək sözünü davam elədi:
- Mıst, mıst, mıst, yarımtoyuq qurbağa. 
Pozalarını dəyişməyərək əllərindəki açıq-qəhvəyi mayenin döşəməyə dağılmasına imkan verməyən geoloqlar da, İvan Timofeyeviçin dediklərini aramla təkrarladılar:
- Mıst, mıst, mıst, yarımtoyuq qurbağa. 
İvan Timofeyeviç gülümsünüb, rahatlıqla köksünü ötürdü. Sobada közərən odun kömürləri çırtıltıyla dağılıb külə dönürdü. Qırov bağlamış balaca pəncərənin o üzündə isə tayqa tufanı qəzəblə inləyirdi.
Tərcümə: Ramil Rahiboğlu
ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM