Bu günlərdə akademik Əhəd Canəhmədovun "Həqiqətin fəlsəfəsi” - Zaman, Məkan, Kainat və Yaranış haqqında elmi-fəlsəfi kitabı (TRAKTAT) işıq üzü görüb.
"Apostroff» nəşriyyatı tərəfindən çap olunan, traktat janrında yazılan bu əsər Azərbaycan fəlsəfə tarixində ilk yeni bir səhifədir və müəllifin Kainat, Zaman, Məkan və Yaranış haqqında mühəndislik fəlsəfəsi baxımından düşüncələrinin və araşdırmalarının məhsuludur. Elmi, eyni zamanda çox sadə, anlaşılan bir formada qələmə alınan əsərdə insan və onun mövcudluğu, ölüm və ölümsüzlük, ruh, kosmosla əlaqə və s. bu qəbildən olan bəşəri mövzulara fərqli rakurslardan nəzər salınır, bir sıra yeni elmi-fəlsəfi qənaətlər təqdim olunur. Əsər boyu elmi-fəlsəvi sübutlarla hər şeyin əsasında Fövqəlmühəndisin (Yaradanın) dayandığı izah edilir. Naşiri Akif Dənzizadə olan "Həqiqətin fəlsəfəsi” əsərinin redaktoru və ön sözün müəllifi Zakir Abbasdır. Rəyçi yazıçı-dramaturq, AYB-nin üzvü, Prezident mükafatçısı Samir Sədaqətoğludur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu sanballı elmi-fəlsəfi kitabın noyabrın ilk günlərində ictimaiyyətə təqdimatı nəzərdə tutulur. Habelə tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssis olan akademik Əhəd Canəhmədovun həyat və yaradıcılığından, elmi fəaliyyətindən bəhs edən "Beynəlxalq səfir” sənədli filmi 22 oktyabr 2016-cı il tarixində saat 19.00-da İctimai televiziyada yayımlanacaq.
Qeyd edək ki, Əhəd Xanəhməd oğlu Canəhmədov 23 oktyabr 1946-cı ildə Xızı rayonunun Baxşılı kəndində anadan olub.1969-cu ildə Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) neft-mexanika fakültəsini bitirib. 1970-1972-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxuyub. 1973-cü ildə namizədlik, 1989-cu ildə İ.M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1991-ci ildə isə professor rütbəsinə təsdiq olunub. Ə. Canəhmədov tribologiya elmi sahəsində Azərbaycanın ilk elmlər doktorudur. O, 1975-76-cı illərdə Böyük Britaniyada elmi stajkeçmədə olub.1973-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akade miyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda 1982-1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib. 2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında «Nəqliyyat mexanikası» kafedrasının müdiridir. 2006-cı ildə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib. 2011-ci ildən Akademiyanın Vitse-prezidentidir. 1995-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, 1997-ci ildə akademiki, 1998-ci ildə Gürcüstan Milli Akademiyasının akademiki, 2012-ci ildə Ukrayna Mühəndislik Akademiyasının həqiqi üzvü, 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Həmin il Rusiya Mühəndislik Akademiyasının akademiki seçilib və adı «Rusiya Mühəndislik Akademiyası» Ensiklopediyasına salınıb. 1998-ci ildə İngiltərənin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən gümüş medalla, 2000-ci ildə isə qızıl medalla təltif olunub və «XX əsrin görkəmli elm adamı» fəxri adına layiq görülüb. 2000-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən elmdə xidmətlərinə görə qızıl medalla və «Beynəlxalq səfir» ordeni ilə təltif ediliib. 2006-cı ildə mühəndislik elminin inkişafındakı xidmətlərinə görə Mühəndislik Akademiyasının qızıl medalına layiq görülüb. 2011-ci ildə «Mühəndislik şöhrəti» ordeninə, Beynəlxalq Mühəndislik Akademiyasının Böyük qızıl medalına, Ukrayna Mühəndislik Akademiyası Podqornı adına qızıl medalına və Qazaxıstan Respublikası Mühəndislik Akademiyasının «Mühəndislik şöhrəti» qızıl medalına layiq görülüb. 2012-ci ildə jurnalistlərin təsis etdiyi «Vətənpərvər alim» qızıl medalı ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının «Mühəndislik Rəşadəti» qızıl medalı, 2016-ci ildə «Beynəlxalq Mühəndislik Akademiyasının Fəxri Qızıl Nişanı» fərqlənmə nişanı və Diplomu ilə təltif olunub. 2014-cü ildə Ə.X. Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən Tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P.L. Kapitsa adına qızıl medala layiq görülüb. 2007-ci ildə NASA (ABŞ) Qrantına sahib olub.
Ə.X. Canəhmədov 350-dən artıq əsərin, o cümlədən, 50 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin və 30-dən çox patentin müəllifidir. Onun elmi əsərləri təkcə MDB deyil, eləcə də xarici ölkələrdə məşhurdur. İngiltərə, Almaniya, Çexiya, Slovakiya, Avstriya, Rusiya, Yunanıstan, Yaponiya, Polşa, Rumıniya, İtaliya və b. ölkələrdə tribologiya və tribotexnika problemlərinə həsr olunan dünya konqreslərinin, Beynəlxalq simpoziumların və regional konfransların iştirakçısı və məruzəçisidir.
Ölkəmizin tarixində ilk dəfə olaraq «Metalpolimer sürtünmə cütlərinin üst qatlarında kontakt – impuls qarşılıqlı təsiri nəticəsində yeyilmə – friksion xarakteristikalarının dəyişmə qanunauyğunluqları» adlı elmi kəşfin müəllifidir (Diplom № 462, 2013-cü il). 2014-cü ildə «Metalpolimer cütlərin işçi qatlarında elektrotermomexaniki sürtünmə prosesinin qanunauyğunluğunun reallaşdırılması» adlı növbəti elmi kəşfi (Diplom № 476, 2014-cü il) edib.
Ə.X. Canəhmədov «Fiziki-stoxastik tribomodelləşdirmə» (1988), «Neftqaz avadanlıqlarında tribotexniki problemlər» (1998), «Neftqaz avadanlıqlarında elastomerlərin mexanikası» (2002), «Neft tribologiyası» (2003), «Ekologiyada sinergetika və fraktallar» (2012), «Tribologiyada sinergetika və fraktallar» (2014), «Dağılma mexanikasına fraktal yanaşma» (2015) və s. elmi əsərlərin müəllifidir. Məşhur Amerika nəşriyyatı «Springer» onun fundamental monoqrafiyasını «Synergetics and Fractals in Tribology» (2016) ingilis dilinə tərcümə edərək nəşr edib. 1989–1990-cı illərdə SSRİ Ali Təhsil Şurasının üzvü, 1992–1993-cü illərdə isə Azərbaycan Dövlət Ali Ekspert Şurasının üzvü olub.1994-2006-cı illərdə dissertasiya şurasının həmsədri, eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-metodiki «Maşınqayırma və metallurgiya» şurasının bölmə sədri, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın texniki elmlər üzrə ekspert şurasının sədri olub. 2013-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının üzvü seçilib. 2009-cu ildən yeni təsis olunmuş "Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri” Beynəlxalq elmi-texniki jurnalının Baş redaktorunun müavinidir. 2013-cü ildən Londonda nəşr olunan "SAEQ” elmi-texniki jurnalının Baş redaktorudur.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !