Dövlət Fitosanitar Nəzarəti Xidməti ölkənin bir çox rayonlarında aqrotexniki mübarizə tədbirlərinə start verib.
Qurumun mətbuat xidmətindən ANN.Az-a daxil olan xəbərdə deyilir ki, bir çox taxılçılıq rayonlarının əkin sahələrində taxıl böcəyinin sürfələrinin zərərli fəaliyyətə başlaması müşahidə olunub. Əsasən dağətəyi dəmyə taxıl sahələrinə zərər verməsi ilə xarakterizə olunan bu zərərvericiyə qarşı Şəki və Qax rayonlarına 340 hektar ərazidə kimyəvi mübarizə aparılması üçün dərman preparatları ayrılıb və mübarizə tədbirlərinə start verilib.
Kartofun təhlükəli karantin zərərvericisi olan kartof güvəsinin anbarlarda saxlanan ərzaq kartofu və toxumluq kartof yumrularına ciddi zərər vurduğunu nəzərə alaraq, Tovuz rayonunda 3000 ton kartofu biolojı preparatlarla (Bacillus Thuringiensis) dərmanlanıb, daha 6500 ton toxumluq kartofun dərmanlanmasına başlanıb.
Qeyd edək ki, Dövlət Xidməti tərəfindən ölkə ərazisində həyata keçirilən fitosanitar monitorinqlərinin nəticələrinə uyğun olaraq, mübarizə tədbirləri davam etdirilir. Bu ilin sentyabr ayında İsmayıllı, Qəbələ, Qusar və Qobustan rayonlarında 10 min hektara yaxın ərazidə aparılan müşahidələr zamanı siçanabənzər gəmiricilərin sayı iqtisadi ziyanvurma həddindən çox olduğu üçün 5700 hektar ərazidə kimyəvi mübarizə, digər ərazilərdə isə zərərvericilərin sayı 17 hektardan az olduğuna görə aqrotexniki mübarizə tədbirlərinə başlanılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !