Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib.
1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Universiteti bitirdikdən sonra 1962-ci ildə təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1968-1975-ci illərdə Azərbaycan Dillər Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilib. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir
1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu. O, hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub.
1992-ci il iyunun 7-də Əbülfəz Elçibəy prezident seçilir. Əbülfəz Elçibəyin prezidentliyi dövründə, bir ildə Dövlət Ləl-Cəvahirat Fonduna 1.5 ton qızıl və digər qiymətli metallar toplandı. 1993-cü il iyun ayının 1-nə qədər Milli Bankda valyuta ehtiyatı 1992-ci ilin uyğun dövrünə nisbətən 100 dəfədən çox artaraq 156 milyon dollara çatdı. Elçibəyin prezidentliyi dövründə dövlət büdcəsinin kəsiri 5 faizdən artıq olmadı. Həmin bir ildə Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı. Manat uzun müddət rublla müqayisədə öz başlanğıc 1:10 nisbətini qoruyub saxladı (həmin dövr ərzində rus puluna nisbətən Belorus rublu 300%, Ukrayna kuponu isə 700% qiymətdən düşmüşdü).
Siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri haqqında qanunlar qəbul edildi. Həmin qanunlar əsasında 30-a qədər siyasi partiya, 200-dən artıq ictimai birlik, 500-dən artıq mətbuat orqanı və informasiya vasitəsi qeydiyyata alındı. Prezident aparatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş seçkilər haqqında qanun Azərbaycanda ilk dəfə olaraq parlament seçkilərinin çoxpartiyalılıq əsasında keçirilməsini nəzərdə tuturdu. Lakin bu layihə sonralar qəbul olunmamış qaldı. Respublikada məhkəmə hakimiyyətini gerçəkləşdirmək üçün məhkəmələrin statusu haqqında qanun qəbul edildi. Hüquq-mühafizə orqanlarında köklü islahatların başlanğıcı qoyuldu. İslah-Əmək sistemi Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi.
Dövlət Əmlak Komitəsi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Yardım Komitəsi, İqtisadiyyat Nazirliyi, Torpaq Komitəsi və s. dövlət orqanları yaradıldı. İqtisadi islahatları tənzimləmək məqsədilə 34 qanun, o sıradan dövlət əmlakının özəlləşdirilməsi haqqında, banklar və bank fəaliyyəti haqqında (ümumiyyətlə, bazar iqtisadiyyatına uyğun bank sisteminin yaradılması üçün bütün lazımlı qanunlar qəbul edilmişdi), mülkiyyət haqqında, xarici investisiyaların qorunması haqqında, icarə haqqında, torpaq vergisi haqqında, aksizlər haqqında qanunlar qəbul edildi. Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edilməsindən ötrü mühüm işlər görüldü. Hazırlanan müqavilələrə əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Norveç və Türkiyənin neft şirkətlərinin respublikamızın neft sənayesinə 10 milyard dollara yaxın sərmayə qoyması gözlənilirdi.
Elm, təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. Təhsil haqqında qanun qəbul edilmişdi. Bu qanuna əsasən təhsil sahəsində özəl müsəssisələrin açılmasına icazə verildi və tezliklə bir çox belə müstəqil təhsil ocaqları yarandı. Ali və orta ixtisas təhsili məktəblərinə qəbulun test üsulu ilə keçirilməsi Elçibəy iqtidarının mühüm uğurlarındandır.
Onun bir illik hakimiyyəti ərzində (15 may 1992-ci il – 17 iyun 1993-cü il) Milli Məclisdə 118 qanun, 160 qərar qəbul edildi.
Hakimiyyətə gələndən bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra Bakını tərk edib və 1993-cü il iyunun 17-də doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib.
İyunun 24-də Milli Məclisin qərarı ilə səlahiyyətlərinə son verilmiş Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Ankara Dövlət Xəstəxanasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.
Xatirəsi necə yaşadılır?
Elçibəy haqqında 30-dan çox kitab yazılıb. Sonuncu kitab cari ilin iyunun 5-də Elçibəyin qızı Çilənay Səmədbəyli atası haqqında kitab yazıb. Paytaxtda Elçibəyin heykəli ucaldılıb.
2021-ci ildə Türkiyədə ilk dəfə Elçibəyə mahnı həsr edilib və klipi hazırlanıb. Layihənin prodüsseri Siyasət Alim və araşdırmaçı-jurnalist Aynur İmranın əməyi ilə ərsəyə gələn mahnının sözləri Mirzə Sakit, musiqisi ozan Kaya Kuzucuya məxsusdur. Sərdar Çiləkarın rejissorluğu ilə hazırlanan və Elçibəy sevənlərə təqdim olunan klip Eskişehir Azərbaycanlılar Dərnəyinin youtube kanalında yayımlanır. ( https://www.youtube.com/watch?v=B0P6SPJF6PA&ab_channel=Eski%C5%9FehirAzerbaycanl%C4%B1larDerne%C4%9Fi )
Azərbaycanda Elçibəy İnstitutu 2020-ci il noyabrın 17-də Arif Hacılı, Arzu Səmədbəyli, Əli Kərimli, İsa Qəmbər, İsmayıl Musa, Qiyas Sadıqov, Oqtay Qasımov, Pənah Hüseyn tərəfindən yaranıb. İnistitunun məqsəd Azərbaycan Milli Azadlıq və Demokratik hərəkatının lideri, 1992-ci ildə demokratik yolla Azərbaycan prezidenti seçilmiş Əbülfəz Elçibəyin elmi- nəzəri –ideoloji irsini toplamaq, mühafizə və müdafiə, tədqiq, təbliğ və təşviq etməkdir. Elçibəy İnstitutu Azərbaycan Respublikası qanunvericiliyində yol verilən qayda, forma və vasitələrdən (o cümlədən kitablar, xüsusi buraxılışlar və s. nəşr etmək, elm və digər yaradıcılıq sahələri üzrə müsabiqələr elan etmək, mühazirələr, seminarlar təşkil etmək, kurslar açmaq, dinləmələr və s. tədbirlər keçirmək) istifadə edilməklə fəaliyyət göstərir. "Elçibəy İnstitutu"nun direktoru Əbülfəz Elçibəyin ən yaxın silahdaşlarından biri olmuş Oqtay Qasımovdur.
Ayrı-ayrı partiyaların doğum günü münasibətlə Xiyabana toplaşacaqlarını qeyd edib. Lakin dövlət səviyyəsində bu gün ilə bağlı hər hansı tədbir keçirilməsi barədə informasiya yoxdur.
Ləman Qasımova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !