Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu baş naziri müavini Bülənt Arınç və Ankara böyük şəhər bələdiyyəsinin sədri Məlih Gökçək arasındakı münaqişəyə müdaxilə edib.
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu hər iki şəxslə görüşdüyünü bildirib: "Arınç ilə görüşdük. Ona prinsiplərimizi söylədim. Hörmətli Məlih Gökçəkə də düşüncələrimi çatdırdım. Məncə, bu mübahisə qapanıb”.
Baş nazir seçki ərəfəsində AKP-nin nüfuzuna mənfi təsir edəcək hər hansı addımlara yol verməyəcəklərini bəyan edib.
M. Gökçək isə baş nazirin tapşırığından sonra daha bu mövzuda danışmayacağını söyləyib: "Bülənt Arınçla bağlı düşüncələrimi "Twitter”də bildirdim. O da mənə cavab verdi. Bizim partiyamızda intizam var. Əmr dəmiri kəsər. Bir daha bu mövzuda danışmayacağam. Baş nazirimizin əmri hər şeydən üstündür”.
Xatırladaq ki, baş nazirin müavini, hökumət sözçüsü Bülənt Arınç prezident Rəcəb Tayyib Ərdoğanın hökumətin fəaliyyətinə müdaxiləsini tənqid etdikdən sonra Məlih Gökçəyin sərt ittihamlarına məruz qalıb. M. Gökçək B. Arınçı və onun bəzi ailə üzvlərini "paralel yapı”ya (nurçuların təşkil etdiyi paralel dövlət strukturları) xidmət etməkdə suçlayıb. B. Arınç isə cavabında M. Gökçəyi heysiyyətsiz adlandıraraq onun Ankaranı sot-sot satdığını bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !