Əflatun Amaşov “Turan” agentliyindən danışdı

12:09 | 18.08.2017
Əflatun Amaşov “Turan” agentliyindən danışdı

Əflatun Amaşov “Turan” agentliyindən danışdı

"Nəinki son aylar, hətta son illər belə heç bir rəsmi qurumun, vəzifəli şəxsin "Turan”ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm. Mətbuat Şurasına da "Turan”ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov vurğulayıb ki, "Turan" agentliyi son zamanlar agentlik media məkanımızda sanki yox kimidir: "Bunu müxtəlif amillərlə əsaslandırmaq mümkündür. Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir”.

Vergilər Nazirliyinin dövlət orqanı olduğunu qeyd edən Ə.Amaşov deyib: "Vergilər Nazirliyinin yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır. Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub".

Ə.Amaşov bildirib ki, Mətbuat Şurası olaraq "Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırlar: "Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM