Əhalinin nəzərinə: metronun qrafiki dəyişir

13:41 | 13.09.2017
Əhalinin nəzərinə: metronun qrafiki dəyişir

Əhalinin nəzərinə: metronun qrafiki dəyişir

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar "Bakı Metropoliteni" QSC artan sərnişin axını, mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə qatarların yeni hərəkət cədvəlinin tətbiqinə başlanılacaq.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin "APA-Economics"ə verdiyi məlumata görə, qurumun sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək.

"Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, "Həzi Aslanov" - "28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi "28 May" - "Dərnəgül” və "28 May" - "İçərişəhər" sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq. Bu müddətdə yalnız "Bakmil" stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov" - "Ulduz" sahəsində fərqli ola bilər. Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Həzi Aslanov" - "28 May" sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur", - deyə N.Paşayev vurğulayıb.

Şöbə rəisinin sözlərinə görə, yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

Qeyd edək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM