Əfv olacaq - Deputatlar ondan danışdılar

10:45 | 18.04.2015
Əfv olacaq - Deputatlar ondan danışdılar

Əfv olacaq - Deputatlar ondan danışdılar

İqbal Ağazadə: "Fürsət olduqca, bu məsələni yenidən qaldıracam” 

Mayda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Sərəncamın daha geniş dairəni əhatə edəcəyi, xüsusilə, siyasilərin bir çoxuna şamil olunacağı gözlənilir. 

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə  parlamentdə bu məsələni qaldırdığını bildirdi: "Fürsət olduqca, bu məsələni yenidən qaldıracam. Siyasi dustaqlar bizi narahat edən məsələdir. Hər halda siyasi məhbuslar beynəlxalq təşkilatların olimpiada üzərində mövqelərini dəqiqləşdirməyə xidmət edir. Bu o, bəhanələri aradan qaldırar. Hər kəs Azərbaycanı sevmir. Daxildəki insan haqları onların marağında da deyil. Onlar üçün Azərbaycanın adının yaxşı yerdə olması lazım deyil. 

Çalışırlar ki, ölkəmizə təzyiq imkanları daha real olsun. Sadəcə Azərbaycan hakimiyyəti, cəmiyyəti və müxalifəti olaraq, buna imkan verməməliyik. Səbəb olmamalıdır. Azərbaycan hökuməti təəssüf ki, buna şərait yaradır”.

Millət vəkili hesab edir ki, iqtidarın Avropa Yay Oyunlarına siyasi məhbuslarla getməsinin təsiri olmayacaq: "Güman etmirəm ki, ciddi təsiri olacaq. Olmasa, daha gözəl olacaq. Daxildə vətəndaş həmrəyliyi, barış, xoş münasibətlər yaradılacaq. Narazılıqlar daim var, olacaq da. Bunlar təbiidir. Barışmaq niyyəti olan cəmiyyət formalaşdırılmalıdır”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa əfv təklifi barədə düşünmədiyini söylədi: "Belə bir fikrim yoxdur. Başqa deputat bu barədə təklif verərsə, hər halda münasibətim müsbət olar. Onu qeyd edim ki, Avropa Oyunlarında siyasi məhbuslar olsa belə, mənfi nəticəsi olmayacaq. Çünki elə situasiya yaranıb ki, mənfi tərəfdən söhbət getmir. Sadəcə yaranan mövcud vəziyyətdən çıxış yollarından söhbət gedir. Bu baxımdan dəyişiklərin olacağını gözləmirəm”.

İqtidaryönlü deputat Fəzail Ağamalı hesab edir ki, əfv təklifi ilə çıxış edən şəxsin məqsədi cəmiyyət və seçiciləri qarşısında divident qazanmaqdır: "Mənə elə gəlir ki, bu cür çıxışlar birbaşa divident qazanmağa yönəlik addımdır. Azərbaycanda bu ənənələr formalaşıb. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bağışlama siyasəti bu gün ölkə prezidenti tərəfindən uğurla həyata keçirilir. Eyni zamanda, hörmətli Mehriban Əliyeva tərəfindən də ötən il amnistiya aktı Milli Məclisə təqdim olunub. Tarixi günlərdə əfv sərəncamı verilir. Bundan sonra da belə sərəncamların verilməsini gözləyirəm. Çıxışlarımızın buna heç bir təsiri yoxdur. İctimai rəydə xeyirxahlıq nümunəsi yarada bilərik. Bu cür qərarları yüksək qiymətləndirirəm. Arzu edirəm ki, heç kəs azad dünyanı qoyub, həbsxana düşməsin. Ora düşənlərin Allah qapısını açsın. Siyasi məhbus anlayışını qəbul etmirəm. Avropa Şurası da siyasi məhbus anlayışını kənara qoydu. Əməllərinə görə, barələrində cinayət işi qaldırılmış şəxslər var. Qanun qarşısında hər kəs cavab verməlidir. Biz bilirik, Leyla Yunus kimdir. Ermənilərə xidməti olan insandır. Adının qarşısında siyasi məhbus adını qoyub, xalqımıza qarşı istifadə edirlər”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev parlamentdə geniş amnistiya təklifi ilə çıxış etdiyini qeyd etdi: "Cəmiyyətdə hər şeyin sıfırdan başlamasını təklif etmişəm. Amma konkret kiminsə azadlığa buraxılmasını təklif etməmişəm. Əfvin heç vaxt zərəri yoxdur. Cəmiyyətdə barış aparan yollardır. Amma dövlətə xəyanət edən şəxslərə güzəşt olunmasının əleyhinəyəm. Hər kəs öz şəxs maraqlarını güdməməlidir”. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM