"20 ildən artıqdır Azərbaycandayıq və bizim ən böyük problemimiz BMT-dir. Bizə nə burada qalmaq üçün hüquqi sənəd verir, nə də üçüncü ölkəyə göndərirlər. Özümüzün havada qalması ilə yanaşı uşaqlarımızın gələcəyi də bizi çox narahat edir”, bunu anews.az-a müsahibəsində əfqan miqrant Əkbəri Məhəmməd Hüseyn deyib.
Əkbəri Məhəmməd Hüseyn 20 ildir ki, Azərbaycanda yaşayır. Onunla yanaşı, hazırda Azərbaycanda 1133 nəfər qaçqın və 93 nəfər sığınacaq axtaran əfqan var. Həmin əfqanların böyük qismi Taliban hücumları zamanı Əfqanıstandan qaçıb, BMT himayəsi altında Azərbaycana gəlib. Sözügedən əfqanların bir qismi hazırda BMT-nin onlara kömək etməməsindən narazıdır.
Əkbəri Məhəmməd Hüseynin sözlərinə görə, mövcud vəziyyət onun Əfqanıstana qayıtmasının qarşısını alır.
Əkbəri Məhəmməd Hüseyn BMT-nin göstərdiyi yardımların da ürəkaçan olmadığını deyir.
Bir müddət əvvəl maddi vəziyyətə görə bacısı oğlu intihar edən Şaziyə Qasimi də hallarının acınacaqlı olduğunu bildirdı.
"3 azyaşlı övladım var və imkanımız olmadığı üçün bağçaya gedə bilmirlər. 4 ildir ki, Azərbaycandayam və dəfələrlə bu mövzuda BMT-dən kömək istəmişəm. Amma səsimə hay verən olmayıb. Qışda 19 yaşlı bacımoğlu da maddi vəziyyətinə görə intihar elədi. Belə şəraitdə yaşamaq ona çox çətin gəlirdi. Bu barədə də BMT-yə müraciət etdik, amma cavab almadıq. Biz ortada qalmışıq, BMT bizə diqqət ayırmalıdır. Gələcəyimiz barədə ciddi düşünməlidirlər. Onu da deyim ki, biz Əfqanıstana qayıtmaq istəyirik. Amma hazırki durum buna icazə vermir. Talibanın verdiyi zülm bütün qohumlarımın Əfqanıstanı tərk etməsi ilə nəticələndi. Həyat yoldaşımın qardaşını da Taliban öldürdü”, - deyə Şaziyə Qasimi əlavə etdi.
Azərbaycanda yaşayan miqrant ailələrdə doğulan uşaqlara doğum haqqında şəhadətnamə verilib. Lakin 18 yaşına çatmış şəxslərin bir qismi iş tapmaqda çətinlik çəkir.
Qurbani Zeynəb Amir Muhammad 2001-ci ildə Bakıda dünyaya gəlib. O, 5 nömrəli Bakı Peşə Məktəbini bitirsə də, hazırda iş tapa bilmir.
"Mən peşə məktəbini 3-cü dərəcəli diploma bitirmişəm. İşlə bağlı dəfələrlə müraciət etsəm də, şəxsiyyət vəsiqəm olmadığı üçün alınmayıb”, - deyə Qurbani Zeynəb təəssüfləndi.
Taliban işgəncələrindən qaçıb, Azərbaycanda məskunlaşan miqrantlar bu il avqustun 23-də Bakının "Qış bulvarı" parkında etiraz aksiyası keçirib. Etirazçılar BMT- min Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyindən onlara diqqəti artırmağı tələb edib.
Etiraz aksiyasında iştirak edən Qurbani Əmir Məhəmmədin sözlərinə görə, onların məqsədi yalnız BMT-nin diqqətini çəkmək olub:
"Biz BMT-nin baş ofisinin önündə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyindən şikayətlərimizə qulaq asmasını tələb edəcəkdik. Etirazımızın səbəbini göstərən plakatlar da hazırlamışdıq. Lakin polislər aksiyanı qısa müddətdə dağıtdılar”.
"Biz iş tapa bilməməyimiz, eləcə də yaşayış şəraitimizin yaxşılaşdırılması ilə bağlı miqrasiyaya müraciət etmişik. Aksiyadan sonra da bizi çağırdılar. Amma özümüz də bilirdik ki, bizə cavabdeh olan qurum BMT-dir. Onlar bizimlə maraqlanmalıdır. Yeni gələn miqrantlarlar bizim halımıza baxıb, daha çox narahat olurlar. Düşünürlər ki, bu insanlar illərdir havada qalıb, bizim aqibətimiz necə olacaq”, - deyə Qurbani Əmir Məhəmməd əlavə etdi.
Əfqan Əkbəri Məhəmməd Hüseyn karantinlə bağlı yaşayış şəraitlərinin çətinləşməsinin aksiyaya təkan verdiyini bildirib. Onun sözlərinə görə, polislərdən gözləmədikləri reaksiyaları alıblar.
"Biz həmişə Azərbaycan xalqından razı olmuşuq. Amma aksiyada polislərin davranışları bizi çox təəccübləndirdi. Uşaqlara, qadınlara qarşı kobudluq etdilər. Qadınlarımız təpik altında qaldı, paltarları yırtıldı. Mənə də 5-6 dubinka vurdular. Bütün bunlara baxmayaraq, BMT bizi yenə qəbul etmədi ”, - deyə miqrant bildirdi.
2 il yarımdır ki, Azərbaycana gələn əfqan miqrant Rahidə düşünür ki, Azərbaycan vətəndaşlarına verilən hüquqlar, pasport onlara da verilsə, burada qalmaqları mümkündür:
"Əgər Azərbaycan dövləti buradakı əfqanları vətəndaşı kimi qəbul etmirsə BMT-nin vəzifəsidir ki, bizi 3-cü ölkəyə göndərsin. Amma bizi göndərmir, səbəbini isə bilmirik. Elə bilirlər ki, biz savadsızıq. Halbuki bizim qanunvericilikdən xəbərimiz var”, - deyə Rahidə bildirdi.
Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, miqrantlara iş, səhiyyə, təhsil sahələrində, eləcə humanitar yardımların göstərilməsini təmin etməyə çalışırlar.
"Əfqanlar da daxil olmaqla, BMT QAK-da qeydiyyatdan keçmiş qaçqın və sığınacaq axtaranlar 1951-ci il Cenevrə Qaçqınlar Konvensiyasına və 1967 Protokoluna qoşulmuş Azərbaycan Hökumətinin himayəsindədirlər. Bu qaçqınlar və sığınacaq axtaranlar geri göndərilməkdən, yəni təqib və ya zərərlə üzləşə biləcəkləri ölkəyə zorla qaytarılmaqdan qorunur. BMT QAK-ın təşviqatı və hökumətlə əməkdaşlığının artması nəticəsində tədricən təhsilə, səhiyyəyə (COVID-19 əleyhinə peyvənd də daxil olmaqla) və keçən ildən etibarən, hələ də aydın hüquqi statusları olmasa belə, qanuni işlə təmin olunmaq imkanından faydalanırlar. İş tapanlar, işə düzəlmə ilə bağlı sənədləşməni nizamlamaq məqsədi ilə səlahiyyətli dövlət orqanlarına yönləndirilmələri üçün BMT QAK-a müraciət edə bilərlər. BMT QAK, humanitar və ya maliyyə yardımından asılı olmaqdan daha çox özünə güvənməyi və yerli cəmiyyətə və iqtisadiyyata inteqrasiya olunmağı təşviq edir”, - deyə qurumdan bildirildi.
Həmçinin, BMT QAK-dan bildirildi ki, öz ehtiyaclarını qarşılamaq iqtidarında olmayan ən həssas durumda olan insanlara müntəzəm yardım göstərməklə yanaşı, COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün bütün əhali üçün tətbiq etdiyi qanuni məhdudiyyətlər üzündən dolanışıq imkanları azalmış qaçqın və sığınacaq axtaranların böyük əksəriyyətinə də yardımlar ayırır. Əfqanıstan vətəndaşlarının son altı ayda Azərbaycanın səlahiyyətli orqanlarına təqdim etdiyi hər hansı sığınacaq müraciəti ilə bağlı BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyində məlumat yoxdur.
Qurum təşkil olunmuş aksiyaya münasibət də bildirdi.
"Etirazlardan əvvəl və etiraz zamanı qaldırdıqları problemlərə cavab olaraq, BMT QAK əfqan qaçqın icmasına məktub ünvanlayıb. Məktubun mətni ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz”, - deyə məlumat verildi.
https://m.facebook.com/839287196111531/posts/6280556491984547/?sfnsn=mo
Sonda isə, əfqan miqrantlar pandemiya şərtlərinə görə etirazları ilə bağlı ərizə ilə müraciət ünvanlayacaqlarını bildirdilər.
Hazırladı: Ləman Qasımova, Fehruz Rza
Əfqan dilindən tərcümədə kömək edən: Parisa Nəbi
Bizi sosial şəbəkələrdə izləyin !