Əhalinin işıq, qaz və suya nə qədər borcu var?

22:00 | 18.09.2017
Əhalinin işıq, qaz və suya nə qədər borcu var?

Əhalinin işıq, qaz və suya nə qədər borcu var?

Azərbaycanda kommunal xidmət haqlarının bahalaşmasından 10 aydan çox vaxt keçir. Bu müddətdə əhalinin ödəmə qabiliyyətinin hansı səviyyədə olması sualı doğurur.

anews.az xəbər verir ki, Modern.az suala cavab tapmaq üçün ayrı-ayrı dövlət qurumları ilə əlaqə saxlayıb.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Modern.az-a bildirib ki, Bakı, Abşeron və Sumqayıtda  920 min abonentin (əhali) 380 min civarında borcu var: "Bu da təxminən ümumi abonent sayının 40 faizini təşkil edir. Bunlar içərisində 1 manat, 100 manat, 300 manatdan çox borcu olanlar da var”.

A.Cəbrayıllı deyib ki, son vaxtlar heç bir abonentə güzəşt edilmir: "Bildiriş verilir, ödəniş olmadıqda dərhal su kəsilir. Çünki "Azərsu” Açıq Səhmdar Cəmiyyəti işığa görə borcunu ödəməlidir, əməkdaşlarının əməkhaqqını, dövlət büdcəsinə vergilərini, Dövlət Sosial Müdafiə Fonduna ayırmaları ödəməlidir, təsərrüfat xərclərini bağlamalıdır. Sizin vasitənizlə bir daha abonentlərimizə müraciət edirik”.

Qurum rəsmisinin sözlərinə görə, borcu yüksək olan abonentlər onu hissə-hissə ödəyə bilərlər. 

"Satılan qazın qarşılığında 100 faiz vəsait toplanıb”

"Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, 2017-ci ilin 8 ayı ərzində qurumun abonentlərinin sayı 2 milyon 62 min 11 nəfərə çatıb: "2017-ci ilin yanvar-avqust ayları ərzində əhali sektoru üzrə 57 376 yeni abonent qeydiyyata alınıb ki, bunun da 27 637 nəfəri Bakı, Abşeron və Sumqayıt, 29 739-u isə regionlar üzrədir”.

Qurum rəsmisi abonentlərin ödəmə qabiliyyətinin yüksək olduğunu vurğulayıb: "2017-ci ilin yanvar-avqust ayları ərzində əhali sektoru üzrə 1 748 235 999 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 100 faiz vəsait toplanıb”.

"İşığa olan ödənişlər 90 faizdir”

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ödənişin yüksək olduğunu qeyd edib: "Ödənişlər 90 faizdən yüksəkdir. Son vaxtlar ödənişlər vaxtlı-vaxtında edilir. "Azərişıq” olaraq hər bir abonentimizə təşəkkür edirik”.

Xatırladaq ki, 2016-cı ilin dekabrında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək, mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Buna qədər isə 2016-cı il mayın 16-dan "Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla), 8 manat/kubmetr müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM