Əfsanəvi boksçular Bakıya toplaşdı – FOTO

18:20 | 02.10.2017
Əfsanəvi boksçular Bakıya toplaşdı – FOTO

Əfsanəvi boksçular Bakıya toplaşdı – FOTO

Bakıda Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının açılış mərasimi keçirilib. 

anews.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, WBC-nin prezidenti Maurusio Süleyman, Avropa Boks İttifaqının rəhbəri Bob Loqist, tanınmış boksçular - Evander Holifild, Vitali Kliçko, Bernard Hopkins, Nasim Hamed, Karlos Sarate, Kostya Tszyu, Yuri Arbaçakov, Srisaket Sor Runqvisaya və digər şəxslər iştirak ediblər. 

Qonaqları salamlayan A.Rəhimov bildirib ki, növbəti 4 gün ərzində boksun ürəyi Azərbaycanda döyünəcək. Nazir bu idman növünün Azərbaycanda da inkişaf etdiyini diqqətə çatdırıb.

Konvensiyada çıxış edən Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman bildirib ki, Bakıda böyük dostluq və qonaqpərvərliklə qarşılanıblar: "Azərbaycan prezidenti İlham Əliyev böyük rəhbərdir. 

O, ölkəsində idmanı prioritetə çevirib. 2017-ci ilə gəlincə, WBC ailəsi üçün möhtəşəm olub. İl ərzində çoxlu gərgin və maraqlı döyüşlər baş tutub".

E.Holifild bildirib ki, Bakıda olmaqdan məmnundur: "Mənim üçün böyük şərəfdir. Səkkiz yaşında olanda düşünmüşdüm ki, çempion ola bilərəm. Dörd dəfə buna nail oldum. Bu gün isə WBC-nin tədbirindəyəm".

B.Hopkins deyib ki, tədbirdə iştirak etdiyi üçün Azərbaycanın Gənclər və İdman Nazirliyinə, eləcə də, WBC-yə minnətdardır: "Burada ən yaşlı döyüşçüyəm. Mən çempion olanda, buradakıların çoxu düyaya gəlməmişdi. Uzun illərdir, bu cür tədbirlərdə iştirak edirəm. Bu cür boksçularla bir mərasimdə olmaq tarixi hadisədir".

K.Tszyu isə çıxışı zamanı Azərbaycanda tanındığını vurğulayıb: "Azərbaycan SSRİ-nin tərkibində olub. Burada məni çox adam tanıyır. İttifaqı təmsil etmişəm. Bu ənənəni yeni nəslə ötürmək vacibdir. Niyə Azərbaycanın peşəkar boksçuları yoxdur? Hazırlıq məsələsi çox önəmlidir. Müxtəlif məşqlər var. Düzgün məşqçi heyəti varsa, hər şey alınacaq. Promoyterlər də tapmaq lazımdır. Əsas odur ki, istək olsun".

Dörd günlük Şuranın iclasının ilk günündə Reytinq Komitəsinin və Hakimlər Şurasının qapalı iclasları baş tutacaq. Növbəti günlərdə Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənilməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda, müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub. Bununla yanaşı, məşhur boksçuların kimsəsizlər və uşaq evlərinə də getməsi proqrama daxildir. 

Şuranın toplantısı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks Federasiyası, Asiya Boks Şurasının görüşləri də baş tutacaq. Qeyd edək ki, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonağın qatıldığı konqres oktyabrın 6-dək işini davam etdirəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti