Əhmədinejad: "ABŞ İmam Mehdinin axtarışındadır"

16:35 | 24.06.2015
Əhmədinejad:

Əhmədinejad: "ABŞ İmam Mehdinin axtarışındadır"

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad yenə də dünya ictimaiyyətinin marağına səbəb olan açıqlama ilə çıxış edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, M.Əhmədinejad ABŞ-ın İmam Mehdini yaxalamağa çalışdığını iddia edib.

İranda yayımlanan "Şərq" qəzetinin məlumatına görə, Əhmədinejad Ramazan ayı girəndən ölkənin müxtəlif bölgələrindən gələn din adamları və tələbələrlə görüşüb.

İmam Mehdi mövzusunda nitqində iddialı ifadələrə yer ayıran Əhmədinejad qeyd edib ki, ABŞ imperatorluğu üçün həzrəti Mehdinin bir təhlükə olduğunu yaxşı bilir və Mehdi ilə bağlı əhatəli araşdırmaya başlayıb: "Guya İmam Mehdi ilə əlaqəyə girə biləcək adamlarla münasibət qurmaq istəyirlər. Onlarla görüşüb fikirlərindən faydalanırlar. Bu gün islam dünyasındakı universitetlərdən daha çox ABŞ ali məktəblərində İmam Mehdi haqqında moizələr oxunur, araşdırmalar aparılır. Onlar bizdən daha çox İmam Mehdinin axtarışındadırlar".

Daha sonra keçmiş prezident ABŞ-ı "şeytan dövləti" adlandıraraq dünyanın Allaha və İmam Mehdiyə yetişməsi yolunda maneə olmaq üçün ABŞ dövlətini şeytanlar tərəfindən qurulduğunu iddia edib: "Şeytanın dövləti İmam Mehdinin gəlişi müqabilində dağılacağının fərqindədir".

Qeyd edək ki, İmam Mehdinin qayıdışı ilə yer kürəsində islam dininin hakimiyyəti ələ alacağına dair bəzi inanclar mövcuddur.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM