"Dövlətə zərər verə biləcək heç bir qurumu qəbul etmək mümkün deyil, dövlətin ələ keçirilməsinə imkan verməyəcəyik"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkədə baş verən korrupsiya və rüşvət qalmaqalına aydınlıq gətirib. ANS PRESS-in Türkiyənin "Sabah" qəzetinə istinadən məlumatına görə, Davudoğlu 11 illik AKP (Ədalət və İnkişaf Partiyası) hakimiyyətinin ölkəni gücləndirdiyini və bundan xarici dövlətlərin narahat olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyənin güclənməsi İngiltərəni, Fransanı və digər ölkələri narahat edir: "Türkiyənin dünyada və regionda güclənməsi bəzi ölkələrin maraqlarına cavab vermir. Son hadisələrdə xarici dövlətlərin əli var. "Dərshanə" olayı bəhanə edildi. Hər dəfə ölkə xaricində olduğumuzda litseylərə baş çəkdik. İlk zamanlar bu litseylərə "camaat məktəbləri" deyirdilər. Sonra səfirlərimiz buna "Fətullah Gülən məktəbləri" deyirdilər. İndi isə məktəblərimiz deyirlər. Səhvləri düzəltdik".
Korrupsiya qalmaqalının hökümətin işinə mənfi təsir etməyəcəyini bildirən Davudoğlu Türkiyənin böyük dövlətçilik təcrübəsinə malik olkə olduğunu deyib: "Ölkəmiz, hələ Osmanlı imperiyası dövründən dövlətin idarə olunmasında böyük təcrübəyə malikdir. Dövlət üçün övladlarını belə qurban veriblər. Bu gün də dövlətə zərər verə biləcək bir qurumları qəbul etmək mümkün deyil. Dövlətin ələ keçirilməsinə imkan verməyəcəyik".
ANS PRESS