Əhməd Ağaoğlunun bir məktubu haqqında

09:55 | 30.05.2017
Əhməd Ağaoğlunun bir məktubu haqqında

Əhməd Ağaoğlunun bir məktubu haqqında

Vilayət QULİYEV


Bir müddət bundan öncə sosial şəbəkədə Əhməd Ağaoğlunun bir məktubu yayılmışdı.

1920-ci il aprel çevrilişindən sonra Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində çalışan görkəmli ziyalı və ictimai-siyasi xadim Nəriman Nərimanova (1870-1925) ünvanlanmış həmin məktubun mətni ilə daha əvvəldən tanış idim, "Əhməd Ağaoğlu: Malta sürgünü” araşdırmamda ona istinad etmişdim. Əhməd bəyin 1921-ci ilin mayında, Malta əsirliyindən azad olunduqdan dərhal sonra  İtaliyanın Torrento şəhərindən Azərbaycan sovet hökumətinin başçısına  göndərdiyi məktub şəxsi xarakter daşısa da, Nərinan Nərimanov toxunulan məsələlərin əhəmiyyətini, ən başlıcası isə onların Əhməd Ağaoğlu kimi böyük biliyə və zəngin həyat təcrübəsinə malik ictimai-siyasi xadim, türkçülüyün ideya atalarından biri tərəfindən qaldırılmasını nəzərə alıb şəxsi yazışmanı ictimailəşdirmək qərarına gəlmişdi - məktub "Kommunist” qəzetinin 19 iyun 1921-ci il sayında çap olunmuşdu. (Rus dilində yazıldığından orijinalı bir neçə gün əvvəl "Bakinskiy raboçiy”də işıq üzü görmüşdü).

Kim bilir, bəlkə də məktub Azərbaycan bolşeviklərinin  lideri və Azərbaycan şura hökumətinin başçısı olmaqla bağlı qəbul etdiyi  qərarın doğru-düzgünlüyü üzərində əzablı tərəddüdlər keçirən Nəriman Nərimanova xilasedici kəmər, haqlılığına əlavə dəlil-sübut təsiri bağışladığına  görə  sanballı, nüfuzlu fikir kimi hər iki dildə yayılmasına qərar vermişdi?

Sosial şəbəkə istifadəçilərinin bu sənədə laqeyd qalmamaları sevindiricidir. Demək insanlarımız yaxın tarixi keçmişimizlə, milli mövqedə dayanan görkəmli şəxsiyyətlərin bu və ya digər addımları ilə ciddi  maraqlanır, həmin addımların  taleyimizin və həyatımızın gedişinə təsiri üzərində düşünürlər.
Əhməd bəyin məktubu təbii ki, bəzilərində yalnız gözlənilməzlik effekti deyil, həm də müəyyən xəyal qırıqlığı doğura bilər. Necə ola bilər ki, türkçülüyün ideya atalarından biri, rus zülmünə görə doğma vətənini tərk etmək məcburiyyətində qalan tanınmış fikir adamı birdən-birə cəbhə dəyişdirir? Hətta eynən çarizm kimi "böyük və bölünməz Rusiya” ideyasının arxasında sona qədər dayanmaq niyyətini gizlətməyən qırmızı sovet rejiminin, bolşevizmin apologeti olmaqdan da çəkinmir? Bu, mümkün işdirmi? Doğrudanmı bütün bunların arxasında yalnız nəyin bahasına olursa olsun vətənə qayıtmaq, yeni hökumətdə bir mənsəb tutmaq dayanırdı? Əsərlərindən, mübarizəsindən, Azərbaycanda və Türkiyədəki  yorulmaz, aydın məramlı və məqsədyönlü fəaliyyətindən tanıdığımız Əhməd bəy- Əhməd Ağaoğlu belə addım atmağa qadir idimi?
Əhməd bəyi qınamaqdan, atdığı addıma  təəssüflənməkdən əvvəl bu müraciətin hansı şəraitdə edildiyi, müəllifin həmin anda hansı hisslərlə yaşadığı, hansı çətinliklərlə üzləşdiyi üzərində düşünmək lazımdır.
            lll
Əvvəla qeyd edim ki, Əhməd Ağaoğlu məktubunu sovet Azərbaycanının bolşevik liderlərindən hər hansı birinə deyil, məhz Nəriman Nərimanova ünvanlamışdı.  Məsələn, o, Azərbaycan Cümhuriyyəti parlamentindəki birgə fəaliyyətdən nisbətən yaxşı tanıdığı Səmədağa Ağamalıoğlu, yaxud Əliheydər Qarayev kimi əski sosialistlərə-yeni bolşeviklərə də üz tuta bilərdi. Lakin həyati əhəmiyyətli suallarına cavab almaq üçün məhz böyük təcrübəsinə, səmimi milli hisslərinə və bir insan kimi nəcibliyinə, xeyirxahlığına inandığı Nəriman Nərimanova müraciət etməyi daha münasib saymışdı.
Demək olar ki, yaşıd idilər. Eyni zamanda, əqidə dostu sayılacaq qədər yaxın deyildilər. Ancaq Əhməd bəy Azərbaycanı tərk edənə qədər aralarında hansısa keçilməz uçurumlar da yaranmamışdı. N.Nərimanov onun redaktorlarından biri olduğu "Həyat” qəzetində "Nər” təxəllüsü ilə ciddi ictimai məzmunlu "Həftə fəryadı” adlı silsilə felyetonlar çap etdirmişdi. Tam əminliklə demək olar ki, barrikadanın əks tərəflərində dayanmamış, biri-birlərinin şəxsiyyətinə, fikirlərinə, ictimai-siyasi fəaliyyətinə anlayışla yanaşmışdılar. Təkcə xalq komissarları sovetinin sədri olduğuna görə deyil, daha çox baxışları, milli hissləri arasındakı yaxınlıq səbəbindən Əhməd bəy həyatının son dərəcə çətin məqamında, yol ayrıcında qaldığı bir şəraitdə məsləhət almaq üçün Nərimanı seçmişdi.

Məktubun mətnindən də göründüyü kimi, istər Əhməd bəy, istərsə də ailəsi hələ Malta sürgünü dövründə də yardım üçün artıq dövlət başçısı - Xalq Komissarlar Şurasının sədri olan Nəriman Nərimanova yazmışdılar: "Mən iki dəfə sizə müraciət etmişəm və ailəm də həmçinin müraciət etmişdir. Ola bilər ki, bizim istidalarımız (xahişlərimiz) ya sizə gəlib çatmamışdır və yəqin ki, siz bizə müavinət etmək imkanı əldə etməmisiniz”.
Lakin elə növbəti sətirlərdə Əhməd bəy özü öz yazdıqlarını inkar edir: "Bakıda bulunan ingilis əsirləri hadisələrindən və bizi xilas etməyə çalışdığınızdan bizi unutmadığınız məlumumuz idi. Görünür ki, siyasi vəziyyətdən dolayı bunu icra etmək sizə mümkün olmamışdır. Bununla bərabər istər mən, istərsə də mənim arkadaşlarım təşəbbüsünüzə görə minnətdardır”.

Deməli, Nəriman Nərimanov müraciəti alıb, hətta imkanı daxilində müəyyən tədbirlər də görməyə çalışıb. Əhməd bəy Malta sürgünündəki yeganə Azərbaycan türkü deyildi. Onunla birlikdə Cənub-Qərbi Qafqaz (Qars) Türk Cümhuriyyətinin hökuməti də tam tərkibdə ingilislər tərəfindən Malta adasına aparılmışdı. 1920-ci ildə Bakıda general Denstervillin komandanlıq etdiyi Densterfors  ordusundan qalmış bir neçə britaniyalı  hərbi əsir vardı. Nəriman Nərimanov onları Maltadakı həmvətənləri ilə dəyişdirmək istəyirdi. Eyni  xarakterli danışıqlar Ankaradakı Türkiyə Böyük Millət Məclisi hökuməti ilə də aparıldığından britaniyalılar artıq bolşevik Rusiyasının satellitinə çevrilmiş Bakının təklifinə  ciddi əhəmiyyət verməmişdilər. Amma istənilən halda Azərbaycanın rəhbəri kimi Nərimanov bəlkə də fəaliyyət dairəsi ilə çox da səsləşməyən, hətta onu Kremllə üz-üzə qoya biləcək həssas siyasi məsələyə laqeyd qalmamışdı. Bəzi qaynaqlarda isə ümumiyyətlə Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin hökumət üzvlərinin (11 nəfər) məhz onun səyi nəticəsində əsarətdən qurtardığı göstərilir.

Bir sözlə, hətta konkret nəticə verməsə də, məhz bu nəcib təşəbbüsünə görə Əhməd bəy köhnə qələm yoldaşına minnətdar olmalı idi. Digər tərəfdən, məktub elə məqamda yazılmışdı ki, Əhməd Ağaoğlu hara gedəcəyini, özünün və ailəsinin sonrakı həyatını necə quracağını hətta təxmin edə bilmirdi. İngilislər onları gətirib sadəcə materik İtaliyada - Torrento şəhərində taleyin ümidinə buraxmışdılar.           Pullu-imkanlı ittihadçılar kasıb tale yoldaşlarına "Allaha ismarladıq!” - belə demədən dərhal qatara əyləşib Romaya və Avropanın başqa şəhərlərinə yollanmışdılar. Əhməd Ağaoğlu kimi imkansızlar isə yad məmləkətdə, pulsuz-parasız  vəziyyətdə ümidlərini Ankara hökumətinə bağlayaraq başlarına daha hansı müsibətlərin gələcəyini gözləməyə başlamışdılar.

Bütünlükdə "nə üçün həbs edildiyini və sonra da nə səbəbə azar edildiyini bilmədiyi” Malta sürgünü Əhməd bəy üçün böyük həyat məktəbi olmuşdu. Burada o, bir çox ittihadçıların əsl simasını görmüşdü. Bu adamların nə qədər eqoist olduqlarını, yalnız özlərini düşündüklərini, "pul verən düdüyü çalır” prinsipi ilə yaşadıqlarını aşkara çıxarmışdı. Gözünü itirmək təhlükəsi qarşısında qalanda zəngin ittihadçı tanışlarından biri cərrahiyyə əməliyyatı üçün lazım olan 50 funt pulu borc verməkdən imtina etmişdi, dara düşmüş həmkarına kömək əvəzinə "Belə yerdə adam nə borc istər, nə də borc verər”- deyə filosofluğa başlamışdı.

Malta sürgünlüləri sosial baxımdan çox fərqli adamlar idi. Onların arasında siyasətçilərlə, qəzetçilərlə, millət vəkilləri ilə bir sırada keçmiş sədrəzəmlər, paşalar, böyük sərmayə sahibləri az deyildilər. İngilislər bu sonuncuların çoxunu hər hansı milliyyətçi fəaliyyətlərindən daha çox, sadəcə İstanbulda qalıb aranı qarışdıracaqlarından ehtiyat etdikləri üçün Malta adasına aparmışdılar.

Təbii ki, Maltadakı yaşayış səviyyəsi də sosial statusla sıx əlaqəli idi. Yoldaşları ilə birlikdə əsgəri kazarmalarda deyil, lüks otellərdə yaşayan, ailəsini yanına gətirən, restoranlardan ayağı yığışmayan sürgünlülər də vardı, Əhməd bəy kimi ingilislərin verdiyi kiflənmiş qara çörək və köhnə konservlərlə kifayətlənənlər də... Türk diplomatı və tarixçisi Bilal Şimşirin "Malta sürgünlüləri” kitabında maraqlı bir şəkil var. Kostyumlu, qalstuklu, zadəgan ədalı "məhbuslar” arasında Əhməd bəy geyiminin köhnəliyi, nimdaşlığı ilə xüsusi seçilir. Eləcə də Kars hökuməti-nilliyyəsinin nümayəndələri. Yəni xalis "kasıb qohumlar” sindromu!

Daim ingilislərlə mücadilədə olması da rahatlıqlarını hər şeydən üstün tutan bəzi ittihadçıların nəzərində Əhməd bəyi qaralamaq üçün vasitələrdən biri idi. Britaniya Forin Ofisindən  və ingilis komandanlığından təkidlə azadlıq haqqını tələb edən, "Sizdən lütf və əfv diləmək səviyyəsinə enmərəm. Sadəcə ədalət axtarıram. Bir məhkəmə qarşısına çıxarılmağımı, üzərimdə mühakimə qurulmasını istəyirəm. Məhkəmənin verəcəyi qərara tabe olacağımı əvvəlcədən qəbul edirəm” -deyə dalbadal məktublar yazan "yavuz adama” (Bilal Şimşir) az qala araqarışdıran kimi baxırdılar. "Yahu, yersiz şikayətlərinlə bizi burada ömürlük çürüdəcəksən”- deyə onu da  taleyin hökmünə boyun əyməyə çağırırdılar. Yəni maddi sıxıntılarla bir sırada Əhməd bəy, həm də mənəvi depressiya altında idi.

İstər sürgün illərində, istərsə də azadlığa çıxandan sonra o, özündən daha çox ailəsini düşünürdü. 1918-ci ilin iyunundan sonra xanımını və kiçiyi südəmər körpə olan beş övladını sözün həqiqi mənasında taleyin ümidinə buraxmışdı.  Əvvəl Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlmiş, İstanbula qayıtdıqdan iki ay sonra isə ingilis işğal qüvvətləri tərəfindən həbs edilib Malta adasına aparılmışdı.
1918-ci ildə İstanbulda baş verən Fatih yanğınında evləri içərisindəki bütün əşyaları ilə yanıb külə dönmüşdü. Həyat yoldaşı Sitarə xanım böyüyünün 15 yaşı olan 5 övladı ilə yad şəhərdə evsiz, arxa-köməksiz, pulsuz-parasız tam bir yaşam mücadiləsi verməli olmuşdu. "İstanbuldan aldığım xəbərlər necə çətinlik və çırpıntılar içərisində sıxıldığınızı təsəvvürə gətirmək üçün kifayətdir. Necə dolanırsınız? Nə iş görürsünüz? Hüseyndən (Əhməd bəyin Şuşada yaşayan qardaşı -V.Q,), Baxışdan ( Hüseyn bəyin oğlu. Həmin dövrdə Kiyev universitetində təhsil alırdı -V.Q.) biri imdadınıza yetmədimi? Qafqazdan alınan xəbərlər artıq bundan sonra onların gəlmək fikrini aradan qaldırır. Əgər indiyə qədər gələ bilməyiblərsə, bundan sonra heç gələ bilməzlər. O zaman nə edəcəksiniz? Bax, bu sual məni tamam üzür...”; "Son məktubunuzu aldım və lap ürəyimdən vuruldum. Demək ki, siz indi tamam ac və naəlac qalmısınız. Sizin bu halınız gecə-gündüz məni pərişan edir. Qovuruluram, dağlanıram. Ancaq nə edim? Elə bir fəlakətə düşdüm ki, əlacı Allahdan başqa kimsənin əlində deyil. Ancaq elə fikirləşməyin mən ancaq özümü düşünürəm.  Məni düşündürən daim sizin halınızdır. İndi isə düşüncədən də keçib. Yanıb-alovlanıram. Bu məktubuma cavab alana, sizin bir çarə tapdığınızı öyrənənə kimi məndə can qalmayacaq”- müvafiq olaraq 1920-ci il mayın 17-də və həmin il noyabrın 9-da Əhməd bəyin Maltadan xanımına göndərdiyi bu məktublar onun haqsız əsarət həyatından da dəhşətli sınaqlar qarşısında qaldığını göstərirdi.

Qarşıda yaxşı heç bir perspektivin olmadığı belə vəziyyətdə ailəsini götürüb vətənə dönmək, özünün dediyi kimi Bakıda bir saat yaşayıb ölmək bəlkə də daha düzgün çıxış yolu idi. Bəd ayaqda qohum-qardaşlar övladladlarına sahib çıxardılar, arxa-həyan olardılar. Xüsusi ilə Torrentoda yaşadığı təklik, atılmışlıq, vətənsizlik duyğusu bu hissi daha da qüvvətləndirmişdi.

Hələ bu da hamısı deyildi. İngilislər dövrünün  məşhur publisistlərindən biri olan Əhməd bəyi mətbuat vasitəsi ilə "ermənilərə qarşı zorbalıqda” - yəni uydurma soyqırıma çağırışda, milli və dini əlamətlərə görə kütləvi qətliama təşviqdə ittiham edirdilər. "Nemezis” kod adı ilə fəaliyyətə başlayan erməni terrorçularının "qara siyahısında” idi. Əlbəttə, ingilisləri istənilən qədər söymək olar. Amma Malta sürgünü həqiqətən də bəziləri üçün həyatlarına təhlükəsizlik zəmanəti idi. Məsələn, Osmanlının keçmiş sədrəzəmlərindən Səid Həlim Paşa Maltadan Romaya gələn kimi erməni terror təşkilatı tərəfindən qətlə yetirilmişdi.

Əhməd Ağaoğlunu da eyni aqibət gözləyirdi. İstanbula dönən kimi aradan götürülməsi terrorçu Misak Torlakyana tapşırılmışdı. Bu barədə Əhməd bəyi İstanbul Darülfünununda birgə çalışdıqları Barsamyan soyadlı erməni professor xəbərdar etmişdi. Sadəcə qatil Torlakyan Əhməd bəyin izinə düşə bilmədiyindən cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşiri qətlə yetirmişdi.

Torrentodan Nəriman Nərimanova məktub yazanda Əhməd bəy həyatının təhdid altında olduğunu sadəcə təxmin edə bilərdi. Amma onu  aclıq, ehtiyac və terror təhlükəsindən də çox qarşıdakı qeyri-müəyyənlik qorxudurdu. On ildən bəri vətəninə çevrilən Türkiyədə özünü nə gözlədiyini bilmirdi. Əsrlər boyu dünyanın üç qitəsində səltənət sürmüş Osmanlı imperatorluğunu fəlakətin astanasına gətirib çıxaran İttihad və Tərəqqi liderləri son anda ölkəni Allahın ümidinə buraxmışdılar. Triumvirat üzvlərindən Tələt Paşa Berlinə getmiş və orada erməni terrorçusu Soqomon Teyleryan tərəfindən qətlə yetirilmişdi. Ənvər Paşa bolşeviklərin köməyi ilə yenidən hakimiyyətə qayıtmaq sevdasına düşüb Moskva yolunu tutmuşdu. Ümidlərində aldandığını görəndə isə səngərin əks tərəfinə keçmiş, sovetlərə qarşı vuruşan basmaçılara rəhbərlik etməyə başlamışdı. Camal Paşa ağılsızcasına erməni terrorçularının at oynatdıqları Tilflisdə daldalanmışdı. Bir vaxtlar xilas və tərəqqi yolu kimi baxılan ittihadçılıq Anadoluda az qala vətən xainliyinə bərabər tutulmağa başlamışdı. 1893-cü ildə Parisdə, Sorbonna tələbəsi ikən İttihad və Tərəqinin qurucuları sırasında yer alan, 1908-ci ildə partiyanın qələbəsindən sonra dərhal Bakıdan Türkiyəyə qoşan, Məclisi-Məbusanda ittihadçı millət vəkili olan Əhməd bəy üçün bu bütöv bir dünyanın çökməsi idi.
Anadoluda Qurtuluş Savaşı geniş vüsət alırdı. Bütün həyatı boyu "Türklüyə xidmət hər yerdə müqəddəsdir!” devizi ilə yaşayan Əhməd  bəy böyük məmnuniyyətlə istiqlal savaşçılarının sırasına qoşulmaq istərdi. Üstəlik, Malta əsarətindən Ankara hökumətinin səyləri nəticəsində qurtarmışdı. Öz dediyi kimi, bu hökumətə bir "namus borcu” vardı. Lakin Atatürkün - Mustafa Kamal Paşanın ittihadçılara münasibəti o qədər də sıcaq deyildi. Şəxsən tanıdığı və əksəriyyəti hərbçilərdən ibarət ittihadçılar xaricində qalanlarına inamsızlıqla yanaşırdı. Əhməd Ağaoğlunu şəxsən tanımırdı. Odur ki, Nəriman  Nərimanova İtaliyadan göndərdiyi məktubdakı "Məni Ankaraya cəlb edirlər və orada mənə geniş fəaliyyət imkanı verirlər” sözləri fikrimcə, daha çox siyasi blef, yaxud da xəyalın gerçəklik kimi qələmə verilməsidir. Bilal Şimşir yazır ki, 1921-ci il aprelin 30-da azadlığa çıxan, tərkibində Əhməd bəyin də olduğu 33 nəfərlik Malta  sürgünlüləri qrupundan yalnız Atatürkün hərbi məktəb və diplomatik xidmət yoldaşı Əli Fəthi Okyarın Ankaraya çağırılması real idi. Doğrudan da həmin ilin oktyabrında o, daxili işlər naziri təyin olunmuşdu, daha sonra isə TBMM sədri və baş bakan vəzifələrini tutmuş, həyatı boyu Atatürkə ən yaxın adam sayılmışdı.

Əhməd Ağaoğlu isə 1921-ci ilin iyununda Türk Ocaqlarında birgə çalışdığı dostu Həmdullah Sübhi Tanrıöverin yardımı ilə İstanbuldan Ankaraya keçə bilmişdi. Hətta yol xərcini də o vermişdi. Burada isə tez bir vaxtda Atatürkün etimadını qazanmış, Türkiyə Böyük Millət Məclisi hökumətinin informasiya və təbliğat işini təşkil edən Mətbuat və İstihbarat Ümum müdiri vəzifəsinə təyin olunmuş, Anadolu Agentliyinin qurulmasında yaxından iştirak etmiş, yarırəsmi "Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktorluğunu üzərinə götürmüşdü.

Lakin ittihadçı keçmişinə görə o, Atatürkün, daha çox isə yaxın çevrəsinin müəyyən etmadsızlığını həmişə hiss etmişdi. Bunu  dostu Əli bəy Hüseynzadəyə 1924-cü  ildə yazdığı məktubların birindən götürülmüş aşağıdakı sətirlər də sübut etməkdədir: "Məruz qaldığın hücumun mən burada daha şiddətlisinin qarşısındayam. Eyni zamanda da aciz bir vəziyyətdəyəm”. Bir zamanlar İttihad və Tərəqqi partiyası Mərkəzi Komitəsinin formal üzvü olması Əli bəyə qarşı hücumun əsas motivi idi. Ömrü boyu yəqin ki, qarışqanı da tapdamağa ürək eləməyən bu adam 1925-ci ildə  bir sıra digər ittihadçılarla birlikdə Atatürkün həyatına sui-qəsd ittihamı ilə İstiqlal Məhkəməsi qarşısında dayanmalı olmuşdu...
Türk tədqiqatçısı, "Ağaoğlu Ahmet bey” kitabının müəllifi (Türk Tarix Qurumunun nəşri, Ankara, 1999) Fəxri Sakal yazır: "O dövrün İstanbulu digər ittihadçılar üçün olduğu kimi, Ağaoğlu üçün də təhlükəli idi. Bunu Behbud xan hadisəsində də görməkdəyik. Üstəlik, Ağaoğlu üçün iki səbəb birdən təhlükə mənbəyi olmaqdadır: birincisi Behbud xan kimi Azərbaycan əsilli olması, digəri isə ittihadçı damğasını daşımasıdır. Ayrıca yeganə sərvəti fikirləri və qələmi olan bir Azərbaycan köçkünü İstanbulda bir məmurluq, yaxud mətbuat vəzifəsi almasa, həyatını necə təmin edə bilərdi? O vəzifəni alması isə həmin günlərin İstanbulunda qeyri-mümkün idi. Bu səbəblərə görə İstanbulda qala bilməzdi. Azərbaycana getməsi isə əslində mümkün bir iş idi”.

Yenə də Fəxri Sakalın çox təəssüf ki, mənbəyini  göstərmədiyi (Ağaoğlu arxivində işlədiyindən müəyyən əlyazmalardan istifadə etdiyini düşünmək mümkündür - V.Q.) qaynaqlara əsasın yazdığına görə, Əhməd bəy "Malta dönüşü Azərbaycan Sovet Cümhuriyyəti dövlət başçısı, əski dostu Nərimanovun onu Azərbaycana dəvət edən məktubunu bulmuşdu. Dərhal bir cavab məktubu ilə üç səbəbdən təklifi qəbul etməyəcəyini bildirmişdi:  
"Pək əziz və möhtərəm Nəriman bəyəfəndi!

Köhnə bir dost üçün göstərdiyiniz böyük ehtirama qarşı çox minnətdar və mütəşəkkirəm. Fəqət üç türlü düşüncə bu ehtiramdan yararlanmağa mane olur.

1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.
2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqda sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.
3. Məni əsarətdən qurtararaq yenidən can və varlıq vermiş Ankaraya getməyin mənim üçün bir namus borcu olduğunu düşünməkdəyəm.

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır. Sizin kimi hər şeydən əvvəl açıqlıq və doğruluğa qiymət verən bir şəxsin məni məzur görəcəyindən şübhə etmirəm. Türklük bölünmə qəbul etməyən bir tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə müqəddəsdir, mübarəkdir !”

Çox güman ki, sitat gətirdiyim məktub yazıldığı  zaman artıq Ankaradan müsbət cavab alınmışdı və Bakı-Ankara seçimi qarşısında qalan Əhməd bəy həm TBMM hökumətinə "namus borcunu” xatırlayaraq, həm də türkçülüyə dayanan fəaliyyəti ilə müstəqil türk cümhuriyyətində daha böyük fayda gətirəcəyini düşünərək ana vətəninə dönmək fikrindən daşınmışdı.

1939-cu ilin mayında, Əhməd Ağaoğlunun vəfat etdiyi vaxt onu yaxından tanıyan Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Əhməd bəyin o zamankı fəaliyyətləri Azərbaycanın oyanışı tarixində ayrılıqda bir dövr təşkil edir. Sadəcə Qafqaz müsəlmanları və  Rusiya türkləri deyil, İran və Türkiyədəki hərəkatlarla da yaxından bağlı olan Əhməd bəy qəzetçiliklə bir sırada, eyni zamanda camaat adamı (ictimai xadim-V.Q.), maarifçi, siyasətçi və inqilabçıdır”. Məncə, Əhməd bəyin Nəriman Nərimanova müraciətinin sirri həm də bu sətirlərdə açılır - o, doğrudan da inqilabçı idi. Birinci rus inqilabına Bakıdan qüdrətli publisist qələmi ilə qatılmışdı. Türkiyədə gənc türklər inqilabı baş verəndə dərhal özünü İstanbula çatdırmışdı, 1918-ci ildə tarixi vətənində inqilabi dəyişikliklərin baş verdiyini görüb yurduna tələsmişdi. Qonşu İrandakı Məşrutə inqilabında iştirak edə bilməsə də, "İran və inqilabı” əsəri ilə dərin siyasi təhlilini vermişdi. Azərbaycanda əslində çevriliş xarakteri daşıyan aprel inqilabından sonra Bakya can atmasında da qeyri-adi bir şey yox idi. Anadoluda daha milli-vətənpərvər xarakterli, bütün türklərin gələcəyi üçün mühüm əhəmiyyətə malik  inqilabın -Qurtuluş Savaşının sıralarına qoşulmaq imkanı qazananda isə heç nəyə baxmadan ora - Atatürk əsgərlərinin, istiqlal mücahidlərinin səfinə üz tutmuşdu.

Yuxarıda Əhməd Ağaoğlunun Nərimanova müraciətinin ümidsizlik anlarında qələmə alındığını yazmışdım. Burası belədir. Amma eyni zamanda, Əhməd bəyin Nəriman Nərimanova müraciətini  onun türkçülüyə, milli maraqlara, inam və əqidəsinə xəyanəti kontekstində nəzərdən keçirmək istəməzdim. Əhməd bəy bilik, bacarıq və təcrübəsindən doğma vətəninin faydası üçün yararlanmaq, həm də bu işi siyasətdən uzaq sahədə - maarifçilik fəaliyyəti ilə görmək istəyirdi. Üstəlik, həqiqi mili ziyalı və mənəviyyat adamı kimi Nərimanova inanırdı və onun doğma xalqının zərərinə hansısa bir iş görəcəyini ağlına gətirmirdi.

Təbii ki, əgər biz fakt və hadisələrə müasir dövrün nöqteyi-nəzərindən baxsaq, tarixi həqiqətləri təftiş yolunu tutsaq, o zaman Əhməd bəyi asanlıqla siyasi  konyukturada günahlandıra bilərik. Lakin bu sətirlərin 1921-ci ildə ingilis müstəmləkəçilərinin Şərq xalqlarına təhqiramiz münasibətini necə deyərlər, öz dərisində hiss edən, vətəndaşlarını qorumağa gücü çatmayan Osmanlı imperiyası idarəçilərinin həqirliyini və miskinliyini gözləri ilə görən bir şəxs tərəfindən yazıldığını unutmamalıyıq. Belə vəziyyətdə özünü dünya imperializminə meydan oxuyan, basqı altına düşmüş bütün  millətlərin dostu kimi çıxış edən (ən azı bunu uğurlu təbliğat vasitəsi ilə dünyaya car çəkən!) bolşevizmə müəyyən rəğbətin ortaya çıxması gözlənilən idi.
 
Nəhayət, bizim bolşevizmin həqiqi mahiyyəti, antibəşəri siması haqqında yalnız 70 ildən sonra öyrəndiklərimiz həmin dövrdə çox kiçik bir qisim adama bəlli idi. Mən bu mənada Əhməd bəyin aldanışının səmimiliyinə inanıram. Yaxşı ki, yolun yarısından dönmək mümkün olmuşdu.

Eyni zamanda inanmıram ki, məsələn Azərbaycanın cənubunda Mirzə Əli Möcüz kimi siyasi həyatdan və bolşevizmin həqiqi mahiyyətindən xəbərsiz bir söz adamını "Tutaq Leninin ətəyindən ona pənah aparaq, Zəmanəmizdə həllali-müşkülat odur!” misralarını yazmağa bir kimsə məcbur, yaxud təşviq edə bilsin. Əlbəttə, şairin bəlkə də sadəliyindən, hətta sadəlövhlüyündən  tora düşdüyünü fikirləşmək olar. Əhməd  Ağaoğlu kimi illərlə siyasət qazanında bişmiş təcrübəli bir adamın, üç Şərq və üç Qərb dilini mükəmməl bilən bir intellektualın aldanması isə müəyyən təəccüb doğurur. Amma unutmayaq ki, Əhməd Ağaoğlunun ənənələri əsasında yetişdiyi böyük fransız mədəniyyətinin Romen Rollan, Anri Barbüs, Andre Jid kimi nümayəndələri də Qərbdə bolşevizmin atəşin təbliğatçıları idilər. Həm də rahat, təmin olunmuş burjua həyatı keçirən bu Qərb intellektuallarının  payına Əhməd bəyin çəkdiklərinin yüzdə birinə də çəkmək düşməmişdi.

Və nəhayət, tam əsasla türk dünyasının sonuncu mogikanlarından biri  saya biləcəyimiz Əhməd Ağaoğlu bolşevik gerçəkliyinə deyil, bolşevik idealına inanırdı. Lenin və davamçılarının eybəcər hala saldıqları həmin idealın əsasında isə bəşəriyyətin  min ildən bəri can atdığı milli, sinfi və siyasi zülmdən azad,  insan haqlarına hörmətin, sosial bərabərliyin hökm sürdüyü bir cəmiyyət qurulması dayanırdı. Azərbaycanlı fikir adamı səmimi şəkildə inanırdı ki, "Bu üsul-idarə (müstəmləkəçilik -V.Q.) öz yalan və riyakarlığı ilə davam etdikcə, bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur. Ondan ötrü yeganə qurtuluş hazırda Rusiyada hökmfərma olan ideal sayəsində mümkündür”.

Ancaq yalançı bolşevik təbliğatının son istinadgahı olan həmin ideal sovet Rusiyasında puça çıxarıldı.  Və bu gün yalnız ona sevinə bilərik ki, nə yaxşı Əhməd bəy sonu bəlkə də sovet həbs düşərgələri ilə bitəcək belə bir saxta Sizif əməyi ilə məşğul olmadı, həyatının qalan illərini mədəniyyətə, Atatürk Türkiyəsinə və türklüyə faydalı xidmətdə keçirdi.

May, 2017, Budapeşt



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti